İlk səhabələrin vəfalı təmsilçisi Xədicə Bintü Huveylid (radiyallahu anha) – 5

29.06.2013 | 657 dəfə baxılıb.

O gündən etibarən Xədicə Allah Rəsuluna daha çox diqqət yetirir və pərvanə kimi başına dolanırdı. Rəsulullah dağların yolunu tutduğu günlərdə arxasınca düşür və Ona daim yaxın olmağı fəzilət bilirdi. Bir az gec gələndə dərhal əlinə bir şey götürür və uca Məkkə dağlarında Allah Rəsulunu axtarmağa gedirdi. Yenə belə günlərin birində insan surətində Cəbraillə qarşılaşır. Bu yad insan Xədicədən Son Nəbini soruşur. Narahatlıq keçirir, Ona pislik edəcəyindən qorxur. Bunu Allah Rəsuluna danışanda onun Cəb­rail olduğunu öyrənəcək və sakitləşəcəkdi.

Məkkə Allah Rəsulunu qəbul etməsə də, Ona qarşı cəbhə açsa da, Hz. Xədicə dəstək və köməyini Ondan əsirgəməmişdi. İnsanlar Onun hüzurunu əlindən almağa çalışır, O hüzurunu Xədicənin yanında tapırdı, insanlar həyatına qəsd etmək istəyir, O, Xədicənin yanında əmin-amanlıq tapırdı. Bir gün Peyğəmbərimizə demişdi:

– Ey əmim oğlu! Sahibin sənə xitab edəndə mənə də xəbər ve­rərsən?

Çünki bəzi nadanlar gələnin mələk deyil, şeytan olduğunu deyirdilər. Qəbul etmişdi və nəhayət, Cəbrail gələndə Peyğəmbərimiz Xədicəni yanına çağırıb dedi:

– Bax, bu, Cəbraildir, yanıma gəldi.

Ondan bir ricası var idi və: “Yanımda otur,” – dedi. Xədicə keçib Onun yanında oturdu Soruşdu Rəsulullah:

– Onu görürsənmi?

– Bəli, – deyə cavab verdi. Sonra da daha da yaxına çağırdı. Hər dəfə də soruşurdu:

– İndi görürsən?

– Bəli, – deyə cavab verdi. Nəhayət, örtüyünü çıxarıb Allah Rəsuluna lap yaxınlaşdı və ondan soruşdu:

– İndi görürsənmi?

Bu dəfə vəziyyət fərqli idi və Allah Rəsulu:

– Xeyr, – dedi.

Bu sözdən sonra Xədicə:

– Sənə müjdələr olsun. Yolunda sabitqədəm ol! Allaha and içi­rəm ki, bu, mələkdir, əsla şeytan deyildir. Çünki şeytan olsaydı, həya edib getməzdi.

Yenə bir gün Allah Rəsuluna yemək-içmək aparmaq üçün yola düşür. Gəlişini görən Cəbrail üzünü Allah Rəsuluna tutub bir müjdə verir:

– Bu gələn Xədicədir. Əlində azuqə var. Sənin yanına çatanda ona Rəbbindən və məndən salam de. Həmçinin ona nə səs-küy, nə də yorğunluq olan Cənnətdə, incidən bir sarayın müjdəsini ver.

Rəsulullahın yanına çatanda Onun dilindən Cəbrailin salamını eşidən Xədicə halını dəyişmədən vüqarlı duruşu ilə deyir:

– Salam Odur. Salam Ondandır! Allahın rəhmət və bərəkəti sənin üzərinə olsun, ya Rəsulullah! Şeytandan başqa salamı eşidən hər kəsə salam olsun. Və Cəbrailə da salam olsun.

***

Allah Rəsulunu addım-addım izləyir, hislərini hiss edib istək­lərini yerinə yetirmə həyəcanı ilə yaşayırdı. Bir gün Rəsulullah və kölə Zeydin bir-birini daha yaxşı başa düşdüyünü və Rəsulullahın onun təbiətindəki zənginliyi kəşf edib ona fərqli münasibət göstərdiyini gördü. Dərhal gənc Zeydi yanına çağırıb belə dedi:

– Bundan sonra Məhəmmədin əmrindəsən.

Artıq Zeyd Rəsulullahın əmrinə verilmişdi. O isə insanlarla insan kimi rəftar etmək üçün yaradılmışdı və orada da insanlığını nümayiş etdirdi və Zeydin köləlik buxovlarını qırıb yolu göstərir:

– Azadsan, istəsən yanımda qal, istəsən atanın yanına get.

Amma Zeyd Allah Rəsulunun yanında olmağı ata ocağının isti­sinə dəyişməyəcək və sadiq bir mömin kimi Onunla qalmağı seçəcəkdi.

***

Xədicə varlı idi, ancaq mücərrəd varlılıq insana nə hüzur verir, nə də onun duyğularını tətmin edirdi. Zənginlik məhz bir məqsəd naminə əldə olunanda və Onun yolunda sərf ediləndə dəyərlər fövqü dəyər kəsb edir və qəbirlə başlayan axirət həyatını nurlandıran sərvətə çevrilirdi. Buna görə də Hz. Xədicə malını və canını əbədiləşdirməkdə olduqca həssas davranır və bütün dəyərini Allah Rəsulu və məfkurəsi uğrunda səfərbər edirdi. Başqa möhtac qəlbləri də gözəlliklərlə süsləmək üçün neçə-neçə ziyafətlər vermiş, imkansızların əlindən tutmaq üçün necə misilsiz fədakarlıqlar göstərmişdi. Hirada başlayan vüsaldan bir neçə il keçməmişdi ki, bir vaxtlar ən varlı qadın olan Xədicənin əlində mal-mülkdən əsər-əlamət qalmamış, özü möhtac hala düşmüşdü. Çünki o qədər səxavətli idi ki, inandığı dəyərlər uğrunda canı ilə birlikdə əlində olan hər şeyini verməyə hazır idi.

Onun bu fədakarlığı onu yer üzü qadınları arasında əlçatmaz zirvəyə ucaldırdı. Əli ilə səma və yerə işarə edən Peyğəmbərimiz onun fəzilətini belə dilə gətirirdi:

– Göylərin ən xeyirli qadını İmranın qızı Məryəm, yer üzünün ən xeyirli qadını isə Huveylidin qızı Xədicədir.

İlk insandan bəri kişilərin bir çoxunun peyğəmbərlik və vəlayətin* kölgəsi altında kamala çatdığını deyən Allah Rəsulu bir gün yalnız dörd qadının bu səviyyəyə yüksəldiyini bildirmiş, onların arasında Xədicənin də adını çəkmişdi.

“Səadət əsrində doğan ilk ulduzlar” kitabından

ardı var..

Tarix :18 Noyabr 2011

Cəmi 0 şərh yazılıb.

Bu məqalə haqqında şərh yazılmayıb.

Şərh yazın

E-poçt ünvanınız:

Facebookda biz!