Qəzəbin istifadə dairəsi

07.04.2016 | 264 dəfə baxılıb.

 

Heç kəsə sirr deyil ki, köləlik, müstəmləkəçilik, zorakılıq, sinfi ayrıseçkilik və  bu kimi amillər icma, qəbilə, millət və dövlətlər arasında problemlərə, hətta münaqişə və müharibələrə gətirib çıxarır. Bu, bəşəriyyətin birgəyaşayış layihəsi və modelinin müntəzəm hasil etdiyi bir nəticədir. Bu nəticənin səbəbləri başqa bir yazının mövzusudur, amma nəticə  açıq-aşkar göz qabağındadır. Keçmişi bir kənara atıb sadəcə bugünkü dünyaya gözucu nəzər salsaq, bunu sübut etmək üçün onlarla, yüzlərlə hadisə görərik.

Ailə cəmiyyətin kiçik prototipidir. Bu fərqli iki insan cinsinin ‒ qadın və kişinin, ər və arvadın qarşılıqlı münasibət formalarını­ müəy­yənləşdirə bilməməsi eyni cəmiyyətə xas  nəticələri doğurur. Daha açıq desək, patriarxal ailə modellərində kişinin qadına kölə kimi baxması, cinsi münasibətlər başda olmaqla, onu öz istək və arzularına uyğun istismar etməsi, ailə daxilində “nə dedim, o olmalıdır” məntiqini əks etdirən bir idarə modelini seçməsi, sırf qadın olduğu üçün arvadını haqq-hüquqdan məhrum etməsi, ona dəyər verməməsi kimi hallar, təbii ki, münaqişələrə, mübahisələrə və boşanmalara gətirib çıxaracaqdır…

Hələ də belə ailələrin varlığına şübhə edirsiniz? Müasirliyin beşiyi sayılan Qərb ailələri arasında belələrinə daha tez-tez rast gəlinir. Belə ailələrin təhsil səviyyəsini, ər-arvadın bir-biri ilə davranışlarını nümunələrlə izah etsəm, heyrətdən donub qalar və insanlığınızdan utanarsınız. Bu ailə modelində ər-arvad insanlıq ortaq məxrəcində birləşdiklərini unutmuşlar və dini dəyərlər də, təəssüf ki, öz təsir gücünü itirmişdir. Ailə həyatının davam etməsi üçün zəruri olan qarşılıqlı sevgi, diqqət, məhəbbət, hörmət kimi anlayışlar yoxa çıxmışdır. Bu cür ailələrdə ər və arvad bir yerdə müvəqqəti qalan və xidmət edən əsgərlər kimidir. Bu birgəyaşayış yalnız övladların xatirinə davam edir. Ancaq əsgərlikdən fərqli olaraq bunlar öz iradələri ilə ailə həyatı qurmuş, müvəqqəti deyil, əbədi bərabərliyi seçmiş, nikah masasında yaxşı və pis gündə birlikdə olacaqları haqda bir-birinə söz vermişlər. Təəssüf ki, bu və ya digər səbəbdən Haqq və xalq qarşısında verdikləri sözün üstündə durmurlar.

Bu çoxtərəfli məsələnin sadəcə bir cəhətinə toxunacağam: qə­zəb. Düşünürəm ki, qarşılaşdığım hadisədə ərin arvadına qarşı bu cür davranmasının səbəbi qəzəbdir. Peyğəmbərimizin bəyanı ilə qəzəb. Qəzəb bu imtahan dünyasında insanın insanlıq zirvəsinə yüksəlməsi üçün Allahın ona verdiyi bir hiss, duyğudur. İnsan bu duyğunu düzgün istifadə etdikdə insanlıq səmasının ulduzları sayılan Peyğəmbərlərin hüzuruna yüksələ, əks təqdirdə cin və insan şeytanların səviyyəsinə düşə bilər. Qəzəbi yalnız Haqq yolunda istifadə etməklə yaradılış qayəsinə uyğun işlətmək mümkündür. Haqq rizası üçün deyil, başqa məqsədlə istifadə olunarsa, heç bir məna ifadə etməz və  sahibini də dediyimiz kimi, şeytanların səviyyəsinə endirər.

Bu həqiqəti bir kənara qoyub psixoloqların fikrinə nəzər salaq. “Qəzəb sevgi ilə birləşsə, xoş münasibətə, qorxu ilə birləşsə, aqres­sivliyə çevrilər”. Bunu nəzərə alaraq ər və arvadın haqlı və ya haqsız səbəblərlə bəzən bir-birinə hirsləndiyini fərz edək. “Fərz edək” deyirəm, çünki belə davranışlar, xüsusilə, İslami dəyərlərə hörmətlə yanaşan bir müsəlmana yaraşmır. Yəni səbəbindən asılı olmayaraq, ər-arvadın bir-birinə hirsli davranması doğru deyil.

Əgər bir-birinə hirslənən ər-arvad arasında sevgi və hörmət varsa və ya onlar arasında qarşılıqlı hörmət və sevgi hissi hələ ölməmişsə, bu qəzəb hissi hər ikisini ünsiyyətə sövq edəcək. Ancaq bu sevgi və hörmət tamamilə itibsə, aqressivlik şəklində özünü büruzə verəcək. Yəni demək istəyirik ki, hirslənməklə özünüzü yoxlaya bilərsiniz. Hirsli anlardakı davranış tərziniz sizə özünüzü göstərəcək, həyat yoldaşınıza qarşı münasibətinizin, xüsusilə, sevginizin, məhəbbətinizin dərəcəsini nümayiş etdirəcək.

Hər kəsə məlumdur ki, insan mələk deyil. Yıxıla-yıxıla, səhvlərini düzəldə-düzəldə insanlıq səmasına yüksələ bilər. Ən əsası qəlb susmasın, vicdan itməsin, daxili hesabat və özünütənqid hissi canlı qalsın və şüur ayıq-sayıq olsun. Bu duyğulara sahib insan etdiyi səhvlərə görə peşman olar, xalqdan da, Haqdan da üzr istəyər. Təki, bir mütəfəkkirin də bildirdiyi kimi, kainatın yaradılış səbəbi və varlıqları bir-birinə bağlayan, bir-birinin köməyinə sövq edən yeganə bağ – sevgi toxumu ölməsin. Toxum bağ ilə bağbanını taparsa, cücərər. Heç kəs buna şübhə etməsin!

Gecə yarısı hirsini səhərə saxlaya bilməyib həyat yoldaşını yuxudan oyadaraq ağzına gələni deyən kişilər nə olaydı, bu yazını oxuyub həyat yoldaşlarına qarşı münasibətlərini bir daha gözdən keçirəydilər. Həm də elə bu dəqiqə. Çünki sabah gec ola bilər.

Həyat dərsləri kitabından…

Cəmi 0 şərh yazılıb.

Bu məqalə haqqında şərh yazılmayıb.

Şərh yazın

E-poçt ünvanınız:

Facebookda biz!