Mələk nədir? Qurani-Kərimdə mələklərdən necə bəhs edilir?

21.06.2016 | 965 dəfə baxılıb.

Mələk insan və ya digər varlıqlar kimi yaradılmış, fərqli vəzifə və həyat tərzinə malik bir varlıq növüdür. Həm Qurani-Kərimdə, həm hədisi-şəriflərdə, həm də bir çox olmuş hadisələrdə mələklərlə qarşılaşırıq. Mələk sözünün lüğəvi mənası bir nəfərə bir yerdə bir iş tapşırmaq deməkdir. Göründüyü kimi, mələk adının mənası ilə onun vəzifəsi arasında sıx bağlılıq var.

Mələklər nurdan yaradılmışdır. İmanın əsaslarından biri də mələklərin varlığına inanmaqdır. Həqiqətən də, Qurani-Kərimdə: “Peyğəmbər Rəbbi tərəfindən ona nazil edilənə (Qurana) inanmış və möminlər də iman gətirmişlər. (Onların) hamısı Allaha, Onun mələklərinə, kitablarına və (bütün) peyğəmbərlərinə iman gətirərək dedilər: “Biz Onun pey­ğəm­bərləri arasında fərq qoymuruq. (Allahın hökmlərini) eşitdik (anladıq) və itaət etdik. Ey Rəbbimiz, bizi bağışla, (axırda) Sənin dərgahına (hüzuruna) qayıdacağıq!”[1] – buyurulur.

Mələklərin vəzifəsi Allah-Təalanı təsbeh və zikr etməkdir. Tüstəri belə deyir:

“İnsanların həyatı nəfəs alıb-verməkdən asılıdır və tənəffüs dayanandan sonra ölürlər. Mələklərin nəfəsi isə zikrdir, zikrləri sona çatanda ölürlər”.

Mələklərin mahiyyəti necədir?

Mələklik deyiləndə “risalət (bir nəfəri bir vəzifə üçün bir yerə göndərmək), elçilik, nəzarət, vəkillik, ilahi icraatı təsdiq etmək, yüksək yerdən enmək” kimi mənalar başa düşülür. Əsasən, ilahi aləmlə bəşəri aləm arasında vasitəçilik, elçilik edən, xəbər gətirən, qəlbləri oxşayıb haldan-hala salan, o aləmin bəyanlarını bizim dərrakəmizə uyğun şəkildə təqdim edən müqəddəs elçilərlə deyilir. Daha çox qeyb aləminin xidmətçiləri olan mələklər Haqqın hər iki aləmdə təcəllilərini, hökmlərini, ilahi icraatı müşahidə edir və onları alqışlayır.

Mələklər təkcə əmrlər aləmindən ibarət deyil, onların da özü­nəməxsus nurdan cisimləri (vücudları) vardır. Həm də vücudları lətif (maddi olmayan) və nuranidir. Bu səbəbdən də mələklər çox sürətli və mükəmməl daxil olma və nüfuz etmə keyfiyyətinə malikdir. Yəni varlığa birbaşa sirayət edirlər. İnsanın göz bəbəyinə girib ona gözəl şeyləri göstərə, qəlbə nüfuz edib gözəllikləri hiss etdirə bilirlər. Xeyirxahlıq düşüncələrini meydana gətirib, insanı yaxşılıq etməyə sövq edirlər. Peyğəmbərlərin, vəlilərin qəlbinə ayrı məna ilə, bitki və heyvanlar aləminə də bir başqa mənalarla gəlirlər. Qəlbə gələn ilhamlar bilavasitə Allahdandır. Bəzən də ilhamlar mələklər vasitəsi ilə meh kimi əsərək qəlbimizi ehtizaza gətirir.

