Süd anası ilə keçən illər

24.06.2013 | 1.917 dəfə baxılıb.

Yeni doğulmuş uşaqları daha sağlam böyütmək və qüsursuz dil öyrətmək üçün süd anasına vermək məkkəlilərin adətinə çevrilmişdi. Çünki Məkkədə isti və yorucu iqlim hakim idi. Bundan başqa, Məkkədən uzaqda yaşayan bəzi qəbilələr həm şəhər həyatının mənfiliklərindən uzaq olmaqla mədəniyyətlərini qoruyur, həm də cahiliyyəyə məxsus bəzi iyrəncliklərə, çirkinliklərə bulaşmadan təmiz bir həyat yaşayırdılar. Hər yönü ilə bezdirici olan bu atmosferdən uzaqlaşaraq uşaqların daha təbii şəraitdə böyüdülməsi ümumi bir adət-ənənəyə çevrilmiş və demək olar ki, Məkkədə bu işin bazarı formalaşmışdı. Süd anaları müəyyən vaxtlarda bu bazara gəlir, yeni doğulan körpələrin valideynləri ilə burada görüşərək uşaqları götürür, səhraya qayıdırdılar.
Bu məqsədlə Bəni-Sad yurdundan Haris ibn Abduluzza və onun xanımı Həlimə binti Abdullah ibn Haris on qadınla birlikdə Məkkə yolunu tutur. Çünki uzun müddətdir davam edən qıtlıq aclıq saçan nəfəsi ilə hər tərəfi qovurmuş, əldə-ovucda bir şey qoymamışdı. Buna görə də özləri ilə apardıqları uşaqları aclıqdan fəryad edir, anaları da yedirməyə bir şey tapmırdı. Özləri də yeyib-içmədikləri üçün südləri qurumuş, uşaqlara təsəlli verəcək bir damlaya belə həsrət qalmışdılar. Yeganə ümid hər tərəfə sərinlik gətirən yağışın yağmasına idi. Yol, sanki, getdikcə uzanır, heç cür qurtarmaq bilmirdi.
Bir də Həlimənin mindiyi arıq uzunqulaqla Harisin qoca dəvəsi zorla yeriyir və yoldaşlarına çata bilmirdilər. Məkkəyə çatanda yol yoldaşları işlərini çoxdan qurtarmış, hər biri bir süd körpəsi tapmış, qayıtmağa hazırlaşırdı.
Həlimə və Haris də eyni məqsədlə qapı-qapı gəzməyə başlayır. Süd anasına həvalə edilməyən ancaq Abdullahın övladı Məhəmməd qalmışdı. Hər qapını döyən müştəri onun olduğunu bilən kimi xidmət haqqını ala bilməmək əndişəsi ilə geri dönmüş və başqa qapıya üz tutmuşdu. Onlar bilmirdilər ki, O, hamının ona üz tutacağı Şəxsdir. Nəhayət, Həlimə və Haris də bu qapıya gəlir və əvvəlkilər kimi onlar da başqa körpə tapmaq ümidi ilə oradan ayrılırlar. Ancaq bir nəticəsi olmur. Bu qədər yol qət edib əliboş qayıtmaq da olmazdı. Həlimə əri Harisə dönərək:
− Süd körpəsi tapmadan yoldaşlarımın arasına qayıtmaq istəmirəm. Gəl həmin uşağı götürək, sonra qayıdaq, − deyir.
− Necə istəyirsən. Bəlkə də, Allah onun vəsiləsi ilə bizə bərəkət ehsan edər, xeyir və uğur bəxş edər, − deyə cavab verir Haris. Və beləcə yenidən Abdulmuttalibin evinə yaxınlaşırlar.
Hz. Əminə onların gəldiyini görəndə əvvəlcə istədikləri uşağın adi bir uşaq olmadığını onlara başa salır. Sonra onlara hamilə olduğu vaxtların necə asan keçdiyini, gördüyü yuxunu və bu yuxunun yozumunu danışır. Çünki bu, təkcə Hz. Əminənin deyil, qiyamətə qədər gələcək insanlığın əmanəti idi və buna görə də həssas davranılmalı, tükünə də zərər verilməməli idi.
