İlk səhabələrin vəfalı təmsilçisi Xədicə Bintü Huveylid (radiyallahu anha) – 3

29.06.2013 | 721 dəfə baxılıb.

Beləcə dünyanın cəhalət məngənəsində əzildiyi bir dövrdə aləmlərin üzünü güldürən “ilk hərəkat” başlamışdı və qaranlıq ruhlar bunu həzm edə bilməzdilər. Yollar əzab-əziyyətli olacaqdı və bu yolda “ilk olmaq” təbii ki, çox çətin idi. Ancaq bu işin axırında “mağrəm nisbətində mağnəm” (əziyyətə müqabil mükafat) vardı. Çəkilən əziyyətlər nə qədər çox olarsa, o qədər də mükafat veriləcəkdi. Allah sevdiyi qulunu imtahana çəkir və dişini dişinə sıxıb səbir edənlərə xüsusi iltifatlar bəxş edərdi. Onun yolunda, Onun rizası üçün məşəqqət çəkmək əbədi aləmi inşa etmək deməkdi. O ki qaldı, bu günə qədər Allah üçün yola çıxan, əzab və möhnətlərin məngənəsində çırpınan, əzm və mətanət göstərən insanların heç biri mükafatsız qalmamışdır!

Bəla və müsibətlərə birinci düçar olanlar Allahın seçilmiş qulları olan peyğəmbərlərdir, sonra övliyalar və ardınca da səviyyəsinə görə digər qullar gəlir. Allah-Təala bununla sevgili bəndələrini imtahana çəkir və daha böyük işlərə, haqqı təmsil etməyə hazırlayırdı. Bəla və müsibətlər başlanğıcda mənfi görünsə də, günahları kökündən təmizlənyən əsas amillərdən biridir. Başqa sözlə, dünyada başa gələn müsibətlər Rəbbin quluna xeyir diləməsi mənasına gəlir.

Vəhy təzə gəlmişdi və Allah da, Rəsulu da müvəffəqiyyət vəd edirdi. Ancaq bunun üçün zaman lazım idi və elə ilk gündən nəticəsini görmək mümkün deyildi. Buna inanmaq üçün qüvvətli iman və mütləq təslimiyyət lazım idi. Rəbbin inayəti Rəsulunun yanında olsa da, Hz. Məhəmməd (sallallahu əleyhi və səlləm) hadisələrin axarında zahirən tək idi.

Qureyş gündən-günə təzyiqlərini artırırdı. Onun qabağını kəsir, yoluna tikan tökür, keçəndə də daşa tuturdular. Dolayısilə, əlverişsiz və çətin şərait insanların ağıl və məntiqlə hərəkət etməsinə, qərar verməsinə imkan vermirdi, bəşəriyyəti aydınlığa səsləyən başqa insanlar kimi, Onu da təzyiq kölgəsində sıxmaq istəyirdilər. O gün “İnandım” demək bəla və müsibətlərin dolu kimi yağması demək idi. Nə səhər evdən çıxanda axşama, nə də axşam çıxanda səhərə sağ-salamat çıxmağa inam vardı. Qılınclar qeyzlə, qəzəblə itilənir, havada dövrə vururdu. Qapılara işarə qoyur və inananları cəmiyyətdən təcrid edirdilər.

Bu qədər çətin şəraitdə dinə sahib çıxmaq, arxa olmaq böyük cəsarət tələb edirdi. Bu qədər məşəqqətli bir dövrdə dinə dəstək verməyin bambaşqa mükafatı olmalıydı və vardı da..! Hətta bu fər­qi birbaşa Allah-Təala bəyan edirdi. Bu bir “riza” təsdiqi idi və “Gül” dövrünün gözəlliklərini görmədən malını və canını ortaya qoyanlarla sonralar gəlib eyni şeyləri edənlər qədir-qiymət və mükafat baxımından bir ola bilməzdi. Hərçənd ilk səhabələr dərəcə baxımından daim yüksəkdə olsalar da, Allah sonradan gəlib eyni gözəllikləri yaşayanlara da, xəzinəsindən bol-bol lütflər verəcəkdi. Ancaq Onun dərgahında ilk olmağın ayrı bir mənası, ayrı bir yeri vardı. Bunun üçün O, “fəth”i bir milad qəbul edəcək, ondan “əvvəl” və “sonra”nı meyar qoyacaq və nəticə etibarilə fəthdən əvvəlkilərin fəthdən sonrakılara nisbətən fərqli, üstün dəyərə malik olduğunu anladacaqdı.

Allah Rəsulu da Əbu Bəkri Hz. Ömərdən, Xalid ibn Vəlidi Əbdürrəhman ibn Avfdan üstün tutub bağrına basarkən eyni meyarlarla hərəkət etmirdimi? Belə ki, hər kəsin qəbul etməyib hücum çəkdiyi bir vaxtda əlini sinəsinə vurub qəbul etmək və bununla ölümü gözə almaq unudulardımı heç..! Allah da, Rəsulu da ilk iman edənlərə sahib çıxır və haqlarının verilməsini istəyirdi.