Mələklər qeyb aləminin sakinləri olduğuna, məlum və gözlə görünən aləmin fövqündə dayandığına görə onlar haqqında məlumatları ya Qurani-Kərimdən, ya da hədislərdən öyrənirik. İndi də baxaq görək, Qurani-Kərim mələkləri necə təsvir edir:

Mələklər üsyankarlıqdan uzaqdır

Mələklərə üsyan etmək, qarşı çıxmaq kimi insana xas hislər verilməmişdir. Daima Uca Allaha itaət edirlər. “Ey iman gə­tirənlər! Özünüzü və əhli-əyalınızı elə bir oddan qoruyun ki, onun yanacağı insanlar və daşlar, xidmətçiləri isə Allahın onlara verdiyi əmrlərə asi olmayan, buyurduqlarını yerinə yetirən sərt qəlbli (heç kəsə zərrəcə rəhm etməyən) və sərt təbiətli, iri cüssəli mələklərdir (zəbanilərdir)”.[2] Ayə mələklərin üsyandan uzaq varlıqlar olduğunu bildirməklə yanaşı, onların “iri cüssəli”, “sərt” olmasından da xəbər verir. Ayədə cəhənnəmə baxan mələklərlərdən danışıldığı üçün sərt təbiətli təsvir edilmişdir.

İnsandan əvvəl yaradılmış varlıqlardır  və Allahla Onun izni ilə danışırlar

Mələklərin Allah-Təala ilə danışmasını Qurani-Kərimdə Həz­rət Adəm əleyhissalamın yaradılmasından bəhs edən ayələrdə görürük. Burada mövzumuz Həzrət Adəmin yaradılması olmadığına görə yalnız mələklərin Allah-Təala ilə danışmasına toxunacağıq. Qurani-Kərimdə belə buyurulur:

 “(Ya Rəsulum!) Sənin Rəbbin mələklərə: “Mən yer üzündə bir xəlifə yaradacağam”, – dedikdə (mələklər): “Biz Sənə şükür etdiyimiz, şəninə təriflər dediyimiz və Səni müqəddəs tutduğumuz halda, Sən orada (yer üzündə) fəsad törədəcək və qan tökəcək bir kəsmi yaratmaq istəyirsən?” – söylədilər. (Allah onlara:) “Mən bildiyim şeyi siz bilmirsiniz!” – buyurdu. (Allah Adəmi yaratdıqdan sonra) Adəmə bütün şeylərin adlarını (isimlərini) öyrətdi. Sonra onları (həmin şeyləri) mələklərə göstərərək: “(İddianızda) doğrusunuzsa, bunların adlarını Mənə bildirin!” – dedi. Onlar: “Sən paksan, müqəddəssən! (Bütün eyib və nöqsanlardan kənarsan!) Sənin bizə öyrətdiklərindən başqa biz heç bir şey bilmirik. (Hər şeyi) bilən Sən, hikmət sahibi Sənsən”, – dedilər. (Sonra) O: “Ey Adəm, bunların (kainatda mövcud olan əşyanın) adlarını onlara bildir!”– dedi. (Adəm) onlara (mələklərə) bunların adlarını xəbər verdikdə (Allah): “Mən sizə göylərin və yerin gözə görünməyən sirlərini və sizin gizlində-aşkarda nə etdiyinizi bilirəm, söyləmədimmi?”– buyurdu. Biz mələklərə: “Adəmə səcdə edin!” – dedikdə İblisdən başqa (hamısı) səcdə etdi. (Yalnız) o, lovğalanaraq (səcdə etməkdən) imtina etdi və kafirlərdən oldu”.[3]

Hədislərdə də Peyğəmbərimizin bildirdiyi kimi Allah-Təala ilə mələklərin dialoqunu görürük. Əbu Musa Əl-Əşari (radiyallahu anh) Rəsulullahın (sallallahu aleyhi və səlləm) belə buyurduğunu rəvayət edir:

“Qulun uşağı öldükdə Allah-Təala mələklərə belə sual verir:

– Qulumun uşağının canını aldınız?

Mələklər də Allah-Təalaya:

– Bəli, – deyirlər.

 Allah deyir:

– Onun ciyərparəsini aldınız.

Mələklər Allah-Təalaya təkrarən:

– Bəli, ya Rəbb, – deyirlər.

Allah-Təala mələklərə bu cür nida edir:

– Qulum nə dedi?