Haris ailəsi körpəni anası Əminədən alanda qəlbən rahatlıq hiss etmişdi. Həlimeyi-Sadiyə qucağına aldığı körpəni elə orada əmizdirmək istəyir. Gözlərinə inanmır. Heç süd olmayan döşləri südlə dolub-daşmağa başlamışdı! Əvvəlcə Məhəmməd, sonra da aylardan bəri qarnı doymadan yatan öz oğlu Abdullah doyunca əmir və hər ikisi yuxuya gedir. Halbuki Abdullah həmişə narahat olur və düz-əməlli yatmırdı.
Qoca dəvənin yanına gələndə onda da bir hərəkətlilik olduğunu müşahidə edirlər, onun da məmələri südlə dolmuşdu və ona da ayrı bir bərəkət bəxş edilmişdi. Onlar dəvənin südünü sağıb doyunca içirlər. Məkkədə keçirdikləri həmin gecə bu ailənin həyatında ən xoşbəxt gecə idi. Ertəsi gün səhər Haris Həliməyə belə deyir:
− Vallah, yaxşı bil ki, ey Həlimə, sən çox mübarək bir nəsildən körpə seçmisən!
Əri kimi Həlimə də bu bərəkətin fərqinə varmışdı. Buna görə Həlimə Harisə:
− Allaha and olsun ki, mən də elə fikirləşirəm, − deyir.
Daha sonra Məkkədə işləri qurtaran və baxmaq üçün körpə tapan ailə geriyə − yurdlarına yola düşür. Yeganə övladına şəfqətlə baxan Hz. Əminə Onu uzun-uzadı süzəcək, sonra da başına iş gəlməməsi üçün onu izzət və cəlal sahibi olan Rəhmli Rəbbinə əmanət edəcəkdi.
Miniyinə minən və körpəni də qucağına götürən Həlimeyi-Sadiyə həmin zəif, cılız uzunqulağın birdən-birə dəyişdiyini və çevikləşdiyini görmüş, yeyin yerişinə şahid olmuşdu. Hətta bir gün əvvəl yola düşən yoldaşlarına da çatmış və sanki, bununla bu dəfə arxada qalmadıqlarını göstərmişdilər.
Həlimə ilə Harisin belə sürətlə gəldiyini, hətta üzlərində heç bir yorğunluq nişanəsi olmadığını görən yorulub əldən düşmüş yolçular bütün bunlara bir məna verməyə çalışır, amma məsələnin mahiyyətini anlaya bilmirdilər. Çox keçmədən yaxınlaşan Həliməyə tərəf dönüb soruşurlar:
− Ey Züeyboğullarının qızı, bu nə haldır? Sən həmişə bizdən arxada qalıb gecikmirdinmi? Yoxsa bu, sənin gələrkən mindiyin uzunqulaq deyil?
Özünə əmin olan və tutduğu işin bərəkəti ilə coşan Həlimə:
− Vallah, düz deyirsiniz. Bu, gələrkən mindiyim elə həmin uzunqulaqdır, − deyə səslənir və ardınca davam edir:
− Vallah, mən bu gün bərəkət yönü ilə ən xeyirli uşağı seçib götürmüşəm.
Dərhal soruşurlar:
− Yoxsa, O, Abdulmuttalibin nəvəsidir?
Bəli, bu işdə bir xeyir vardı. İndi bu xeyir Həlimə və əri Harisə lütf edilmişdi.
Bərəkət təkcə bundan ibarət deyildi. Adi şəraitdə quraq və bəhrəsiz olan torpaqlarında da bambaşqa bir bərəkət özünü göstərir, qoyunları da qarnı doymuş geri dönür, bol süd verirdi. Hətta başqa qoyun sahibləri çobanlarını çağırıb:
− Vay halınıza! Siz də qoyunları Həlimənin qoyunlarının otladığı yerlərə aparın və bizim qoyunlarımızın da qarnı doysun ki, biz də çoxlu süd sağa bilək, − deyə danlayırdı.
