Qırmızı qalstuk

22.07.2013 | 531 dəfə baxılıb.

İki günlük seminardan sonra iştirakçılara belə demişdim:

İş yoldaşlarınızın, dostlarınızın, gənclərin və uşaqlarınızın fi­kir­lərinə əhəmiyyət verin. Heç ağlınıza gəlməyən adamlardan çox orijinal fikirlər çıxa bilər. Bu, tanımadığınız bir gənc və ya tələbəniz də ola bilər. Əsas məsələ onların fikirlərini öyrənməkdir. Eyni zamanda cəmiyyətdə özünə inamlı gənclərin sayını çoxaltmış olarsınız.

Bir nümunə ilə mövzunu bir az da aydınlaşdıraq: Evinizə, ofisinizə gül qoymaq istəyirsiniz, niyə bunu öz övladınızla məsləhətləşməyəsəniz axı? Bəlkə də, siz heç ağlınıza gəlməyən və heyrətamiz maraqlı bir təklif eşidəcəksiniz. Bununla həm ondan faydalanar, həm də məsləhət aldığınız insanın özünəinam hissini gücləndirərsiniz. Unutmayın ki, fikrinə hörmət etdiyiniz insan sizi dinləyəcək.

“Oğlum, dostun Əhmədlə ehtiyatlı ol, onun bəzi xasiyyətləri yaxşı deyil” və ya “Dostun kitab oxumayan adamlardandır” deyəndə övladınız buna əhəmiyyət verəcəkdir. Əmin olun ki, sizə: “Mən artıq böyümüşəm, mənim işlərimə qarışma. İstədiyimi edə bilmərəm?” – deməyəcək.

Bilmək istəyirsiniz, niyə?

Çünki siz böyük ikən, güclü ikən ona “böyük kimi” dəyər verdiniz.

Fikirlərinə dəyər verilən uşaq başqalarının fikirlərinə də əhəmiyyət verəcəkdir.

***

1982-ci ildə “BMW insan (əmək) resursları idarəsi” “hər işçinin fikrini alma və onların kəşflərindən faydalanma layihəsi” həyata keçirməyə başladı. “Hər bir işçinin BMW ailəsindən olduğunu” vurğulayıb dəstək istədilər. Bir müddət sonra zavodun bir işçisi müdiriyyətə avtomobil bir yerə yaxınlaşdıqda xəbərdarlıq edən “sensor” sistemini təqdim etdi.

Nəticəsi nə oldu? Digər bütün avtomobil markaları bu sistemi istehsal etdikləri avtomobillərə tətbiq etmək üçün patent pulu ödəmək məcburiyyətində qaldılar. Bir işçinin verdiyi faydanın miqyasını siz özünüz düşünün artıq.

Başqa bir örnək:

İkinci dünya müharibəsindən sonra Almaniya dərin böhran içində idi. Zavodlar, fabriklər, evlər, məktəb binaları yerlə-yeksan olmuşdu. “Siemens” firmasının rəhbərləri öz zavodlarını təftiş etməyə getmişdilər. Zavodun ərazisinə çatanda heyrətə gəldilər. Zavod işçiləri heç kimdən əmr almadan xarabalıqlar altından dəzgahları çıxarmağa çalışırdılar. Bu hadisə qısa müddət ərzində Almaniyaya yayıldı və dirçəlişin simvollarından birinə çevrildi. Artıq “Siemens” hər bir almanın milli seçim markası olmuşdu. Müharibədən əvvəl fikirlərinə hörmət göstərilən işçilər müharibədən sonra da mənsubluq hissi ilə öz zavodlarına sahib çıxırdılar.

***

Mən bu seminarı verib evə gedərkən yolda: “Seminarda­ dediklərimi həyat yoldaşıma, övladlarıma tətbiq edirəmmi, görəsən?” – deyə düşünməyə başladım. Öz dilimlə özümü bağlamışdım və dediyim sözlərin arxasında durmalı idim. Bunun üçün fürsət gözləməyə başladım.

Üçüncü günün səhəri paltarlarımı geyinərkən qalstuk seç­mək­də qızımla məsləhətləşdim:

– Qızım, mənə kömək edərsən. Hansı qalstuku taxsam, yaxşı olar?

İstədiyim qalstuku qabağa çəkib qərarını gözlədim. Bir neçə saniyə susdu, dodağını büzüb, sağ əlini yellədi və başqa bir qalstuk seçdi. İstəmədiyim bir qalstuku taxmağı məsləhət gördü.

Qızımın seçdiyi qalstuku taxmaqdan başqa çarəm yox idi. Seminar salonuna girəndə təqdir və iltifatla qarşılaşdım. Çox təəccübləndim. Geyimim dünənki ilə eyni idi, təkcə qalstukum dəyişmişdi. Bütün bu iltifat və təqdirlərə bir qalstuk səbəb olmuşdu? Bir azca qürur duysam da, ətrafımdakıların fikirlərini öyrənməyə çox gec başladığıma görə peşmançılıq hissi keçirdim.

Bu hadisədən belə nəticə çıxara bilərik:

Özünüzə hər hansı bir məsələdə söz verməyə çalışın. “Mən qırmızı işıqda keçmirəm” və ya “Dostlarımın ad günlərini təbrik edirəm” kimi…

Həyatda “kaş ki” deməmək üçün əlinizdəki fürsətləri yaxşı dəyərləndirin.

Məsləhətlərindən istifadə edilən insanlar faydalı olduqları üçün sevinc duyurlar.

“Evdəki Rənglər” kitabından

Cəmi 0 şərh yazılıb.

Bu məqalə haqqında şərh yazılmayıb.

Şərh yazın

E-poçt ünvanınız:

Facebookda biz!