İlk səhabələrin vəfalı təmsilçisi Xədicə Bintü Huveylid (radiyallahu anha) – 2

29.06.2013 | 681 dəfə baxılıb.

Nəhayət, karvan hərəkət etmiş və üç aylıq bir səfər başlamışdı. Şama girmədən bir yerdə dayanıb bir müddət istirahət etdilər. Onu uzaqdan seyr edən məşhur rahib Nastura qaça-qaça Meysərənin yanına gəldi və ağacın altında oturan adamın kim olduğunu soruşdu. Meysərənin cavabından sonra da:

– Vallah, bu ağacın altında oturan Peyğəmbərdir, – dedi. Daha sonra da bütün əlamətlərini öyrənib istədiyi cavabları aldıqda əminliklə:

– O peyğəmbərdir. Həm də peyğəmbərlərin sonuncusu, – söylədi.

***

Gətirdikləri malı Şamda satıb, alınası malları da karvana yükləyərək yenidən Məkkənin yolunu tutdular. Hava çox isti idi və Meysərə yolda iki mələyin bulud şəklində Rəsulullaha kölgə saldığını görüb heyrətə gəldi. O isə heç halını pozmadan yoluna davam etdi.

Meysərə üçün bu səfər əvvəlkilərdən fərqli idi, nə bir haqsızlıq görmüş, nə də bir çətinliklə üzləşmişdi. Yükü Şamda sərfəli qiymətə dəyərləndirmiş və gətirdikləri mallar da Məkkədə çox yaxşı qiymətə satılmışdı. Xədicə axtardığı insanı axır ki tapmışdı. Hərçənd çox insanla ticarət etmişdi, amma əlbəttə, “Bəşəriyyətin Əmin”i bir başqa idi.

***

Əslində, Xədicənin dərdi çoxlu gəlir gətirən malları deyildi. O, həyəcanla Meysərənin gəlməsini gözləyirdi və gələn kimi də yol boyu şahid olduqlarını soruşmağa başladı. Meysərə əvvəlcə rahibin sözlərini dedi. Gələndə gördüyü iki mələkdən danışdı. Yol boyu olanları dəfələrlə nəql edir, mətanət və güvənini tərifləyib qurtara bilmirdi.

Xədicə dərhal qalxıb Meysərənin danışdıqlarını əmisi və mürşidi Vəraqa ibn Nəvfəllə bölüşməyə getdi. Vəraqa da həyəcanlanmışdı. O da artıq gözlədiyi Nəbinin gəlişinə əmin idi. Və:

– Ey Xədicə, əgər dediklərin düzdürsə, şübhəsiz, Məhəmməd bu ümmətin peyğəmbəridir. Mən də bilirdim ki, bu ümmətə bir Peyğəmbər gələcək. Dövr Onun dövrüdür, – dedi. Çünki Vəraqa daima ümid və intizarla Onun gəlişini gözləyir, “Nə vaxt?” deyə gözlərini yollara dikirdi. Bu haqda şeirlər yazır, hər dəfə də kədəri ilə həsrətini dilə gətirirdi.

Hər şey Ondan xəbər verirdi, o günə qədər eşitdikləri, Məkkənin şahidlik etməsi və Meysərənin danışdıqları yolların birləşdiyi yeri, əsl ünvanı göstərirdi. Artıq zərrə qədər tərəddüdü qalmamışdı. İllərlə gözlədiyi, müjdələnən Nəbi çox yaxında idi. Ailə qurmağı düşünmürdü, amma Ona daha yaxın olmağın başqa yolu da yox idi.

***

O vaxta qədər iki dəfə ailə qurmuşdu və artıq heç bir təklifi qəbul etmirdi. O, yaşda deyildi ki, kiminsə dəstəyinə ehtiyacı duysun. Varlı, işini möhkəm tutan, ağıllı, gözəl, yetkin və rəğbətlə qarşılanan şərəfli-izzətli bir qadın idi. Belə bir dürr yolunda canından keçməyə hazır olan az deyildi. Qövmündən imkanı çatan onunla ev­lənməyə can atırdı. O günə qədər çox adam qapısına gəlib-getmiş, amma heç birini qəbul etməmişdi.

Ancaq bu dəfə vəziyyət fərqli idi və həmişə Onunla bir yerdə olmaq üçün evlilikdən başqa yol görünmürdü. O günə qədər ev­lən­məyi düşünməyən Xədicə artıq qərarını vermişdi və yaxın rəfiqəsi Nəfisə vasitəsilə Allah Rəsulunun fikirlərini öyrənməyə çalışacaqdı. Əvvəlcə vəziyyəti can dostu Nəfisəyə danışdı. Qərara gəldilər, Nəfisə Onun fikrini öyrənəcəkdi. Allah Rəsulunun yanına gəldi və sözü evliliyə gətirdi. Sonra da soruşdu:

– Əgər qarşına gözəl, zəngin, şərəfli və özünə tay bir insan çıxsa, müsbət cavab verməzsən?

