Su mənbəyindən uzaqlaşdıqca bulanar

22.02.2016 | 418 dəfə baxılıb.

“Allahım! Mənə haqqı haqq olaraq göstər və ona itaət etməyi nəsib et; batili də batil kimi göstər və ondan uzaqlaşmağı mənə nəsib et”.

         Bəzi şeyləri başa düşmək o qədər çətindir ki, ağıl pərdələrinizi yırtmaq deyil, parçalamaq lazım gəlir. Bu hadisə ilə rastlaşanda: “Nədə səhv etdilər və etdik”, – deyə dərin-dərin düşünməyə başladım. Nəhayət ki, illərdən bəri düşünən beyinlər, ahıl yaşlılar, sözü keçən mütəxəssislərin dilə gətirdiyi “öz dəyərlərimizdən uzaqlaşma”nın bizi bu nöqtəyə sürüklədiyi qənaəti daha ağır gəldi. Mövzu olduqca bəsitdir, amma elə o bəsit mövzudan başlayan mübahisənin həddi, miqyası, ər-arvadı o mübahisəyə sürükləyən zehniyyət o qədər də bəsit deyil. Bu zehniyyət də “öz dəyərlərimizdən uzaqlaşma” dediyim şeyin nəticəsidir. Biz də bilirik ki, su yatağından – mənbəyindən uzaqlaşdıqca bulanar. Bizlər də müsəlman olaraq yatağımızdan uzaqlaşdıqca bulanırıq. Bir gün gələcək, özümüz belə özümüzü tanımayacağıq.

Quran: ” Onlar sizin, siz də onların libasısınız” (Bəqərə, 2/187) ayəsi ilə ər və arvadın bir-biri qarşısındakı yerini göstərir. Əslində, belə demək daha uyğundur: Allahın ər və arvada haqqında bəyanı budur. Yəni ər arvada qarşı, arvad da ərinə qarşı libasın daşıdığı funksiyanı yerinə yetirir və yerinə yetirməkdə də mükəlləfdir. Bəs paltarın insan həyatındakı funksiyası nədir? Yüzlərcə funksiyası vardır, amma ən mühümü insanın eyib yerlərini, çılpaqlığını, əgər varsa, bəzi fiziki əskik və qüsurlarını örtməsidir. İşin əsası budur. Siz paltarı başqa məqsədlə istifadə etdiyiniz zaman işin əsasından, kökündən uzaqlaşmış olursunuz. Necə ki, “modern” dünyada paltarlar müxtəlif məqsədlər üçün istifadə olunur. Qadınlar üçün gözəlliyini göstərmə, cəzbedici və daha cazibədar olma, kişilər üçün seçdiyi model və keyfiyyət ilə öz sosial statusuna işarə etmə və s. Amma təxmin edəcəyiniz kimi, bunların hamısı ana xətdən,  işin əslindən ayrıldıqları üçün sosial həyatda dərin yaralar açır. Paltara belə funksiyaların biçilməsinin İlahi və Nəbəvi nəsslərlə qadağan edilməsinin altında bu da vardır. Molla Nəsrəddinin “Ye, kürküm, ye!” məsəlində olduğu kimi.

Gördüyüm hadisə qadının öz üstünlüklərini ərinə, həm də “başına vura-vura” anlatması ilə başladı. Və kişinin bütün əskik, səhv, qüsur və xətalarının sayılıb tökülməsi ilə davam etdi. Bazar-bazar, üçüncü şəxslərin gözləri qarşısında və qulaqların eşitdiyi bir vaxtda ortaya tökülən bu xətalar, qüsurlar – ki, həm xətasız insan olmaz, həm də onların xəta və qüsur olduğu dünyagörüşlərə görə dəyişə bilər – qarşısında ər heç sakit dayanarmı? O da eyni istiqamətdə üstünlük və fəzilətlərini anlatmağa, arvadının əskik, xəta və qüsurlarını sayıb tökməyə başladı.

