Zərərin təsbiti

17.02.2016 | 313 dəfə baxılıb.

  Allahım! Bir anlıq qəzəblənmə insanlara nələr etdirir! Belə gerçək hekayələri dinlədikdə istər- istəməz  “Ağlın yaradılışındakı hikmət nədir?”  sualını sorur insan özü-özünə.

 Ayrılma məsələsi 3 il əvvəl olmuşdu. 11 illik evlilik həyatı, 3 övlad, yaşadıqları gözəl xatirələr, bir-birilərinə Allahın hüzurunda verdikləri söz -hamısı bir anda dağılıb getmişdi. Həyatlarındakı ciddi – “ciddi” burada nə məna verir bilmirəm, çünki meydanda ciddi mahiyyətdə anlaşılan bir dəlil belə yoxdur – mübahisədən sonra, qadın uşaqları da yanına alaraq evi tərk etmiş, ata evinə dönmüşdü. İlk iki il tərəflərdən bir səs-səda çıxmamışdı; nə barışma təklifi, nə də boşanma təşəbbüsü. Ortada sərt bir inadkarlıq vardı. Bir tərəf:  “Cəzasını çəksin”, – deyirdi. Digər tərəfin fikri də: “Nə hala düşür, düşsün” idi. Üçüncü tərəflərin səyi isə boşa çıxırdı. Amma zaman keçdikcə, qadın vəziyyətin belə davam etməyəcəyini anlayırdı. İlk günlər: “Biz sənə də, nəvələrimizə də gül kimi baxarıq” – deyən ana-ata bir tərəfdən, atasız böyüyən və heç bir şeydən xəbəri olmayan uşaqlar, digər tərəfdən, inadın qırılması ilə qadının vicdanın səsinə qulaq verib ayrılma səbəblərinin mənasız olduğunu hiss etməsi. Nəticə, qadın barışmaq üçün dolayı yollarla siqnallar göndərir. Bunu  başa düşən kişi isə bir il israr etməkdə davam edir. Nəhayət, 3 ildən sonra barışırlar.

Gəl gör ki, bir ay sonra yenidən “ciddi” mübahisələr başlayır. Hər iki tərəf də ayrılmaq istəmədiyi üçün başqa səbəblər ortaya qoyur. Mənim məsələyə müdaxiləm bu dövrə düşdü. Şəxsən mən ailənin bərpa edildiyi  bir ay içərisində bunların baş verməsini təbii hesab etdim. Niyə? Çünki ikinci birləşmədən əvvəl heç bir zəruri iş görülməmişdi. Böyük ehtimal ki, cütlərin barışmasına fiziki ehtiyaclar və ətrafın təzyiqi səbəb olmuşdu. Anlaşılan odur ki, barışıq sağlam təməl üzərində reallaşmamışdı. Onun  sağlam zəmin üzərində oturdulması üçün, tərəflər öz iradələri və qəlbləri ilə əvvəlcə öz aralarında oturub saatlarla, lazım gələrsə, günlərlə danışmalıdır. Bu danışıq mütləq üçüncü tərəfin təzyiqindən uzaq, sərbəst şəkildə həyata keçirilməlidir.

Nə danışacaqlar? Keçmişi ortaya qoyacaqlar. Harda idik, hara gəldik və bu halımıza səbəb nədir? Bir-birilərinə eşq məktubları yazdıqları, saatlarla telefonla danışdıqları, nişanlı olduqları günlərdən ilk övlad sevincinin yaşandığı günlərə, çox da mühüm olmayan mübahisələrin ayrılmalarına səbəb olan “ciddi” mübahisəyə qədər hamısından bir-bir danışılmalıdır. Beləliklə, “xəstəliyin” səbəbi müəyyən olunacaq. Bunun ardınca da riayət edilməli metodlar, əldə olan maddi-mənəvi ünsürlərin bu xəstəliyin müalicəsinə kifayət edib etməməsi müzakirə olunacaq. İnanıram ki, mənəvi ünsürlə nəzərdə tutduğum  məsələnin  cütlüyün bir-birlərinə qarşı duyduğu qəlbi və hissi əlaqəni, sevgi və hörməti  olduğunu  anlamısınız.

Ən mühümü: üç illik ayrılıq zamanı meydana çıxan zərərlər müəyyən olunacaq. Həm ər və arvadın bir-birilərinə qarşı duyduğu hisslərin, həm də üç uşağın yaşadığı və hələ də içində olduğu psixoloji sarsıntının ölçüsü  müəyyən olunacaq. Zəlzələ hadisəsində olduğu kimi, əvvəlcə zərər müəyyən olunub, ardınca da əldəki imkanlar ölçüsündə yeni düzəlişlərə müraciət ediləcək. Bu ailədə də, şəksiz və şübhəsiz, “ciddi” bir səbəbin, bəlkə quru bir inadın, bəlkə də bir anlıq hirsin qurbanı olaraq bir zəlzələ yaşanmışdı. Bir anlıq zəlzələ, 3 il müddətində sarsıntılarla davam etmiş və ailənin binası yaşanılmaz hala gəlmişdi. Buna görə də qadın üç uşağı ilə ata evinə getmişdi. Bəs indi, zəlzələdən ziyan çəkmiş bu yıxıq-sökük mənzildə yaşamaq üçün  əvvəlcə ziyanın miqdarı müəyyən edib,  onu inşa etməyə cəhd etmək lazım deyilmi? Halbuki, bunlar aralarında heç bir şey olmamış kimi, bir araya gəlmiş və ayrıldıqları nöqtəyə bir ay içində yenidən dönmüşdülər.

Məsləhət görərdim ki, sidq ürəklə bir araya gəlib problemlərini, vəziyyətlərini müəyyən etmək üçün ciddi müzakirələrə girişsinlər. “Allahım görək neylər, neylərsə, gözəl eylər”.

Cəmi 0 şərh yazılıb.

Bu məqalə haqqında şərh yazılmayıb.

Şərh yazın

E-poçt ünvanınız:

Facebookda biz!