Üzr istəmək

10.01.2016 | 409 dəfə baxılıb.

On beş gün idi ki, Aişə xanım əri ilə kəlmə də kəsmirdi. Hələ din­dirmək bir yana, ərinin xırda-xuruş işlər haqda verdiyi sualları da cavabsız qoymuşdu. Son “çıxış”dan sonra onun üzr istəməsini gözləyirdi. Əslində, heç özü də qərar verə bilmirdi ki, haqlıdır yoxsa haqsız.. Ancaq bununla ona yaxşı bir dərs vermək, bu hərəkətinə bir dəfəlik son qoymaq istəyirdi. Doğrudur, əri özünü elə aparırdı ki, elə bil heç nə olmayıb. Amma bir gün gələcək, o da dözə bilməyib: “Nə üçün belə edirsən?” – deyə soruşacaqdı. Rəfiqəsi Fatma xanım da buna oxşar bir hadisəyə görə düz üç ay əri ilə danışmamış, həmin hadisə də o gündən bəri təkrar olunmamışdı.

Ancaq Aişə xanımın içi-içini yeyirdi. Allah Rəsulunun (sallallahu əleyhi və səlləm) küsülülər haqqında bəyanlarını tez-tez xatırlayır, ərin arvad üstündə haqlarını düşünür: “Görəsən, səhv etmirəm ki?” – deyə öz-özünü hesaba çəkirdi. Bir yandan da, böyük övladları valideynləri arasında nəsə baş verdiyini sezmişdi. Amma bunu hiss etdirməməyə çalışırdı. Xülasə, bir çıxılmaz girdaba düşmüşdü Aişə xanım. Bu birtərəfli mənasız küsülülüyə son qoymalı idimi, bütün səmimiyyəti ilə ərinə ürəyini boşaltmalı idimi, yoxsa üzr istəməyini gözləməli idi?

Bəli, bu mənzərə, demək olar ki, hər ailədə cərəyan etmişdir və ya etməsi ehtimal daxilindədir. Həm də peşmançılıq gətirən bir hadisə. Əslində, üzr istəmək bir fəzilətdir, yaxşılığa təşəkkür etmək kimi. Allah Rəsulu (sallallahu əleyhi və səlləm): “İnsanlara təşəkkür etməyən. Allaha təşəkkür etməz,” – (Ebu Davud “Edeb”11, Tirmizi “Birr” 35) buyurur.­ İstəsəniz, bunu “edə bilməz” şəklində də qəbul edə bilərsiniz. Məncə, təşəkkür etməyən və yaxud edə bilməyən insanlar səhvlərinə görə də üzr istəməzlər, istəyə bilməzlər. Təşəkkür və üzrxahlıq insan xislətinin iki fərqli üzüdür. Bu mənada insan özünü tanıma və özünü mühakimə mərhələsində situasiyanın hansı nöqtəsində olduğunu düzgün dəyərləndirməlidir. Ta ki həm öz iç dünyalarına, həm də ətrafa aid mövqeyində və münasibətlərində səhvə yol verməsin.

Üzr istəmək ər-arvad münasibətlərində, ailədaxili münaqişələrdə önəmli faktorlardan biridir. Ancaq bu haqda danışmaqdan öncə diq­qət yetiriləsi məqamlar var. Məsələn: günahın və səhvin qəbul edilməsi. Çünki qarşılıqlı münasibətlərdə edilən yanlışları, xətaları heç kim qəbul etmir. Ərin tamamilə yanlış hesab etdiyi bir davranışı arvad “olmasa olmaz”, vazkeçilməz bir davranış kimi qəbul edə bilər və ya əksinə.

Bu məqamda üstəlik inadkarlıq etsələr, ortaq məxrəcə gəlmək olduqca çətin olur.

Görəsən, nə üçün insanlar öz günahlarını ilk əvvəl qəbul etmək istəmirlər? Özlərini “Lə yuhti” (xəta etməz) hesab etdiklərinə gö­rə­­mi? Yoxsa Peyğəmbərlər kimi (haşa!) xətadan, yanlışlardan uzaq görürlər özlərini? Təkəbbür, lovğalıq, qürur və eqoizm kimi hislərin əsiri ola bilərlərmi? Olmaya, işin əsl səbəbi mənasız inadkarlıqdır? Daxili mühakimələrdə bir nöqsanmı var? Halbuki ər-arvad münasibətlərində bunların heç birinə yer yoxdur. Əgər varsa, deməli, o yuva bədbəxtliyə məhkumdur. Xoşbəxtlik də o evə bayram kimi ildə cəmi iki dəfə gələr, ya gəlməz.

Elə isə ər-arvad əvvəlcə adi insan olduqlarını qəbul etməlidirlər. Deyəcəksiniz ki, bu da haradan çıxdı? Bəli, çünki səhv etmək yalnız insana xasdır. Günahlardan mələklər, Allahın xüsusi lütfü ilə pey­ğəmbərlər və sıra ilə müqərrib (Allaha yaxın), siddiq, övliya və baş­qa qullar qorunur. Bu baxımdan, əgər ər-arvad bir-birinə adi insan kimi baxsalar, bir-birinin səhv etməsini də təbii qarşılamağı öyrənərlər. Önəmli olan cütlərin bir-birini yaxşı tanıyıb qarşılıqlı mü¬nasibətlərdə səhv etmə şərait və imkanını aradan qaldırmasıdır.

Deyək ki, bütün bunlara baxmayaraq, səhv edildi, bu halda özü­nütənqidə, vicdanı hesaba çəkməyə, nəfsi israrla və müntəzəm olaraq sorğu-sual etməyə ehtiyac vardır. Həm də bir İslam aliminin sözü ilə desək: “Başqasına vəkil, nəfsinə hakim” kimi (Ölçü ve yoldaki ışıklar, s. 64, İstanbul, 2004,). Bu düsturla nəfsi mühakimə edə bilsələr, haqlı tərəf haqsız olandan əvvəl aranı düzəltmək üçün ilk addımı atacaq. Əslində, doğru olan da budur. Böyük İslam alimi: “Haqsız olan insafsızdır. Qırx dirhəm ümuminin rahatlığı (mənfəəti) naminə bir dirhəm mənfəətindən keçməz. Haqlı adam isə insaflı olar. Bir dir­həm haqqını ümuminin əmin-amanlığındakı qırx dirhəm dostunun mənfəətinə fəda edər. Bununla da narazılıq aradan qalxar, sakitlik bərpa olunar…” – deyərək haqlı olanın insaflı olduğunu vurğulayır.

Ailə həyatımız kitabından.

Cəmi 0 şərh yazılıb.

Bu məqalə haqqında şərh yazılmayıb.

Şərh yazın

E-poçt ünvanınız:

Facebookda biz!