***

Hz. Xədicə ilklərin də ilki idi. İlk dost, ilk zövcə və ilk iman edən idi, Cəbrailin öyrətdiyi ilk dəstəmazı Peyğəmbərimizdən öyrənib Onunla ilk dəfə namaz qılan da o idi. Xədicənin hərfi mənası da “erkən doğulan” deməkdi. Onun şəxsində isimlə təmsilin uyğunluğu o qədər aşkar idi ki, onun qədir-qiymətinə çatmaq mümkün deyildi. Çünki O, Səadət əsrində doğan ilk ulduz və ilk günlərin ilk gülü idi. Belə bir “ilk”lik fürsətini əlindən verən Afif ibn Ömər sonralar peşmançılığını belə dilə gətirəcəkdi:

“Cahiliyyə dövründə ticarətlə məşğul olurdum. Bir gün yola düşüb Minada Abbas ibn Əbdülmüttəlibin yanına getmişdim. O əsnada ora bir adam gəldi. Əvvəlcə günəşə baxdı və günəşin əyildiyini görüb namaz qılmağa başladı. Sonra bir qadın gəldi, o da arxasında namaza qoşuldu. Ardınca həddi-büluğ çağına hələ təzəcə girmiş bir uşaq gəldi və namaz qılmağa başladı. Abbas ibn Əbdülmüttəlibdən onların kim olduğunu soruşdum. Cavabı belə oldu:

– Bu, Əbdülmüttəlibin oğlu Abdullahın oğlu Məhəmməddir. Mənim də qardaşım oğludur. Nəbi olduğunu deyir. Ona bu qadın və uşaqdan başqa inanıb tabe olan yoxdur. Bu qadın xanımı Xədicə bintu Huveylid, uşaq da əmisinin oğlu Əli ibn Əbi Talibdir.

Kaş mən də o gün İslamı qəbul edib dördüncü olaydım”.

***

Məhz bu ilklərin təmsilçisi olan Hz. Xədicənin müstəsna vəfası vardı meydanda..! Vəfa əhli bunu unudardımı? İllər keçəcək, başqa bir vəfa timsalı Aişə anamız ilklərin vəfasını bu sözlərlə dilə gətirəcəkdi:

“Rəsulullahla ailə quranda Xədicə vəfat etmiş olsa da, heç bir qadını Rəsulullaha onun qədər qısqanmamışam. Çünki Allah Rəsulu (sallallahu əleyhi və səlləm) həmişə ondan söz açır və Onu daim ehtiramla, gözəl sözlərlə anırdı. Nə vaxt bir qoyun kəsirdi, bir hissəsini də Xədicənin yoldaşlarına göndərirdi”.

Çünki sevən sevdiklərinin sevdiyini də sevir, onları da unutmurdu. Sevdiyinin yaxınlarına da ehtiram göstərir, otursun deyə altındakı döşəkçəni uzadırdı. Niyə belə etdiyini soruşanlara da:

– Mən onun sevdiklərini də sevirəm, – buyururdu.

Bir dəfə Hz. Xədicənin bacısı Halənin evə girmək üçün icazə istədiyini eşidir. Səsini və icazə istəməsini Hz. Xədicəyə o qədər oxşatmışdı ki, həyəcanla ayağa qalxıb:

– Aman, Allahım! Bu Huveylidin qızı Halədir! – demişdi. Onun bu həyəcanını görən Aişə anamız isə qadın təbiətinə xas qısqanclıqla neçə il əvvəl vəfat etmiş bir insana bu qədər bağlılı­ğın səbəbini soruşmuşdu. Bir mənada Allahın Ona daha xeyirli qadınları nəsib etdiyini dilə gətirir və bu qədər bağlılığı bir az çox görürdü. Bəlkə də, bu, Xədicənin dəyərini, böyüklüyünü Allah­ Rəsulunun dilindən aləmə elan etmək üçün şərait hazırlamaq idi..!

Allah Rəsulu isə bundan məmnun qalmadığını bildirmiş, “Onun tayı-bərabəri varmı?” sözləri ilə başladığı cümlələrini belə bitirmişdi:

– Allaha and olsun ki, Allah mənə ondan daha xeyirlisini verməmişdir. İnsanlar məni qəbul etməyəndə o, mənə inandı. İnsanlar məni təkzib edəndə, o təsdiq etdi. İnsanlar məni hər şeydən məhrum edəndə o, sərvəti ilə mənə dəstək oldu. Və Allah onun vasitəsilə mənə övlad nəsib etdi.

Məsələ aydınlaşmışdı; ağıllı və bəsirətli Hz. Aişə anamız da dərhal üzr istəmiş və Xədicə haqqında bir daha mənfi bir şey deməyəcəyinə söz vermişdi.

“Səadət əsrində doğan ilk ulduzlar” kitabından

ardı var..
Tarix :28 Avqust 2011

Cəmi 0 şərh yazılıb.

Bu məqalə haqqında şərh yazılmayıb.

Şərh yazın

E-poçt ünvanınız:

Facebookda biz!