Mələklər Haqq-Təalaya belə cavab verirlər:

– O, Sənə həmd-səna etdi və: “Biz Allahdan gəlmişik, yenə Ona qayıdacağıq”, – dedi.

Allah-Təala mələklərinə əmr edir:

– Quluma Cənnətdə bir ev tikin. Və ona həmd evi (beytül-həmd) adını qoyun”.[4]

Mələklər yeməkdən, içməkdən uzaqdır!

Mələklər yemək, içmək kimi bəşərə xas xüsusiyyətlərə malik deyildir. “Zariyat” surəsində buyurulur: “İbrahimin möhtərəm qonaqlarının (mələklərin) söhbəti sənə gəlib çatdımı? Onlar (İbrahimin) yanına gəlib salam verdikdə (İbrahim) salamı alıb (öz-özünə): “Bunlar tanımadığım kimsələrdir, xeyirdir, inşallah!” – dedi. O, (bir bəhanə ilə) ailəsinin yanına getdi və bir buzov (kəsib qızardaraq) gətirdi. Onu qabaqlarına (qonaqların qabağına) qoyub: “Bəlkə, yeyəsiniz!”– dedi. (İbrahim qonaqların yeməyə əl uzatmadıqlarını gördükdə) onlardan qorxuya düşdü. Onlar: “Qorxma!” – dedilər və ona çox bilikli bir oğlan uşağının (İshaqın dünyaya gələcəyini) müjdəsini verdilər”.

Mələklərin qabaqlarına qoyulan yeməyə əl uzatmaması onlarda yemək, içmək kimi xüsusiyyətlərin olmamasından irəli gəlir. Mələklərin qidası təsbeh (Allahın bütün nöqsanlardan uzaq olduğunu demək, “Subhanalllah” demək), təhlil (İslamiyyətin tövhid əqidəsini xülasə edən, ancaq bir İlah olduğunu, Onun da yalnız və yalnız Allah (c.c.) olduğunu bildirən  “Lə ilahə illallah” sözünü təkrar etmək.), həmddir (Allaha həmd və şükür etmək, “əlhamdulilləh” demək). Hədisdə buyurulduğu kimi, oruclu adamın ağız qoxusu mələklərin qidasıdır.

Mələklərin qanadları var

Mələklər nurdan yaradılmışdır və qanadları var. Ancaq biz qanadların keyfiyyətini, nədən, necə olduğunu bilmirik. Quranda bu haqda belə buyurulur: “Onu (Muhəmməd əleyhissalama) çox qüvvətli olan (Cəbrail) öyrətdi. O qüvvət (ağıl və gözəllik) sahibi (Cəbrail) əsl surətində göründü. O (Cəbrail) ən uca üfüqdə idi”.[5]

Başqa bir ayədə: “Bu (Quran Allah dərgahında) çox möh­tə­rəm olan bir elçinin (Cəbrailin) gətirdiyi kəlamdır. (Elə bir elçi ki) çox qüvvətlidir; ərşin sahibi (Allah) yanında çox hörmətlidir (izzətlidir). (Elə bir elçi ki, mələklər arasında) itaət ediləndir, həm də (Allah yanında vəhyə) etibarlı müvəkkildir” , – buyurulur.[6]

Qanad sürətə işarə edir: “Göyləri və yeri yoxdan yaradan, ikiqanadlı, üçqanadlı və dördqanadlı mələkləri (peyğəmbərlərə) elçi edən Allaha həmd olsun! (Allah) məxluqata istədiyi qədər üstün xüsusiyyətlər verər. Həqiqətən, Allah hər şeyə qadirdir!”[7]

Mələklərin qadını, kişisi yoxdur

Mələklərin cinsi yoxdur. Çünki cinsdə nəfs ortaya çıxır ki, mə­ləklər də bundan uzaqdır. Onların çoxalması da mümkün deyil.

