Ortaq ağıl

25.06.2016 | 401 dəfə baxılıb.

 

“Qırx ildir, evliyik, mən ərimi tanımıram? Mən onun içini də, çölünü də bilirəm. Bu haqda nə danışsanız, faydası yoxdur. Onu qorumağa, məni qərarımdan döndərməyə çalışmayın. Ərim üçün onsuz da əhəmiyyətli deyil. Bəli, üç uşağımız olsa da, bitdi artıq hər şey. Camaat nə deyirsə, desin. Bu ağrılı-acılı həyatı yaşayan mənəm. Onlar deyil. Axşam olunca hər kəs öz evinə çəkilir. “Bu yaşdan sonra boşanmaq düzgündür?” deyənlər mənim evdə nə çəkdiyimi bilirlərmi? Həm də bu haqqı onlara kim verib?”

Ağlıma şair Nabinin bir beyti gəldi:

Məndə yox səbrü-sükun, səndə vəfadan zərrə,

İki yoxdan nə çıxar, fikr edəlim bir kərrə.

Nabinin dediyi kimi, nə qadında “səbrü-sükun var”, nə də kişidə “vəfa”.

Bu məsələləri ardıcıl şəkildə səbirlə, dərindən təhlil etməyə çalışaq. Birinci məsələ, qadın deyir ki, öz həyat yoldaşını yaxşı tanıyır. Məncə, burada ciddi bir xəta var. Fikrimcə, insanlar – ər-arvad olsalar da,  qırx il bir yastığa baş qoysalar da, – bir-birini “içi-çölü bilmə” səviyyəsində tanıya bilməz. Herbert Spenserin bir müşahidəsini qeyd edim: “İngiltərədə yalnız üç həftə yaşamış bir fransız İngiltərə haqqında bir əsər yazmaq qərarına gəlir. Lakin müxtəlif səbəblərdən burada üç ay da qalmalı olur və özünün belə bir əsəri ərsəyə gətirməyə hələ hazır olmadığını hiss edir. Əlavə olaraq üç il də qalandan sonra İngiltərə haqqında heç nə  bilmədiyini anlayır”.

Sosial elmlərin iş metodologiyasına aid olan bu nümunə, əslində, bu mövzu üçün də keçərlidir. Hər insan ayrı bir aləmdir. Hər aləmin özünəməxsus və çox zaman ancaq özünə məlum olan xüsusiyyətləri olur. Hətta bəzən insan özü də – özünü kəşf etməyə çalışmadığı üçün – öz xüsusiyyətlərindən xəbərsiz yaşayır.  Əlbəttə ki, qırx ildir ailə qurublar. Əlbəttə, pis və ya yaxşı günlərdə həyat yoldaşının çox şeyinə bələd olub. Amma məzara bir addım qalmış boşanma kimi həyati qərarı verərkən bu arqumentə əsaslanmaq, məncə, ilk xətadır.

Qadının son hadisə və illərin təcrübəsini üst-üstə qoyaraq bu qə­rara gəlməsi təbiidir. Əgər bu qərarında ciddidirsə, iradəsini nümayiş etdirməlidir. Lakin bu, o demək deyil ki, geriyə yolu yoxdur. Bəlkə də, qırx illik xüsusiyyətini tərk edər. Kim bilir, bəlkə də, bu qərarda “Bu yaşdan sonra mən təkbaşına nə edərəm?” deyər. “Camaata nə deyərəm?” düşüncəsi təsirli olar. Yaxud da “Üç uşağımın, beş nəvəmin üzünə necə baxaram?” deyə düşünər. Və ya başqa səbəblər. Bütün bu səbəblər onun rəftarını və mövqeyini dəyişdirə bilər. Bu cümlələrlə “İçini-çölünü bilirəm” dən “Onun üçün əhəmiyyətli deyil”ə gedən ikinci bir xətaya işarə etmiş olduq.

Gələk son xətaya. Yəni “camaat” məsələsinə. Doğru deyir xanım, hər kəs öz taleyini, qismətini özü yaşayır. Ancaq yaxın və ya uzaq ətrafın töhfəsi “ortaq ağıl”ı tapmaq baxımından yaxşı imkandır.­ “Ortaq ağıl”ı tapmaq təkcə ər-arvad münaqişələri üçün deyil, demək olar ki, hər sahədə bəşər övladının ehtiyacı olan zəruri faktordur. Dünən, bu gün və sabah yer üzündə yaşayan və yaşayacaq insanlar arasında münaqişələrin kökündə məhz bu “ortaq ağıl”ın tapılmaması dayanır. Əgər bəşəriyyət ortaq ağılı tapa bilsəydi, din, dil, mədəniyyət fərqlərini bir zənginlik qəbul edib hər kəsə hörmətlə, bərabərhüquqlu yanaşan idarə sistemləri qura bilsəydi, bəlkə də, heç müharibələr olmazdı. Bir İslam aliminin dediyi kimi, kainat bir qardaşlıq beşiyi olacaq və insanlar qardaş kimi yaşayacaqdı.

Ona görə də şəxsən mən dost-tanışdan təcrübəli, yaxşı niyyətli insanların vasitəçilik  etməsinin doğru olduğunu düşünürəm. Belə insanların müdaxilələri tərəflərin hisdən, hissiyyatdan uzaqlaşması və düzgün qərarların verilməsi ilə nəticələnə bilər. Belə ki, həm Quranın bu cür münaqişələrdə ər və ya arvad tərəfindən bir hakim seçilməsini, həm də Allah Rəsulunun (sallallahu əleyhi və səlləm) şəxsən öz qızı Fatimə ilə kürəkəni Əlinin arasında vasitəçilik etməsini nəzəri və praktiki örnəklər kimi göstərə bilərik.

Sədi nə gözəl deyir: “Aşiq öz sevgilisi uğrunda canını verər. Ölü­dən isə səs çıxmaz”. Ümid edirəm ki, ər və arvadın bir-birinə olan sevgisi hələ ölməmişdir. Yoxsa, heyf  o qırx ilə!

Cəmi 0 şərh yazılıb.

Bu məqalə haqqında şərh yazılmayıb.

Şərh yazın

E-poçt ünvanınız:

Facebookda biz!