Qulaq, göz və qəlb

20.06.2013 | 1.827 dəfə baxılıb.

Yaşadığımız cəmiyyətin, vətəndaşı olduğumuz dövlətin, Ana Vətən deyə qəlblərimizə möhrünü vurduğumuz torpağın məsuliyyəti ictimai mövqeyindən asılı olaraq az və ya çox dərəcədə hər birimizin çiyninə düşür. İstər fərd kimi hər hansı insan olsun, istər ailə, istərsə də bir parçası olduğumuz cəmiyyət. Sadaladığımız faktorların hər üçü bir-birindən asılıdır. Əgər hər hansı cəmiyyətdə, toplumda mənəvi cəhətdən xəstə insanların sayı kifayət qədərdirsə, şübhəsiz ki, orada fəsadların da sayı çox olacaq. Fiziki xəstəliklərin müalicəsi daha asandır, nəinki mənəvi mərəzlərin.. Çünki mənəvi xəstəlik qəlbdə baş qaldırır. İnsan mənəviyyatında ağır yaralarla izlər buraxan bu mərəzləri ardıcıl sıralamağa lüzum yoxdur. Əgər yaşadığımız zəmanədə elm və texnikanın dünyanı fəth etdiyini, müasiri olduğumuz insanların böyük qisminin təhsil aldıqlarını nəzərə alsaq, qarşımıza bəşəri problem olan bir sual çıxacaq. Axı nə üçün təlim-tərbiyəyə bu qədər diqqət ayrıldığı bir vaxt belə ağrılı məqamlar yaşanır?

Bir-biri ilə barışmaz düşmən olan iki cəbhə: Elm-maarif və mənəvi xəstəlik. Daha acınacaqlısı da budur ki, hər iki düşmən bir təndə (bədəndə) qərar tutub. Əqli və qəlbi sağlamlığa qarşı mənəvi mərəzlər. Bugünkü gənclik gələcəkdə cəmiyyətimizin aparıcı qüvvəsi olacaq. Yuxarıda qoyulan sual günümüzdə son dərəcə aktualdır. Yaxşı, bəs bütün bunların səbəbi nədir?

Tibb elmi təsdiqləmişdir ki, ana bətnində ardıcıl olaraq duyğu üzvlərindən qulaq, göz formalaşır, daha sonra da insanın ürəyi əmələ gəlir. Tibbə yalnız XX əsrdə bəlli olan bu fakt VII əsrdə nazil olmuş müqəddəs kitabımızda öz əksini tapıb. Gəlin tükənməz xəzinə olan Uca Yaradanın kitabına müraciət edək. Allah “Nəhl” surəsinin yetmiş səkkizinci ayəsində belə buyurur: “Allah sizi analarınızın bətnlərindən heç bir şey bilmədiyiniz (dərk etmədiyiniz) halda çıxartdı. Sonra sizə qulaq, göz və qəlb verdi ki, (Allahın əmrlərini eşidib, qüdrətini və əzəmətini görüb, vəhdaniyyətini duyub) şükür edəsiniz!” İnşallah, Rəbbimizin köməyi ilə bu ayənin hikmətindən öz payımızı almağa çalışacağıq.
Bildiyimiz kimi insan şüurlu varlıqdır. Öyrənmək, görüb-götürmək onun başlıca cəhətlərindəndir.Təkcə görüb-götürmək anlayışının özündə bir çox məqamlar gizlənib. İnsan mənəviyyatının formalaşması özlüyündə mürəkkəb prosesdir və illərin axarında ərsəyə gəlir. Mənəviyyatın isə yeri ürəkdir. Lakin qəlbə gedən yol qulaqdan və gözdən keçir. Qulaq və göz eyni zamanda duyğu üzvləridir. İnsanın gözü nəyə baxarsa, qulağı nə eşidərsə, o şeylər haqqında düşünər və bu düşüncələri də tədricən qəlbinə sirayət edər. Daha dəqiq desək, mənəviyyatı bunlarla formalaşar. Psixologiya elmində duyğuların təsnifatını verərkən eşitmə və görmə bunların başında gəlir. Hər şeydən əvvəl duyğular idrakın əsasını təşkil edir. Yəni ətrafımız haqqında aldığımız ilkin məlumatlar duyğular vasitəsi ilə əldə edilir. Başqa sözlə dedikdə, ətraf aləmi qəlbimizə qulaq və göz qapılarından buraxırıq. İnsan yaşadığı cəmiyyətdə hər gün bir çox şeylərlə qarşılaşır, daha doğrusu, gördüklərini göz kamerası ilə çəkir. Yaxşı, yaxud pis nə qədər söz eşidir. Əfsuslar olsun ki, bəzən insanların dedikləri sözlərlə sərgilədikləri əməllər bir-biri ilə ziddiyyət təşkil edir. Gözlə görülən və qulaqla eşidilənlərin arasında yaşanan keçilməz uçurumlar, gənclərin fikirlərinin qarışmasına, qəlblərində dağıdıcı fırtınaların tüğyan etməsinə səbəb olur. Artıq verilən öyüdlərin, edilən nəsihətlərin bir təsiri də qalmır.

