Hökmlü kişisən, yoxsa arvadağız?

06.01.2016 | 472 dəfə baxılıb.

Gülşən universitet illərində patriarxal ailədə böyümüş bir oğ­la­na könül vermişdi. Var-dövləti, yaraşığı deyil, insanlarla mü­na­si­­­bət­lə­rində əxlaqı, xarakteri, dürüstlüyü onu cəlb etmişdi. Hətta varlı, ya­xud da kasıb olduğunu da bilmirdi. Yaraşığa gəlincə onun üçün bu gözəllik kimi izafi bir dəyər idi. Birtərəfli başlayan bu könül mü­na­sibəti aradan illər keçdikcə qarşılıqlı oldu və xoşbəxt sonluqla, yəni evliliklə nəticələndi.

Amma Gülşənə görə bir problem vardı. Ərinin işinə görə öz qa­yı­natasıgillə yaşamalı idilər. Deyə bilərsiniz: “Problem bunun­ ha­rasındadır?” Haqlısınız, problem ərinin vətənində yaşamaq deyil,­ qa­yınana və qayınata ilə eyni damın altında ömür sürmək məc­bu­riyyətində qalmaqda idi. Əslində, problem heç bunda da deyildi.­ Prob­lem atanın oğlunun gəlininə qarşı olduqca yumşaq, həlim davranmasını qəbul etməməsində idi. Başqa sözlə, onu arvadağız hesab etməsində idi. Demək ki, oğlunun sevdiyi, mədəni bir qızla evlənməsi, qayınana və qayınatası ilə eyni evdə yaşamağı qəbul edən bir həyat yoldaşına sahib olması, sanki, önəmli deyildi. Önəmli olan evdə kişinin dədə-babası kimi hökmlü, amiranə olması idi – təbii ki qayınata belə fikirləşirdi. O ki qaldı, gəlinə, o ərinə nə hörmətsizlik, nə də itaətsizlik edirdi. Atanın oğluna, həm də gəlinin qarşısında etdiyi təzyiqlər, söylədiyi sözlər, verdiyi təlimatlar artıq həyatı zəhər etməmişdi.

Bütün bunların kökündə hakimiyyət anlayışı dayanır. Bəşər tarixi boyu dövlətlər arasında baş verən müharibələrin əsas səbəbi də elə budur. İqtisadi, siyasi, hüquqi, mədəni üstünlük uğrunda aparılan, hələ də davam edən, minlərlə, milyonlarla insanın həlakı ilə nəticələnən savaşlar. Həyat yoldaşını təzyiq altında saxlamaq və ya arvaddan qorxmaq da evdə hakimiyyət uğrunda aparılan müharibənin qalib və məğlub tərəflərini ifadə edir.

Nümunə istəsəniz, zifaf gecələrinin yalanlarla dolu xatirələrinə, hekayə və nağıllarına qulaq asın. “Arvadının önündə diri pişik balasını ayaqlarının arasında ikiyə ayıran qoçaq kişi nağıllarına nə deyirsiniz? Bəs həyat yoldaşını at belində apararkən hər söz dinləməyəndə, “bu, bir, bu, iki” deyib üçüncüdə atını öldürən mənəm-mənəm de­yən kişiyə? Dost-tanışları arasında etibar qazanan, evində at oynadan hökmlü kişilərə, yaxud da söhbətlərin gülüş hədəfi olan arvadağızlara nə deyəsən?”

Bəli, bu anlayışa sahib olan kişilərdən kimisinə görə qadın bir cin­si obyekt, kimisinə görə uşaqlarını anası, yaxud da ev işlərinə görə məsuliyyət daşıyan, xidmətçidən azacıq üstün olan bir varlıqdır.

Bu yanaşma doğrudurmu? Əlbəttə ki, yox. İstər dini, istər mə­də­ni, istər bəşəri dəyərlər və istərsə də tarixi örnəklər baxımından nəzər saldıqda bu yanaşmanın doğru olmadığını açıq-aşkar görürük. Hətta rahat deyə bilərik ki, “evdə ağa mənəm” deyə orda-burda özünü öyən bir çox kişinin evində son sözü söyləyən qadındır. Buna baxmayaraq, söz yeridən və ya arvadağız kişi hekayələrinin geniş ayılması, bəlkə də, dostlar arasında əyləncə və zarafat boşluğunu doldurmaq ehtiyacından irəli gəlir.

Zənnimcə, müasir dünya həqiqətləri aspektindən bu “hökmlü” və ya “arvadağız” kişi anlayışlarına yenidən göz gəzdirmək lazımdır. Boş şeyə, insafla desək, illərdən, əsrlərdən bəri ailə və cəmiyyətdə müəyyən yer tutan anlayışlara görə istər gəlin-kürəkən, istərsə də ata-ana olaraq özümüzün və övladlarımızın xoşbəxtliyinə kölgə salan hərəkətlərdən uzaq olmalıyıq. Əks halda, nəticə göz qabağındadır..

Ailə həyatımız kibatından.

Cəmi 0 şərh yazılıb.

Bu məqalə haqqında şərh yazılmayıb.

Şərh yazın

E-poçt ünvanınız:

Facebookda biz!