Yağ içində böyrək bəsləmək

22.07.2013 | 2.021 dəfə baxılıb.

Bir müddət əvvəl elə bir hadisə ilə qarşılaşdım ki, – 15-20 il sonra oğlum, və ya qızım  bu yazını oxuyanda “Ay Allah! Demək ki, ata nəslimizin başına bunlar da gəlibmiş”deyə  təəccübünü gizləməyəcək.

Ömər bəy həmişəki kimi, axşam evinə gedir, amma yoldaşı Əsli xanım evdə yox idi. Qapının ağzında güzgü üzərində yapışdırılmış kiçik bir qeyd vardı. Qeyddə bunlar yazılmışdı: “Əlvida! Sən məni heç vaxt başa düşmədin və bundan sonra da başa düşməyəcəyinə əminəm. Boşanmaq üçün vəkilə müraciət edəcəyəm. Vəkilim səninlə əlaqə saxlayacaq.”

Zənn edirəm ki, bu kiçik qeydi oxuyanda siz də Ömər bəy ilə Əsli xanım arasında ciddi bir problem olduğu qənaətinə gəlmisiniz. Evli və müsəlman bir cütlük – burada müsəlman sözünün altından xətt çəkirəm – ayrılmağa təkbaşına qərar verən bir xanım və bu qərarı kiçik bir qeyddən öyrənən ər! Həqiqətən də, inanmaq çox çətindir. Mənə görə bu hadisə “Evlilik oyunu oynamırıq” kəlməsini bizə bir daha xatırladır.

Yaxşı, nə olub ki, Əsli xanım bu nöqtəyə gəlib? Səbəb yoldaşının ona qarşı diqqətsizliyidir. Bir qadının yoldaşından sevgi gözləməsi normaldır.(Uşaqlarının olmamasının buna təsir etmə ehtimalı da unudulmamalıdır)

Ömər bəyə gəlincə; o tamamilə mühafizəkar kişi dünyagörüşünə malikdir: “ Yağ içində böyrək kimi… Qadından çörək və ya aş istəyən yoxdur. Otursun oturduğu yerdə. Qadının yeri evidir,” -deyirdi. İnanmaq çətindir, amma Ömər bəy belə düşünür. Belə fikirləri ancaq neçə illər əvvəl, kənddə yaşayan nənə və babalarımızda tapmaq mümkün idi. Çünki onların yaşayış tərzləri bunu zərurətə çevirirdi. Cəmiyyətin ümumi mövqeyi, adət və ənənələri, iqtisadiyyatı, sosial və mədəni quruluşu belə bir davranış tərzinə ehtiyac duyurdu. Dolayısilə, nənəmlə babam arasında bu səbəblə heç bir problem olmamışdı. Ömər bəy kimi insanların fikirləri keçmiş insanlar üçün ailədaxili narazılıqlara  səbəb deyildi. Amma bu gün vəziyyət daha fərqli olduğu və olmağının vacibliyi göz qarşısında deyildimi?…

İnsanların vərdişlərini, düşüncə və fikirlərini dəyişdirmək zənn edildiyi qədər də asan deyildir. Əlavə olaraq da, bunun üçün uzun bir zamana ehtiyac var. Ömər bəyin müdafiə etdiyi bu anlayış bizim cəmiyyətdə əsrlərdir zehni, fikri və xəyali səviyyədə deyil, birbaşa və əməli olaraq varlığını davam etdirir. Bu anlayışın dinlə əsaslandırılması isə ayrıca nəzərdən keçirilməsi vacib olan məsələdir. Dolayısilə, belə bir mədəni, əxlaqi kodlarla böyümüş bir kişinin həyat yoldaşının sosial istəklərinə diqqətsiz, laqeyd qalmasını başa düşmək mümkündür.Amma izahını vermək çox çətindir. Çünki Ömər bəy başqa mədəni kodların hakim olduğu bir cəmiyyətdə yaşayır. Qloballaşma ilə kiçik bir kənd halına gələn və media ilə başqalaşan bir dünyada…

İlk olaraq Ömər bəy ər-arvad, qadın-kişi münasibətlərində, həyat tərzində, ictimai  əlaqələrində iki nəsil əvvələ nisbətən ciddi dəyişikliklərin olduğunu başa düşməli və yoldaşı ilə olan əlaqələrini yenidən gözdən keçirməlidir. Həyat sadəcə yemək-içmək, fiziki ehtiyaclardan ibarət deyildir. İnsanların sosial ehtiyacları da vardır və bu ehtiyaclarını sosial fəaliyyətlərlə ödəyə bilərlər. Səhv başa düşülməsin: sosial fəaliyyət deyərkən yalnız evdən kənardakı sosial fəaliyyətləri nəzərdə tutmuram. Bununla bərabər, bu cəmiyyətin fəaliyyət sahələrini qadınlar üçün sadəcə ev ilə məhdudlaşdırmaq da doğru deyildir.

Bundan savayı, Əsli xanım axşama qədər  evində paltar yumaq, ütüləmək, yemək bişirmək və qab yumaq işləri ilə məşğul olmağa sövq edilməməlidir. Onu qane edəcək başqa məşğuliyyətlər də olmalıdır. Bu mövzuda də Ömər bəy Əsli xanıma dəstək olmalıdır.

Əsli xanıma gəlincə, mədəni təsirlərin kulminasiya nöqtəsində olduğu bir dünyada yaşayırıq. Dediyimiz doğrudur, amma bu “doğru” bizim özümüzü, dəyərlərimizi itirməyə səbəb olmamalıdır. Bir qeyd yazmaqla, vəkillə görüşmə təlimatı verməklə ailəni dağıtmaq ancaq filmlərdə olur! Evlənincə Allah qarşısında xəstəlikdə, sağlıqda, varlı və ya kasıbçılıqda bir və bərabər olmağa söz verdiyimiz yoldaşımızı bu şəkildə tərk etmək nə İslami qaydalara, nə də milli və mənəvi dəyərlərimizə uyğundur.

Həyat bir imtahandır. Əsli xanımın da imtahanı, bəlkə də, yoldaşı və yoldaşının bu davranışıdır. Bunu haradan bilirik? Qurani-Kərim: “İnsanları bir-biri ilə imtahan edərik ..” (“Ənam” surəsi, 6/53) – deyərkən hər hansı bir sərhəd qoymur ki? Ömər bəyin mövqeyi yalnış isə, yalnışları ilə mübarizə etmək İslamın əmr etdiyi bir hərəkət, hətta “əmri bil maruf, nəhyi anil-münkər” prinsipincə yerinə, adamına  görə fərz, vacib, mübah deyildirmi? Ortada boşanmanı zəruri edən başqa əsaslı səbəb yoxdursa, mübarizədən qaçmamaq lazımdır .

Yazımızın başında, 10-20 il sonra oğlumun və ya qızımın bu yazını oxuduğu vaxt “Aman Allah! Deməli, ata nəslimin başına bunlar da gəlibmiş” deyərək təəccübünü dilə gətirəcəyinə inandığım bir hadisə demişdim. Bunun səbəbi budur; Gələcək nəsillərdə Ömər bəyin müdafiə etdiyi anlayışın  puç olacağını düşünürəm. Məncə, bu, ən azı bizim kimi inkişaf etmiş ölkələrdə yaşayan təhsilli insanlar üçün müzakirə mövzusu olacaq.

“Boşanmaq üçünmü evlənirik” kitabından

Cəmi 0 şərh yazılıb.

Bu məqalə haqqında şərh yazılmayıb.

Şərh yazın

E-poçt ünvanınız:

Facebookda biz!