İpi qoparın

22.07.2013 | 420 dəfə baxılıb.

1920-ci illərdə Türkiyədə və bütün dünyada vərəm təhlükəli bir xəstəlik idi. Türkiyədə, xüsusilə, dövlət müəssisələrində – toplu iş yerlərində çalışanlar üçün. Özəl sektor yəhudi və ermənilərin əlində idi. Saf Anadolunun gözüaçıq in­sanları Türklər ticarəti hələ öyrənməmişdi. Yeni qanun verilmişdi: iş üçün müraciət edənlərdən ağ ciyərin rentgeni tələb olunurdu.

İllər keçdi, vərəm qurtardı, amma T. Özalın dövrünə qədər dövlət müəssisələrində iş üçün müraciət edənlərdən yaşayış yeri haqqında sənəd, cinayət məsuliyyətinə cəlb edilməməsini təsdiq edən sənədlə yanaşı, ağ ciyər rentgeni də tələb edilirdi. İnsanın ciyərinə baxırdılar.

Özal: “Bu, nə prosedurdur, bunu nə üçün tələb edirsiniz?” – dedi. Məmurlar da: “Cənab Prezident, bu, illərdir, tələb edilir, yəqin ki, bir hikməti var,” – deyə cavab verdilər.

“Beş meymun” adlı bir hekayə var. Meymunları bir otağa salıb qapını bağlayırlar. Tavandan da bir banan asırlar. Meymunlar bananı görən kimi irəli cumurlar. Onlar hücum edən kimi yuxarıda quraşdırılan kranı açırlar. İslanan meymunlar qaçışırlar. Bir az keçmiş təkrar yuxarı atılırlar və yenə islanırlar. Bir neçə təkrardan sonra islanmaqdan xoşları gəlməyən və bezən meymunlar banana daha əl uzatmırlar. Sonra həmin meymunların birini başqa bir meymunla dəyişdirirlər. Gələn qonaq meymun baxır ki, yuxarıda banan var və heç biri də ona toxunmur. Elə əlini uzadır ki, götürsün, o biri dörd meymun onu şil-küt edir. Sonra yenə o dörd “köhnə” meymundan birini götürüb yenisi ilə əvəz edilər. Təzə gələn meymun baxır ki, banan tavanda sallanıb “Gəl məni götür” deyir. “Bunlara baxma, sən çox ağıllısan” deyir. Onu da o birinin gününə salırlar. Bu minvalla bütün suda islanmış meymunları dəyişirlər. Döyülən, amma nə üçün döyüldüyünü bilməyən yeni meymunlar hər təzə gələn və banana əl uzadan meymunun payını verirlər. Amma əvvəlkilərdən fərqli olaraq bunu niyə görə etdiklərini bilmirlər.
Özal: “Niyə?” – dedi və rentgen məsələsini ləğv etdi. Siz də “Niyə?” deyə soruşa bilmək üçün ipi qoparmalısınız.

Fillər doğulanda ayağına ip bağlayırlar. Balaca fil ipin uzunluğu qədər gedir. Ayağını atmaq istədikdə ipin “Dayan!” əmri ilə dayanır və beləcə addım ata bilməyəcəyi beyninə işləyir. Böyüyəndə isə ipin uzunluğu beyninə həkk olunduğu üçün və ayağına “Getmə” dediyi üçün ipə tabe olur. Halbuki nəhəng fil yavaşca dartsa, ip davam gətirməz.
Tarix boyu zülmə, haqsızlığa, təcavüzkarlığa, ədalətsizliyə ən güclü zərbəni peyğəmbərlər vurmuşdur. Sonra da Onlardan ilham alan böyük simalar… Belə güclü inancı olan insanlar tarixin gedişinə nizam vermişlər.

Hər fərdin “Nə üçün?” deməyə gücü vardır. “Nə üçün?” sualı həqiqətləri tapma mərhələsinin ilk pilləsidir. Nə üçün yara­dıldığını soruşan hər insan, əlbəttə, cavabı tapma­nın mənəvi xoşbəxtliyini bu dünyada yaşayır, əbədi aləm ona çox sevimli gəlməyə başlayır.

