Könüllər Sultanı

29.06.2013 | 1.093 dəfə baxılıb.

Bəli, səhabə, tabiun, təbeyi-tabiun və onlardan sonra gələn, qiyamətə qədər də gələcək olan ən böyük insanlar, bütün sufi və təsəvvüf əhli, övliya, əsfiya, əbrar və müqərrəbin[1] – hamısı bir kəfəyə qoyulsa, yenə O Könüllərin Sultanı, Gözlərin nuru ağır gələcək. Çünki varlıq Onun hörmətinə yaradılmışdır.

O, kainatın illeyi-qayəsidir (ən böyük səmərəsidir). Və hədis kimi məşhur olan bir sözdə O bu cür mədh edilir:

لَوْلاَكَ لَوْلاَكَ مَا خَلَقْتُ اْلأَفْلاَكَ

“Sən olmasaydın, varlığı yaratmayacaqdım”.[2] Bəli, anlaşıl­maz bir kitab yazmaq əbəs iş, boş-boşuna zəhmət çəkmək sayılır. Allah (c.c.) isə əbəs iş görməkdən xalidir. Başqa sözlə, Rəsulullah kimi gur səsli bir dəvətçi gərəkdir ki, kainatın mənasını izah etsin. Yenə Onun kimi bir şareh (şərhçi), bir mübəlliğ olmalıdır ki, bu ucsuz-bucaqsız səma, içindəki ay, günəş, ulduzun və nəhayət, bütün varlığa hakimlik səlahiyyəti ilə şərəflənən insanın haradan gəlib hara getdiyini, nəyə namizəd olduğunu bildirsin, elan etsin və varlığın pərdə arxasını, mahiyyətini ruhlara hiss etdirsin. Demək, O olmasaydı, kainatın da, insanın da bir mənası qalmazdı. Həzrət Məhəmməd (s.a.s.) varlığın, kainatın içini məna cövhəri ilə dolduran böyük insandır. O, bizim üçün məhbubların fövqündə dayanan bir Sevgilidir.

Burada özümü möminlərin ən günahkarı saydığımı etiraf etməklə birlikdə, bir hissimi dilə gətirmədən keçə bilməyəcəyəm. Mən belə Allah Rəsulunu bu dərəcə sevə bilirəmsə, gör Haqqa yaxın qəlblər Onu necə sevir. İndi danışacağım hislərim də bu baxımdan qiymətləndirilməlidir. Yoxsa şəxsimə aid bir məsələni hüzurunuzda danışmaqdan həya edirəm.

Allah o müqəddəs torpaqlara günahkar üzümü sürtməyi nəsib edərkən mənə Rəsulullahın diyarı elə işıqlı, elə cazibədar gəldi ki, orada olmaqdan elə ruhani həzz aldım ki, əgər o anda məni Cənnətin bütün qapılarından içəri dəvət etsəydilər, inanın, heç birinə getməz, orada qalmağı seçərdim. Əslində, Cənnət hamımızın arzusudur, elə bir Müsəlman yoxdur ki, ora getmək istəməsin. Hər səhər-axşam: “Bizi Cəhənnəmdən qoru və Cənnətinə qəbul et!” – deyə Rəbbimizə dua etmirikmi!? Bütün bunları qəbul edirəm, ancaq o anda o ali mükafatı vermək üçün məni çağırsaydılar, ehtimal, Rəbbimdən izin istəyib Allah Rəsulunun Rövzeyi-Tahirəsində[3]qalmaq arzusunda olduğumu söylərdim. Əsla zənn edilməsin ki, bununla həmin məqamlara layiq olduğumu deyirəm, xeyr, yalnız Allah Rəsuluna olan məhəbbət və sevgimi dilə gətirmək istədim. Yoxsa ömrüm boyunca Allah Rəsulunun ən kiçik səhabəsinə boynu boyunduruqlu bir kölə olmaq şərəfi üçün yalvarıb dua edənlərdənəm. Və “Allah bizi üzümüzü onların ayağının tozuna sürtmə düşüncəsindən bir anlıq da olsa, ayırmasın!” (Amin) duası çox vaxt dilimizin əzbəri olmuşdur.

