Nağıl və hekayə danışıram,sizdə danışın!

22.07.2013 | 3.694 dəfə baxılıb.

Nağılları kim xoşlamır? Hansımızın nağıl qəhrəmanımız yoxdur? Heç vaxt unutmadığımız səslər bizə nağıl danışanların səsləridir, yəqin ki… Çox sevdiyiniz bir musiqinin ahəngi layla kimidir. Onların simaları da gözümüzün önündədir.
Sizə nağıl danışanın dünyagörüşü genişdirsə, dərin xəyallara dalar, çox vaxt da nağıl qəhrəmanları ilə birlikdə yuxuya gedərsiniz. Metafizik dünya ilə bağlı verdikləri misallar sizə elə təsir edər ki, onların rəngləri ən gözəl simalarla, ən gözəl mənzərələrlə xəyalınızda canlanar. Yaxşı olmağın fəzilətini və Allahın onları necə sevdiyini orada öyrənərsiniz. Onlara görə xəyallar qurarsınız. Necə bir şey olduğunu düşünməyə o yaşlarda başlayarsınız. Sizi Yaradanın nəyə bənzədiyini soruşardınız. Sonra da nağıl danışan: “O, heç bir şeyə bənzəməz,” – dedikdə siz də heç bir şeyə bənzətmədən anlamağa çalışar, bir sual da vermək istəyərsiniz. Bu suallarınız sayəsində üfüqünüz genişlənər, öyrənmə həzzini kəşf edərsiniz.
Sizə nağıl danışanlar çox diqqət edərlər. Yanlış bir şey demək istəməzlər, amma siz yenə də nəsə soruşardınız. “Allah dünyadan da böyükdürmü?” – deyərdiniz. O da: “Bəli, böyükdür,” – deyərdi.  “Nə qədər böyükdür?” – deyərdiniz. O da: “Çox böyük,” – deyərdi.
Sizə nağıl danışan səbirli olmalı idi. Milyonlarla suallarınız var.
Amma indi uşaqlar sual vermirlər. Çünki onlara nağıl danışılmır. CD-lərə, televizora baxırlar. Cizgi filim seyr edən uşaqlar film ilə bağlı sual vermirlər, fərqinə varmısınızmı?
Nağıl mədəniyətini yaxşı anlamısınızsa, dostlarla bir yerə yığışdıqda, yoldaşınız və uşaqlarınız ilə birlikdə olduqda xatirələrinizi paylaşır, sevgini canlı saxlayırsınız. Hafizəniz gözəllikləri sevdiklərinizlə və özünüzlə bölüşmək üçün həmişə canlı saxlayır. Xatirələri bölüşən ana-atalar və müəllimlər olursunuz. Uşaqlarınız və şagirdlərinizlə daha rahat ünsiyyət qurursunuz. Nə üçün?
Ona görə ki uşaqlar valideynlərinin uşaqlıq xatirələrini dinləyə-dinləyə uşaqla tanış olurlar. Onların da bir gün uşaq olduğunu, bu mərhələni yaşadıqlarını düşünərək həyatı və həyatın fəzilətini daha real izahlarla anlama gücünü əldə edirlər.
Avropa sona çatır. Avropa yox olur. Çünki dəyərləri, sevgini, sevinc və kədəri sevgi dolu bir səslə özləri danışmırlar. Nağıllardakı fədakar qəhrəmanları tanımır, onu xəlq edən və çox sevən Yaradanı düşünə bilmir, ölümün sirrini nağıllarda qavraya bilmir.
Biz cənnəti, gənc yaşda ölən uşaqların cənnətdəki quşlar olduğunu, böyüklərin isə mələk olduğunu nağıllarımızla öyrənər, ən gözəl ətirlərlə, ən gözəl rənglərlə və ən gözəl üzlərlə xəyal edərdik. Allahı çox sevər, cənnətin həsrətini çəkərdik.
Ölümə nifrət etməzdik. Gəlin bu fürsəti dəyərləndirək. Xati­rə­lərimizi dostlarımızla, yaxınlarımızla bölüşək.
Bir dostum: “Uşağını tərbiyə edərkən qaydaları ona necə öyrədirsən?” – demişdi. Mən də: “Ona mən öyrətmirəm. Özü öyrənir qaydaları, həyatına tətbiq edir,” – deyəndə çox təəccübləndi. “Necə ola bilər axı?” – dedi.
Nağıllardakı qəhrəmanlar yatmazdan qabaq həmişə dua edər­lər. İnsanlara yaxşılıq etməkdən həzz alarlar. Uşaqlar bu qəhrə­manlardan öyrəndikləri hər şeyi həyatlarına tətbiq edirlər. Sizin onlara bir çox qaydalar qoymağınıza ehtiyac qalmır. Öz seçimlərini özləri etdikləri, öz qərarlarını özləri verdikləri üçün vərdişlərinə riayət edirlər. Prinsipial insanların ruh dünyalarının inkişafı üçün ilk qığılcımı alovlandırmış olursunuz. Əgər uşağınız: “Mənə bir hekayə danış,” – deyirsə, bu, deməli, aranızda sağlam bir ünsiyyət var. Böyüklər də, adətən, bir-birinə izah etmək istədikləri məsələni hekayələr, lətifələr, mənqibələr yolu ilə çatdırırlar. Din xadimləri məsələnin həlli daha aydın olması və könüllərdə qalması üçün mənqiblər söləyirlər. Ən ciddi məsələlərə kiçik xatirələr, hekayələr və dastanlarla aydınlıq gətirirlər.
