Qayınanaya xidmət

04.01.2016 | 496 dəfə baxılıb.

Hz. Aişənin evi: altı-yeddi arşın, kərpic tavanı, xurma yarpaqlarından arakəsmələri, hündürlüyü uzun bir insanın boyu qədər, qapısı ardıc ağacından, içəridə bir həsir, bir yataq, bir yastıq, un və xurma yığmaq üçün çanaq, bir su qabı və bir bardaq.

Altı-yeddi arşın, kərpic tavanı, xurma yarpaqlarından ara­kəs­mə­lə­ri, hündürlüyü uzun bir insanın boyu qədər, qapısı ardıc ağacından, içəridə bir həsir, bir yataq, bir yastıq, un və xurma yığmaq üçün ça­naq, bir su qabı və bir bardaq.. Təsvir etdiyimiz bu ev kimin evidir, bilirsinizmi? Kainatın Fəxri Hz. Məhəmmədin (sallallahu əleyhi və səlləm) evlərindən biri, Hz. Aişənin (radiyallahu anhə) evidir. Gün­lərlə, hətta aylarla xurma və sudan başqa yeməyə bir şey olmayan, ocaq yanmayan, qazan asılmayan, pay gələn bir-iki qab yeməklə dolanan bir daxma.

Hz. Aişə (radiyallahu anha) hər müsəlman qadın üçün örnək və öndər bir şəxsiyyətdir. Bununla yanaşı, onun həyat tərzini cani-kö­nüldən qəbul edən, “Mən də belə şəraitdə yaşayaram” deyən nə qədər qadın tapa bilərik bu günün müsəlman toplumunda? Bəli, “Mən” deyə bilən neçə qadın var?

Əksini də söyləyə bilərik. İradi olaraq dünya həyatından üz çevirən Rəsulullahın (sallallahu əleyhi və səlləm) həyatını özünə örnək götürən neçə kişi var? İyirmi beş yaşında (belə demək mümkünsə) bir gənc olarkən qırx yaşında dul bir qadınla evliliyə “bəli” deyəcək, bir gün ac, bir gün tox yaşamağa dözəcək, ən yaxınlarının maddi, mənəvi əziyyətlərinə sinə gərəcək, evini-eşiyini, avtomobilini, dəbdəbə və rahatlığını tərk edəcək, edə biləcək nə qədər kişi var? Təsəvvüfə xas “zühd” (nəfsani zövq və arzudan uzaqlaşaraq özünü ibadətə həsr etmək) anlayışının təcəssümü olan və bu gün “bir loğma, bir əba” həyat modelini davam etdirən nə qədər insan göstərə bilərsiniz?

Əslində, bunları danışmaq belə çox qəribə səslənir. Bəlkə, bə­zi­­ləriniz “Bu, nə demək istəyir?” sualını çoxdan vermişsiniz. Zamanı geriyə qaytara bilmərik, demək ki, dəyişən və inkişaf edən həyat şərtləri bizi bu gün fərqli şəraitdə yaşamağa məcbur edir, onda bunlardan söz açmağın nə mənası var?

Mən də sizinlə razılaşıram, həqiqətən də, ehtiyac yoxdur. Keçmiş keçmişdə qaldı, geri dönməz. Ya yeni şəkil, vəziyyət, ya da yox olmaq.

Sözümün canı nədədir:

Qayınana qoca vaxtında okeanın o tayına oğlunu, gəlinini və nəvələrini görməyə gələcəkmiş bir ay sonra. Sanki: “Olsun da, bunda nə var ki? Buyursun, gəlsin, ən təbii haqqıdır,” – dediyinizi eşitdim. Məncə də, elədir.

Amma bir evdə belə olmayıb. Qayınananın özü deyil, hələ gə­ləcəyi xəbərini alan evin xanımı ailəni bir-birinə qatıb hökmünü verir: “Mən sənin ana-atana baxmaq məcburiyyətində deyiləm. Üç aylığa nədir, bir günlüyünə belə istəmirəm. Mənim dərdim özümə bəsdir. Bir də sənin anan, atan! Əgər gəlsələr, başımı götürüb gedəcəyəm bu evdən. Nə istəyirsiniz, edin”.

İndi kim haqlı, kim haqsızdır? Bu hadisəni necə dəyərləndirək? Əvvəlcə əyri otursaq da, düz danışaq. Burada bizi birləşdirən ən vacib dəyər – ailə təməli dağılmaq üzrədir. Artıq keçmişin  səadətli, hüzur dolu ailə ocaqları yoxdur.  Nənə-baba, gəlin-qayınana, elti-baldızın əl-ələ, çiyin-çiyinə verib həyatın hər çətinliyinə birlikdə sinə gərdiyi, sevinc və kədəri hər zaman bölüşdüyü ailələr indi ya kitab səhifələrində, ya da qocaların hafizələrində yaşayır.