Yaşadığımız cəmiyyətdə məcazi mənada desək, həm uşaqların, həm yeniyetmələrin, həm də gənclərin qulaqlarını, gözlərini zədələnmədən qorumaq lazımdır. Bununla da biz onların mənəviyyatlarını qorumuş olar, ürək saflıqlarına nail olmuş olarıq. Evdə valideyn, tədris ocaqlarında müəllim övladlarına, şagirdlərinə, tələbələrinə öyüd-nəsihət verərkən dediklərini birinci növbədə özləri etməlidirlər ki, dediklərinin təsiri olsun. Əks halda müsbət nəticə əldə edilməyəcək..

Və ya başqa bir misal çəkək. Təsəvvür edək ki, təbiətin canlandığı, gümrahlaşdığı, yeni nəfəs qazandığı bahar fəslidir. Yazın əməksevərliyi üçün təbiəti hazırlayan ağ libaslı qış al-əlvan donla bəzənmiş yazla artıq vidalaşıb, ətraf aləmə layla çalan qış yerini göz görən hər şeyi oyadıb nazlandıran bahara verib. Qardaşı qışa həmişə mənnəttar olan yaz onu ədəb-ərkanla yola salıb. Bülbüllər hər qəmzəsində min işvə-naz gizlənən güllərin ləçəklərini incədən incə şəkildə dilləndirirlər. Bu mənzərələr gündüzün gözlərini belə qamaşdırır. Gözün billur şüşəsindən keçən bu lövhələr qəlb aynamızda öz əksini tapır. İndi isə bu qapının arxasındakı mənzərəyə başqa yöndən nəzər yetirək. Bu peyzaj səhnələrini öz gözləri ilə görmək, o anlardan zövq almaq könlündə sevgi bəsləyən hər bir insanın arzusudur, xoşhal olduğu məqamlardır. Videokameramız qəlbə sərin su kimi yayılan bu lövhələri yaddaşına həkk edir. Lakin qızılgül aşiqi olan bülbülün səsinin yerinə çaqqal ulaşmasını versək, qarşılaşacağımız görüntüdən heç də razı qalmayacağıq. Bax eləcə də qəlbimizdə saf görüntülərin əks olunması üçün bizlər də göz kameramızı hara tuşladığımıza, qulağımızla da hansı səsləri qəbul etdiyimizə çoz həssaslıqla yanaşmalıyıq. Bu məsələdə son dərəcə diqqətli olmalıyıq.

