Qəlbin möhürlənməsi nə deməkdir?

10.02.2017 | 505 dəfə baxılıb.

Qəlb şüur, hiss, iradə kimi qüvvələrin mərkəzidir. Qəlbin mad­di xəstəlikləri olduğu kimi, mənəvi mərəzləri də vardır.­ Onun möhürlənməsi də belə bir xəstəlikdir. Quran bu mö­hür­lən­mədən belə bəhs edir: “Allah onların ürəyinə və qulağına möhür vurmuşdur. Gözlərində də pərdə vardır. Onları böyük bir əzab gözləyir!”
Tanınmış müfəssir Almamlılı bu ayənin təfsirində yazır:
“Allah-Təala onların qəlbini və eşidib anlama qabiliyyətini möhürləmişdir. Onlarda həqiqəti sezib, düşünüb tapma, dinləyib eşitmə, ondan faydalanma qabiliyyətindən əsər-əlamət qalmamışdır. Qəlb mövcuddur, amma, əslində, sağlamlığını itirmişdir, günahlar üzündən meydana gələn ikinci xasiyyət qəlbin üstünə pərdə çəkmişdir. Bu cür dəyişmə Allah-Təalanın hökmüdür. Artıq onlar özlərindən, öz həvəslərindən, nəfsani arzu və istəklərindən qeyri heç nəyi gözəl görməzlər”.
Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm) bir hədisi-şərifdə buyurur: “Qul bir günah işlədimi, qəlbində qara bir nöqtə əmələ gələr. Əgər tövbə etməsə, günahdan təmizlənməsə və bağışlanma diləməsə, qəlbi qatılaşar, ağırlaşar və günah işləməyə davam edərsə, bu nöqtə daha da böyüyər. Nəhayət, qəlbi kilidlənər, mö­hürlənər”.
Məktub açılmasın deyə zərfin üzərinə necə möhür vurulursa, Allah da qəlbi elə möhürləyir. Daha belə bir qəlbin Allah yönəlməsi mümkün deyildir. Qəlbin möhürlənməsi Allaha üsyana, günahlardan əl çəkməməyə görə verilən ilahi bir cəzadır. Ancaq iddia etmək olmaz ki, bütün kafirlərin qəlbi möhürlənib. Belə olsa idi, dini anlatmaq, qəlblərə nüfuz etmək, könülləri fəth etmək mümkün olmazdı. Unutmayaq ki, potensial olaraq hər kəs iman edə bilər. Haqq və həqiqətin çatdırılmasında və inancı İslama uyğun olanlardan başlamaq daha düzgündür. Ağlı kirli və qabar bağlamış, qəlbi möhürlənmiş, bir zehniyyətin əsiri olan, bu yoldan dönməyi də düşünməyən və düşmənçilik bəsləyən insanlarla məşğul olmaq mənasızdır.
Şeytanın qəlbinin möhürlənməsi
Günah işləməkdən əl çəkməmək qəlbin möhürlənməsi ilə nəticələnir. Şeytanın özü də aldatdıqca uzaqlaşdı, uzaqlaşdıqca intiqam hissi ilə alışıb-yandı və fəsadla, nankorluqla yoğurulmuş ikinci xislətə büründü. Uzaqlaşdıqca əməlli-başlı azdı, qovulduqca da nifrətlə diş qıcıdı, təkəbbürdən yerə göyə sığmadı. Allaha üsyan etdi, söz oyununa əl atdı və beləcə ilahi rəhmətdən uzaqlaşmaq onu üsyana, üsyan da uzaqlaşmağa sövq etdi. Və şeytan buna görə “xətm”ə məruz qaldı, yəni qəlbi möhürləndi. Bunun mənası belədir: içində pislik düşüncəsindən başqa bir şey qalmadı və yaxşılığa aid bütün işartılar sönüb getdi.
Münafiqlik qəlbin möhürlənməsinə səbəb olur
İnanmayıb özünü inananlar kimi aparmaq və göstərmək ikiüzlülükdür. Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm) bir hədisi-şərifində belə buyurur: “Münafiqin üç əlaməti var: yalan danışar, vədinə əməl etməz və əmanətə xəyanət edər”. (Buxari, İman, 24) Bir çox ayələr münafiqin daşıdığı əlamətlərdən xəbər verir. Münafiqlik, münafiqə xas həyat tərzi də qəlbin möhürlənməsinə səbəb olur. Əgər bir günahın arxasınca o saat tövbə edilməsə, qəlb qaralar, ruh sıxıntıya düşər. Günah davam etdikcə də qəlbin möhürlənməsi qaçılmaz olur.

“Suallarla mənəviyyatımıza açılan pəncərələr-2”

Cəmi 0 şərh yazılıb.

Bu məqalə haqqında şərh yazılmayıb.

Şərh yazın

E-poçt ünvanınız:

Facebookda biz!