“Xəzər” nəşriyyatı azyaşlı oxucuları üçün önəm verir

21.06.2013 | 2.843 dəfə baxılıb.

525-ci qəzet

Hüsniyyə İsmətqızı

04.09.2010
“Xəzər” Nəşriyyatı 2007-ci ildən fəaliyət göstərir. Nəşriyatın əsas iş prinsipi, məqsədi türk yazarlarının əsərlərini Azərbaycan dilinə tərcümə edərək nəşr etməkdir. Nəşriyyat oxucularına elmi, dini əsərlər, uşaq ədəbiyyatı və müxtəlif səpkili həyat hekayələrini özündə əks etdirən kitablar təqdim edir. “Xəzər” Nəşriyyatının tərcüməçi –korrektoru Tağı Tağıyevin sözlərinə görə, günümüzdə aktual olan problemlərdən biri gənclərin ailə qurarkən rastlaşdıqları problemlərdir: “Təqdim olunan kitablarda həyatdan götürülmüş, ibrətamiz xarakterli hekayələr gənclərə bu çətinlikləri aşmaqda yardımçı olur. Cəmiyyətimizdə uşaq ədəbiyyatına olan tələbat da olduqca böyükdür. Lakin burada da bəzi çətinliklərlə rastlaşırıq. Bu gün kitaba maraq çox azalıb. Bunun əsas səbəbi texnologiyanın inkişafı, internet və televiziya kanallarında göstərilən cizgi filmləridir. Uşaqlar və məktəblilərin müxtəlif dillərdə izlədikləri cizgi filmləri onların danışıqları ilə yanaşı, hərəkətlərinə də sirayət edir. Nəşriyyatımızın məqsədi bu kimi halları aradan qaldıraraq, cəmiyyətdə uşaq ədəbiyyatına olan marağı artırmaqdır. Bizim uşaq ədəbiyyatı ilə bağlı 11 kitabımız işıq üzü görüb”. T.Tağıyev nəşriyyatın məhsulu olan uşaq ədəbiyyatı kitablarından bir neçəsinin məzmunu ilə bağlı ətraflı məlumat verib: “Bilirik ki, uşaqların müəyyən yaş dövrləri var ki, onlar rənglərə, parlaqlığa daha çox üstünlük verirlər. “Pakcan və Nurcan” kitabı da daha çox kiçik yaş həddi olan uşaqlar və məktəblilər üçün nəzərdə tutulub. Maraqlı dizaynı, şəkilləri və məzmunu ilə seçilən kitabın mahiyyəti belədir: müəllim Pakcan və Nurcana mikroblar aləmini öyrənməyi tapşırır və uşaqların başına maraqlı hadisələr gəlir. Kitabda mikroblar və onlardan qorunma üsulları aydın, izahlı şəkildə ifadə olunub. Uşaq ədəbiyyatı silsiləsindən olan “Təcili qan axtarılır”, “Yaxşılıq çələngi”, “Qənaət dükanı”, “Soyuq su” kimi kitablarda yer alan hekayələr gözəl davranış qaydalarını özündə ehtiva etdirir. Nəşriyyatın elmi əsərlər silsiləsindən təqdim etdiyi iki maraqlı kitab “Heyvanların dilindən” və “Beynimizin sirrləri” nəfis tərtibatı ilə seçilir. Adıçəkilən birinci kitab elm dünyasının təqdim etdiyi maraqlı məlumatlarla zəngindir. Bu məlumatlar heyvanların dili ilə təmsil janrında verilib. Burada hər heyvan öz xüsusiyyəti ilə oxucunu tanış edir. “Beynimizin sirrləri” kitabında insan beyninin işləmə mexanizmi, düşünmə, dərk etmə və digər mühüm zehni fəaliyyətlərinin dünyanın elm adamları tərəfindən araşdırmaları yer alıb”. Nəşriyyatın uşaqlara təqdim etdiyi əyləncə xarakteri daşıyan “Bir lətifə de!” kitabında kiçik həcmli maraqlı lətifələr yer alıb. Gülüş hədəfi məktəbdə pis qiymət alan şagirdlər olan bu nəşrdə əsasən uşaqlara təkəbbürlü olmamaq, danışığın, hərəkətin yerini bilmək kimi mühüm xüsusiyyətlər aşılanır. Nəşriyyatın gələcək planlarından danışan T.Tağıyev bildirib ki, tezliklə nəşriyyatda ailə həyatından bəhs edən “Ailə həyatımız”, “Həyat dərsləri” adlı kitablar nəşr olunacaq: “Ailə həyatımız” adlı kitabda valideyn- övlad münasibətləri, bu münasibətlərdə meydana çıxan çətinliklər və onların həlli yolları araşdırılacaq. “Həyat dərsləri”ndə boşanmaya səbəb olan amillər, sağlam ailənin təməli necə qurulmalıdır, cəmiyyətdə qadın və kişinin yeri, ailə qurmaq istəyənlərə məsləhətlər əks olunub. Bundan başqa gələcək planlarda balalarımızı diqqətdən kənar qoymuruq. Türkcə “Cocuk alanında internet” adlı bir kitab var. Həmin kitabın azərbaycan dilinə tərcümə olunaraq nəşr edilməsini planlaşdırırıq”. Yeni nəşr olunan kitablardan biri də “Misli bərabəri olmayan İbadət-Oruc”dur. Kitabda maddi, mənəvi, elmi, psixoloji cəhətdən orucun mahiyyəti açıqlanır. Türkiyənin “Qaynaq” nəşriyyatına müraciət etdiklərini söyləyən T.Tağıyev həmin nəşriyyatla müqavilə imzalandığını vurğulayıb. Maraqlı dizaynı, nəfis tərtibatı ilə seçilən kitablar həm də qiymət baxımdan olduqca əlverişlidir.

Tarix :8 Noyabr 2010

Cəmi 0 şərh yazılıb.

Bu məqalə haqqında şərh yazılmayıb.

Şərh yazın

E-poçt ünvanınız:

Facebookda biz!