Burada iki səhv var. Birincisi: həqiqi üstünlük xalqın yanında deyil, Haqqın yanındakı üstünlükdür. Haqq qatında həqiqi üstünlük vəsiləsi isə, bir kəlmə ilə təqvadır. Təqva Allahdan qorxma, mərifət, ilahi eşqlə alışıb-yanma, oda-közə dönmə və dünyəvi, uxrəvi hər şeyi doğru-dürüst və tam olaraq yerinə yetirmə deməkdir. Allahın verdiyi qabiliyyətlər və imkanlarla özünü yetişdirmək və beləcə, bu üstün xüsusiyyətlərə sahib olmaq və onlardan insanlıq naminə istifadə etmək, təbii ki, təqdirlə qarşılanacaq bir şeydir. Amma o imkanları ona verən Allahı unudaraq nəticəyə ilişib qalmaq və nümunədə olduğu kimi: “Mən eləyəm, mən beləyəm” demək, kim bilir, bəlkə də, insanın özünə tapınmasıdır (sitayişidir). Quranın: “Nəfsini özünə tanrı edəni gördünmü?” (Furqan, 25/43) ayəsi ilə bizə xəbərdarlıq etdiyi və ardınca da Qəlbini Bizi (Quranı) xatırlamaqdan qafil etdiyimiz, nəfsinin istəklərinə uyan və (hər) işində ifrata varan bir kimsəyə itaət etmə! “(Kəhf, 18/28), “ Əgər sənə (sənin bu təklifinə) cavab verməsələr, bil ki, onlar öz nəfslərinə uymuşlar. Allahdan bir dəlil (hidayət) olmayınca öz nəfsinə uyandan (Rəbbinə şərik qoşandan, küfr edəndən) haqq yolu daha çox azmış kim ola bilər?! Allah zalım tayfanı doğru yolda müvəffəq etməz! (Qəsəs, 28/50) buyurduğu cəhətlərə xüsusi diqqət yetirmək lazımdır.

İkinci səhv isə, ayənin ifadəsilə, bir-birinin libası-örtüyü olan ər-arvadın bir-birinin qüsur və xətalarını əfv etmə, düzəltmə, yaxşıya, gözələ və doğruya yönləndirmə əvəzinə onları faş etməsidir. Düşüncə tərzi belə olanda, insanların bir-birinin qənimi olur və “qüsur  ovçuluğuna” başlayırlar. Bütün vaxtlarını buna sərf edirlər.“Bir xəta etsəydi, onu  bir “dəftərimə” yazıb , sonra da lazım olanda istifadə edərdim” məntiqi ilə hərəkət etməyə başlayırlar. Bu isə tərəfləri bir-birinə yaxınlaşdırmaq əvəzinə daha da uzaqlaşdırır. Halbuki, Allahın hikmətini (bir hikmətə söykənərək) – kişi və qadına verdiyi fərqli və üstün xüsusiyyətləri qəbul etməli, onlardan istifadə yolunu seçməli, zəif yönlərini böyütməyib üstünü örtməlidir. Əks halda, kiçik, dar bir ev içində, eyni yastığa baş qoyan iki insan arasında “qütbləşmə” meydana gələcək. Bu prosesin uzanması da anlaşmanın ortaq nöqtəyə gəlmə ehtimalını azaldacaqdır. Danışdığım  məsələdə olduğu kimi. Görün nə hala gəliblər! Üçüncü şəxslərin qarşısında bir-birini bu qədər alçaldırlar!? Aman Allahım! Siz necə, ehtimal edirsinizmi ki, Allahın rəhmət və bərəkəti bu ev əhlinin üzərinə olacaq?

Nəticə olaraq, müsəlman, İslami dəyərlərə, əmr və qadağalar inanan, “İnanıram”- deyən insanlar da bu iki səhvə yol verə  bilməz, yol verməməlidir. Unutmamaq lazımdır ki, bu dünya imtahan meydanıdır. Quran bunu “fitnə” kəlməsi ilə anladır. Mal, mülk, qadın, uşaq, elm, məqam, şöhrət və s. ağıla gələn hər şey imtahan vəsiləsidir. İmtahan  yaxşını pisdən, doğrunu yanlışdan, müvəffəqi müvəffəq olmayandan ayırmaq üçün aparılan prosesə verilən ad və ünvan deyilmi? “Biz onlardan əvvəlkiləri (keçmiş ümmətləri) də imtahana çəkmişdik “(Ənkəbut, 29/3) deyən Allah: “O əməl (davranış və hərəkət) baxımından hansınızın daha yaxşı (və gözəl) olacağınızı yoxlamaq üçün ölümü və həyatı yaratdı,” (Mülk, 67/2) demək sürətilə bizi də imtahan etdiyini açıq şəkildə bəyan edir. Allah bu imtahan üçün insan adlandırılan maddəni atəş dairəsində əridir. Ta ki, almaz ilə kömür bir-birindən ayrılsın. İşin sonunda da almaz cənnət, kömür isə cəhənnəmin yolunu tutacaq.

Bu dua nə qədər də gözəldir: “Allahım! Mənə haqqı haqq olaraq göstər və ona itaət etməyi nəsib et; batili də batil kimi göstər və ondan uzaqlaşmağı mənə nəsib et!” Amin…

Cəmi 0 şərh yazılıb.

Bu məqalə haqqında şərh yazılmayıb.

Şərh yazın

E-poçt ünvanınız:

Facebookda biz!