Avropalılar “Nə üçün?”ü hər şeyə tətbiq etmişlər, edirlər, ancaq öz mənbələrindən, “dəyərlərindən” qaneedici, əsl cavabı ala bilmədikləri üçün mənəviyyatdan uzaqlaşmışlar, uzaqlaşırlar. Texnologiyada “Nə üçün?” sualı onları uzaqlara, çox uzaqlara aparmışdır.

Bu da həqiqətdir ki, hər bir insanın ayağına həyatın hansısa dönəmində belə ip bağlayırlar. Məktəbdə müəllimi: “Sən bu dərsi başa düşməzsən!” – deyir, şagird başa düşmədiyini, anlamayacağını dü­şünür. Ana və atası: “Bundan heç nə olmaz,” – deyə möhür vurur. Uşaq da öz-özünü inandırır ki, ondan heç nə olmaycaq. “Gənclik dövründə belə satış işlərini yaxşı bacarmır” deyə işdən çıxarılır. Sonra başqa bir müəssisədə bir insan fərqli aspektdən baxıb onun yaxşı satıcı olduğunu kəşf edir. Ona bunu inandırır. O da inancı sayəsində işində uğur qazanır və qovulduğu şirkətin satış meneceri olur. Məhz beləcə kimsə sizi kəşf etməsə, ayağınızdakı ipdən daha güclü olduğunuzu deməsə, sizi buna inandırmasa, bunu təkbaşına etməyiniz, yəni “ipdən” azad olmağınız qeyri-mümkündür.

Heyvanlar özlərini mühakimə, bir-birlərini təşviq edə bilmədikləri üçün ömür boyu ipə məhkum yaşayırlar.

Nə qədər ki içinizdəki arzunu, istəyi yaşadırsınız, əvvəl-axır Yaradan sizə o istəyiniz olmasa belə, sizə uyğun başqa bir şeyi, daha gözəl bir şeyi nəsib edəcək. Siz bunu sizi sizdən çox sevən Sahibinizdən istəsəniz, səy göstərsəniz, O, ya qarşınıza bir çox fürsət çıxaracaq, ya da yol göstərən.

Əgər ayağınızdakı ipi açmağa, qoparmağa niyyətiniz var­sa, demək ki, gücünüz də var. Yeriməyə davam edin. Axsasanız da… Axsamaq da yerimək sayılır, unutmayın. Əsas odur ki vərdişləriniz, qayğılarınız, zənləriniz, qorxularınız sizin aşılmaz divarlarınız, keçilməz sədləriniz olmasın. Yanınızda sizi tənqid edən dostunuz olsun ki, ətalətə (durğunluğa) düşməyəsiniz.

Balıqlar üzərində aparılan bir təcrübənin nəticəsi maraqlıdır: İki akvarium: hər ikisində eyni cins balıqlar var. İkinci akvariumdakı balıqların yanına yırtıcı “cat fish” balığını buraxırlar. On gün sonra birinci akvariumdakı balıqların kökəldiyini, rənglərinin solduğunu müşahidə edirlər.

İkinci akvariumdakı balıqlar isə yırtıcı “cat fish”in hücumlarından qorunmaq məcburiyyətində qaldıqları üçün çevik görünüşə, canlı, parlaq rəngə yiyələnmişdilər.

Müharibə illərində bəşəriyyət hərbi texnologiya sayəsində ən uğurlu texnoloji yeniliklərə imza atdı. Yaşamaq uğrunda mübarizə zamanı daha səmərəli qiymətləndirməyi zərurətə çevirdi. Toplumlar, xalqlar ən çətin illərdə belə böyük nailiyyətlər əldə etmişdir. İnsanların da müvəffəqiyyətlərinə baxsaq, görərik ki, xəstəliklərin, qıtlıqların, məşəqqətlərin və rəqabətin hökm sürdüyü dövrlərdə daha uğurlu simalar çıxmışdır.

