Vücud dili

22.07.2013 | 603 dəfə baxılıb.

Təsəvvür edin ki, üç yaşında bir uşaq, oyun oynayır. Əgər uşaqlar sevdikləri oyunları oynayırlarsa, oyundan ayrılmaq istəməzlər. Oyundan ayrıla bilmədikləri üçün də ehtiyaclarını da dilə gətirməzlər və çox vaxt da şalvarlarını isladar və ya ayaqyoluna çata bilməzlər. Ayaqyoluna çata bilməsələr də, oyunu axıra qədər davam etdirərlər. Buna görə də mən həmişə uşaq kimi hədəfli olmağı çox arzu edirəm. Siz arzu etmirsinizmi?

Böyüdükcə, professionallaşdıqca həvəsimizi itiririk hər halda. Bəlkə, daha da hərisləşirik, amma bu hərislik o uşaqlıq dövründəki əzmi, həvəsi əvəz etmir.

Hərislik və həvəsi eşq və şəfqətə bənzədirəm. Hər eşqdə bir son vardır, şəfqətdə isə nə olursa-olsun, nə son var, nə də imtina.

Uşağın ayaqyoluna getməyə ehtiyacı olsa da, oyunu tərk etmir. Gözlənilən nəticə yavaş-yavaş yaxınlaşır, artıq xalça bulaşmaq üzrədir. Bu əsnada sizin öhdənizə düşən vəzifə “vücud dilini“ oxumaqdır. “Vücud dili“ ilə o uşaq sizə „həyəcan siqnalı“ verir: “Gəl çat, məni xilas et!“ − deyir. Siz o dili başa düşməsəniz, “Nə üçün ayaqlarını bir-birinə sıxır, nə üçün qəribə-qəribə yellənir?“ – deyə düşünsəniz, iş-işdən keçmiş olar.

“Vücud dilinin“ nə faydası var? – deyə soruşduğunuzu eşidirəm, sanki. Cavab: “Qarşınızdakı adamın halını anlamağa kömək edir“.

Bununla bağlı kitabları oxuyan insanlar “vücud dili“ni „Qarşı tərəfdəki insana təsir etmək“ yollarını öyrənək şəklində anlayırlarsa, yanılırlar…

Cəmiyyətdə yanlış bir tendensiya mövcuddur. „Vücud dili“ ilə bir insanın xarakterini tamamilə anlamaq olar. Vücud dili ilə bir insanı təxminən 30-35% tanıya bilərsiniz. Bunun üçün  əlamətlər, məlumatlar olmalıdır. Məsələn: səs tonu, əl quruluşu, vücudunun ölçüləri… Məhz bunlar xalqın yüz illər boyu təsbit etdiyi təcrübələr əsasında ortaya çıxmışdır. „Ayaqları yerə yaxın olanlar, yəni qısa boylular daha ağıllı və hiyləgər olurlar“. Ancaq bu, millətə görə fərqlənir. Bizdə uzun boyluluq, irilik, saflıq əlaməti kimi qəbul edilir. Fransızlarda isə zəka və dahilik əlaməti.

Vücud dili millətlərin xarakterik xüsusiyyətlərinə görə müxtəlif cür olur. İngilislər dəyər vermədikləri insanla danışarkən həmsöhbətlərinin üzünə baxmırlar. Bunu açaltmaq məqsədilə və qəsdən edirlər. Başqalarını ən çox istismar edən və müstəmləkəçiliyi məşhur olan millətin əsarətində saxladığı millətlərə tətibiq etdiyi bir davranış şəklidir bu. Müasir dövrdə belə bu cür davranışları digər millətlərə qarşı tətbiq etməkdə davam edirlər.

