Kimin ehtiyacı var?

16.02.2017 | 434 dəfə baxılıb.

Namaz qılmayanların çoxu belə deyir: “Allahın bizim iba­də­timizə nə ehtiyacı var ki, ibadəti tərk edənə Quranda israrla Cə­hənnəm kimi dəhşətli cəza ilə xəbərdarlıq edir?”
Allah nə bizim ibadətimizə, nə də başqa bir şeyə möhtacdır. İbadətə möhtac və mənən yaralı olan bizlərik. İbadət isə mənəvi yaralara dərman və məlhəmdir.
Bir xəstə ona israrla faydalı dərman içirməyə çalışan şəfqətli hə­kimə bu təkidin müqabilində: “Sənin nə ehtiyacın var ki, belə israr edirsən?” – deyib etiraz etsə, nə qədər mənasız olar. Çünki həkim xəstəni düşündyü üçün “Bu vitaminləri gündə beş dəfə atmalısan” deyir, hətta qapıdan çıxanda da israrla bunların vacibliyini xatırladır. Mənəvi duyğularımızın qidası, qürur, nəfs və şeytan kimi bir çox mikrobların “antibiotiki” olan namaza, əlbəttə, bizim ehtiyacımız var. Səcdə olmadan qürur və kibrimizi necə tərbiyə edəcəyik, nəfs və şeytana necə hökm edəcəyik, ənaniyyətimizi (eqoistliyimizi) nə cür qıracağıq?
Burada bir misal vermək yerinə düşər: at belində səfər edən bir yolçu alma ağacının dibində bir kişinin yatdığını görür. Baxır ki, bir ilan həmin adamın ağzından içəri girmək üzrədir. Yolçu dərhal onun yanına gəlir və düşünür ki, hadisəni desəm, qorxudan ürəyi partlayar. Ona görə də yatan adamı qəfil bərkdən silkələyərək və təhdid edərək oyadır, sonra da düşünməsinə və qarnındakı ağırlığı hiss etməsinə imkan vermədən ağacın dibindəki çürük almaları zorla ona yedizdirir. Ardınca da atının qabağına qatıb onu tarlada qovalamağa başlayır. Dəyənəyin qorxusundan qaçan yazıq adam isə atlıya çox əsəbləşir. Bir azdan başı gicəllənib qaytarmağa başlayanda qarnındakı ilan çıxır. Atlı ilanın başını əzib öldürür. Kişi məsələdən agah olur.
Əslində, insan nəfs və eqoizm ilanının nə qədər qorxunc olduğunu tam dərk edə bilmir.
Quranın ibadətin tərk edilməsinə dair kəskin xəbərdarlığı və dəhşətli cəzalarına gəldikdə; necə ki, bir padşah rəiyyətinin haq­qını qorumaq məqsədi ilə onun hüququnu pozan günahkara cina­yətindən asılı olaraq şiddətli cəza verir, eləcə də ibadəti və namazı tərk edən adam Əzəli və Əbədi Sultanın yaratdığı varlıqların hüququna ciddi və mənəvi zülüm və təcavüz etdiyi üçün axirətdə hesaba çəkilir, cəzaya məhkum edilir. Çünki bütün varlıqların dəyər və üstünlüyü Allahı təsbih və Ona ibadət etməsi ilə təzahür edir.
Bəli, “Bütün göylərin və yerin orduları Allahındır” (“Fəth” surəsi, 48/4,7) ayəsi hər şeyin Allahın əsgəri və məmuru olduğunu, bu mənada bir dəyər daşıdığını bildirir.
“Yeddi göy, yer və onlarda olanlar Allahı təqdis edir. Elə bir şey yoxdur ki, Allaha tərif deyib Ona şükür etməsin…” (“İsra” surəsi, 17/44) ayəsi də bəyan edir ki, hər şey Allaha ibadət etdiyinə görə müstəsna dəyərə sahibdir. Beləliklə, qəflət və ya inkarla Allaha ibadət və itaəti tərk edən insan varlıqların ibadət və itaətini görməz və görə bilməz. Hətta inkar edər. Beləcə ibadət və təsbih cəhətdən yüksək məqama sahib və hər biri bir ilahi əsər və ilahi isimlərin güzgüsü olan varlıqlara məqamlarına layiq dəyər verməməklə və əhəmiyyətsiz, və­zi­fəsiz, cansız, pərişan hesab etməklə onları təhqir, dəyər və kamalını inkar etmiş olar.
Bəli, hər kəs kainata öz aynası ilə baxır. Allah insanı kainat üçün bir meyar olaraq yaratmış, hər insana xüsusi bir aləm ver­mişdir. O aləm də qəlbin imanına uyğun rəng alır. Mə­sələn, olduqca ümidsiz və qəmli bir insan bütün varlıqları ağlar və ümidsiz görür.
Olduqca sevincli və nəşəli bir adam isə kainatı nəşəli, gülər gördüyü kimi, ibadət, dua və təfəkkürə ciddi əməl edənlər isə varlıqların, həqiqətən, mövcud və mütləq ibadət və dualarını müəyyən qədər kəşf edir və görür.
Eyni zamanda bu namazsız insan öz-özünə malik olmadığı üçün Malikinin, yəni Allah-Təalanın bir qulu olan şəxsinə zülm edir. Onun Maliki olan Allah da həmin qulunun haqqını “pisliyi­ əmr edən nəfs”dən almaq üçün dəhşətli cəzalarla xəbərdarlıq edir.
Həmçinin “İnsanları və cinləri ancaq mənə qulluq etsinlər deyə yaratdım” (“Zariyat” surəsi, 51/56) ayəsinə görə, insanın yaradılışının nəticəsi və qayəsi ibadətdir. Bu hikmət və qayə ilə yaradılan insan ibadəti tərk etməklə Allahın hikmətinə və İlahi iradəyə haqsızlıq, qafillik etmiş olur. Ona görə də cəzalandırılır.
“İbadətin gətirdikləri” kitabından

Cəmi 0 şərh yazılıb.

Bu məqalə haqqında şərh yazılmayıb.

Şərh yazın

E-poçt ünvanınız:

Facebookda biz!