Zilhiccə ayı və ilk on gün

25.08.2017 | 54 dəfə baxılıb.

Qurban_2012 sayt
Zilhiccə ayı hicri-qəməri ayların on ikincisi, ərəblər­də ta qədim zamanlardan bəri haram sayılan dörd aydan biridir. Haram aylar adlanması isə bu aylarda müharibənin yasaqlanması ilə əlaqədardır. Cahiliyyə dövründə ərəblərdə mövcud olan bu adət daha sonra İslam dininin zühuru ilə də davam etdirildi. Qurani-Kərimdə müsəlmanlara haram aylar adlanan zülqədə, zilhiccə, məhərrəm və rəcəb ay­larında müharibə etmək qadağan olunmuşdur. “Tövbə” surəsinin 36-cı ayəsində buyurulur:
“Həqiqətən, Allah yanında ayların sayı on ikidir. Bunu da Allah göyləri və yeri yaratdığı gündə Kitaba yazmışdır. Bunlardan dördü haram aylardır. Doğru din budur. Odur ki, bu aylarda özünüzə zülm etməyin. Müşriklər hamısı bir yerdə sizinlə vuruşduqları kimi, siz də hamınız bir yerdə onlarla vuruşun və bilin ki, Allah müttəqilərlədir”. Zilhiccə ayı bir sıra mühüm hadisələrə şahid olmuşdur. Hər il zilhiccə ayının 9-da müsəlmanlar Ərəfat çölünə çıxaraq Adəm əleyhissalamdan bəri bütün peyğəmbərlərin ziyarət etdiyi və duaların qəbul olunduğu bu məkanı ziyarət edirlər. Bu ayda həmçinin Allah üçün milyonlarla qurban kəsilir. Zilhiccə ayının 1-dən 10-na qədər olan müddət “Leyəli aşərə”, yəni 10 mübarək gecə adlanır. “Qurani-Kərim” bu on gecə ilə bağlı bir ayədə belə buyurur: “On gecəyə and olsun ki..” Allah Rəsulu (s.a.s.) hədislərində buyurur:
“Zilhiccənin ilk günlərində tutulan bir günün orucu bir ilin orucuna, bir gecənin əhyası isə “Qədr” gecəsinin əhyasına bərabərdir. (Tirmizi, “Savm”, 52)
Zilhiccənin 9-da Aşura günündə tutulan orucun fəziləti haqqında Allah Rəsulu (s.a.s.) buyurur: “Ərəfat günü tutulan orucun Allahın mərhəməti ilə ötən ilin günahlarına kəffarə olacağına ümid edirəm” (“Kütubi-sittə”, 3135).
“Zilhiccənin ilk on günü fəzilətdə min günə, Ərəfə günü isə on min günə bərabərdir” (Beyhaqi).
“Zilhiccənin ilk on gecəsində edilən (gözəl) əməllərə 700 misli savab verilir.” “Zilhiccənin ilk doqquz günü oruc tutan hər gününə bir ilin oruc savabını qazanır.” (Tirmizi, “Sünən”, “Savm”, 52).
“Allah qatında Zilhiccənin ilk on günündə edilən əməllərdən daha qiymətlisi yoxdur. Bu günlərdə təsbihi, təh­midi, təhlili və təkbiri çox söyləyin!” (Təsbih: subhanallah; Təhmid: əlhəmdulillah; Təhlil: Lə iləhə illallah; Təkbir isə Allahu-Əkbər deməkdir.) (“Müsnəd”, 1/257).
Əməllərin 700 qat savabla dəyərləndirildiyi bu günlərdə hər bir müsəlman axirət heybəsini bol azuqə ilə doldurmağı fürsət bilməli, çoxlu namaz qılıb əfv diləməli, oruc tutmalı, “Quran” oxuyub zikrlə məşğul olmalıdır.
Həccə getməyənlər üçün zilhiccə ayının ilk 9 günü oruc tutmaq böyük fəzilətdir.
Əvvəlki günləri oruc tutmayıb, ancaq 8-ci və 9-cu (Ərəfə) günləri oruclu olmaq da çoxlu savab qazandırır. Qurban bayramı günləri, yəni Ərəfə gününün səhərindən başlayaraq, dördüncü günü ikindi namazına qədər qılınan fərz namazlarından sonra “Təşrik təkbirləri” demək hər bir müsəlmana vacibdir.
“Allah yolunda fədakarlığın simvolu Qurban” kitabından

Cəmi 0 şərh yazılıb.

Bu məqalə haqqında şərh yazılmayıb.

Şərh yazın

E-poçt ünvanınız:

Facebookda biz!