İlk səhabələrin vəfalı təmsilçisi Xədicə Bintü Huveylid (radiyallahu anha) – 1

29.06.2013 | 8.324 dəfə baxılıb.

Göylərin ən xeyirli qadını İmranın qızı Məryəm, Yer üzünün ən xeyirli qadını isə Huveylidin qızı Xədicədir

Cahiliyyə dövrünün çirkabına batmamış nadir insanlardan idi. İffət, nəzakəti və paklığı o dövrdə dillər əzbəri idi: “tərtəmiz” mə­nasında “Tahirə” ünvanını almışdı.

Nadir də olsa, İbrahimi bir ənənənin içində dindar mühitdə böyümüş, o abı-havada yetişmişdi. Xüsusilə, əmisi Vəraqa ibn Nəvfəl yəhudilik və xristianlığı çox yaxşı bilirdi. Həmişə bir Nəbinin gələ­cəyindən bəhs edirdi. Çünki hər peyğəmbər Onun gələcəyini müjdə vermişdi, Tövrat və İncil də Ondan bəhs edirdi. Onun təşrifini son olaraq İsa Peyğəmbər müjdələmişdi. Elə İncilin biri mənası da “Müjdə” idi! O gün təkcə Vəraqa deyil, bütün Hicaz və Ərəbistan yarımadası Onun təşrifindən, əlamətlərindən bəhs etməkdə yarışırdı. Onun vəsflərini elə təsvir edirdilər ki, sanki, görmüşdülər.

Bu müjdələr Xədicənin də qulağına çatmışdı, o da Nəbinin gə­lə­cəyini ümidlə gözləyirdi. Boyundan qamətinə, xasiyyətindən soyuna qədər, demək olar, bütün xüsusiyyətlərini bir layla kimi­ din­lə­miş, yuxuya Onun xəyalı ilə getmişdi. Kahinlər Ondan bəhs edir, alimlər Ondan danışırdı. Bir də nəql edilənlərin bir-bir müşahidə edilməsi “Müjdələnən Nəbi”nin kölgəsini hiss etdirir, gəlişini xə­bə­rini verirdi.

***

Gördüyü yuxularda gələcək Nəbinin izlərini açıq-aydın mü­şa­hi­də edirdi. Bir dəfə göydən enən bir ayın sinəsinə girdiyini və son­ra yenidən zühur edərək bütün aləmi aydınlatdığını görmüşdü. Qaça-qaça piri-mürşidi və əmisi ola Vəraqanın yanına getmiş və gördüklərini ona danışmışdı. Vəraqanın baxışı və yozumu hə­mi­şəki kimi idi:

– Axırzaman Peyğəmbəri yer üzündədir. Sən onun ailəsi olacaqsan. Sənin vaxtında Ona vəhy gələcək və Onun dini bütün aləmə yayılacaq. Ona ilk iman edən sən olacaqsan. Həmin peyğəmbər Qureyş qəbiləsinin Haşimoğulları oymağından olacaq.”

***

Bir bayram günü Məkkə qadınları oturub bayramı qeyd edirdilər. Birdən elə orada yad bir adam peyda oldu. Yaxınlaşıb avazla dedi:

– Ey Məkkə qadınları! Şübhəsiz ki, tezliklə sizin şəhərinizdə bir Nəbi zühur edəcək. Onun adı Əhməddir. Hansınızın Onunla ailə qurmağa iqtidarı çatsa, heç fikirləşmədən “hə” desin.

Hər şey Ondan danışırdı. Vaxta daralmışdı və zaman onları­ bir­ləşdirmək üçün tələsirdi sanki. “İnsanlar da mədənlər kimidir” mahiyyətində bir dəyər varsa, o mütləq nəzərə çarpır və vaxtı­ gə­­ləndə öz qiymətini alır. Ruhlar da nizam-intizam içində təlim ke­çən ordulara bənzəyir, uyğun olanlar bir-birini cəlb edir, gün gəlir, eyni yolda görüşürlər.