“Vücud dili“ləri ən az oxunan millət də elə ingilislərdir. Onlar soyuqqanlıdırlar. “İqlim ilə bir əlaqəsi varmı?“ – deyə soruşsanız, bəli var. Bir izmirli ilə bir bayburtlunun xarakterini müqayisə edin, istəyirsinizsə…

İngilislər haqqında açılmış bu söhbəti elə onları özləri ilə bağlı bir xatirə ilə yekunlaşdırmaq istəyirəm. İşimlə bağlı iki il Kiprdə olmalı oldum. Lefkoşa və Maqosa arasında İngilis hərbi hissəsi vardı. Orada xidmət edən bir din xadimi ilə tez-tez görüşərdik, söhbətimiz tutardı. Ondan eyni zamanda ingilis dilini də öyrənirdim. “Siz çox siyasətçi xalqsınız, niyə insanların gözlərinə baxmırsınız?“ − deyə onu təhrik edirdim. Biz bəzən türkcə söhbət edərdik. O, dilimizi dörd il Kıbrısda xidmət edərkən öyrənmişdi. “Siz də xüsusi millətsiniz. Tam qarşılığı olmaya bilər, amma “ismarlama“ (O “sifariş“ kəlməsini istifadə etmişdi) bir millətsiniz, ancaq çox tələskənsiniz,“ – demişdi. “Necə yəni?“ − dedim, “Bacarıqlı, ağıllı, həyəcanlısınız, amma enerjiniz çox tez tükənir. Siz lider axtarırsınız, amma biz ingilislər liderlərimizi ənənələrimizdən çıxarırıq. İngilislərin ən çox çəkindiyi xalq siz türklərsiniz. Çünki siz çox tez təşkilatlanırsınız. Vyanada tələsdiniz və sizdən xilas olduq,“ – deyə bir təsbitini dilə gətirdi və əlavə etdi: “Siz həmişə masa arxasında uduzursunuz. Sizin hisləriniz üzünüzdən dərhal oxunur. Dünyanın hər yerində xidmət etmişəm. Ən sevdiyim, ən yaxşı “oxuduğum“, amma ən çox qorxduğum millət sizsiniz“. Bu təsbitləri qiymətləndirməyi tarixçilərə həvalə edirəm.

Vücud dili baxın bizləri haralara aparıb-çıxardı.

Vücud dilindən bir vasitə kimi həmsöhbəti anlamaq, dostluğunuzu qorumaq, insanlara yardım etmək üçün istifadə etməlisiniz. Məsələn, yalan danışan insan burnu ilə oynayar. Amma bu, “burnu ilə oynayan hər adam yalan danışır” mənasına da gəlmir. Yalan danışan insan fitrətinə zidd hərəkət etdiyi üçün vücudu reaksiya verir. Ən incə kapliyar damarlar burnunda olduğu üçün qeyri-iradi olaraq əlini burnuna aparır və burnu ilə oynayır.

Uşağınızın və ya tələbənizin bir hərəkətinə görə narahat olursunuz, ona nəsihət edirsiniz. Başlayırsınız danışmağa, danışırsınız və dayanmadan nəsihət edirsiniz. Amma siz danışarkən onun gözü sizdə deyil və jaketindən, şalvarından kiçik ipləri qoparmaqla məşğuldur. Siz isə onun dinlədiyini zənn edirsiniz, amma əmin olun ki, o, sizə qulaq asmır. Diqqət etsəniz, görəcəksiniz ki, o an “vücud dili” ilə bunu deyir: “Danışdıqlarınızla razıyam, amma hazırda məni yersiz ittiham edirsiniz. Mənim də fikirlərim var. Sizə deyəcəyəm, ancaq mənə hirslənəcəyinizdən və məni döyəcəyinizdən qorxduğum üçün fikrimi dilə gətirə bilmirəm. Halbuki məni dinləsəniz məsələnin zənn etdiyiniz, şəkildə olmadığını görərsiniz”.

Əziz analar, atalar və müəllimlər! Uşaqla danışarkən heç fikir vermisinizmi ki, siz onunla danışmırsınız, ona nəsihət verirsiniz, onu anlamaq istəmirsiniz. Elə zənn edirsiniz ki, söhbətin bir qütbü olmalıdır, təkcə siz danışmalısınız. Dedikləriniz bunlr deyilmi: “Mən demişdim, məni dinləməlisən, getməyəcəksən, götürməyəcəksən. Dərsini oxudunmu, otağını səliqəyə saldınmı?” Bunun üçün sizə boş bir səhifə ayırıram, xahiş edirəm, verdiyiniz “təlimatları” yazın.