Artıq Həlimeyi-Sadiyə yaşadıqları bərəkət və ehsana görə yoldaşlarının qibtə və heyranlıqla baxdıqları bir qadına çevrilmişdi.
İki il beləcə, altı aydan bir Məkkəyə − ana yurda baş çəkməklə gəlib keçmişdi. Artıq Kainatın Fəxri böyümüşdü. Daha süddən də kəsilmiş, razılaşdırılmış müddət qurtarmış, ayrılıq vaxtı çatmışdı. Buna könüldən razı olmasalar da, verdikləri sözə əməl etməli idilər və balaca Məhəmmədi anasına təhvil vermək üçün Məkkəyə gətirdilər.
Bir tərəfdən də Ona öz anası kimi yaxın olan Həlimeyi-Sadiyənin ürəyi, sanki, yerindən oynayır, qəlbi sıxılır, ayrılığı fikirləşdikcə bədəninin bir hissəsi qopurmuş kimi iztirab çəkirdi. Kainatın İftixarı bir müddət də yanında qalsa, nə olardı? Bəli, beynində şimşəklər kimi çaxan bu fikir və hisslərin təsiri ilə bir ümid içində Hz. Əminəyə:
− Məkkə vəbasının Ona da keçməsindən qorxuram. Nə olar, icazə verin, bu oğulcuğum bir müddət də bizimlə qalsın, − deyə cani-könüldən bir təklif verir.
Bu, ana üçün qəbul edilməsi çətin bir təklif idi. Buna görə də Hz. Əminə əvvəlcə məsələyə müsbət yanaşmır. Ancaq digər tərəfdən də şəhərdə yoluxucu xəstəlik hökm sürürdü və yeganə övladının bundan zərər görməməsi üçün bağrına bir daş da basmağa razı olub təklifi könülsüz qəbul edir. Balaca Məhəmmədlə yenidən Sadoğulları yurduna qayıdan Haris ailəsində sevinc və nəşənin həddi-hüdudu yox idi.
Şaqqı-Sadr hadisəsi
Aradan bir müddət də keçmişdi. Fəxri-Kainat süd qardaşları və Sadoğullarının uşaqları ilə birlikdə oynayır, quzuları otarırdı. Yenə belə günlərin birində evin arxa tərəfində quzularla birlikdə oynayarkən süd qardaşı Abdullah təngnəfəs qaçaraq anası Həlimənin yanına gəlir. Həyəcanla:
−Ana, bu qureyşli qardaşım var ha! Onu iki ağ paltarlı adam götürdü və yerə uzadaraq qarnını yardı, sonra da üst-üstə qoyaraq örtdülər, − deyir.
Gələnlər, biri Cəbrail olmaqla iki mələk idi. Bəyanı bütün bəşəriyyəti qucaqlayacaq Allah Rəsulunun ürəyini açıb onu zəmzəm suyu ilə yumuş və içində hikmət şəlalələrinin coşub-daşacağı bir əməliyyat həyata keçirmişdilər.
Həliməni və Harisi qorxu bürümüşdü. Tələsik qaça-qaça həmin yerə gəlirlər. Həqiqətən də, balaca Məhəmməd rəngi solmuş halda ayaq üstə dayanıb gözləyirdi. Həlimənin və Harisin ürəyi ağızlarına gəlmişdi. Əvvəl Həlimə, ardınca da Haris onu qucaqlayıb bağrına basır:
− Ey oğlum, sənə nə oldu? − deyə soruşurlar.
