Qeyri-bərabər qüvvələr və ya qarşıdurma

09.04.2016 | 278 dəfə baxılıb.

 

“Allah insanı möhtac yaratmışdır”. Bu yaxınlarda eşitmişəm, bu sö­zü mənə bir nəfər dedi. Bir ehtiyacım olub-olmadığını soruşdu,­ is­rarla “xeyr” dedim. O da bunu söylədi. İfadənin kimə məxsus olma­sı­ önəmli deyil, amma siyaq-sibaq bütövlüyündən (bir ayəni on­dan əvvəlki və sonrakı ayələrlərlə birgə götürmək) də görünür ki,­ bu­nu­ dilə gətirən məndən böyük, məndən dəstəyini və şəfqətini əsir­gə­mə­yən  bir insandır.

Təxminən bir dəqiqə davam edən bu söhbət bu yaxında olmuş bir hadisəni xatırlatdı. Bir xanım telefonda həyat yoldaşına möhtac olmamasından ağız dolusu danışırdı. Lakin səsinin “rəngi” ağzından çıxan sözlərin yalan olmasından xəbər verirdi. Çünki səsindən asıb kəsən adamdan daha çox şəfqətə möhtac bir insan olduğunu hiss etmək çətin deyildi.

Don Kixot kimi yel dəyirmanlarına müharibə elan etməyə ehtiyac yoxdur. Yəni təbiətə, fitrətə zidd hərəkət etmək lüzumsuzdur. Hər vəziyyətdə, hər yerdə və hər zaman qadın həyat yoldaşına möhtacdır. Təbii ki, kişi də həyat yoldaşına. Onlar bir-birinin rəqibi deyil, bir-birinin qüsurlarını, nöqsanlarını tamamlayan, düzəldən bir bütövün iki parçasıdır. Bu iki parça varlıq olaraq bir-birindən üstün deyildir, bir-birinə bərabərdir, amma xüsusiyyətlərinə görə fərqlidir. Bəzi xüsusiyyətlərdə kişi, bəzilərində isə qadın öndədir. Bunda bəşər iradəsinin heç bir rolunun olmadığını, olmayacağını qəbul etmək hər şeydən əvvəl reallığa hörmət əlamətidir. Yəni yel dəyirmanlarına müharibə elan etməmək. Sonra, ilahi iradənin seçiminə, Onun yazısına və əmrinə ehtiramdır. Və bəlkə də, hamısından daha önəmlisi insanın öz yaradılışını qəbul edərək özünə hörmət etməsidir. Halbuki, özünə hörmət etməyən başqalarına da hörmət etməz.

Mən belə düşünürəm və bu fikirlərimi bir neçə dəfə təkrarlamışam: ər-arvad öz aralarında “qüvvələrin qeyri-bərabərliyi” prinsipini qəbul edərək iş bölgüsü aparmalıdırlar. Bu iş bölgüsü hər an və hər yerdə tətbiq olunmalıdır. Evdə, işdə, bazar-dükanda, qocalıqda, cavanlıqda, uşaq tərbiyəsində, digər ailələrlə münasibətdə… Hər yerdə ər-arvadın ortaq qərarları olmalıdır. Müəyyən vaxtlarda sırf bu niyyətlə oturub sakit beyinlə, dava-dalaş salmadan həmin qərarları müzakirə etməlidirlər. Dəyişən şəraiti, ailə təcrübəsini əsas götürməli və mövcud və ya ehtimal olunan problemləri nəzərə alaraq ehtiyac olarsa, əvvəlki qərarlarını dəyişdirməlidirlər. Ya da yeni qərarlar əlavə etməlidirlər. Həyatda heç bir boşluğa yer verməməlidirlər.

Soruşa bilərsiniz ki, bunları etməsələr, nə olar? Həyatı necə gəl­di,­ yaşayarlar. Onların həyatını hadisələr müəyyən edər. Ailədə prin­sip­lər məcmuəsi də olmadığı üçün qüvvələr bir-biri ilə mübarizə aparar. Həm də müntəzəm olaraq. Bu ailə münaqişələri isə həyatı olduqca ağırlaşdırar. Evdə xaos ab-havası əsər. Ər və arvad bir-birinə düş­mən kəsilər..

Bu vəziyyətdə olan insan müsəlmandırsa, Allah o evdən bərə­kətini kəsər. Ölənə qədər bir olmağa söz vermiş  bu iki insan ittifaq edə bilməyəndə də birliyə, ittifaqa görə təcəlli edən ilahi isimlər onların nə evində, nə də həyatında təcəlli edər. Çünki onlar Allahdan uzaq bir həyat yaşayarlar. Ondan uzaq həyat isə insanı nə dünyada, nə də axirətdə xoşbəxt edər.

Əsla heç kim: “Filankəslər belə olsalar da, amma çoxundan yaxşı yaşayırlar,” – deməsin. Çünki mənəviyyat böyüklərinin, əngin üfüqlü insanların müəyyən etdiyinə görə bu hal istidracdan (Bir insana haqqı və layiq olmadığı halda və qabiliyətsizliyinə baxmayaraq, bol nemət verilməsi və onun bu səbəbdən küfrünü davam etdirərək ilahi əzab və qəzəbə  yaxınlaşması) başqa bir şey deyildir.

Ziddiyyətli fikirlər içərisində olan ər və arvada iki kiçik tövsi­yəm var:

Birinci, qabağına bir kağız qoyub əlinə də bir qələm alsın və hə­yat yoldaşının xarakterində müsbət və mənfi tərəfləri, bəyəndiyi və bəyənmədiyi xüsusiyyətləri iki sütunda qarşı-qarşıya yazsın. Sonra baxsın, görək hansı daha çoxdur!

İkincisi isə, öz ölümünü düşünsün. Öldükdən sonra həyat yoldaşının keçirəcəyi hisləri və davranışlarını gözünün önünə gətirsin! Bir sözlə, həqiqi sevginin aşkara çıxdığı o anı düşünsün!

Bununla nə olacaq? Çox güman ki, fərqli prizmalardan baxış hər birinin qarşısında indiyə qədər görmədikləri, bəlkə də, görmək istə­mədikləri həqiqətləri canlandıracaq, üfüqlərini açacaq. Təbii ki, hər bir insan öz səviyyəsi nisbətində səfər edəcək bu üfüqlərdə. Ancaq hansı səviyyədə olursa-olsun, müxtəliflik, fərqlilik hiss edəcək, çox fərqli şeylər görəcək, düşünəcək. Kim bilir, məhz elə bu yeni baxış, bu müxtəliflik onu evinə və həyat yoldaşına bağlayacaq.

Gör bizi bir söz haralara apardı. Bəli, Allah insanı möhtac yaratmışdır. Evlilik bu ehtiyacın qarşılanması üçün ilahi iradənin əmridir. Şərait və şərtlərdən asılı olaraq ya fərz, yaxud da sünnət olur. Bizə Qərb mənşəli müasir düşüncələr deyil, öz keçmişimiz, öz tariximiz, dini və milli dəyərlərimiz istiqamət verməlidir.

Həyat dərsləri kitabından..

Cəmi 0 şərh yazılıb.

Bu məqalə haqqında şərh yazılmayıb.

Şərh yazın

E-poçt ünvanınız:

Facebookda biz!