Bir xanımın səsini eşidirəm (sanki); “Yaxşı bəs uşağımıza heç nəsihət verməyək? Danışmaq asandır, olan bizə olur, biz axı onların yaxşı yetişməsini istəyirik”.

− Elə məsələ də burasındadır. Siz onların yaxşı yetişməsinə imkan vermirsiniz. Sizə kimi dedi ki, istədiyiniz yaxşı və ya doğrudur?

− Yaxşı, bəs onda bunun yolu nədir?

− Çətin deyilmi?

− Elə məhz çətin olan da budur.

−Evinizə qəzet gəlmirsə (kitab demirəm ha), bütün yorğunluğunuza baxmayaraq, bir neçə sətir oxumursunuzsa və örnək verərkən: “Daha bizdən keçdi, bizim halımız məlumdur, oxumağa vaxt yoxdur,” – deyə sözə başlayırsınızsa, uşaq yenə “ipləri qoparmağa” başlayacaq. Çünki hələ də nəsihət verməyə davam edirsiniz. Onunla danışmırsınız, “ona danışırsınız”. Və örnək olmaq əvəzinə, öyüd verirsiniz. Onun öyüddən çox örnəyə ehtiyacı var. Əgər vücud dilinizlə, davranışlarınızla ona örnək olsanız, onda nəsihətə o qədər də ehtiyac qalmayacaq. Fikir versəniz, görərsiniz ki, mütəmadi nəsihət verilən, eşidən insanların inkişafı, yetişməsi yaxşı olmur.

“Vücud dili” və “vücud dili” ilə örnək olmaq ən effektiv ünsiyyət metodudur.

Bəzən də insanın nələri xoşladığını anlamaq üçün “vücud dili”ni “oxumağa” ehtiyac olur. Onun qərarına hörmət etmək üçün bu qərarın mahiyyətini anlamalısınız. Bəlkə, sizə deməyəcək, amma onu siz oxumalısınız. Hamıdan qabaq analar oxumağı bacarmalıdır. Çünki analar istəsələr, “vücud dili”ni çox yaxşı oxuya bilərlər.

− Gözəl danışırsınız, amma hələ cavab ala bilmədim.

− Onda qulaq asın. “Otağını düzəlt, səliqəyə sal!” deyə əmr edirsiniz. Bilirsinizmi, uşaq otağı səliqəsiz olanda daha tez diqqətini toplayıb kitab oxuya bilir? Ayağını yelləyəndə, saçı ilə oynayanda, yataraq kitab oxuyanda müdaxilə edirsiniz (məsələn,“Axşam oxu,” – deyirsiniz). Yenə də sayım?

− Tamamilə haqlısınız, müəllim, eynən dedikləriniz kimi…

− Dinləyin, Peyami Safanın evdə kiçik bir çadır qurub içində kitab oxuduğunu bilirdinizmi? Yəhya Kamalın musiqi dinləyərkən və bir şey içərkən yazdığını bilirdinizmi? Atatürkün kostyum geyinib kitablarını kitabxanada oxuduğunu bilirdinizmi? Turqut Özalın ev tapşırıqlarını yerinə yetirməyi xoşlamadığını bilirdinizmi? Türkiyədə inşaat sektoru kimin əlindədir? Qaradənizlilərin əlində. Trikotaj malatyalıların. Mebel kayserililərin. Ən məşhurları ibtidai sinif məzunlarıdır.

Buradan “Uşaqlarımızı oxutmayaq?” nəticəsini çıxarmayın. Bu nəticəni çıxarsanız, demək ki, siz də az oxuyursunuz.

Qaradənizli bir inşaatçı bir gün seminar zamanı dedi ki: “Müəllim, mən sinfin ən nadinc və bacarıqsız şagirdi idim. O vaxt səkkiz illik məcburi təhsil yox idi. Orta məktəbin ikinci sinifində valideynlərimi çağırdı və onlara “xoş” xəbər verdi. “Bu uşaq oxuyan deyil” dedilər. Mən də inşaat işini öyrəndim və çalışıb varlandım. İndi əlimin altında iki memar və on üç inşaat mühəndisi işlədirəm”.