− Ağ paltarlı iki nəfər gəldi. Birinin əlində qarla dolu qızıl bir tas var idi. Sonra məni götürüb yerə uzatdılar. Sinəmi açaraq ürəyimi çıxarıb iki yerə ayırdılar. İçindən qara bir şey çıxarıb tulladılar və ürəyim tərtəmiz olana qədər qarnımı buzlu qarla yudular. Sonra onlardan biri digərinə: “Bunu ümmətindən on nəfərlə çək,” − dedi. On nəfərlə məni çəkdilər və mən ağır gəldim. Sonra: “Yüz nəfərlə çək,” − deyə təkrar etdi. Yüz nəfərlə çəkdilər, yenə mən onlardan ağır gəldim. Bu dəfə də: “Onu ümmətindən min nəfərlə çək,” − dedi. Min nəfərlə də çəkildim və yenə ağır gəldim. Bunu görəndən sonra həmin şəxs: “Onu olduğu kimi burax! Allaha and olsun ki, əgər Onu bütün ümməti ilə çəksən, yenə O, hamısından ağır gələr,” − dedi.
Ər-arvad bu hadisədən çox əndişələnmişdi. Evə qayıdar-qayıtmaz Haris:
− Ey Həlimə! Mən bu uşağın başına bir iş gəlməsindən qorxuram. İstəyirsən, sağ-salamatkən apar ailəsinə təslim et, − dedi.
Həlimə də başqa cür fikirləşmirdi. Bəli, bəlkə də, Onun səbəbi ilə evlərinə görünməmiş bərəkət havası hakim olmuşdu, amma indi iş gözləmədikləri bir nöqtəyə çatmış və tanımadıqları kimsələr Onunla maraqlanmağa başlamışdı. İşin hara gedib çıxacağını bilmək mümkün deyildi. Ən yaxşısı, heç bir riskə getmədən əmanəti öz sahibinə təhvil vermək idi.
Buna görə də dərhal hazırlaşıb yola düzəlirlər. Qapısı döyülən Hz. Əminə qarşısında Həliməni görüb:
− Əcəba, səni bura gətirən səbəb nədir? Dünənə kimi Onu aparıb “yanımda qalsın” deyə təkid edən sən deyildinmi? İndi nə oldu? − deyə təəccüblü baxışlarla soruşur.
− Bəli, oğlunuzun vəsiləsi ilə bizlərə gözəl şeylər nəsib oldu və üstümüzə düşən vəzifəni yerinə yetirmək üçün əlimizdən gələni etdik. Amma Onunla bağlı bəzi əndişələrim var, sənin də sevinəcəyini fikirləşib Onu sənin yanına gətirdim, − deyir Həlimə.
Ancaq bu sözlər Hz. Əminə kimi bir ananı qane edən cavab deyildi. Buna görə:
− Sənə nə olub? Mənə həqiqəti de. Nə baş verdiyini danışmasan, səni buraxan deyiləm. Yoxsa Onun üçün şeytandanmı qorxub narahat olursan? − deyərək ona yol açmağa çalışırdı.
− Bəli, − deyir.
− Xeyr, bu, qeyri-mümkündür, − deyə etiraz edən Əminə davam edir:
−Allaha and olsun ki, şeytanın Ona heç bir zərəri toxuna bilməz. Şübhəsiz ki, oğlumun durumu çox ciddidir. Həm də Onunla bağlı əhvalatları sənə danışmamışdımmı?
− Bəli, danışmışdın, − deyir Həlimə. Hz. Əminə yenə də danışmaq zərurəti hiss edir:
− Mən ona hamilə olanda bədənimdən bir nur çıxdığını və bu nurla Şam bölgələrindəki Busra saraylarının işıqlandığını görmüşdüm. Sonra ona hamilə olarkən hər bir hamilə qadının çəkdiyi çətinliklərlə rastlaşmamışdım. O doğularkən əllərini yerə qoymuş, başını da səmaya qaldırmışdı. Madam ki belədir, Onu burada qoy və arxayın yurduna qayıt, − deyir.
Beləliklə, Sonuncu Sultanın Sadoğulları yurdundakı həyatına son nöqtə qoyulur.
“KÖNÜL TAXTIMIZIN BƏNZƏRSİZ SULTANI PEYĞƏMBƏRİMİZ sallallahu əleyhi və səlləm” kitabından

Tarix :20 Dekabr 2010

Cəmi 0 şərh yazılıb.

Bu məqalə haqqında şərh yazılmayıb.

Şərh yazın

E-poçt ünvanınız:

Facebookda biz!