Yuxarıda vurğuladıq ki, insan gözü nəyə baxarsa, qulağı nə eşidərsə, o şeylər haqqında düşünər və bu düşüncələri də tədricən qəlbinə sirayət edər. Axı insanı sözün həqiqi mənasında kainata sultan edən imanın mənzili qəlbdir. Gərək Adəm övladı qəlbinin, mənəviyyatının qidalarını bədən şəhərinə buraxan qapılara nəzarət edə ki, pisliklər bu şəhərə dola bilməsin, onun qəlb aynasını kirləndirməsin. Bəli, hər kəs kainatı öz aynası ilə görür. İnsanın qəlbi, mənəviyyatı nə qədər saf, təmiz olsa, orada İlahi gözəlliklər də daha yaxşı əks olunar. Nizamla yazmaqda mahir Nizami Gəncəvinin “İsgəndərnamə” poemasında qəlb aynasının paqlaqlığına, bu parlaq aynada gözəlliyin əksinə nəzər salaq. Rum hökmdarı İsgəndərin əmri ilə Rum və Çin nəqqaşları (sənətkarları) bir-birinin işlərinə baxmadan tağların üzərində işləməyə başlayırlar. İşlərini yekunlaşdırdıqdan sonra isə İsgəndərin əmri ilə aradakı pərdə götürülür. İsgəndər tağların üzərindəki təsvirləri gördükdə təəccüblənir. Hər iki tağda eyni nəkşlər salınıb. Bu, necə ola bilər? Axı arada pərdə vardı. Sənətkarlar bir-birinin işlərini görə bilməzdilər. Lakin hər iki tağdakı təsvirlər tamamilə oxşardır. İsgəndər bu müşkili təkbaşına həll edə bilmədikdə vəziri Bəlinası çağırtdırır. İlk baxışda Bəlinas da bu eyniliyin səbəbini anlamır. Sonra hökmdardan xahiş edir ki, tağların arasındakı pərdə yenidən geri qaytarılsın. Elə bu anda Çin nəqqaşlarının tağındakı təsvir yoxa çıxır. Bəlli olur ki, Rum nəqqaşları tağın üzərində gözəl nəkşlər saldıqları vaxt Çin nəqqaşları öz tağlarına siqəl çəkməklə (parıldatmaqla) məşğul olmuşlar. Beləliklə, bir tərəfdə mahir nəqqaşın tişələrindən çıxan gözəlliklər digər tərəfdə əks olunmuşdur. Sanki hər hansı görüntünün güzgüdəki əksi kimi. Hətta o dərəcədə ki, görüntülərdən hansının surət, hansının isə nəkşlərin özü olduğu əvvəlcə hiss olunmamışdır.

Deməli, ayna nə qədər təmiz, şəffaf və əks etdirməsi düzgün olsa, oradakı görüntülər də bir o qədər aydın olar. Adəm övladı gözünə, qulağına nəzarət etsə, qəlb təmizliyinə nail olacaq və İlahi gözəlliklər qəlbində beləcə əks olunacaq. Çin nəqqaşları tağa siqəl çəkib onu parıldatdıqları kimi bizlər də qəlblərimizə siqəl çəkməliyik. Bu da qəlbi qidalandıran ünsürlərin bədən şəhərinə daxil olduqları göz və qulaq qapılarına nəzarətdən çox asılıdır.
Deməli, mənəvi xəstəliklərin qarşısını almaq qəlbimizi təmiz saxlamaq deməkdir. Bu təmizlik isə bədən şəhərinin qulaq və göz qapılarının möhkəm qorunmasından keçir.

Yazar : Ceyhun Əsgərov
Tarix : 2 May 2011

Cəmi 2 şərh yazılıb.

  1. Şərh  Anar    tərəfindən   28.08.2013  tarixində yazılıb.

    Cox tesekkurler Ceyhun muellim bu deyerli maraqli ve terbiyevi xarakterli meqaleniz ucun dusunen beyniniz yazan eliniz var olsun deyirem ve yeni meqaleler gozleyirem.Butun Xezer nesriyyat kollektivine de muveffeqiyyeler temenni edirem.Anar Eyvazov

  2. Şərh  Xəzər Nəşriyyat    tərəfindən   31.08.2013  tarixində yazılıb.

    Çox Sağolun Anar bəy. Biz də təşəkkür edirik!

Şərh yazın

E-poçt ünvanınız:

Facebookda biz!