Xırdaçılıq xəstəliyi

22.07.2013 | 1.618 dəfə baxılıb.

Deyirlər: “Həqiqətlər təfərrüatlarda gizlənir”. Bu fikirlə razılaşmamaq olmur, amma bu da həqiqəti öyrənməyin yeganə yolu deyil.

Məqsədim “təfərrüat” sözü ətrafında nəsə yazmaq deyil. Çalışı­ram ki, ailədaxili münasibətlərdə xırdaçılığın törətdiyi fəsadlarla bağlı xüsuslara toxunum.

Elə insanlar var ki, qarşılıqlı münasibətlərdə təfərrüatlara həddindən artıq dəyər verilməsini xoşlamır. Qarşılıqlı inam və sədaqətin yetərli olacağını düşünür və məsələlərin əsas nüanslarını danışmağa və dinləməyə üstünlük verir. Lakin tam əksinə elə insanlar da var ki, hər xırda təfərrüata önəm verirlər. Xoşlarına gələn cavabı almayanda “yola verildiklərini” düşünürlər. Bu, eynən Qərb mədəniyyətində yazılı müqavilələrdə ən incə detalların nəzərə alınmasına bənzəyir. Bu tip insanlar ən uzaq, ağılagəlməz ehtimalları soruşur, araşdırır, öyrənmək istəyirlər.

Taha və Səniha yuxarıda bəhs etdiyim iki zidd fitrətə (təbiətə) malik olan evli cütlükdür. Taha birinciyə, Səniha isə ikinciyə örnək insanlardır (elə bu yerdə əlavə edim ki, ümumən daha çox qadınlar təfərrüata varır). Bu evli gənclərin bir-birinə inam və sədaqəti sonsuzdur. Onlar şüurlu müsəlman ailələrində yetişmiş,  mükəmməl dini təhsil almış, dinə sahib çıxan, dəstək olan insanlardır.

Taha uzun müddətdir, həyat yoldaşının, (xüsusilə, iş və ya dost top­lantılarına rast düşən) telefon sorğu-suallarından narahat olur. Çünki burada “sorğu-sual tərzi” hakimdir. Hətta həyat yoldaşı o qədər təfərrüata varır ki, niyə zəng etdiyini unudur. Sadə bir misal.

– Xanım! Bu axşam evə bir az gec gələcəyəm, çünki…

– Haradan zəng edirsən?

– İş yerindən!

– Telefonumun ekranına nömrəsi düşmədi axı?

– Daxili telefonumdan yox, mərkəzdən zəng edirəm, ona görə düşməyib.

– Əvvəllər həmişə birbaşa zəng edirdin, indi niyə…

Beləcə sorğu-sual davam edir. Taha: “O qədər çoxdur ki, bunun örnəkləri, inan, evə zəng etmək istəmirəm. Hətta sənə deyim, əgər yoldaşım bilsə, problem olar. Bəzən zənglərinə belə cavab vermirəm,” – deyir.

Başqa bir örnək. Taha axşam dostları ilə keçirdiyi ziyafətdən evə qayıdır.

– Xoş gəldin! Toplantı necə keçdi?

– Hikmət xanım nə hazırlamışdı?

İstəyirsiniz, cavabları vermədən sualları ardıcıl sıralayım: “Nə şorbası bişirmişdi? Dadlı idi, heç olmasa? Təkcə onu hazırlamışdı? Şirniyyatları hansı dükandan almışdılar? Salondakı güllərin yerini dəyişəcəkdi, dəyişibmi? Meyvə də verdilər? Ayrı-ayrı, yoxsa doğran­mış­ şəkildə ortaya qoydular? Ziyafətiniz saat neçədə qurtardı? Niyə belə uzun çəkdi? Keçən dəfə tez qurtarmışdı…” Ardı-arası kəsilməyən suallar davam edir, çox vaxt da yorulan Taha “kaş bu ziyafətə getməyəydim” deyir öz-özünə.

Bu iki misal eyni ailəyə aiddir. Birinci misal insana “qısqanclıq” məfhumunu xatırlatsa da, ikinci misal bunun əksini deyir. Əslində, məsələ qısqanclıqdan da betər, yuxarıda danışdığımız kimi, detallara maraqdan qaynaqlanır.

Bu problemi necə aradan qaldırmaq olar? Taha buna nə qədər dözə, səbir edə bilər? Bunu deyə bilmərəm, ancaq münasibətləri bu şəkildə davam edərsə, bir gün mütləq “özündən çıxacaq”.

Bunun üçün Səniha daha diqqətli davranmalı, təfərrüata marağını boğmalıdır. Madam ki sədaqət və inam öz yerindədir, ərinə etibar edir, demək ki, bir problem də yoxdur. Düşünürəm ki, iradəsini ortaya qoyaraq bunun öhdəsindən gələ bilər. Öz-özünə söz verməli: ”mənə aid olmayan heç bir şeyə qarışmayacağam, ərimdən lüzumsuz heç nə soruşmayacağam. Əgər bu vərdişimdən dolayı soruşsam, hər bir suala görə bu qədər sədəqə verəcək və ya bu qədər nafilə oruc tutacağam,” – deməlidir.

Yaxşı, əvvəlcə Sənihanın özü buna inanmalı deyilmi? Əlbəttə. Əslində, elə ilk atılmalı addım budur. Bu da, əvvəla, bir az zaman tələb edir. İkincisi isə, Tahanın bunu həyat yoldaşına tədricən mülayim üslubla tərgitdirməsindən asılıdır.

Uğurlar! Nə deyim, həqiqətən də, çətin situasiyadır. Amma inanıram ki, öhdəsindən gələ biləcəklər.

“Ailə həyatımız” kitabından

Cəmi 0 şərh yazılıb.

Bu məqalə haqqında şərh yazılmayıb.

Şərh yazın

E-poçt ünvanınız:

Facebookda biz!