Bu həqiqəti lap başlanğıcda qəbul etməliyik. Reallıqlarla deyil, xəyallarla yaşasaq, nə problemlərimizi ortaya çıxara, nə onların səbəblərini araşdıra və nə də düzgün həll yollarını tapa bilərik.

Artıq “zəmanə” gəncləri az tərkibli ailə modelini mənimsəyirlər. Analarımız, nənələrimiz kimi, ana-ata ilə ömür boyu bir evdə yaşamaq bir yana, bir həftəlik belə dözmək istəmirlər. Onların təfəkkürünə görə ana-ata, qayınana-qayınata neçə ayda bir dəfə, xətri telefonla, ziyarətlə soruşulan “muzeylik” insanlardır.

Məsələnin ən qəribə tərəfi odur ki, bizim nəsil keçid dövrünün nəslidir. Analarımız nənələrimizlə birlikdə yaşayır, ancaq xanımlarımız yox. Qorxuram ki, qızlarımıza gəlin və qayınananın bir yerdə yaşamasından bəhs etsək, “Dədə Qorqud” dastanı danışırmış kimi mat-mat üzümüzə baxalar. “Biz paltarı yaşıl sabun və gillə yuyardıq,” – deyəndə baxdıqları kimi.

Nə edəcəyik? Ürək yandıran sualdır. Açıq və konkret cavab: ənə­nəvi ailə modelini dirçəltmək məcburiyyətindəyik. Həyata ke­çir­mək qeyri-mümkün olsa da, (reallıqlar bunu göstərir) bunu hədəfimizə çevirməliyik. Ancaq bəs çağdaş reallıqları necə edəcəyik? Dünənin xatirələri, sabahın xəyal və xülyaları ilə deyil, bu günü necə yaşayacağıq? Bu yazının qələmə alınmasına səbəb olan hadisəni indi, bu gün necə həll edəcəyik?

Ağlıma gələn yeganə yol budur. Heç bir ata-ana övladının bəd­bəxt olmasını istəməz. Elə isə təqvimləri açaq və ziyarət vaxtını, müddətini birlikdə müəyyən edək. Əslində, mənim Hz. Aişə (radiyallahu anhə) misalını verməkdə məqsədim bu idi. Dövr dəyişdi, şərtlər başqalaşdı. Belə olan halda: “İslami çərçivəyə riayət etmək şərti ilə başqalaşan həyat şəraitinə uyğun bir model qəbul edə bilərik,” – deyə düşünürəm. Düzdür, bu model keçmişdəki kimi olmayacaq. Başqa çarəmiz də yoxdur.

Gördüyünüz kimi, problemin həllini tapa bilmədik. Gəlinə: “Xeyr, məcbursan, əlbəttə, xidmət göstərəcəksən. Bu ayə, bu hədis…” – deyə bilmədik. Və ya ərə üz tutub: “Arvadını xidmətə məcbur edə bilməzsən. Gəlməsinlər və ya gəlsinlər, ancaq…” – deyə bilmədik. Hər iki tərəflə bağlı başda ayə və hədis olmaqla, ərəb-İslam və türk-İslam mədəniyyətinə aid nə qədər sitat, neçə-neçə örnək göstərə bilərik. Amma bu şeylərin hamısı, nəticə etibarilə hədislərin və ayələrin izahı olacaq, adət-ənənə ilə məhdudlaşacaq və yalnız vicdanlara xitab edəcək. Adım qədər əminəm ki, mən “adətimiz bu” dedikdə “müasir adət də budur” deyiləcək, etiraz səsləri yüksələcək. Vicdana xitab edəndə isə: “Biz bu nəsihətləri çox eşitmişik,” – sözünü eşidəcəyik.

“Yəni ümid yeri yoxdur?” – deyə soruşsanız, mənə də elə gəlir ki, yoxdur. Ancaq əlavə edim ki, mən spesifik bir örnəklə ümumi dəyərləndirmə apardım. Bəlkə də, o gəlinin haqlı səbəbləri, əsasları var. Keçmişdə yaşadığı ailə problemləri onu belə davranmağa vadar edir. Bax bunu dəqiq deyə bilmərəm.

Ailə həyatımız kitabından.

Cəmi 0 şərh yazılıb.

Bu məqalə haqqında şərh yazılmayıb.

Şərh yazın

E-poçt ünvanınız:

Facebookda biz!