Quran oxumaq əvəzinə zəhmət haqqı almaq olar?

21.04.2016 | 364 dəfə baxılıb.

İbadətlər və insanların bir-birinə münasibətləri məsələsində Allahın əmrlərinə əməl etmək və qadağalarından çəkinmək itaət və ibadət olduğu kimi, Qurani-Kərimi oxumaq və oxutmaq, dini elmləri öyrətmək, imamlıq, müəzzinlik, müftilik və vaizlik etmək də ibadətdir. Dolayısilə, bunların əvəzində zəhmət haqqı alınıb-alınmaması məsələsi ilə bağlı fərqli fikirlər irəli sürülmüşdür.

İlk dövrlərdə İslam hüquqşünasları belə bir hökm veriblər ki, bu xidmətlərin əvəzində heç bir zəhmət haqqı alına bilməz. Ancaq əsasən hicrətin üçüncü, xüsusən də, hicrətin beşinci əsrindən sonra gələn İslam alimləri Qurani-Kərimin müəyyən məvacib müqabilində tədris edilməsinin və öyrədilməsinin mümkünlüyünə dair fətva vermişlər. Daha sonra bu fətvaya imamlıq, müəzzinlik, vaizlik və müftilik kimi xidmətlər də əlavə edilmişdir. Çünki zaman keçdikdə hər kəs öz dolanışığının hayına qaldığına görə bu işləri təmənnasız görən insanların sayı azalmış və dini həyatın zəifləməsi ehtimalı meydana gəlmişdir. Ancaq mövlud mərasimində, ya da cənazə mərasimində oxunan Qurana görə zəhmət haqqı almaq olmaz. Bir məqama da diqqət yetirmək lazımdır: belə yerlərə dəvət edilən və dəvətə gələn şəxslərə ehtiram göstərmək, onların ehtiyacını qarşılamaq, gəlib-getməsini asanlaşdırmaq da dəvət edənlərin əxlaqına çevrilməlidir.

Pul almaq haqqında nə demək olar?

Bu mövzuda ayələrin və hədislərin sərt xəbərdarlıqlarına nə­zər salaq:

 “Sizin əlinizdəkini (Tövratı) təsdiqləyici kimi göndərdiyimə (Qurana) iman gətirin! Onu inkar edənlərin əvvəlincisi siz olmayın! Mənim ayələrimi ucuz qiymətə (dəyərsiz dünya malına) satmayın və ancaq Məndən qorxun!”[1]

Bu barədə Ubeyy ibn Kab belə rəvayət edir:

 “Bir nəfərə Qurani-Kərimi öyrətmişdim, o da mənə bir yay hədiyyə etmişdi. Məsələni Allah Rəsuluna (sallallahu aleyhi və səlləm) danışdım. O da: “Onu götürmüsənsə, deməli, oddan bir yay almısan”, – buyurdu. Mən də yayı geri qaytardım”.[2]

Belə görünür ki, ən çirkin qazanc Qurani-Kərim vasitəsi ilə əldə edilən qazancdır. Bunun üçün də:

  1. Qurani-Kərimi oxuyub əvəzində pul almaq halal deyil.
  2. İlahilər, qəsidələr, şeirlər oxuyaraq pul qazanmaq da halal deyil. Çünki bunlar da ülvi həqiqətləri ehtiva edir.
  3. Hər kəs Quran oxumağı öyrənməlidir və öyrənərkən bir çətinliklə qarşılaşmamalıdır. Allahdan gələn bu uca “naməni” ən azından oxumağı bacarmaq hamımızın vəzifəsidir.

[1]. “Bəqərə” surəsi, 41

[2]. Əbu Davud, Büyu, 37

Pəncərələr 2 kitabından.

Cəmi 0 şərh yazılıb.

Bu məqalə haqqında şərh yazılmayıb.

Şərh yazın

E-poçt ünvanınız:

Facebookda biz!