Özündənqaçma

08.01.2016 | 350 dəfə baxılıb.

 

“Özündən qaçan insan”. Bəlkə də, aranızda bu deyimi eşitməyən yoxdur.  Ancaq bunun ifadə etdiyi məna şəxslər və hadisələrdən asılı olaraq dəyişə bilər. Sadədən başlayaq və bu cümlədəki sözlər üzərində ayrı-ayrılıqda dayanaq: insan, insanın özü və qaçmaq.

Qısaca ümumiləşdirməyə çalışaq. İnsanı insan edən yaradılışa aid özəlliklərlə yanaşı, hər bir insanın şəxsiyyət, mahiyyət və xarakterini formalaşdıran dəyərlər var. Quranın bəyanlarında insanın “əlayi-illiyin”ə (ən ali məqama) yüksəlməsi və ya “əsfəli-safilin”ə (ən aşağıya) düşməsi onun xarakterindən və o xarakterin əsas rol oynadığı mövqe və davranışlardan qaynaqlanmırmı? (“Tin” surəsinə baxın) Unutmayın və bunu kiçik bir şey hesab etməyin, çünki insanın cənnəti qazanması da, cəhənnəmə getməsi də bunlarla mümkündür.

Qadın və kişi evlilikdən əvvəl ailə və mühitdə aldığı təhsil və tərbiyə ilə şəxsiyyətə çevrilmiş, müəyyən xarakterə yiyələnmişdir. O artıq bu xüsusiyyətləri ilə tanınır və sevilir. Onu “o” edən insanlara sevgisi, istiqanlılığı, dürüstlüyü, sadəliyidir və s. Heç kim ondan danışarkən “iki gözü var”, “iki qaşı var” demir. Hətta deyə bilərəm ki, qadın və kişinin özünə həyat yoldaşı tapmasında birinci dərəcəli rol oynayan da məhz bu kimi xüsusiyyətləridir.

Ancaq evlilik xarakter cizgisində az və ya çox, müsbət və ya mənfi dəyişikliklər meydana gətirə bilər. Buna bir mənada “güzəştə getmək, fədakarlıq göstərmək” nəzəri ilə baxa bilərsiniz. Bir-birini sevən ər və arvad da buna sevə-sevə qatlanır, çünki bundan sonra birgə ömür sürəcəklər. Amma bu dəyişikliklər ağ-qara, yay-qış qədər təzadlı deyil və ola da bilməz. Daha doğrusu, olmamalıdır. Həm kişinin, həm də qadının bir-birindən belə şeylər istəməyə haqqı yoxdur.

Amma iş orasındadır ki, bu, ailədə həmişə belə olmur. Bəzən ər-arvad bir-birinin qarşısında  ifrat dərəcədə haqsız tələblər qoyurlar.­ Bu, əslində, “təbiətini, fitrətini dəyişdir” demək kimi bir şeydir. Sə­ni­ sən edən, “Aişə, Fatma, Həsən, Əli” edən özəllikləri bir kənara at, “fərqli bir Aişə, Fatma, Həsən, Əli ol” deməkdir. Üstəlik bu mər­hələdə evlilik geridönülməz bir nöqtəyə gəlibsə, insan tədricən özündən qaçmağa başlayır. Artıq bu mərhələdən sonra qadın və ya kişidə evlilikdən əvvəlki xarakter, şəxsiyyət, mahiyyəti görə bilmirsiniz.

Asan deyildir fitrət dəyişdirmək. Bəzən heç mümkün də olmur. İnsan həyatı boyunca köhnə “mən”i ilə mübarizə aparır. Əgər pisdən yaxşıya doğru bir gediş və dəyişiklik olubsa, problem yoxdur. Ancaq əksinə olarsa, bu, insanı başqa çıxılmaz və düyünlü hallara salır. Keçmişi yadına düşdükcə heyifsilənməyə başlayır. Kaş ki, kaş ki…deyə təəssüflənir, amma nə fayda.

Necə düşünürsünüz? Bütün bunları nə üçün qələmə aldım. Dü­nən bir dostum dərdini danışdı. Xanımı ona deyib ki: “Sən əv­vəlki adam deyilsən. Bundan sonra səninlə danışmayacağam. Mənimlə söhbət edərkən burada olmursan. Ağlın, fikrin, düşüncən həmişə başqa yerlərdədir. Bir söz var, deyirlər “beynində qırx tülkü var, amma heç birinin quyruğu o birisinə dəymir”. Bax eynən onun kimisən”.

Arvadın bu zəhər saçan sözləri onu özünə yönəltmişdi. Ürəyini boşaltdı: “Doğru deyir arvadım. Amma məsələ bundadır ki, məni bu hala elə özü gətirdi. Çünki ailə qurandan bu günə qədər həmişə mənimlə mübahisə etdi. Hər hansı bir hadisəyə görə söylədiyim və bəlkə də, mənim haqlı olduğumu göstərən bir dəlili başqa vaxt, başqa bir münasibətlə qabağıma qoydu, müqayisə etdi və guya, haqlı olduğunu sübut etməyə çalışdı. Bu vəziyyət illər boyu davam edincə mən də daha diqqətli davranmağa başladım. Əlinə əsas verməmək üçün bütün gücümü işə saldım. Onunla söhbət edərkən hadisənin bu gününü deyil, sabahını, bir tərəfini deyil, ehtimal olunan bütün yönlərini düşünməyə başladım. Əslində isə, öz-özümdən qaçmağa başladım. Özüm də anlayıram ki, bu, mən deyiləm. Söz-söhbətdən uzaq, hər kəsi özü kimi görən, olduqca səmimi bir insan idim, indi bu vəziyyətə düşmüşəm. Özüm-özümdən utanıram. Bu yanaşmanı, bu xüsusiyyəti iş həyatıma aparmamağa çalışıram. Amma bilmirəm, bacara bilirəmmi? Ancaq qardaş, günahkar mən deyiləm, odur. İndi də mənə deyir ki, səninlə danışmayacağam”.

Soruşanda ki:

– Bunları ona da deyirsən?

Verdiyi cavab maraqlı idi:

– Nə danışırsan, sabah bundan da başqa bir məsələdə dəlil kimi istifadə edər.

Nə deyim, Allah köməkləri olsun!

Ailə həyatımız kitabından.

Cəmi 0 şərh yazılıb.

Bu məqalə haqqında şərh yazılmayıb.

Şərh yazın

E-poçt ünvanınız:

Facebookda biz!