Namaz qılmağı çox arzu edirəm, amma…

01.03.2016 | 522 dəfə baxılıb.

Namaz qılmağı çox arzu edirəm, amma  nəfsimə ağır gəlir. Mənə nə tövsiyə edirsiniz?

Namazı arzu etmək insanın qəlbində şölə saçan iman nuru­nun zahirə əks olunması, Allaha sevginin və bağlılığın açıq-ay­dın­ göstəricisidir. Amma nə edək ki, nəfs və şeytan cürbəcür hiy­lə­lərlə, tələlər qurmaqla insanı doğru yoldan çıxarmağa və namaz­ kimi gözəl ibadətlərə mane olmağa çalışır. Rəbbimiz bunlarla mübarizə aparmaq üçün bizə ağıl, vicdan, iradə, səbir və dua kimi güclü müdafiə vasitələri lütf etmişdir. Bu vasitələri yerli-yerində və ağıllı istifadə etsək, Allahın izni ilə nəfs və şeytanın hiyləsinə düşməkdən asanlıqla qurtularıq.

Namaz qılmağın nəfsə ağır gəlməsinin birinci səbəbi əbədi ya­şama və ya ölümün çox uzaqda  olması  düşüncəsidir. Halbuki bilirik və yaxud bilməliyik ki, ölümün nə yaşı, nə də vaxtı var. Rəbbimizdən hər an “Gəl!” əmrini ala bilərik. Elə isə nə üçün Rəbbimizin verdiyi qızıl kimi dəyərli iyirmi dörd saatın bir saatını əbədi səadət gətirən son dərəcə xoş, rahat və gözəl bir xidmətə sərf etməyək? Nəfsimiz beş vaxt namaz qılmağı bizə hər gün ağır, çətin  göstərir. Amma hər gün yemək yeyir, su içir və tənəffüs edirik. Bunlar bizi heç bezdirmir, çətin gəlmir, əksinə, ehtiyac təkrarlandığı üçün hər dəfə ləzzət alırıq, elə deyilmi? Budur, qəlbimizin və ruhumuzun qidası olan beş vaxt namaz da belə ciddi ehtiyacdır. Xüsusən də, dünya işlərindən yorulub sıxılanda namaz ən gözəl istirahətdir, tənəffüsdür. Hər halda belə bir tənəffüsdən özümüzü məhrum etmək istəmərik.

Bir də ki nəfs və şeytan keçmişdə qıldığımız və gələcəkdə qılacağımız namazları önümüzə sərib: “Bunun sonu yoxdur bəyəm? Qıl ki, qılasan, qurtarmaq bilmir”, – deyə gözümüzü qorxutmaq is­tə­yir. Halbuki keçmişdə qıldığımız namazların zəhməti gedib, yerdə savabı və ləzzəti qalmışdır. Gələcək günlər isə hələ qabaqdadır.

Biz yalnız hal-hazırda yaşadığımız günün, hətta vaxtın namazına görə məsuliyyət daşıyırıq. Əgər yatsı (işa) vaxtı giribsə, yatsı namazını qılmaqla sübh vaxtınadək namaz məsuliyyətini yerinə yetirmiş oluruq, yəni sabahadək namaz məsuliyyəti daşımırıq. Sübh namazını qılanda da günorta vaxtına qədər namaz borcunu vermiş oluruq. İbadət baxımından yalnız yaşadığımız günü düşünsək, Rəbbimizin verdiyi səbir gücü ilə heç bir çətinlik çəkmədən vəzifəmizi yerinə yetirərik.

Nəfsin namaza həvəs göstərməməsinin bir səbəbi də namazın mükafatına əhəmiyyət verməməkdir. Halbuki Uca Rəbbimiz namaz və digər saleh əməllərin əvəzində bizlərə cənnəti vəd edir. Bizi yoxdan var edən və hər neməti bəxş edən Rəbbimizin razılığını və vəd etdiyi əbədi cənnəti qazanmaq üçün ləzzəti zəhmətindən çox olan o cüzi sıxıntıya dözməyə dəyməzmi?

Nəfsimiz bəzən də bizi namazdan uzaqlaşdırmaq üçün dün­ya­ işlərini “əsas” gətirir. “Hələ işlərin var. Bax imtahanlara hazır­laş­malısan, filan işi görməlisən, o birini qurtarmalısan”, – deyə bizi aldatmağa çalışır. Sanki, hər dəqiqəmizi belə səmərəli də­yər­ləndiririk, gündə bir saatımızı namaza ayırsaq, işlərimiz lən­gi­yəcək. Hətta fərz edək ki, belədir, məgər biz bu fani dünyada sonsuza qədər qalmaq üçün yaradılmışıq?! Əsl və əbədi dünya axirət yurdudur. Allah bizi dünyaya əbədi səadəti qazanmaq, namaz və digər ibadətlərlə cənnətə sakin olmaq üçün göndərmişdir. Əsl vəzifəmiz də Allaha ibadətdir. Üstəlik beş vaxt namaz qılmaqla vaxtımız bərəkətlənəcək və namazlar arasında gördüyümüz işlər də niyyətdən asılı olaraq bizə ibadət savabı qazandıracaq. Bu məsələdə bir az əzm, bir az səbir və bir az da iradə lazımdır. O vaxt Allahın inayəti ilə namaz qılmaq çətin gəlməz, əksinə, böyük həzz və mənəvi rahatlıq verər.

Rəbbimiz bizlərə Peyğəmbərimizin “gözümün nuru” dediyi beş vaxt namazı vaxtlı-vaxtında və dərk edərək qılmağı nəsib etsin!

Cəmi 0 şərh yazılıb.

Bu məqalə haqqında şərh yazılmayıb.

Şərh yazın

E-poçt ünvanınız:

Facebookda biz!