Xoşbəxtlik yolunda hicrət

01.04.2016 | 276 dəfə baxılıb.

Problemlər kəskin səviyyəyə çatanda həll də radikallaşır. Əsas mə­sələ ilk növbədə problemləri meydana gətirəcək şərtləri, şə­rai­ti müəyyən etmək və aradan qaldırmaqdır. Bu mümkün olmasa, problemləri kiçik olarkən müəyyənləşdirib yoluna qoymaq, bu istiqamətdə “müalicə” metodları tətbiq etmək mühüm əhəmiyyət kəsb edir. “Müalicə zamanı” əvvəlcə problemlərin səbəbləri aradan qaldırılmalıdır ki, bir daha təkrar olunmasın. Əgər problemlərin bu sözü mənə səbəbləri “Bəsrə viran olandan”, yəni iş-işdən keçəndən sonra aşkar olunubsa və ya ilk cümlədə ifadə etdiyimiz kimi, radikal səviyyəyə gəlib çatıbsa, onda həmin problemin həlli də radikal şəkildə olacaq; qanqren olmuş iltihablı üzvü kəsmək kimi.

Quranda: “Allah younda hicrət edən şəxs yer üzündə çoxlu sığınacaq və genişlik (bolluq) tapar,” – (“Nisa” surəsi, 4/100) buyurulur. Allah-Təala Məkkədə müşriklər tərəfindən işgəncələrə, təzyiqlərə məruz qalan müsəlmanlara bir çıxış yolu göstərmək üçün Hicrəti əmr edir bu ayə ilə. Dini inanclarına görə Məkkədə rahat yaşaya bilməyən insanlara başqa diyarları göstərir. Bununla yanaşı, bir insanın fitri ehtiyacına uyğun dünya həyatını da davam etdirməsi üçün onun maddi ehtiyaclarına müəyyən mənada təminat verdiyini açıq-aşkar bildirir. Burada bildirilir ki, din yolunda hicrət etməyi düşünənlər aclığa görə narahat olub hicrətdən uzaq qalmasınlar. Allah Onun uğrunda rahat həyatını tərk edib məşəqqətlərə atılanı heç tək qoyarmı? Ona yar olana, O yad olarmı?

“Hicrət” sözünün mənası dini ədəbiyyatlarda yuxarıdakı ayədən sonra yazdığımız şərhlərə bənzər şəkildə açıqlanır. Həbəşistan və Mədinə hicrətləri “Hicrət” anlayışının məna çərçivəsinin bu şə­kil­də müəyyənləşdirilməsində böyük rol oynamışdır. Lakin dini­ də­yər­ləri yaşamaq məqsədilə deyil, həyatın başqa sahələrinə aid olan kəskin problemləri həll etmək üçün hicrət etmək olmazmı? Başqa sözlə, hicrət sözügedən problemlərə radikal həll yolu kimi tək­lif oluna bilməzmi? Məsələn, gəlin-qayınana, kürəkən-qayınata prob­lemlərinin həlli üçün hicrət etmək olmazmı?

Zənnimcə, ola bilər. Daha doğrusu, çıxılmaz vəziyyətlərdə, son variant kimi olmalıdır da. Bu mərhələdə ər-arvad ailə həyatını xilas etmək üçün etdikləri hicrətdən mütləq savab qazanırlar. Sözsüz ki, din yolunda edilən hicrət qədər deyil. Çünki əməllər niy­yət­lərə görədir. Ümumi mənada bir cümlə ilə verdiyimiz məchul nümunədə digər üçüncü şəxslərin müdaxiləsi, məkanca yaxınlığı, ər-arvad münasibətlərinə daim müdaxilə etməsi sözügedən  ailənin xoşbəxtliyinə xələl gətirir. Əsl niyyət ailə həyatını qurtarmaqdırsa, məişətə görə narahat olmamaq lazımdır. Allah həyat yoldaşlarının niyyətlərinə görə ruzi qapılarını mütləq onların üzünə açacaqdır. Elə ayəni xatırlatmağımın səbəbi də budur.

Digər tərəfdən nəzər saldıqda, əslində, bu, rəsmən bir qaçışdır.­ Gəlinin qayınanadan, kürəkənin qayınatadan, müsəlmanın müsəl­man­dan, insanın insandan qaçışı. Başqa sözlə, insanın ruhundan, özündən qaçışı. Səbəbini bilmirəm, ancaq nədənsə bir-birimizə çox yadlaşdıq. Yadlaşdıqca da uzaqlaşdıq bizi biz edən, illərlə, əsrlərlə bizi canlı saxlayan dəyərlərdən. Və uzaqlaşdıqca vəhşiləşdik. Ortaq şüurunuzu itirdik, ortaq dəyərlərimiz kimi. Əslində, mən bu münaqişə örnəklərinə bir məna verməkdə çətinlik çəkirəm. Qayınanasından qaçan gəlinə belə demək keçir içimdən: “Dizini qatla və otur ananın yanında. Aç qəlbini və nə qədər bacarırsan, öyrən ondan”. Yaxşı, amma bunu deyə bilmək üçün məgər qayınana gəlininə öz qızı kimi baxmalı, onu öz övladı kimi sevməli deyilmi? Ümumiyyətlə, bu böyüklüyü də görə bilmədiyim üçün ürəyimdən keçənləri rahatlıqla dilə gətirə bilmirəm. Bunun əvəzində, sizin də oxuduğunuz kimi, bir-birindən qaçmağı, uzaqlaşmağı tövsiyə edirəm. Nə qəribədir, elə deyilmi?

Həyat dərsləri kitabından.

Cəmi 0 şərh yazılıb.

Bu məqalə haqqında şərh yazılmayıb.

Şərh yazın

E-poçt ünvanınız:

Facebookda biz!