Üzr və dua

15.01.2016 | 439 dəfə baxılıb.

 

Ər-arvadın məlum incikliklərə görə bir-birindən üzr istəməsindın danışaq. Bu yazıda mövzunu çoxlarının diqqət yetirmədiyi, nəzərə al­madığı, kifayət qədər önəm vermədiyi dua aspektindən gözdən  keçirmək istəyirəm.

Bəli, dua. Hamıya məlum olan dua. İnsanın hər şeyi var edən Allah-Təalaya söz və əməllə halını ərz etməsi, dərdini, şikayətini, diləyini Ona bildirməsi və dərmanını Ondan istəməsidir dua. Bunu hər bir Müsəlman qeyd-şərtsiz qəbul edir. Və çox gərəklidir. Elə deyilmi?

Elədir, ancaq nəzəri cəhətdən qəbul edilən bu hal, görəsən, real həyatımızda öz əksini necə tapır? Vicdanınıza üz tutun və soruşun özünüzdən: indiyə qədər həyat yoldaşınızla olan problemlərin aradan qalxması üçün həqiqətən və səmimi qəlbdən neçə dəfə Allaha dua etmisiniz? Neçə dəfə hər şeyi tərk edib özünüzü səccadənizə atmısınız və yalvara-yalvara dua etmisiniz? Duanın qəbul edilməsi üçün əlverişli vaxtları gözləmisinizmi? Problemi yalnız və yalnız Onun həll edəcəyinə inanaraq, həyat yoldaşınızın qəlbini yumşaltmaq üçün, aranızda sevgi və məhəbbət olması üçün, problemlərin aradan qalxması və bir daha belə şeylərin təkrarlanmaması üçün neçə dəfə Allaha ürəkdən yalvarıb-yaxarmısınız: “Hüzuruna gəldim, Allahım, Səndən başqa heç kim buna çarə ola bilməz,” – demisiniz?

Gördüyünüz kimi, dini ritual olaraq qəbul edilən, bir növ mə­də­ni fəaliyyət kimi namazların ardınca hətta söz-söz əzbərlənib edilən duanı nəzərdə tutmuram. Ürəkdən, qəlbən ‒ Hz. Əyyub (əleyhissalam) kimi ‒  bütün səbəblərin susduğuna inanaraq Ona yönəlməkdən bəhs edirəm.

İndiyə kimi yadımdadır, tələbəlik illərində çox sevdiyim müəlli­mimin yanına bir nəfər gəlib cadunu pozdurmaq üçün hər şeyə əl atdığını, Mersindən İstanbula qədər getmədiyi yer qalmadığını və s. danışmışdı. Halından və hər cümləsindən etiqadından müəyyən qədər sapdığını hiss etmək o qədər çətin deyildi. Bu sözləri eşidən müəllimim qəfildən çox sərt üz göstərdi və səs tonunu bir xeyli yüksəldib dedi: “Bir cadunu ki Allah pozmur, nə qədər o cür cadu var, gəlib mənə etsinlər. Siz nə deyirsiniz, Allah xatirinə! Allahın sonsuz gücü və qüvvəti qarşısında cadunun bir mənası varmı? Mühüm olan sizin Ona yönəlişinizdir. Qəlb müvazinətini tənzim etməkdir. Onun bu düyünü açacağına inanmaqdır. Əgər o inancda zərrə qədər şübhə varsa, əlbəttə, nəticə ala bilməzsiniz”.

Bəli, dua deyiləndə məsələyə Allahın nəhayətsiz güc və qüvvəti nöqteyi-nəzərindən baxmaq və ürəkdən yalvarıb-yaxarmaq lazımdır. “Ey qəlbləri haldan-hala salan Allahım! Qəlbimi dinində sabit eylə!” – (Tirmizi “Kader” 7, Müsned VI/302) deyən Nəbilər Sultanı (sallallahu əleyhi və səlləm) bu dua ilə bizə yol göstərmirmi? Qəlblər Allahın əlindədir. Elə isə bir qəlbə yönəldiyin, ona əhəmiyyət verdiyin qədər, münasibətləri yoluna qoymaq üçün göstərdiyin cəhdlər qədər o qəlbin Həqiqi Sahibinə yönəlmək zərurət deyilmi? Məhz səmimi bir dua ilə istədiyinizi əldə edə bilərsiniz.

Hər şey ürəyinizcə olsun. Dua diləklərimlə..

Ailə həyatımız kitabından.

Cəmi 0 şərh yazılıb.

Bu məqalə haqqında şərh yazılmayıb.

Şərh yazın

E-poçt ünvanınız:

Facebookda biz!