Bunun kimi bir çox örnəklər var.

şaqların nəyə qabiliyyəti varsa, onu kəşf edin. Onun “vücud dili”ni oxuyun. “Vücud dili”ni oxumaq üçün xüsusi bir kursa ehtiyac yoxdur. Bu dili hər kəs bilir. Sadəcə qara eynəklərinizi çıxarın və həmsöhbətinizə danışmaq üçün münasib şərait hazırlayın. Ən çox onu danışdırın və danışması üçün qısa suallar verin. Məsələn:

− Sənin fikrin nədir?

− Nə düşünürsən?

− Bu məsələ ilə bağlı nə fikrləşirsən?

− Nə üçün?

Və s.

İstədiyi işi etməyən və ya işini sevməyən insanlar nə uğur qazanırlar, nə də xoşbəxt olurlar. Yumorist Hasan Kaçan deyir ki: “Orta məktəb tətillərində ailəm məni bərbər yanına şagird göndərirdi. Boş vaxtlarda kağız olmadığı üçün ülgücü silmək üçün hazırlanan kiçik qəzet parçalarına karikaturalar çəkərdim”.

Türkiyə şanslar ölkəsidir; bacarıqlı və qabiliyyətli insanlar üçün. Qoyun təsərrüfat mühəndisi olmaqdansa, bərbər olsun. Qida mühəndisi olmaqdansa, mantyor olsun. Övladınızın həkim olmağını istəyirsiz. Amma onun rəssamlıq qabiliyyəti var, ona imkan verin, şərait hazırlayın rəssam və ya dizayner olsun. Dəzgah mühəndisi olsun istəyirsə, vəkil olsun.

“Vücud dili”ni, rica edirəm, oxuyun. Əgər uşaq oxuyacaqsa, oxuyacaq və siz əngəl ola bilməyəcəksiniz. Sevərək, istəyərək oxuduğu üçün ucqar bir kənddə adını da bilmədiyimiz bir məktəbdən məzun olan adam bu gün Maliyyə

Nazirini müavini deyilmi?”

− Yaxşı, başqa hansı xüsuslara diqqət etməliyik?

− Bağışlayın, anlamadım!

− “Vücud dili”ni bir az da geniş açıqlaya bilərsiniz?

− Tətbiq etməyə söz versəniz, danışmağa davam edəcəyəm.

− Yaxşı, söz verirəm…

− Bir dəqiqə, yanlış anlamayın. Uşaqlarınızla birlikdə parollar düzəldin. Bu və buna bənzər hərəkətlər, işarələr sizin imzanız sayılır. Övladınız özünü başqa cür hiss edəcək. Əslində, bu, bir ünsiyyət vasitəsidir. Xatırlayıram, atam bizə “inan ki” deyərdi.

Bu, bizim işarəmiz və atamın imzası idi. Parolumuz idi. İllər sonra nisgilimiz və hələ də davam edən şirin bir xatirəmizdi…

Uşaqlarımızla aramızdakı xüsusi işarələr münasibətlərimizə yaxşı təsir edəcək.

Mən məşğul olsam belə, qızım öz istəyini mənim ən sevdiyim hərəkəti etməklə bildirirdi. Artıq bizim vəzifəmiz hekayə oxumaq və ya danışmaqdır. Sözünü yerə salsanız, əmin olun o mimikaları və ədanı bir daha görə bilməyəcəksiniz.

− Yaxşı, uşaqlarımızın xüsusi davranışlarını necə “kəşf” edəcəyik və uşağımıza bunu necə bildirəcəyik?

