Hicrət qəhrəmanı – Hz. İbrahim (ə.s.)

24.06.2013 | 2.324 dəfə baxılıb.

Həzrəti İbrahimin (ə.s.) həyatına baxdığımız zaman hicrətin onun həyatında böyük bir yer tutduğunu görürük. Buna görə də ona “hicrət insanı” demək olar. Bunun üçün Həzrəti İbrahimin (ə.s.) həyatını qısaca nəzərdən keçirməliyik ki, hekayəmizi daha yaxşı başa düşək.

Tarixçilərə görə, münəccimlər Həzrəti İbrahimin (ə.s.) doğulduğu ildə dünyaya gələn bir uşağın xalqın dinini dəyişdirəcəyini, dövrünün hökmdarı Nəmrudun səltənətinə son qoyacağını söyləyirlər. Bundan xəbər tutan Nəmrud bütün yeni doğulan oğlan uşaqlarının qətlinə fərman verir. Bu xəbəri eşidən Həzrəti İbrahimin (ə.s.) atası Azər həyat yoldaşını Kufə ilə Bəsrə arasındakı Ur şəhərinə aparıb bir mağarada gizlədir. Həzrəti İbrahim (ə.s.) bu mağarada dünyaya gələrək ölümdən xilas olur.

Göründüyü kimi, hicrət Həzrəti İbrahimin (ə.s.) həyatında hələ ana bətnində olarkən başlayır. Həzrəti İbrahim (ə.s.) peyğəmbər olandan sonra əvvəlcə atasını haqq olan dinə dəvət edir. Atası Azər büt düzəldib satır, dolanışığını bununla təmin edirdi. O, oğlunun dəvətini rədd edir. Həzrəti İbrahim (ə.s.) qövmünə illərlə Allahı təbliğ edir, ibadət etdikləri bütlərin özlərinə belə faydası olmadığını deyir. Lakin nəticə dəyişmir, qövmü Həzrəti İbrahimi (ə.s.) inkar etməkdən əl çəkmir.

Bir gün Həzrəti İbrahim (ə.s.) xalqına sitayiş etdikləri bütlərin nə qədər aciz və işə yaramaz olduğunu isbat etmək ucun bir plan hazırlayır. Bayram günü əhali şənlik üçün şəhər kənarına çıxdığı zaman Həzrəti İbrahim (ə.s.) bütxanaya girib ən böyük bütdən savayı digər bütləri balta ilə vurub sındırır. Əlindəki baltanı da böyük bütün üstündən asır. Şənlikdən dönən xalq bütlərin sındırıldığını görəndə donub qalır. Bunu kimin etdiyini düşünməyə başlayırlar. Ağıllarına yalnız İbrahim gəlir. Çünki Həzrəti İbrahimin (ə.s.) bütlərə olan münasibətini yaxşı bilirdilər.

Həzrəti İbrahimi (ə.s.) çağırıb bu işi onun edib‑etməməsini soruşurlar. Həzrəti İbrahim (ə.s.) isə:

– Bəlkə onların böyüyü bunu edib, soruşun ondan görək, –deyir.

Onlar bir an fikrə gedib öz‑özlərinə:

– Əsl zülm edən İbrahim deyil, bu aciz bütlərə ibadət edib onlara bel bağlayan biz müşriklərik, – deyirlər.

Ancaq bunu hiss etdirmədən yenə də əvvəlki düşüncələrinə qayıdıb Həzrəti İbrahimə:

– Bunların danışmadığını sən də çox yaxşı bilirsən, – deyəndə Həzrəti İbrahim (ə.s.) belə cavab verir:

– Elə isə, Allahdan başqa, sizə fayda və yaxud zərər verməyən şeylərə niyə sitayiş edirsiniz? Yazıq sizə də, Allahdan başqa o tapındıqlarınıza da! Hələ də ağıllanmayacaqsınız?