***

O günə qədər eşitdikləri Onu gözləməyə və axtarmağa sövq etmişdi. Elə hey düşünür və danışılan əlamətlərin libasını tapmağa çalışırdı. Əslində, fikirləşməyə ehtiyac yox idi, çünki insani dəyərlərin yerlə-yeksan olduğu belə bir dövrdə üstün keyfiyyətli insanlar barmaqla sayılacaq qədər az idi. Elə axtardığını tapmaq o qədər çətin olmadı. O gün Məkkədə bir insan vardı: Onun xüsusiyyətləri deyilənlərlə tam üst-üstə düşürdü. O gün cəmiyyətdə “etibar” ən qiymətli dəyər idi və bu dəyəri də layiqincə Abdullahın oğlu Məhəmməd təmsil edirdi. Artıq Onu gözdən qoymur, hər addımını izləyirdi.

***

Xədicənin mal-mülkünün sayı-hesabı yox idi, şərəf və soyuna da çatan olmazdı. Qadına yuxarıdan aşağı baxan bu cahil mühitdə belə, karvanlar hazırlayıb ölkələrarası ticarətlə məşğul olurdu. Elə gözlənilən müjdəni tanıma fürsətini də evlənmədən əvvəl bu vasitə ilə əldə etmişdi.

Şam tərəfə hazırladığı karvan üçün məvacibə işləyən işçilər lazım idi və karvanla gedib öz adından ticarət etmək üçün bir nəfər axtarırdı. Artıq vüslət çox yaxınlaşmışdı. Allah Rəsulunun əmisi Əbu Talib bunu eşidən kimi, qardaşı oğlunun yanına gəldi:

– Ey qardaşım oğlu! Mənim mal-mülküm yoxdur. Gördüyün kimi, vaxt bizim əleyhimizə işlədi və pis illər keçirdik. Nə malımız, nə də ticarətimiz qalıb. Bax burada Şama getməyə hazırlaşan qövmünün karvanı dayanıb. Xədicə karvanı aparıb ticarət etmək üçün adamlar axtarır. Mən sənin Şama getməyini istəməsəm də, oradakı paxıl insanların sənə pislik etməsindən qorxsam da, çarəsizəm. Onun yanına getsən, güman ki, etibarlı və təmiz olduğuna görə səni seçəcək…

Əbu Talib razılığı alan kimi Xədicənin yanına getdi. Çünki Xədicəyə qardaşı oğlu haqqında danışmaq istəyirdi. Belə ki, O,­ Məkkənin ən etibarlı, ən təmiz insanı idi. Ona görə də onun məvacibi başqalarından fərqli olmalıydı. Xədicənin belə bir iş üçün başqalarına nə qədər haqq verdiyini bilirdi və onun iki qatı­nı istədi.

Digər tərəfdən, Xədicə hələ karvanı yola salmadan ən böyük qazancı əldə etdiyi üçün sevinirdi. Həyatında “ən gəlirli ticarəti” edirdi. İllər boyu həsrət və həyəcanla gözlədiyi an çatmışdı, sevincdən uçurdu. Bəlkə də, malının hamısını da istəsə, verməyə tərəddüd etməzdi. Əbu Talibin sözünə cavab verdi:

– Ey Əbu Talib! Sən çox məqbul haqq istəyirsən. Bundan daha çox istəsəydin belə, vallah, mən yenə də qəbul edərdim.

Bir də ən qabiliyyətli xidmətçisi Meysərəni onunla göndərmişdi. Ona Rəsulullahın hər istəyini nöqsansız yerinə yetirməyi və bir sözünü iki etməməyi dönə-dönə tapşırmışdı. Bu qədər yaxınlaşmasını yaxşı dəyərləndirməli idi və bu işdə Meysərəyə rolunun nə qədər vacib olduğunu xatırladaraq yol boyu nə olsa, hamısını yadda saxlamağı, qayıdarkən danışmağı bərk-bərk tapşırmışdı.

“Səadət əsrində doğan ilk ulduzlar” kitabından

ardı var..

Tarix :10 Avqust 2011

Cəmi 0 şərh yazılıb.

Bu məqalə haqqında şərh yazılmayıb.

Şərh yazın

E-poçt ünvanınız:

Facebookda biz!