Səhabələrin xüsusiyyətləri

24.06.2013 | 1.158 dəfə baxılıb.

Allahın Rəsuluna lütf etdiyi və seçdiyi səhabələr ümmətin ən xeyirli fərdləridir. Qurani-Kərimdə Həzrəti Məhəmməd (s.ə.s.) ümmətinin ən xeyirli ümmət olduğunu ifadə etmişdir:

“(Ey müsəlmanlar!) Siz insanlar üçün ortaya çıxarılmış ən yaxşı ümmətsiniz; (onlara) yaxşı işlər görməyi əmr edir, pis əməlləri qadağan edir və Allaha inanırsınız. Əgər kitab əhli də (sizin kimi) iman gətirsəydi, əlbəttə, onlar üçün yaxşı olardı. Onların da içərisində bəzi iman gətirən şəxslər vardır, lakin çox hissəsi haqq yoldan çıxanlardır”. (“Ali-İmran” surəsi, 3/110)

Rəvayət edilir ki, Həzrəti Ömər xilafəti dövründə yuxarıdakı ayəni açıqlayarkən bunu söyləmişdir: “Allah-taala istəsə idi, ayədə keçən كُنتُمْ (siz idiniz) sözü yerinə, أَنتُمْ (sizsiniz) sözünü işlədər və bu ayənin mənası ümmət olaraq hər kəsi əhatə edərdi. Ancaq كُنتُمْ (siz idiniz) kəlməsi ilə ayədə sadəcə səhabələrin nəzərdə tutulduğu görünür. Buna görə də kim onlara bənzər, onların etdiyi kimi edərsə, insanlar içində seçilmiş, ən xeyirli ümmət olma şərəfinə çatar”.

Başqa bir rəvayət: Həzrəti Ömər bir həcc mövsümündə insanların davranışlarında gördüyü bəzi mənfiliklərə görə, sözügedən ayəni oxuyub deyir: “Ey insanlar, sizə oxuduğum bu ayənin təsvir etdiyi ümmətdən olmaq kimin xoşuna gəlsə, Allahın elə bir ümmət üçün buyurduğu şərtləri yerinə yetirsin”.

Beləcə o, ümmətinə istər yaxşılığı əmr etmək, istər pislikdən çəkindirmək mövzusunda və istərsə də, digər məsələlərdə səhabələri nümunə götürməyi və onlara bənzəməyi tövsiyə etmişdir.[1]

Haqq-Təala qullarının könüllərinə baxıb Həzrəti Məhəmmədi (s.ə.s.) seçərək peyğəmbərliyə münasib gördü. Ardından yenə qullarının qəlblərinə nəzər edib Fəxri-Kainata münasib qulları – səha­bələri seçdi və onlardan uca dininin ən yüksək səviyyədə təmsili üçün İslam dininin ilk köməkçilərini meydana gətirdi. Bu səbəblə Allah dərgahında bu müsəlmanların gözəl gördükləri gözəl, çirkin hesab etdikləri də çirkindir.[2]

Qabaqcıl səhabələrdən Abdullah b. Ömər əshabı heyran­lıqla təsvir edir: “Doğru bir yol tutmaq istəyənlər daha əvvəlkilərin yolunu tutsunlar. Onlar Həzrəti Məhəmmədin məfkurə yoldaşları – səhabələrdir. Onlar bu ümmətin ən xeyirliləridir. Onlar elm baxımından ən üstün, tərtəmiz qəlbli və sünilikdən uzaq insanlar idi. Elə üstün bir camaatdır ki, Allah onları ən üstün Peyğəmbəri ilə şərəfləndirdi. Dinini bu mübarək camaatla təmsil etdirdi. Ona görə, gəlin siz də onların əxlaqını qəbul edin, onların yolunda yürüyün. Çünki Onlar başqasının yox, Həzrəti Məhəmmədin (s.ə.s.) əshabıdır. Kəbənin Rəbbinə and olsun ki, onlar haqq (doğru) yolun yol­çularıdır”.[3]

Allah Rəsuluna çox yaxın olan, Onun evinə icazəsiz gəlib-gedən böyük elm abidəsi Abdullah b. Məsud ­tabiuna (səhabələrdən sonra gələn nəsil) xəbərdarlıq edir:

– Siz tabiun olaraq, bəlkə, səhabələrdən daha çox oruc tuta, daha çox namaz qıla, daha çox yorula bilərsiniz. Halbuki onlar sizdən daha xeyirlidirlər. Bunun səbəbini soruşanlara isə:

– Çünki ­dünyaya (qəlbən) maraq göstərməz, axirəti isə bütün varlıqları ilə istəyərdilər, – deyirdi.[4]

O gün səhabələrin ­hansı böyük alimindən həmin məsələni soruşsaydınız, eyni cavabı alardınız. Hər kəs Həzrəti Əbu Bəkir və Həzrəti Ömərin qəbirlərini göstərərdi.[5]

Bir gün Həzrəti Əli (r.a.) namaz qılıb salam verdikdən sonra qəlbindən keçənləri belə ifadə etmişdi: “Mən Rəsulullahın səhabələrini gördüm, tanıdım. Bu gün elə bir insan görmürəm ki, onlara bənzəsin. Vallah, onların (namaz qılıb səcdə etməkdən) bənizləri solar, saçları pərişan olar, üz-gözləri toz-torpağa batardı. Səhərə qədər ya Quran oxuyar, ya namaz qılardılar. Yanlarında Allah xatırlanınca, rüzgarla yellənən ağaclar kimi, titrərdilər. Gözlərindən yağış kimi yaş axardı; vallah, göz yaşları ilə paltarları islanardı. İnanın, vallah, mənə elə gəlir ki, bu gün insanlar gecələrini qəflət içində keçirirlər”.[6]Həzrəti Əli bunları söylədikdən sonra durub gedir. O gündən sonra Allah düşməni fasiq İbn Mülcəm tərəfindən şəhid edildiyi ana qədər güldüyünü görmədilər.

[1]. el-Hindî, Kenzu’l-Ummâl, 2/492 (4289)

[2]. Ebû Nuaym, Hilye, 1/375.

[3]. Ebû Nuaym, Hilye, 1/305-306.

[4]. Ebû Nuaym, Hilye, 1/136.

[5]. Ebû Nuaym, Hilye, 1/307.

[6]. İbn Kesîr, el-Bidâye, 8/6

“Həyatus-Səhabə 1” kitabından

Tarix :4 Yanvar 2011

Cəmi 0 şərh yazılıb.

Bu məqalə haqqında şərh yazılmayıb.

Şərh yazın

E-poçt ünvanınız:

Facebookda biz!