Əzmli olun, inancınızı itirməyin. “İçinizdəki nəğmə susmasın” şüarı çox vacıbdir. Saat əqrəbinə bənzəyən “istəyiniz” heç dayanmamlı, ümidinizi itirməməlisiniz. Çətin şərtlərin sizin üçün fürsət olduğunu unutmamalısınız. Yapon dilində “böhran”ın kəlmə qarşılığı “fürsət” deməkdir. Bütün çətin şərtlər sizin qamçınız olmalıdır.

“Qabiliyyətli tənbəllərə nə deyək?” – desəniz, onlara naşatır vurmağı təklif edirəm. Tənbəl eşşəklər ayağını yerə verib yükü da­şımaq istəməyəndə sahibi eşşəyə naşatır sürtərmiş, eşşək də naşatırın göynərtisi kəsənə qədər qaçarmış. Bu təklifim tənbəl olanlar üçündür.

Bəzi insanlar elə zənn edir ki, ayağındakı ip taleyidir, qədəridir. Bir-iki cəhddən sonra vaz keçir. Əsla yolunuzdan dönməməli, vaz keçməməlisiniz. Siz sizə veriləcək hədiyyələrin vaxtını təyin edə bilməzsiniz.

Bir nəfər danışır (adını çəkməyəcəyəm): “Bir səfər zamanı gözlədiyimiz pulu ala bilmədiyimiz üçün çətin vəziyyətə düşmüşdük. “Nə edəcəyik?” deyə düşünürdüm ki, Hənəfi Akar mənə bir qədər pul uzatdı. Düz alacağımız qədər! Mən: “Nə üçün ver­din?” – deyə soruşdum. O da: “Heç, ürəyim istədi, verdim,” – dedi.

İnan ki, Allah sizi görür, sizi darda qoymur. Yenə bir akvarium nümunəsi verim. İki hissəyə ayrılmış böyük bir akvarium. Bir gözə kiçik balıq­lar, digər gözə böyük balıqlar buraxırlar. Böyük balıqlar kiçik balıqlara hücum edir, aradakı şüşəyə çırpılıb geri qayıdırlar. Bir, iki, üç… bu minvalla, nəhayət, hücum etməkdən vaz keçirlər. Şüşənin yanına çatıb geri qayıtmağa başlayırlar. Bundan sonra aradakı şüşəni götürürlər. Ancaq böyük balıqlar yenə eyni xəttə gəlib geri qayıdırlar. Yemləri ağızlarının içində olsa da, hələ də şüşəyə çırpılacaqları zənn ilə hücum etmirlər. Həyatda o qədər “olmayan şüşələr” var ki, hələ də onlara baş vurmaqdan qorxursunuz.

Yaradanın o maneəni aradan qaldıracağı, bizi məqsədimizə çatdıracağı zamanı bilmirik… Bəlkə, aradakı şüşə götürüləcək, mən istəyimə çatacağam. Ya da bir neçə uğursuzluq mənim taleyim olaraq qalacaq? Buna imkan verəcəyəm? Yaradan mənə zehnimdəki şüşəni çıxarmaq gücünü verdisə, bunun işin yarısı olduğunu bildiyim halda nəyi gözləyirəm? Naşatırımı? Və ya “Haydı!” deyəcək bir dostmu? Ya da məni kəşf edən bir müəllimmi? Həyat yoldaşım: “Sən istəsən bacararsan!” – deyərdi, istəyimmi, görəsən?

Rəcəb Uzunəli adlı bir müəllimim vardı. “Çobanın könlü olsa, təkədən pendir tutar”, atalar sözünü çox təkrar edərdi. “Təkədən süd çıxar?” – deyirsiniz. Bir toxum qayanı “Hu!”(Allah) deyib çatladırsa, mən “Bismillah…” deyib zehnimdəki ipi qopara bilmərəm?
Səy göstərməyi belə ibadət sayan dinimiz mənə: “Dayanma!” – deyirsə, dayanarammı heç?
Bismilləhir-rahmənir-rahim…

“Evdəki rənglər” kitabından…

Cəmi 0 şərh yazılıb.

Bu məqalə haqqında şərh yazılmayıb.

Şərh yazın

E-poçt ünvanınız:

Facebookda biz!