İslam qadınının sosiallaşması

20.04.2016 | 322 dəfə baxılıb.

Bütün bəşəriyyət sosiallaşma prosesində müəyyən problemlərlə üzləşir. Bu, qloballaşan dünyada “qlobal mədəniyyət”ə çevrilən dəyər­lərdən qaynaqlanır. Bu yeganə səbəb olmasa da, mühüm səbəbdir.
Soruşa bilərsiniz ki, hansı mədəni dəyərlər qloballaşdı və ya qloballaşdırılmaqdadır? Bu sualın verilməsini bir tərəfdən doğru, digər tərəfdən əbəs hesab edirəm. Doğru hesab edirəm, ona görə ki bu gün dünya əhalisinin sayı 6 milyard 513 mindir. Bunun böyük əksəriyyəti Qərb və İslam dünyasında mədəniyyət deyiləndə nəzərə alınmayan Uzaq Şərq bölgəsində yaşayır. Halbuki onların da özünəməxsus mədəni dəyərləri vardır və bu dəyərlər bu gün bəşəriyyətin sahib olduğu mədəniyyət səviyyəsinə böyük töhfələr vermişdir.
Onu da əlavə edim ki, dünənə qədər bu coğrafiya qapalı qutu kimi­ idi. Bu gün Şərqin əksər ölkələrində (Şərqi və Cənub-şərqi Asiya­da) totalitar rejimlər hələ də hakim olsa da, keçmişə nisbətən xeyli müsbət irəliləyişlər nəzərə çarpır. Xüsusilə, Çin, Yaponiya, Tailand, Hindistan kimi ölkələrin iqtisadi nailiyyətlər əldə etməsi, mütəxəssis və fəhlə potensialından düzgün istifadə etməsi onlara bir imtiyaz verdi.
Burada yenə qeyd etməyə məcburuq ki, bu ölkələrin Qərbə iqtisadi inteqrasiyası eyni zamanda Qərbin mədəniyyətinə xidmət edir. Bui bölgədə uşaq oyuncağından elektron cihazlara, qadın çantalarından geyim əşyalarına qədər, demək olar ki, hər şey Qərbin sifarişi, dolayısilə, Qərbin dəyərləri əsasında istehsal edilir.
Yuxarıda “hansı mədəniyyət?” sualını əbəs hesab etdiyimi demişdim. Bəli, əbəs hesab edirəm, çünki Qərb deyəndə Avropa qitəsi və ABŞ-ı nəzərdə tuturuq.
Mövzuya niyə belə başladım? Bəzi ailə münaqişələrinin əsas səbəbləri xanımların “Nənəm və anam kimi olmaq istəmirəm! Axşama qədər evdə oturub kişini gözləmək mənim işim deyil! Neçənci əsrdə yaşayırıq! Ev işləri və uşağa baxmaqla ömrümü çürütmək istəmirəm!” sözləri ilə başlayıb bahalı geyimlərə, ev dekorasiyasına, maşın modellərinə qədər davam edən bir sıra dəyişikliklərdir. Təbii ki, bunların hamısı ailələrdə söz-söhbətlərə, anlaşılmazlıqlara səbəb olur.
Hər şeydən əvvəl, İslam dini qadına cəmiyyətdən təcrid olunaraq evində ömür sürməsini əmr etmir. Əks halda ilk dövrlərdə Hz. Xədicənin ticarətlə məşğul olmasını izah etmək qeyri-mümkündür. Evində təlim-tərbiyə ilə məşğul olan, nəhəng tələbələr yetişdirən Peyğəmbər zövcələrini.. On beş əsrlik İslam tarixi boyu bu təməl prinsipdən kənara çıxma halları olsa da, Quranın və Allah Rəsulunun qoyduğu əsaslar açıq-aşkar ortadadır. Buna görə də müsəlman qadınlar belə bir yanaşma tərzini zehinlərindən çıxarıb atmalıdırlar.
Ancaq sosiallaşmanın mahiyyəti, miqyası və hüdudları xüsusi və ümumi şərtlər əsasında müəyyən edilməlidir. Başlıca şərt isə İslamın prinsipləri ilə təzad təşkil etməməkdir. Nəticə etibarilə fərdi və ya ictimai müsəlman şəxsiyyətini, kimliyini parçalayan və ya məhv edən addımlar atılmamalıdır. Halbuki məhz bu məsələ hal-hazırda bizim ən yaralı yerimizdir. Yazının əvvəlindəki uzun girişin də səbəbi budur. “Sosiallaşacağam, evdar qadın olmayacağam, uşaq baxıcısı (da­yə) deyiləm” deyə inadkarlıq edən bir çox müsəlman qadın məhz bu məqamda yanlışlığa yol verir.
Necə? Məsələ gün kimi aydındır: televizor, kino, reklam, qəzet, jurnallarla körüklənən, dükanda, bazarda, məhəllədə qarşılaşdığı ör­nək­lərlə formalaşan həyat tərzini yeganə sosiallaşma modeli hesab etdiyi üçün. “Bu dövrdə yalnız belə olmalıdır, başqa cür mümkün deyil,” – deyə düşündükləri üçün.
Hər şeyin özümüzə xas tərzi olduğu kimi, sosiallaşmanın da “özümüzəxas” forması olmalıdır və vardır.

Həyat dərsləri kitabından.

Cəmi 0 şərh yazılıb.

Bu məqalə haqqında şərh yazılmayıb.

Şərh yazın

E-poçt ünvanınız:

Facebookda biz!