Allah-Təala nazil etdiyi kəlamlarında peyğəmbərlərdən örnəklər verərək duyğularımıza təsir göstərir, ictimai və psixoloji dəyərlərə işarə edərək yaşanan hadisələri gözlərimiz önündə canlandırır.
İnsanlar utopik mövzularla həmcinslərinin yaşadığı hadisələri daha yaxşı dərk edə bilirlər. Sevə-sevə dinlədiyimiz xatirələr, hekayələr, sadəcə ağlımıza xitab etməklə qalmır, oxşar hərəkətləri yol verməmək üçün bizə stimul verir. Daha əvvəl təcrübədən keçmiş məsələləri  insanlar cəsarətlə həyatlarına tətbiq edirlər. Hekayələr və nağıllar cəmiyyətləri tarix boyunca ayaqda saxlayan dəyərlərdir. Millətlər mədəni irsini gələcək nəsillərə hekayələr, mənqibələr və atalar sözləri ilə ötürmüşlər.
Hər millətin özünəxas həyat tərzi olsa da, bizim millətimizin hekayələrindəki, nağıllarındakı üslub tərzi daha fərqlidir. Min illik tarixi olan bir millət olsaq da, yaylaq və qışlaq arasındakı köç həyatımız, döyüşkənliyimiz nəticəsində şifahi ədəbiyyatla cəmiyyətimizin dinamikliyini qoruya bilmişik. Qəhrəmanlıq, sevgi, yardımlaşma, şəfqət və mərhəmət məzmunlu mənqibələr cəmiyyətimizi bu günə qədər canlı saxlamışdı. Şifahi mirasımızın qalıqları belə “fəzilətli kəndli” “Osmanlı əfəndisi kəndli” “yardımsevər kəndli” xarakterini günümüzə qədər gətirib çatdıra bilməyimizin səbəbini təşkil edir.
Dünyanın ən kübar kəndlisi bizim cəmiyyətimizdə yaşamışdır. Digər dünya xalqlarında kəndli barbar, cahil, vəhşi hesab edildiyi halda, bizdə şifahi mirasımızın təsiri ilə, Dədə Qorqud dastanları ilə, Oğuz Xaqan dastanı ilə, Yunuslarla, Molla Nəsrəddinlərlə, Mövlanələrlə fəzilətin zirvəsini fəth etmişdir. Heç kimin canına, namusuna zərər verməyən Qara Muradlar, Malkoçoğulları kimi qəhrəmanlarla düşmənlərinin belə qəlbində taxt qura bilmişdilər. Bizim kəndlərimiz ən mədəni kəndlər olmuşdur. 1970-ci illərdə şəhərlərə gələn kəndlilər şifahi ənənələrini, adətlərini televizorun çıxması ilə unutduqları və yaşatmadıqları üçün “lümpen” adlanan təbəqəni meydana gətirdilər. Lümpen “nə kəndli, nə də şəhərli” deməkdir. Çağdaş cəmiyyətimizin böyük bir hissəsi, təəssüf ki, “lümpen” mədəniyyəti ilə şəhərdə yaşayırlar.
Gənc nəsli sağlam şəkildə böyütmək, milli ruhumuzu təkrar qazana bilmək üçün nağıl mədəniyətimizi yenidən canlandırmalıyıq.
İngilislər (keçmişi bizim kimi sevgi, nəzakət və tolerantlıqla zəngin olmasa belə) adət-ənənələrinə çox bağlıdırlar. Ona görə də milli mədəniyyətlərini daima kənar təsirlərdən qoruyurlar. “Dünyada ABŞ nüfuz sahibidir” deyilsə də, ingilislər həyat tərzi ilə onların modelidir.
Maraqlı bir məsələni nəzərinizə çatdırmaq istəyirəm. Bütün cizgi filmlərinə baxın, bunu görəcəksiniz: qədim mədəniyyətə xas, cəmiyyətə stimul verən və bizi gələcəyə aparan qəhrəmanlar tapmaqda çətinlik çəkən film sektoru kabuslar və əcaib məxluqlardan qəhrəmanlar düzəldərək saf, təmiz beyinlərin kirlənməsinə səbəb olurlar. Dünyada, xüsusən də Qərbdə mənəvi böhrana sürüklənən və zərərli vərdişlərə aludə olan gənc nəsil bunların təbii nəticəsi olaraq öz soykökündən, dəyərlərindən uzaqlaşır. Batil inanclara üz tutur, özlərindən qaçırlar. İdealları olmayan cəmiyyətlərin gələcəyi isə göz qabağındadır.
Artıq son zamanlarda yaxşı ki, dəyərlərimizi yaşatmağa çalışan nəşrlər artmağa başlayıb. Böyüklərimizdən dinlədiyimiz nağıl və hekayələri ya unutduq, ya da öyrənmədik. Heç olmasa, bir yerdən başlamalı, bunları məclislərdə övladlarımızla, dostlarımızla bölüşməliyik. Çünki onlarda əcnəbi təsiri yoxdur, onlar sınaqdan çıxmış mənəvi sərvətlərimizdir.

“Evdəki rənglər” kitabından…

Cəmi 0 şərh yazılıb.

Bu məqalə haqqında şərh yazılmayıb.

Şərh yazın

E-poçt ünvanınız:

Facebookda biz!