İş işdən keçdi artıq

19.01.2016 | 305 dəfə baxılıb.

Ailə ilə iş həyatı arasında tarazlığı qura bilməmək böyük bir xətadır. Bu mövzuda xəbərdarlıqları  qulaq ardına vurmaq isə bundan daha böyük bir xətadır.

Xeyli müddət əvvəl, bir oxucum mənə göndərdiyi məktubda dilə gətirdiyim problemlərdə ancaq qadının günahkar olduğunu göstərmişdi. Doğrudur. Bildiyiniz kimi, mən problemləri əsas götürüb hadisələrə İslami prizmadan baxıram. Bu  problemlər də böyük əksəriyyətlə mənə kişilər tərəfindən çatdırılır. İnanıram ki, eyni problemlər mənə qadınlar tərəfindən çatdırılsa idi, fərqli bir fikir ortaya qoyardım. Bu barədə nəfsimi müdafiə etməyəcəyəm. Xeyr! “Mən hadisələr müxtəlif şəkildə çatdırılsa da obyektivliyimi qoruyuram” kimi iddia da qaldırmayacağam.

         Bizdən, problemlərin həllində ədalətli hərəkət etməyimiz tələb olunursa, qadınların da öz problemlərini, həll etmək məqsədi ilə onları dilə gətirmələri çox vacibdir. Çünki necə ki, gecikən ədalət ədalət deyil, eləcə də gecikən müdaxilə də müdaxilə deyildir.

İslami tərbiyə ilə yetişmiş, patriarxal bir ailədə böyümüş, ailəyə aid duyğu  və düşüncələri belə bir mühitdə formalaşmış qadınların danışmamasının səbəbini: “Qılınc yarası sağalar, dil yarası sağalmaz”, “Yoldaşımdır, döyər də, sevər də” anlayışına bağlayıram. Amma bunu da unutmaamalıyıq ki, bu qapalılıq həm fərdi, həm də cəmiyyət problemlərini özü ilə gətirir, ailədə sağalmayan yaraların əmələ gəlməsinə səbəb olur. Problemlər qapalı qaldığı, həlli gecikdirildiyi müddətdə – vaxtı gələndə həll olunacaq məsələlər xaric – radikal hala çevrilir. Radikal (kəskinləşən) hala çevrilən problemlər isə ancaq radikal həllərlə nəticələnir. Qanqren olan barmaq kəsilir. Müalicə etmək heç bir işə yaramır.

Bu qısa girişdən sonra bir hadisəyə toxunmaq istəyirəm. Bir dostum qəzetdə yazdığı məqaləsində siyasətdəki xətaların artıq bağışlanılmaz olduğunu qeyd edirdi. Bu hadisə ailə üçün də eynidir.Boşanma ilə nəticələnən evliliklər,“iş işdən keçmiş” tipli hadisələrdən qaynaqlanmırmı? Elə isə, ailədaxili münasibətlərdəki problemlərə bir də bu cəhətdən baxmaq lazımdır. Daha doğrusu, münasibətlər pozulmamışdan, hadisələr problem halına gəlməmişdən əvvəl bu fikrə sahib olmaq lazımdır. Sonrakı  peşmançılıq çox vaxt heç bir fayda vermir.

Ailə problemləri ilə məşğul olmağa başladığım vaxtdan etibarən gördüm ki, bu  problemlərə səbəb olan ən mühüm amil kişilərin “iş fikirli” olmasıdır. Bununla kişilərin işlərinin və yaxud işlərindəki məsələlərin evlərinə təsir etməsini nəzərdə tutmuram; bəhsini etdiyim adamlar sanki işi ilə “evli” olanlardır. Gəlin, belə  kişilərlə evli olan qadınların vəziyyətini təsvir etməyə çalışaq:

Bu cür kişilərə sahib olan qadınlar sanki evlidirlər, amma ərsiz evlidirlər! Bəzi “iş fikirli” kişilər heç evə gəlmir, bəziləri gec saatlarda evə gələrək evdən mehmanxana və yeməkxana kimi istifadə edir, bəziləri isə özü evdə olsa da ruhunu, könlünü, qəlbini, duyğu və düşüncələrini daim işlərinə verir.

İki gün əvvəl, buna bənzər bir vəziyyətə görə üsyan edib 1, 4 və 7 yaşlı övladları ilə ərini də tərk edən bir qadından bəhs edildi. O dəqiqə: “Necə də vicdansız ana imiş!” deməyin. Üç övladını tərk etməsinə görə, hadisəni bilmədən qadını günahlandırmayın. 8 il o qadının çəkdiklərini də düşünün. Qadının yaşadığı psixoloji halı təxmin etməyə çalışın. Belə ki, onun yaşadıqları insanları intihara sürükləyən hadisələrin ön sıralarında gəlir. Bəli, etdiyi səhvdir, amma onu bu səhvə məcbur edənlərin heç bir günahı yoxdurmu? Bilirsiniz, Molla Nəsrəddin evinə oğru girdiyinə görə onu günahlandıranlara: “Mən sizi başa düşürəm, evimə oğru girməsin deyə tədbir görmədiyim üçün günahkaram, amma oğrunun heç günahı yoxdurmu?”- demişdi. Molla Nəsrəddin misalı, hadisələrə səbəb olan faktorları da nəzərə almaq lazımdır.

Ailə ilə iş həyatı arasında tarazlıq qura bilməmək böyük xətadır. Bu mövzuda xəbərdarlıqlara qulaq asmamaq isə bundan daha böyük bir qəbahətdir. Hələ əgər problem xanımın evi tərk etməsi səviyyəsinə qədər gəlib çatıbsa, tərk edilən yoldaşın: “Özü bilər!” deyərək səhvini qəbul etməməsi, səhvini düzəltmək üçün addım atmaması daha böyük bir xətadır. Baxın; məncə: “bağışlanmaz xətalar” bunlardır. Ömrümüz çatsa, yuxarıda danışdığım hadisənin nəticəsini birlikdə görəcəyik. İnşallah, həqiqət qalib gələr. Bu problemin xoşluqla həll olunması üçün “iş fikirli” kişiyə bir məsləhət vermək istəyirəm: İlk olaraq Allah Rəsulunun (s.ə.s) ailə həyatı ilə bağlı qələmə alınmış kitabları oxumalı, heç olmasa, bunlara göz gəzdirməlidir. Peyğəmbər Əfəndimizin (s.ə.s) sirati müstəqimdən (doğru yoldan) ayrılmadan necə tarazlıq qurduğunu görmək, bəlkə də, fikirlərinizin dəyişməsinə və düzgün qərar verməyinizə kömək edəcək. Çünki O (s.ə.s), “yaşayan Quran”dır, hər müsəlman üçün “ideal insan”dır. Vəfatından 14 əsr keçsə də!…

Cəmi 0 şərh yazılıb.

Bu məqalə haqqında şərh yazılmayıb.

Şərh yazın

E-poçt ünvanınız:

Facebookda biz!