Qurani-Kərim necə xətm olunmalıdır?

11.04.2016 | 2.679 dəfə baxılıb.

Etimoloji baxımdan “xətm” və “xitam” kökündən törəyən “xatim” kəlməsinin “örtmək, möhürləmək, bir şeyi tamamlayıb sona çatdırmaq” kimi mənaları var. Qurani-Kərimi əvvəldən axıracan üzündən, yaxud əzbərdən oxuyaraq başa çatdırmağa, həmçinin Buxari kimi mühəddislərin hədis kitabları başda olmaqla, məşhur hədis kitablarını oxuyub bitirməyə də xətm etmək deyilir.

Quran Rəbbimizin əzəli kəlamıdır. Qurana Allahdan gələn bir məktub kimi də baxa bilərik. Belə bir müqəddəs məktubun oxunması, xətm edilməsi də çox önəmlidir. Qurani-Kərimi oxumaqda əsas məqsəd onu anlamaq və yaşamaqdır. Ona görə də ən gözəl xətm hər halda Quranı anlamağa çalışmaqla edilən xətmdir. Ən yaxşısı bir səhifə əslini, bir səhifə məalını ardıcıllıqla oxuyub anlamağa, Quranın məğzini qavramağa çalışmaqdır. Məsələn: Quranı daha çox oxuyanlar müqabilə adətinin geniş yayıldığı ramazanda sanballı məallardan heç olmasa hər, cüzdən bir səhifənin məalını oxuyaraq mənası ətrafında düşünə və beləcə, Quranın mahiyyətini daha dərindən anlaya bilərlər. Fiqh kitablarında “Quranı tərk etməmək üçün heç olmasa, bir ildə bir dəfə xətm etmək lazımdır” deyilir. Hafizlərin isə Quranı qırx gündən bir xətm etməsi gözəl hesab edilir.

Ramazan ayında təravih namazının xətmlə qılınması ənənəyə çevrilib. Belə ki, hər rükətdə bir səhifə olmaqla hər gün 20 səhifə Quran oxunur və 30 günə tamalanır. Burada Quranın bir dəfə xətm edilməsi sünnət, iki dəfə xətm edilməsi fəzilət, üç dəfə xətm edilməsi isə ən (daha) fəzilətli əməl hesab olunmuşdur.

Ramazan ayında xətm ənənəsinin ciddiyyət və həssaslıqla davam etdirilməsi Quranın öyrənilməsi və yaşanmasına öz töhfəsini verir. Sevdirərək, əhəmiyyətini izah edərək camaatı təravih namazını xətmlə qılmağa təşviq etmək lazımdır.

İbni Abbas (radiyallahu anh) rəvayət edir:

“Bir səhabə:

–  Ey Allahın Rəsulu! Allah hansı əməldən daha çox məmnun olur? – deyə soruşdu.

Allah Rəsulu:

– Səfəri başa vurub yenidən yola çıxmaqdan, – cavabını verdi.

Səhabə:

– “Səfəri başa vurub yenidən səfərə yollanmaq” nə deməkdir? – deyə bir daha soruşdu. Rəsulullah:

– Quranı əvvəldən axıracan oxumaq, bitirəndən sonra yenidən başlamaq, – buyurdu”.[1]

Xətm neçə gündə bir edilir?

Bu mövzuda Abdullah ibn Amr ibn Asın Peyğəmbərimizlə (sallallahu aleyhi səlləm) söhbəti bizə yol göstərir. Abdullah ibn Amr ibn As deyir ki:

 “Bir gün Allah Rəsulunun (sallallahu aleyhi və səlləm) yanına gəlib soruşdum:

– Ey Allahın Rəsulu, Quranı neçə gündə bir xətm etməliyəm?

Allah Rəsulu:

– Quranı bir ayda xətm et, – buyurdu.

Mən:

– Daha çoxuna gücüm çatır, – dedikdə Allah Rəsulu: “İyirmi beş gündə bir”, – buyurdu.

Mən:

– Daha tez xətm edə bilərəm, – deyincə Allah Rəsulu, “İyirmi gündə bir”, – buyurdu.

Mən yenə:

– Daha çoxuna gücüm çatır, – dedim. Allah Rəsulu: “On beş gündə”, – buyurdu.

