Səbrin meyvəsi

24.06.2013 | 1.222 dəfə baxılıb.

Həzrəti Əyyub (ə.s.) çox zəngin bir peyğəmbərdi. Çoxlu mal-mülkü, bağ-bağçası, mal-qarası və övladları vardı. Bu qədər zənginlik Həzrəti Əyyubu (ə.s.) heç bir zaman qürurlandırmırdı. O, Allaha ibadət etməyə, insanları haqq və həqiqətə çağırmağa davam edirdi. Rəbbimiz “Qurani-Kərim”də Həzrəti Əyyubu (ə.s.) səbir və ilahi əmrə tabelilikdə bütün insanlara örnək gostərirdi. Bu səbəblə onu böyük bir imtahanla sınadı. Əvvəlcə bütün malını, mülkünü əlindən aldı. Övladları da bir-bir vəfat etdi. Həzrəti Əyyub (ə.s.) çox cətin vəziyyətdə qalmışdı. Lakin halından qətiyyən şikayət etmir, məruz qaldığı bu imtahana səbir və şükürlə qarşılıq verirdi. İmtahan davam edirdi. Daha sonra Allah Həzrəti Əyyuba (ə.s.) çox ağır bir xəstəlik verdi. Həzrəti Əyyub (ə.s.) bu xəstəliyə də səbirlə dözdü, ibadətinə, şükrünə davam etdi. Bu imtahan müddətində həyat yoldaşı da onu tək qoymadı, hər zaman onun yanında oldu. Haqq-Təala get-gedə Həzrəti Əyyubun (ə.s.) xəstəliyini daha da şiddətləndirdi. Uca Peyğəmbər dili və qəlbi ilə etdiyi ibadətini də yerinə yetirə bilməyəcək vəziyyətə düşdü. Bu onu kədərləndirdi və təlaşlandırdı. Allaha qulluq etmədikdən sonra yaşamağın nə mənası vardı ki? Buna görə də əllərini açdı və Rəbbinə belə yalvardı:

– Ya Rəbbi! Xəstəliyim artıq mənə zərər verməyə başladı. Qəlbimlə ibadətimə, dilimlə Səni zikr etməyimə mane olur. İbadət etməsəm, yaşaya bilmirəm. Halımı Sənin mərhəmətinə həvalə edirəm.

Dualardakı kəlmələrdən də göründüyü kimi o, bu duanı vücudunun sağalması üçün deyil, sırf ibadətindən qalmamaq üçün edirdi.Allah onun bu səmimi duasını qəbul etdi. Ona ayağını yerə vurmağı, oradan çıxacaq su ilə yuyunmağı və o suyu içməyi əmr etdi. Həzrəti Əyyub (ə.s.) deyilənləri etdi və şəfa tapdı. Eyni zamanda Haqq-Təala ona əvvəlkindən daha çox mal-mülk və övlad verdi. Həzrəti Əyyub (ə.s.) daha zəngin, daha gozəl, daha sağlam və rahat bir həyata qovuşdu.

Gunlər beləcə keçib gedirdi. Bir gün Həzrəti Əyyub (ə.s.) yuyunarkən üstünə haradan gəldiyi bilinməyən qızıl çəyirtkələr tökülməyə başladı. Həzrəti Əyyub (ə.s.) dərhal bunları yığmağa başladı. Bu zaman Allah:

– Ey Əyyub! Mən səni əvvəlkindən daha böyük bir zənginliyə qovuşdurmadımmı? Bunları toplamağa nə ehtiyacın var ki? – dedi.

Həzrəti Əyyub belə cavab verdi:

– Bəli, Rəbbim! Mənə çox böyük bir zənginlik bəxş etdin.

– Ancaq bu Sənin bərəkət xəzinənə laqeyd yanaşmağıma əsas vermir. Sənin tərəfindən nə verilərsə, qəbulumdur. Çünki verən sənsən. Sənin verdiyin bir şeyi mən necə rədd edə bilərəm.

HEKAYƏDƏN ÇIXAN NƏTİCƏ

1. Həyatımızın hər anı müxtəlif imtahanlarla doludur. Bu imtahanlar səbir və əzmlə qarşılandığı təqdirdə insanı kamilləşdirir və niyyətinə görə onu Rəbbinə yaxınlaşdırır. İnsanın həyatının müxtəlif mərhələlərində baş verən xəstəliklərlə sağlamlığın nə qədər böyük nemət olduğunu öyrənir. Xəstəlik əsla istədiyimiz bir şey deyil, ancaq tutulanda da səbir etmək lazımdır.

2. Bu həyat əbədi həyatın sadəcə bir tarlası və qazanıldığı yerdir. Bu dünya sonsuz deyil ki, öz-özünə qayə olsun. Həyat ya bir xəstəlik, ya bir fəlakət, və yaxud bir başqa səbəblə mütləq bitəcəkdir. Onun sonu insan hələ dünyaya gələrkən qərarlaşdırılmışdır. İnsanın dünyaya gəlişi kimi, buradan gedişi də əvvəlcədən təqdir edilmişdir. Əsl həyat axirət həyatıdır. Bu inanca sahib bir insan dünyada başına gələn müsibətləri “Günahlarıma kəffarədir və ya mənəvi dərəcəm artacaq” deyərək, sadəcə səbirlə deyil, həm də şükürlə qarşılamalıdır.

3. Allahın verdiyi təmiz və halal malı sevməkdə və istəməkdə heç bir qəbahət yoxdur. Dinin qadağan etdiyi xüsus mal-mülkə sahibi olmaq deyil, varlanmaq hərisliyi ilə Allahı unutmaqdır. Malın həqiqi sahibi olan Allahı unutmadan, zəkat və sədəqə kimi dini vəzifələri də yerinə yetirərək zəngin olmağı istəmək və bu yolda çalışmaq dinimizin uyğun gördüyü bir davranışdır.

4. Peyğəmbərimizin (s.ə.s.) bu hədisi hekayədən alınan dərslə çox gözəl uyğunlaşır: “Mömin şəxsin vəziyyəti necə də ibrət alınmağa layiqdir! Çünki hər bir işdə onun üçün xeyir vardır. Bu hal sadəcə möminə xasdır, başqasına deyil. Ona razı olacağı bir şey gələrsə, şükür edər, bu onun üçün xeyirlidir; zərər görəcəyi bir şey gələrsə də səbr edər, bu da onun üçün xeyirlidir”(Müslim, Zühd, 64).

“Gül ətirli hekayələr” kitabından

Tarix :9 Fevral 2011

Cəmi 0 şərh yazılıb.

Bu məqalə haqqında şərh yazılmayıb.

Şərh yazın

E-poçt ünvanınız:

Facebookda biz!