Rəsulullahın evlənmək üçün maddi imkan yox idi. Əvvəlcə bu­nu dedi. Ancaq Nəfisə bunun problem olmadığını deyirdi..! Məq­sədini başa düşmüşdü. Kəbənin Rəbbinə and olsun ki, Mək­kə­də bu xüsusiyyətlər Xədicədən başqa heç kimdə yoxdu..!

Nəfisənin gətirdiyi xəbərlə rahat nəfəs almışdı Hz. Xədicə və evliliyə müsbət yanaşdığını öyrənən kimi Ona qarşı rəğbətini və evlilik tələbinin səbəblərini çatdırdı. Göndərdiyi xəbərdə Ona qohum olmasından, qövmü içində şərəfindən və etibarından bəhs edir və Ona olan heyranlığını dilə gətirirdi.

Və çox keçmədən bir gün Əbdülmüttəlibin iki oğlu Əbu Talib və Həmzə Xədicəni istəməyə gəldilər. Əvvəlcə Əbu Talib danışmağa başladı:

– Şübhəsiz ki, Məhəmmədin sərvəti az da olsa, heç bir Qureyş gənci Ona tay deyil, şərəf, fəzilət, igidlik və ağılda hamısından üstündür. Sərvət isə yox olan kölgə kimidir, əmanətdir və daimi deyil. Qardaşım oğlu Məhəmməd Xədicəni halallığa istəyir.

Ardınca Xədicənin əmisi Amr ibn Əsəd də qalxıb buna bənzər sözlər söylədi. Belə ki, Onun da atası yox idi, Ficar müharibələrində ölmüş və Xədicə də Rəsulullah kimi yetim böyümüşdü.

Sonra qoyunlar kəsildi və bir məclis quruldu. İyirmi dəvə mehrlə bir kəbin kəsildi. Zəngin və əsil-nəcabətli Xədicə artıq dünyanın ən xoşbəxt qadını idi. Təmkini nəşəsini gizlətməyə çalışsa da, sevinci yerə-göyə sığmırdı. Dost və yoldaşlarını, hətta Rəsulullahın süd anası Həliməni də dəvət etmiş, yetim böyüyən süd övladının xoşbəxtliyini onunla da bölüşmək istəmişdi. Sevinci səxavətinə kölgə salmamış və səhər yola salanda Həliməyə Hz. Məhəmmədin xətrinə qırx baş qoyun da hədiyyə etmişdi.

O gün Allah Rəsulu 25 yaşlarında idi və beləliklə, 25 illik çətin, amma hüzur dolu bir ailə həyatı başlayırdı. Bir neçə gün Əbu Talibin evində qalandan sonra yenidən Xədicənin evinə gələcək və o xoşbəxt həyat başlayacaqdı.

***

Cəhalətin qaranlığı getdikcə qatılaşırdı. Kəbənin hər tərəfi büt­lərlə dolmuşdu. İnsanlar Aləmlərin Rəbbini unutmuş, saxta və xəyali ilahlara sitayiş edirdilər. Aydındır ki, bu vəziyyət Onun pak ruhunu olduqca sıxırdı. Hüzur və səadət üçün inşa edilən yer üzünün ilk binası Kəbə o gün qəsvət mərkəzinin andırırdı. Buna görə də Allah Rəsulu o ab-havadan uzaqlaşmağa çalışsa da, heç cür Kəbədən ayrıla bilmirdi.

Uzaqlara getməyə adət etmişdi. Saatlarla yol gedib Nur dağına çatır, birlikdə səmadan gələcək nuru gözləməyə başlayırdılar. Dağın Kəbəyə baxan mağarasında oturub uzaqdan Onu doyunca tamaşa edir, bəlkə də, iman dolu, təmiz və dupduru gələcək halını təsəvvür etməklə bir az təsəlli tapırdı. İlin müəyyən vaxtlarında bu dağa gəlməyə adət etmişdi. O, Kəbəyə doğru rüku edən Hirada özünəxas ibadət edirdi.

Hər gedişi Hz. Xədicə üçün hicrana dönürdü. Allah Rəsulu Hirada hüzura qərq olsa da, Xədicənin ürəyi ağzına gəlir, başına bir şey gəlməsindən qorxurdu. Buna görə də arxasınca adam göndərir və sağ-salamat olub-olmadığını bilmək istəyirdi. Bəzən də özü gedir, illərlə gəlişini gözlədiyi müjdəyə öz əlləri ilə azuqə aparırdı.

***

Və nəhayət bir gün… Nur dağında iki Nur qovuşmuş, səma ilə yer arasında qopmaz irtibat qurulmuşdu. Cəbrail gəlmiş və Allahdan ilk vəhyləri gətirərək əlamətləri çoxdan zühur edən peyğəmbərliyi təsdiq etmişdi.