Mən yenə:

– Daha çoxuna gücüm çatır, – dedim. Allah Rəsulu: “On gündə bir”, – buyurdu.

Mən yenə:

– Daha çoxuna gücüm çatar, – deyincə Allah Rəsulu: “Beş gündə bir”, – buyurdu.

Mən:

– Daha çoxuna gücüm çatar, – deyəndə Peyğəmbərimiz, – Xeyr, (Olmaz) – dedi”.[2]

Deməli, Qurani-Kərim minimum beş gündə bir dəfə, maksimum isə ayda bir dəfə xətm edilməlidir. Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm) Quranın maksimum bir ayda bir dəfə xətm edilməsini təşviq edir. Allah Rəsulu Quranı xətm edəndən sonra belə dua edərdi:

“Allahım, Mənə Qurani-Əziminlə mərhəmət et, Quranı­ Mə­nə nur, iman, hidayət və rəhmət vəsiləsi elə, unutduğum şey­lə­ri Quranla xatırlat, bilmədiyim şeyləri də Onunla öyrət, gecələr və gündüzlər Quran oxumağı ruzim eylə, Quranı Mənə dəlil elə”.[3]

“Quranın qürbətə düşməsi” nə deməkdir?

Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm) bir hədisi-şərifində altı qəribdən bəhs etmiş və buyurmuşdur: “Məscid namaz qılmayanlar arasında, Qurani-Kərim fasiqin (günahkarın) qəlbində, Quran onu oxumayanın evində, saleh müsəlman qadın zalım, pis xasiyyətli kişinin nikahında, saleh müsəlman kişi asi, arsız qadının yanında, alim onu dinləməyən və elmindən faydalanmayan bir toplum arasında qəribdir”.[4]

Bu gün Quran qürbət həyatı yaşayır. O səmavi kitab məxmər parçaya bükülüb cinləri, şeytanları uzaqlaşdırsın deyə yatağın başından asılmaq, yaxud cehiz sandıqlarında qayğı ilə saxlanmaq üçün nazil olmamışdır. Hökmən bir yerə asmaq lazımdırsa, ifritləri qovmaq üçün qəlbimizin ən məxsusi guşəsinə asmalıyıq.

Bu gün Müsəlmanların Qurana münasibəti İslam dinini və onun uca kitabını istəməyən düşmənlərin arzusu ilə üst-üstə düşür: Quran sadəcə kitab kimi, yəni oxunmaq xətrinə oxunsun, evlərdə cehiz əşyası kimi bir küncdə qalsın, amma cəmiyyətdə sağlam təfəkkürün formalaşması, həyatın gerçək qayəsinin dərk edilməsi, dinin yaşanması istiqamətində oxunmasın. Bir halda maariflənmək, dünyagörüşünü zənginləşdirmək lazımdır, elə isə qoy bu proses Durheymin, Komtenin fikirləri əsasında getsin, ancaq Quran insanların maariflənməsində əsla iştirak etməsin.

Əfsuslar olsun ki, bu gün Quranı həyatdan təcrid etmişlər. Elə ona görə də həm İslam dini, həm də Quran ətalət dövrünü, durğunluq mərhələsini yaşayır. Müqəddəs Quranı fəlsəfi bir cərəyanın ortaya qoyduğu nəzəriyyə kimi qəbul etməyə başlamışlar. Halbuki Allahın kəlamını bir bütöv kimi həyata tətbiq etməklə, ilahi düsturlara can verməklə dərk etmək mümkündür… Allahın Kitabı nə qədər hücumlara məruz qalsa da, nə qədər təcridlərə, həbslərə məhkum edilsə də, ayələr bütün canlılığını qoruyur və qoruyacaqdır.

[1]. Tirmizi, Qiraət, 4

[2]. Müslim, Savm, 35

[3]. Kənzül-Ümmal, 1, 392

[4]. Menakıb-Cihar-Yar-i Güzin, Şemseddin Sivasi

Pəncərələr 2 kitabından…

Cəmi 0 şərh yazılıb.

Bu məqalə haqqında şərh yazılmayıb.

Şərh yazın

E-poçt ünvanınız:

Facebookda biz!