Bu xüsusda Qurani-Kərimdə belə buyurulur: “(Ya Peyğəmbər! İndi o müşriklərdən) soruş: “Deməli, qızlar sənin Rəbbinin, oğlanlar isə onların özlərinindir, eləmi?” Yoxsa Biz mələkləri dişi yaratmışıq və onlar da (buna) şahid olublar?!”[8]

 “Onlar Rəhmanın qulları olan mələkləri dişi saydılar. Məgər onlar (mələklərin) yaradılışına şahidmi olmuşlar?! Onların bu şəhadəti (əməl dəftərlərinə) yazılacaq və (bu barədə) sorğu-sual olunacaqlar!”[9]

Mələklərin Allahı təsbeh etməsi

Bəzi mələklərin vəzifəsi Allah-Təalanı müntəzəm təsbeh və zikr etməkdir. İbrahim Peyğəmbərin mələklərin təsbehini din­ləməsi mənqibədə də əksini tapır:

Rəvayətlərə görə, Həzrət İbrahim dövrünün ən zəngin adamlarından idi, xeyli sərvəti var idi. Lakin dünyanı kəsbən, yəni çalışmaq baxımından deyil, qəlbən tərk etmişdi. Onun işləməkdə məqsədi dünyanın abad olmasını, dininin yer üzünün hər tərəfinə yayılıb qüvvətlənməsini təmin etmək idi.

Bir gün bəzi mələklər Haqqın sadiq dostu adını qazanmış Həzrət İbrahimin mal-mülk sahibi olması haqqında: “Bir peyğəmbərin bu qədər varlı olmasını anlaya bilmirik”, – deyə düşünüb bunun əsl səbəbini Haqq-Təaladan soruşdular. Allah da mələklərinə bu həqiqəti göstərdi.

Mələklər Allahın izni ilə Həzrət İbrahimi ziyarət etdilər. Uzun yoldan gəlmiş, saç-saqqalı pərişan, üst-başı dağınıq qonaqlar surətində İbrahim Peyğəmbərin yanına gəldilər və ucadan: “Subbuhun Quddusun Rabbul-mələikətu vər-ruh” (Sən təs­behə layiqsən, pak Quddussan! Ey Mələklərin və Ruhun Rəbbi)”, – dedilər. Qəlb telləri bu kəlmələrin azacıq toxunuşundan riqqətə gələn İbrahim əleyhissalam Haqq-Təalanı təsbeh və təqdis (Haqq-Təalanın qüsursuz, pak və hər cəhətdən nöqsansız olduğunu bildirmək və söyləmək) edən bu inci sözləri və onların deyilişindəki dərinliyi eşidəndə həddən artıq sevindi. “Aman Allahım, bu, nə gözəl sözdür, – deyərək heyranlığını gizlətmədi, – sərvətimin üçdə biri sizin olsun, ancaq o sözləri bir daha söyləyin”, – dedi.

Mələklər özünəməxsus səs və tonla o təsbehi təkrar edəndə təsbeh, təzim və vəhy aşiqi Xəlilürrahmən İbrahim peyğəmbər o qədər təsirləndi ki, bir daha eşitmək üçün malının hamısını təklif etdi. Nəhayət, üzünü mələklərə tutub: “Siz ki mənə bu təsbehi öyrətdiniz, mən də sizə kölə oldum”, – dedi. Bu hərəkəti ilə nəinki mal-mülkünü, hətta  canını da Canan yolunda fəda etdiyini göstərdi. Mələklər də sərvətin Allah yolunda necə verildiyini gördülər.

[1]. “Bəqərə” surəsi, 2/285
[2]. “Təhrim” surəsi, 6
[3]. “Bəqərə” surəsi, 30-34
[4]. Tirmizi, Cənaiz, 36
[5]. “Nəcm” surəsi, 5-7
[6]. “Təkvir” surəsi, 19-21
[7]. “Fatir” surəsi,1
[8]. “Saffat” surəsi, 149-150
[9]. “Zuxruf” surəsi, 19

Cəmi 0 şərh yazılıb.

Bu məqalə haqqında şərh yazılmayıb.

Şərh yazın

E-poçt ünvanınız:

Facebookda biz!