Kəşf etmək üçün dahi olmağa ehtiyac yoxdur. “Eynəy”inizi çıxarın, onları izləyin, bir az da dinləyin. Demişdim axı, mütləq görəcəksiniz. “Bəs ona sevgimizi necə bildirə bilərik?” – deyə soruşursunuzsa: “Övladım, bir daha et! Çox xoşuma gəldi,” – desəniz bunu anlayacaq, sizi hiss edəcək və sizin mimikalarınızı, “vücud dili”nizi öyrənmək üçün səy göstərəcək. Onun üçün adi bir ana-ata, müəllim deyil, ən yaxın dost, yoldaş və qardaş olacaqsınız. Qərbdə nəşr olunmuş kitablarda bunları, çətin ki, tapasınız. Onlarda bu tərz dialoqlar yoxdur. Məsələn, uşaqlarını bizim kimi qucaqlayıb öpməzlər. Biz uşaqlarımıza daha yaxınıq. Amma bir şeyi də demədən keçmək olmaz. Əgər siqaret çəkənsinizsə və ya dişlərinizi firçalamamısınızsa və ya tər qoxuyursunuzsa, uşağınızı çox qucağınıza alıb, öpüb-oxşamayın. Bu, zaman keçdikcə övladlarınızı sizdən soyuda bilər.

****

Satış-marketinq seminarları zaman bir nəfər yanıma gəlib sual vermək istədiyini bildirdi. “Buyurun,” – dedim.

− Müştəri şirkətlərlə görüşlərə yaxşı başlasam da, axıra çatdıra bilmirəm. Təkrar görüş ala bilmirəm. Sizcə, bunun səbəbi nədir?

Ondan kəsif tər qoxusu gəlirdi:

– “Vücud dili”nizlə deyirsiniz ki, məndən mal almayın, – dedim.

− Necə yəni?

− Vücudunuzun təmizliyinə diqqət yetirsəniz, özünüzü daha yaxşı hiss edərsiniz.

− Başa düşdüm, – deyə təşəkkür etdi.

***

Hollandiyada gözəl bir iyun axşamında dostlarımla bir Türk restoranında idik. Hollandiyalı bir xidmətçi xanım içmək üçün nə istədiyimizi soruşdu. Əhməd bəy: “Hollandiyalılar əvvəlcə içki, sonra da yemək sifariş edirlər,” – deyə xatırlatdı. Bu əsnada İbn Sinanın sağlamlıqla bağlı bir sözü ağlıma gəldi: “Yeməkdən əvvəl meyvə yeyin”. Bu gün həkimlər də bunu deyirlər. Amma bizdə bu, tamamilə əksinədir. Yeməyin arxasınca meyvələr gəlir… Biz yemək sifarişlərimizi verdik. Yeməkləri iki xanım (biri hollandiyalı, biri türk) gətirdi. Türk qadın yeməkləri qoyarkən kəsif tər qoxusu hiss etdim.

İnsanı çox narahat edirdi. İnsanlar qarşılaşdıqları adamların üst-başına diqqət edirlər. Əyin-başı onun haqqında ilk təəssürat oyadar. Sonra diş təmizliyi, ondan gələn qoxu və ardınca da söhbətlər ünsiyyət müddətini və dostluğun səviyyəsini artırır. Fikirləşin ki, gözəl geyimli bir nəfərlə danışırsınız. Həmsöhbətiniz gülən kimi çirkli dişləri görünməyə başlayır, ağzından iy gəlir. Dialoqunuza mənfi təsir edəcəyindən əmin ola bilərsiniz. Əynindəki bahalı paltarlar və bahalı ayaqqabıları bir mənası olmaz.

İndi də satış mərkəzlərində “vücud dili”ndən danışaq…

Diqqət etməli olduğunuz bir məsələ var; danışarkən diqqət dağıdan əl-qol hərəkətləri etməyin, kifayətdir. Bu jestlərin böyük təsiri var, ancaq bunu həddindən artıq etməmək və hər şeyi normada saxlamaq lazımdır. Danışarkən “başa düşdünmü, başa düşürsənmi?” deyə soruşmaq qarşınızdakı şəxsin anlama qabiliyyətindən şübhə etmək təəssüratı oyada bilər.

Salamlaşdığınız adamın əlini çox sıxmayın, həmçinin çox boş da tutmayın. Həmsöhbətinizin əlini bir az sərt bir şəkildə yelləmək ədəb-ərkana uyğundur.

“Vücud dili”nin ən gözəli həmsöhbətin anlaması üçün səy göstərməkdir.

“Evdəki rənglər” kitabından…

Cəmi 0 şərh yazılıb.

Bu məqalə haqqında şərh yazılmayıb.

Şərh yazın

E-poçt ünvanınız:

Facebookda biz!