Eyni hisləri Beytullahda da keçirmişdim. Bəlkə də, bu his­lər hamımıza tanışdır. Qaldı ki, bu duyğularla dolub-daşan təkcə mən və mənim kimi bir neçə adam deyil. Allah Rəsulunun nə qədər divanələri var ki, bu ifadə etdiyim hislər onlara çox bəsit və adi gələr.

Söz bu yerə gəlmişkən bir xatirəmi də ərz edim: o günlərdə millət vəkili olan Arif Hikmət bəylə həcdə birlikdə idik. O, daha əvvəllər öz-özünə: “Mədinəyə getsəm, o, müqəddəs torpaqlarda uzunqulaq kimi ağnayacağam”, – deyə söz veribmiş. Mədinə torpaqlarına ayağını basar-basmaz sözünü yerinə yetirdi; o böyük insan özünü yerə atdı, Mədinə torpaqlarında o tərəf-bu tərəfə çevrilməyə başladı. Orada və burada nə vaxt bu mənzərəni xatırlayıram, gözlərim yaşla dolur.

Allah Rəsulu bir peyğəmbərdir, bütün keçmiş nəbilərin peyğəmbərlik minarəsindən hayqıraraq gəlişini müjdələdiyi bir peyğəmbər! Allah bütün nəbilərdən məhz müjdəsini verdikləri Peyğəmbərə inanıb kömək edəcəklərinə dair aldığı əhdi Quranda belə bəyan edir:

وَإِذْ أَخَذَ اللّٰهُ مِيثَاقَ النَّبِيِّينَ لَمَا آتَيْتُكُمْ مِنْ كِتَابٍ وَحِكْمَةٍ ثُمَّ جَاءَكُمْ رَسُولٌ مُصَدِّقٌ لِمَا مَعَكُمْ لَتُؤْمِنُنَّ بِهِ وَلَتَنْصُرُنَّهُ قَالَ أَأَقْرَرْتُمْ وَأَخَذْتُمْ عَلَى ذَلِكُمْ إِصْرِي قَالُوا أَقْرَرْنَا قَالَ فَاشْهَدُوا وَأَنَا مَعَكُمْ مِنَ الشَّاهِدِينَ

“O vaxtı yadınıza gətirin ki, Allah peyğəmbərlərdən: “Sizə verdiyim kitab və hikmətdən sonra, sizdə olanı təsdiq edən bir peyğəmbər gəldikdə ona mütləq inanıb yardım edəcəksiniz”, – deyə əhd almış və onlara: “Bunu təsdiq edib, ağır olan əhdimi qəbul etdinizmi?” – demişdi. Onlar da: “Təsdiq etdik!” – deyə cavab vermişdilər. (Bu zaman) Allah: “Elə isə şahid olun! Mən də sizinlə bərabər şahidlərdənəm”, – deyə buyurmuşdu”.[4]

Məhz o peyğəmbərlər də Allaha verdikləri sözə sadiq qaldılar və bütün işlərində, əməllərində o istiqamətdə olmağa çalışdılar. Peyğəmbərimiz meraca yüksələndə də ruhən Onun arxasında namaz qıldılar.[5] Bəli, başda Həzrət İbrahim, Həzrət Nuh, Həzrət Musa, Həzrət İsa olmaqla bütün peyğəmbərlər bir mənada Onun müəzzini olmaq istəyirdi. Həzrət Məsih İncildə: “Mən gedirəm ki, zamanın rəhbəri gəlsin”,[6]– deyərək insanlığa o uca Nəbini göstərirdi. Bəli, O, meracda səmaya təşrif aparanda göylərin ətəkləri ləl-cəvahiratla dolmuş, ulduzlar səki daşları kimi ayaqlarının altına sərilmiş və günəş Həzrət Məhəmməd (s.a.s.) üfüqünə çatdığı vaxt Onun tacına bəzək olma sevdasına düşmüşdü. Yer-göy pərvanə olub Onun peyğəmbərlik haləsinin başına dolanırdı. Bunlar nədir ki?!

Şəmi-Nuri-Əhmədə Cəbraillər pərvanədir,

Nur camallı Məhəmmədə mələklər pərvanədir.