Bцtцn bunlara baxmayaraq, onlar inkar etməkdə inad göstərir, hətta bununla kifayətlənməyib Həzrəti İbrahimi (ə.s.) oda ataraq cəzalandırmağa qərar verirlər. Bu qərarın başında, əlbəttə ki, Nəmrud dayanırdı. O günə qədər heç görülməmiş miqdarda odun toplanıb ocaq qalanır. Həzrəti İbrahimi (ə.s.) alova atırlar.

Lakin Allahın:

– Ey alov! İbrahimə qarşı sərin və zərərsiz ol – əmri ilə alov İbrahimi (ə.s.) yandırmır, əksinə, Həzrəti İbrahimin (ə.s.) atıldığı yer gülüstana dönür. Alov söndükdən sonra Həzrəti İbrahimin (ə.s.) gül bağçası içində, cüzi də olsa zərər dəymədiyini görürlər. Məhz bundan sonra Həzrəti İbrahimin (ə.s.) müqəddəs köçü başlayır. Artıq o, qövmünün haqq və həqiqətə göz yumduğunu anlayır və xanımı Saranı, qohumu Həzrəti Lutu (ə.s.) və özünə iman gətirən bir necə insanı da yanına alaraq başqa diyarlara səmt alır. Həzrəti İbrahim (ə.s.) əvvəlcə Harranda, daha sonra İordaniyada bir müddət qalır, sonra Misirə gedir. Daha sonra Fələstində yaşayır. Həzrəti Saradan sonra Həzrəti Həcərlə evlənir və ondan oğlu Həzrəti İsmayıl (ə.s.) dünyaya gəlir. Bundan sonra da Həzrəti İbrahimi (ə.s.) yeni bir hicrət gözləyir. O, bu məqsədlə Məkkəyə qədər gəlib çıxır.

HEKAYƏDƏN ÇIXAN NƏTİCƏ

1. İnsanın məqsədindən xaric başqa bir söz ifadə etməsi “məqsədi aşan söz” adlanır. Bu bir mənada büdrəmək deməkdir.Məqsədi aşan söz bir paraqrafın, bir cümlənin və ya cümlə qədər məna ifadə edən bir sözün deyilməsidir. Bunların qəsdən olanına və məqsədini bir qayədən ötrü gizlədərək ifadə etməsinə də “təvriyə“ və ya “tariz” deyilir. Həzrəti İbrahimin (ə.s.) bütləri qırdıqdan sonra qövmünə bütlərin ən böyüyünü göstərərək, ”Bəlkə, onların böyüyü bunu etmişdir.” (“Ənbiya”, 21/63) ifadəsi bir tərizdir. Bu ifadə ”Onu böyükləri edib” mənasına gəldiyi kimi, “O elədi, böyükləri də bax, budur” mənasında da başa düşülə bilər. Bundan da belə bir nəticə çıxır ki, Həzrəti İbrahimin (ə.s.) vəziyyətinə oxşar vəziyyətə düşən möminlər yeri gələndə tərizli üslubdan istifadə edə bilərlər.

2. Hicrət hər müqəddəs qayənin çox önəmli bir əsasıdır. Demək olar ki, hicrət etməyən böyük qayəli məfkurə insanı yoxdur. Bu günə qədər ali məfkurəli insanlar məqsədləri uğrunda vətənlərini tərk etmiş və başqa yerlərə hicrət etmişdir. Hicrətin Allahın əmri olaraq yerinə yetirilməsi onun ən bərəkətli və əsas tərəfidir. Çünki hicrət edən şəxsin irəlidə edəcəyi bir çox xidmətin sonunda alacağı yaxşı nəticələr var ki, hicrət bu yönü ilə də çox əhəmiyyətlidir.

3. Həzrəti İbrahimin həyatının hər mərhələsində bugünkü müsəlmanlar üçün çox böyük ibrətlər vardır. Bunun üçün İbrahim Cananın “Həzrəti İbrahimdən mesajlar” kitabından faydalanmaq olar.

“Gül ətirli hekayələr” kitabından

Tarix :16 Aprel 2011

Cəmi 0 şərh yazılıb.

Bu məqalə haqqında şərh yazılmayıb.

Şərh yazın

E-poçt ünvanınız:

Facebookda biz!