Saqqı-Sadr hadisəsi

24.06.2013 | 1.495 dəfə baxılıb.

Aradan bir müddət də keçmişdi. Fəxri-Kainat süd qardaşları və Sadoğullarının uşaqları ilə birlikdə oynayır, quzuları otarırdı. Yenə belə günlərin birində evin arxa tərəfində quzularla birlikdə oynayarkən süd qardaşı Abdullah təngnəfəs qaçaraq anası Həlimənin yanına gəlir. Həyəcanla:

−Ana, bu qureyşli qardaşım var ha! Onu iki ağ paltarlı adam götürdü və yerə uzadaraq qarnını yardı, sonra da üst-üstə qoyaraq örtdülər,[1]− deyir.

Gələnlər, biri Cəbrail olmaqla iki mələk idi. Bəyanı bütün bəşəriyyəti qucaqlayacaq Allah Rəsulunun ürəyini açıb onu zəmzəm suyu ilə yumuş və içində hikmət şəlalələrinin coşub-daşacağı bir əməliyyat həyata keçirmişdilər.

Həliməni və Harisi qorxu bürümüşdü. Tələsik qaça-qaça həmin yerə gəlirlər. Həqiqətən də, balaca Məhəmməd rəngi solmuş halda ayaq üstə dayanıb gözləyirdi. Həlimənin və Harisin ürəyi ağızlarına gəlmişdi. Əvvəl Həlimə, ardınca da Haris onu qucaqlayıb bağrına basır:

− Ey oğlum, sənə nə oldu? − deyə soruşurlar.

− Ağ paltarlı iki nəfər gəldi. Birinin əlində qarla dolu qızıl bir tas var idi. Sonra məni götürüb yerə uzatdılar. Sinəmi açaraq ürəyimi çıxarıb iki yerə ayırdılar. İçindən qara bir şey çıxarıb tulladılar və ürəyim tərtəmiz olana qədər qarnımı buzlu qarla yudular. Sonra onlardan biri digərinə: “Bunu ümmətindən on nəfərlə çək,” − dedi. On nəfərlə məni çəkdilər və mən ağır gəldim. Sonra: “Yüz nəfərlə çək,” − deyə təkrar etdi. Yüz nəfərlə çəkdilər, yenə mən onlardan ağır gəldim. Bu dəfə də: “Onu ümmətindən min nəfərlə çək,” − dedi. Min nəfərlə də çəkildim və yenə ağır gəldim. Bunu görəndən sonra həmin şəxs: “Onu olduğu kimi burax! Allaha and olsun ki, əgər Onu bütün ümməti ilə çəksən, yenə O, hamısından ağır gələr,” − dedi.[2]

Ər-arvad bu hadisədən çox əndişələnmişdi. Evə qayıdar-qayıtmaz Haris:

− Ey Həlimə! Mən bu uşağın başına bir iş gəlməsindən qorxuram. İstəyirsən, sağ-salamatkən apar ailəsinə təslim et, − dedi.

Həlimə də başqa cür fikirləşmirdi. Bəli, bəlkə də, Onun səbəbi ilə evlərinə görünməmiş bərəkət havası hakim olmuşdu, amma indi iş gözləmədikləri bir nöqtəyə çatmış və tanımadıqları kimsələr Onunla maraqlanmağa başlamışdı. İşin hara gedib çıxacağını bilmək mümkün deyildi. Ən yaxşısı, heç bir riskə getmədən əmanəti öz sahibinə təhvil vermək idi.

Buna görə də dərhal hazırlaşıb yola düzəlirlər. Qapısı döyülən Hz. Əminə qarşısında Həliməni görüb:

− Əcəba, səni bura gətirən səbəb nədir? Dünənə kimi Onu aparıb “yanımda qalsın” deyə təkid edən sən deyildinmi? İndi nə oldu? − deyə təəccüblü baxışlarla soruşur.

− Bəli, oğlunuzun vəsiləsi ilə bizlərə gözəl şeylər nəsib oldu və üstümüzə düşən vəzifəni yerinə yetirmək üçün əlimizdən gələni etdik. Amma Onunla bağlı bəzi əndişələrim var, sənin də sevinəcəyini fikirləşib Onu sənin yanına gətirdim, − deyir Həlimə.

Ancaq bu sözlər Hz. Əminə kimi bir ananı qane edən cavab deyildi. Buna görə:

− Sənə nə olub? Mənə həqiqəti de. Nə baş verdiyini danışmasan, səni buraxan deyiləm. Yoxsa Onun üçün şeytandanmı qorxub narahat olursan? − deyərək ona yol açmağa çalışırdı.

− Bəli, − deyir.

− Xeyr, bu, qeyri-mümkündür, − deyə etiraz edən Əminə davam edir:

−Allaha and olsun ki, şeytanın Ona heç bir zərəri toxuna bilməz. Şübhəsiz ki, oğlumun durumu çox ciddidir. Həm də Onunla bağlı əhvalatları sənə danışmamışdımmı?

− Bəli, danışmışdın, − deyir Həlimə. Hz. Əminə yenə də danışmaq zərurəti hiss edir:

− Mən ona hamilə olanda bədənimdən bir nur çıxdığını və bu nurla Şam bölgələrindəki Busra saraylarının işıqlandığını görmüşdüm. Sonra ona hamilə olarkən hər bir hamilə qadının çəkdiyi çətinliklərlə rastlaşmamışdım. O doğularkən əllərini yerə qoymuş, başını da səmaya qaldırmışdı. Madam ki belədir, Onu burada qoy və arxayın yurduna qayıt,[3]− deyir.

Beləliklə, Sonuncu Sultanın Sadoğulları yurdundakı həyatına son nöqtə qoyulur.

“Könül taxtımızın bənzərsiz sultanı Peyğəmbərimiz (s.ə.s.) 1” kitabından

[1]. Ənəs ibn Malik (radıyallahu anh) Peyğəmbərimizin sinəsinin yarılması nəticəsində meydana gələn yara izinin bədənində qaldığını və bir xətt şəklində göründüyünü nəql etmişdir. Bax: Muslim, Sahih, 1/147 (162)

[2]. İbn Hişam, Sire, 1/301; Taberi, Tarih, 2/128. Bu əhvalat bir səhabənin sualına illər sonra Peyğəmbərimizin verdiyi cavabla həmin gün Həliməyə və Harisə danışdığı ifadələr birləşdirilərək qeyd edilmişdir.

[3]. İbn Hişam, Sire, 1/301, 302; İbn Sa’d, Tabakat, 1/112; Taberi, Tarih, 2/128

Tarix :10 Yanvar 2011

Cəmi 0 şərh yazılıb.

Bu məqalə haqqında şərh yazılmayıb.

Şərh yazın

E-poçt ünvanınız:

Facebookda biz!