O, bəşəri xüsusiyyətləri ilə də bizə nümunə və rəhbərdir. Məsələn, mükəmməl bir ailə başçısı idi. Həyatının müəyyən dövründə nikahı və idarəsi altında düz doqquz xanım olmuş,[7] amma onların arasında heç bir münaqişə və çəkişmə meydana gəlməmişdi. O evdə peyğəmbərlik iksirini damla-damla içib yetişən övladların hər biri bir əsrdə yaşasaydı, müctəhid və mücəddid olub həmin əsrləri nura qərq edərdi. Bilmirəm, Onun bu fəzilətlərini neçə nəfər tanımağa müvəffəq olmuşdur?

O, mükəmməl hərb mütəxəssisi idi. Ətrafına toplaşan bir ovuc insanla dünyaya hərb elan etmiş, neçə-neçə nəhəng sultanın taxtını yerlə-yeksan etmiş və neçə hökmdarı qapısında könüllü köləyə çevirmişdi, üstəlik hərb elmini və metodlarını heç bir bəşərdən öyrənməməsinə baxmayaraq.

Elmlər Onda birləşir. O, qiyamətədək olacaq hadisələri bir ekranda seyr edirmiş kimi qeybi bir lövhədən oxuyub bir-bir söyləyirdi. Onun axirət aləminə köçməsindən əsrlər keçsə də, bu gün yüksək elmi və texnoloji araşdırmaların çatdığı səviyyədə hər kəs Həzrət Məhəmmədin (s.a.s.) on dörd əsr əvvəl sancdığı bayrağı görür və Allahın (c.c.) hidayət nəsib etdiyi insanlar kəlmeyi-şəhadəti söyləyib Müsəlmanlıq zəncirinin nurlu halqasına çevrilirlər. Buna minlərlə nümunə var:

Bir videoda kanadalı uşaq həkimi, Toronto Universiteti Tibb Fakültəsində Anatomiya üzrə professor Keyt Murun (Keith Moore) müasir texnoloji imkanlarla ancaq kəşf edilən uşağın ana bət­nin­də keçirdiyi mərhələləri Quran ayələrindən dinləyincə أَشْهَدُ أَنْ لاَ إِلَهَ إِلاَّ اللّٰهُ وَأَشْهَدُ أَنَّ مُحَمَّداً رَسُولُ اللّٰهِِ deyib Ona təslim olduğunu seyr etmişdim. Yenə bir yapon fizioloq alimi fi­ziologiyaya dair məsələlərdən bəhs edən Quran ayələrini görərgörməz çətin tələffüz etsə də, أَشْهَدُ أَنْ لاَ إِلَهَ إِلاَّ اللّٰهُ deyib tərəddüdsüz İslamı qəbul edir.

Bəli, göründüyü kimi, Quran elmlərin çarəsiz qaldığı yerdə çarələr göstərir və elmlərin çatdığı son nöqtə Allah Rəsulunun (s.a.s.) başlama nöqtəsinə qovuşur. Yaxşı, bəs bunları Ona kim öyrətmişdi? Bəli, O, dərsini “Alim” və “Xabir” olan Allahdan (c.c.) almışdı. Onun dərs masasının başında Əzəli Müəllimi dayanmışdı. Məhz buna görə də Onun ürfan və mərifəti zamanın keçməsi ilə köhnəlmədi, əksinə, gündən-günə daha da təravətləndi və dünya durduqca da təravətlənməkdə davam edəcək.

[1] Allaha yaxın insanlar. Allah dostları

[2] Acluni, Kəşfül-xafa, 2/214.

[3] Allah Rəsulunun məzarı olan yer

[4] Ali İmran surəsi, 3/81

[5] Müslim, İman 278.

[6] Baxın: Yuhanna, Bab: 16, ayə: 7-15

[7] Buxari, Nikah 4, 102.

İNSANLIĞIN İFTİXARI HƏZRƏT MƏHƏMMƏD (s.a.s) -1 kitabından , “ön söz”ün ardı

Tarix :17 May 2012

Cəmi 0 şərh yazılıb.

Bu məqalə haqqında şərh yazılmayıb.

Şərh yazın

E-poçt ünvanınız:

Facebookda biz!