Üzr və inad

12.01.2016 | 343 dəfə baxılıb.

 

Üzr istəmək və barışmaq üçün ilk addımı atan dünyada da, axi­rətdə də mükafat qazanar. Bu dəyər hökmünü Allah Rəsulunun (sallallahu əleyhi və səlləm) müsəlmanlar arasında incikliklərin aradan qaldırılması haqda  hədislərinə əsasən veririk.

 Lakin bununla yanaşı ciddi bir problemlə üz-üzəyik. Söz Rə­su­lullaha (sallallahu əleyhi və səlləm) aid olsa da, çox vaxt biz Müsəlmanlar ona riayət etmirik. Halbuki Onun sözlərinin təsir dairəsi bütün müsəlmanları əhatə etməli, əməldə Qurana bərabər olmalıdır. Yəni bu əmrə, ricaya, məsləhətə (nə ad verirsiniz-verin) rəğmən, küskünlüklər davam edir, barışma cəhdləri birtərəfli qalır və nəticədə, bir şey əldə edilmir.

Daha aydın desək, Allah Rəsulunun bəyanlarına baxmayaraq, ər-arvad nə bir-birindən üzr istəyir, nə də üzrü qəbul edirlər. Sözün əsl mənasında “inadkar” davranırlar. Bu mənzərə, əslində, silahı şeytana təslim etməkdən başqa bir şey deyildir. Yaxud da problemi ikiqat ağırlaşdırmaqdan.

Digər mühüm məqam; bir tərəfin üzr istəməsinə, barışma cəhd­lərinə baxmayaraq “Mən öz üzərimə düşəni etdim. O isə inadkarlığından əl çəkmir. Daha nə edə bilərəm?” kimi haqlı düşüncələrin meydana gəlməsinə səbəb olacaq. Bu mərhələdən sonra, bəlkə də, haqlı tərəf haqsız vəziyyətə düşəcək, barışma cəhdlərinə cavab ver­mə­yən eqoizmi ilə bir qədər keçmiş  günahkar olaraq həyat yoldaşından üzr istəmək məcburiyyətində qalacaq. Halbuki bu tip davranışların kökündə təkəbbür, qürur, eqoizm yatır. Bunlar isə Allahın sırf imtahan üçün bəxş etdiyi hislərdir. Nə ər və arvad arasında, nə də möminlər arasında belə duyğulara yer olmamalıdır. Bunlardan yanlış istifadə insanı şeytanın əlində oyuncaq edər, cəhənnəmə gedən yolun qapısını açar və kim bilir, bəlkə də, inadkarlıq ucbatından ailə dağılar.

Şəxsən mən “Müsəlmanam” deyib Allah Rəsulunun (Ona ən gözəl salat və salamlar olsun) barışma çağırışlarını dinləməyən, yerindən tərpənməyən insanlara iman və Peyğəmbərə bağlılıq çərçivəsində özlərini yenidən süzgəcdən keçirməyi səmimi olaraq təklif edirəm. Mömin odur ki, Allah və Rəsulunun əmr və göstərişlərini nəfsindən üstün tutur.

Üstün tutmasa, nə olar? İtirən özü olar, ilk addımı atan qazanar. Bir gün bir səhabə Nəbilər Sərvərinin (sallallahu əleyhi və səlləm) hü­zuruna gəlib belə deyir: “Ey Allahın Rəsulu, mənim qohumlarım var. Mən onlarla yaxşı münasibət qurmağa çalışır, onlar isə bütün cəhdlərimi cavabsız qoyurlar. Mən onlara yaxşılıq edirəm, onlar isə əvəzində pislik edirlər.  Mən onlarla həlim, yumşaq davranıram, onlar isə kobudluqla rəftar edirlər”. Allah Rəsulu (sallallahu əleyhi və səlləm) buyurur: “Əgər dediyin doğrudursa, deməli, sən onlara odu daddırırsan. Sən bunu davam etdirdiyin müddətdə Allah sənə yardım edəcək”. Yəni sən öz vəzifəni yerinə yetirirsən.

Bu fikri binaən deyirəm ki, ilk addımı atan vəzifəsini yerinə yetirmiş sayılır. Bunu qəbul etməyən ərin və ya arvadın Allah bu dünyada da, axirətdə də köməyi olsun.

Üzr istəmək məsələsinə başqa prizmadan da yanaşmaq faydalı olardı. Söhbət-söhbət, dava-dalaş və s. ailədaxili münaqişə hallarında məsəlini təcili yoluna qoymağa çalışmaq yaxşıdır, yoxsa bir az vaxt keçməsini gözləmək? Zənnimcə, bu xüsus ər-arvadın böyüdüyü mühitdən və xarakterindən asılı olaraq dəyişir. Bəzi insanlar həyat yoldaşı ilə nəinki beş-on günlük küsülülüyü, heç bir saatlıq soyuqluğu da həzm edə bilmir. Ciddi narahatlıqlar keçirir. Həyatın dadı, rəngi qalmır onun üçün, ağlından hətta intihar etmək də keçir,  “Allahım, canımı al!” – deyə dua da edir.

Bəzi insanlar isə tam əksinə. Heç bir şey olmamış kimi, gündəlik normal həyata, münasibətlərə davam edirlər. Özlərini ətrafa elə göstərirlər ki, sanki, dünyada ən xoşbəxt ailə onların ailəsidir. Bir-birinə olduqca zidd bu iki insanın sözügedən hallarda qısa müddətdə ortaq məxrəcə gəlib barışması olduqca çətindir. Burada mütləq müəyyən zamana ehtiyac var. Əks halda, səbirsiz ər və ya arvadın nə üzr istəməsi, nə də dərdləşmək cəhdləri fayda verər. Danışar, (istəyərsə, yoxlasın) amma qarşısında, sanki, divar dayanıb. Divardan səs çıxar, ondan səs çıxmaz. “Çıxıb gedim,” – deyər. Uşaqları gözünün qabağına gələr: “Bunları yetim qoymağa haqqın varmı?” – deyə vicdanı səslənər ona. Səbir etmək qərarına gəlsə də, buna imkan tapa bilməz, çünki həyat yoldaşı ona əziyyət verməkdən, sanki, zövq alır.

Bu vəziyyətdə səbir etməkdən başqa yol yoxdur. Mənim tövsiyəm məsələni hadisə və ya hadisələr mərkəzinə çevirmək deyil, ümumi mənada “həyat yoldaşını tərbiyə etmək” yönündə hərəkət etmək lazımdır. Bəlkə, bir il, bəlkə, on il, bəlkə də, daha artıq. Ömür boyu sürən bir evlilik üçün bu müddət heç də çox görülməməlidir. Bu müddətdə hər fürsəti həyat yoldaşını arzulanan istiqamətə yönəltmək üçün dəyərləndirmək lazımdır. Söhbət mövzularından kurslara, oxunacaq kitablardan səyahət proqramlarına qədər hər şey bu çərçivədə tənzimlənməlidir. Və dua. Bu haqda da növbəti yazıda.

Ailə həyatımız kitabından

Cəmi 0 şərh yazılıb.

Bu məqalə haqqında şərh yazılmayıb.

Şərh yazın

E-poçt ünvanınız:

Facebookda biz!