Həyəcanla evə qayıtdı və vəfalı zövcəsinə üstünü örtməyi tapşırdı. Onun gəlişini görən Xədicə rahat olmuşdu. Çünki bu gediş daha çox çəkmiş, arxasınca göndərdiyi adamlar da əliboş qayıtmışdılar. Başına bir şey gəlməsindən qorxmuşdu, amma O qayıtmış, nigarançılığı da geridə qalmışdı. Ancaq bu gəliş əvvəlkilərə oxşamırdı.

Bir müddət sonra Allah Rəsulu başına gələnləri birinci ona danışdı. Təcrübəli, mətanətli və səbirli Hz. Xədicə Allaha təvəkkül edən bir insan idi. Başqalarının əminlik, etibar gözlədiyi bir Əminin sahibsiz olmadığını yaxşı bilirdi. O da mətanətini göstərəcək və belə bir vaxtda Kainatın iftixarını tək qoymayacaqdı.

– Müjdələr olsun Sənə, ey əmim oğlu! – deyə başladı sözlərinə. Ardınca:

– Yerində sabitqədəm ol! Xədicənin nəfsi əlində olana and olsun ki, mən Sənin bu ümmətin Peyğəmbəri olduğuna ümid edirəm, – dedi.

O qədər hazır idi ki, heç tərəddüd etmədi və elə oradaca Onu və Ona gələnləri təsdiq etdi..!

– Narahat olma, – deyə sözlərinə davam etdi – Allah Səni mütləq qoruyacaq. Çünki Sən qohumlarının haqqına riayət edirsən, möhtaclara əl uzadır, ehtiyacı olanları geyindirirsən, evindən qonaq əskik olmaz, daim Haqq yolundasan və özünü xeyrə həsr etmiş bir adamsan!

Belə ki, Kainatın Sahibi ictimai həyatda başqaları üçün yaşamağı şüar edənləri daim hifz edir və inayəti ilə qoruyurdu. Əlbəttə, Allah belə bir insanı hədər etməyəcəkdi. Çünki İlahi murad da bu istiqamətdə idi. Cəmiyyətdə meydana gələcək boşluqları doldurub nöqsanları aradan qaldırmağı özünə vəzifə bilən bir insanı bu işin Sahibi heç tək qoyardı?!

Hz. Xədicə yenə Vəraqa ibn Nəvfəlin yanına getdi..! Baş verənlərə təəccüb etməmiş, mətanətini ortaya qoymuşdu. Həyat yoldaşının danışdıqlarını bir-bir Vəraqaya nəql etdi. Hər söz Vəraqanın dünyasında fırtınalar qoparırdı və artıq dözə bilməyib:

– Quddus… Quddus..! – deyə hayqırmağa başladı. Sonra əlavə etdi:

– Vəraqanın nəfsi qüdrət əlində olana and olsun ki, əgər mənə dediklərin düzdürsə, bu gələn Musa və İsaya gələn Namusu-Əkbərdir (Hz. Cəbraildir). Və şübhəsiz, O da bu ümmətin Nəbisidir. Get və bunu Ona söylə, sabitqədəm olsun.

Bəlli ki, qaranlığın qatılaşdığı bu məqamda vaxt-vədə çatmışdı, artıq Nur dağı aləmə nur saçırdı. Sanki, gecəni gündüzə çevirən məşəl yanırdı. Torpaqdakı toxum artıq çatlamış və cücərməyə başlamışdı. Gözlənilən an gəlib çatmışdı və bəşəriyyət uğursuz taleyi yeni bir dövrü salamlayırdı.

Bəşəriyyətin istiqamətini dəyişdirən bu hadisəni Onun dilindən dinləmək istəyirdi Vəraqa. Yaş fərqi itaətə mane deyildi və Vəraqa əvvəlcə Allah Rəsulunun alnından öpdü. Sonra da başına gələnləri diqqətlə dinləməyə başladı.

Bu yaşlı insan qulaq asdıqca halı dəyişir, daha da həyəcanlanırdı. Çünki illərdir, həsrətlə gözlədiyi, haqqında kitablardan oxuduğu müjdə – Allahın Rəsulu yanında dayanan şəxs idi. Allah Rəsulu sözünü qurtaranda Vəraqa axtardığını tapmış qəlbin həyəcanlı çırpıntıları ilə bu tarixi cümləni söylədi:

– Kaş mən o gün cavan olaydım, yaşayaydım, qövmün Səni yurdundan çıxardığı gün Sənə dəstək olaydım…

“Səadət əsrində doğan ilk ulduzlar” kitabından

ardı var..
Tarix :25 Avqust 2011

Cəmi 0 şərh yazılıb.

Bu məqalə haqqında şərh yazılmayıb.

Şərh yazın

E-poçt ünvanınız:

Facebookda biz!