Həyat evə doğru bir səfərdir.

22.04.2016 | 340 dəfə baxılıb.

 

Yəqin ki, hamımız atlı fırlanqaca minmişik. Atların belində da­i­­rəvi bir yerdə dön ki, dönəsən. Bir saat da dönsəniz, min saat da dön­səniz, heç bir məsafə qət edə bilməzsiniz.

Uzun illər əvvəl toyda bir əhvalat eşitmişdim. Beş ildir, ailə həyatı qurmuş  kişiyə: “Evdə kim daha çox danışır?” – deyə sual verirlər. Yəni evdə hakimiyyət kimin əlindədir. Sualda bunu qəsd etsələr də, kişinin diqqətini danışmaq kəlməsi cəlb etmişdi. Ona görə də sualı bu şəkildə cavablandırdı: “Nişanlı  olanda mən danışırdım, o dinləyirdi. Evliliyimizin ilk bir neçə ili o danışdı, mən dinlədim. İndi isə ikimiz də danışırıq, qonşular dinləyir!”

Bir-birindən qopuq olan bu iki xüsusu başqa bir xüsusla­ bir­ləş­dirmək üçün qələmə aldım. Bu yaxınlarda dərddən yanıb-yaxılan bir şəxslə qarşılaşdım. Mövzu, təbii ki, ailədaxili münaqişələrdir. Ancaq səbəbləri o qədər bəsitdir ki! Bunu özləri də anlayırlar və hər dəfə də müəyyən razılığa gəlib məsələni həll edirlər. “Həll edirlərmiş” desəm, daha doğru olar. Çünki razılığa gəldikdən çox yox, bir neçə gün sonra mübahisələr yenidən başlanğıc vəziyyətə qayıdır. Bu dəfə başqa bir səbəb, ardınca da yenə razılığa gəlmək və “sülh” dövrü. Qəribədir ki, yaxın qohumların bir çoxunun bundan xəbəri varmış.

Bu cütlüyün vəziyyəti yuxarıda verdiyimiz örnəklə lap üst-üstə düşür. Bir tərəfdən atlı fırlanqac kimi hərlənib-fırlanıb heç bir məsafə qət etmədən eyni nöqtəyə gəlirlər, digər tərəfdən də cümlə aləm bundan xəbərdardır. Yəni “onlar danışır, başqaları dinləyir”.

Fikrimcə, ər-arvad arasındakı münasibətləri bu səviyyəyə çatdıran bir çox səbəblər var: əvvəla, ər və arvad bir-birini dinləmədən da­nışırlar. İkincisi, dinləsələr də, anlamırlar. Üçüncüsü, anlasalar da, verdikləri qərarı yerinə yetirmirlər. Dördüncüsü, lazım olan addımı atsalar da, bunu uzun müddət davam etdirmirlər. Beşincisi, bu cür səs-küylü həyat tərzini mənimsədikləri üçün ondan əl çəkə bilmirlər. Sanki, bədbəxtlikdən zövq alırlar. Altıncısı… yeddincisi… hələ bir çox maddə sıralamaq olar.

İslami perspektivdən bəzi məqamları xatırlatmaq yerinə düşər: nikah həm razılaşma, həm də bir ibadətdir. Nikahın hansı cəhətinin üstün olması barədə İslam alimlərinin səhifələrlə araşdırmaları, fikirləri var. Bu müzakirələrin heç birində onun ibadət yönü rədd edilməmiş, sadəcə hansının üstün olması barədə fərqli mülahizələr irəli sürülmüşdür.

Nikah da bir ibadətdir. Ona görə də ailə quranlar ailə həyatını ibadət ciddiyyəti ilə tənzimləməlidirlər. Bu məsələyə namaz qılmaq kimi, həcdə təvaf etmək kimi həssas yanaşmalıdırlar. Namazda və ya həcdə hansı niyyətlə ibadət edirlərsə, ailə həyatını da həmin niyyətlə yaşamalı və yaşamağa cəhd göstərməlidirlər. İnanıram ki, bu ciddiyyət insana nafilə ibadət savabı qazandırmaqla yanaşı, ehtimal olunan problemlərin qarşısını almaqda, və ya mövcud problemlərin həllində mühüm rol oynayacaq.

Eyni zamanda burada “əmanət şüuru” də çox önəmlidir. Yəni ər və arvad bir-birinə Peyğəmbərimizin (sallalahu əleyhi və səlləm) buyuru­ğu ilə “Allahın əmanəti” kimi baxması, baxa bilməsi. Çünki İslam inancı və şüuruna sahib olan bir müsəlmanın həyatında əmanət anlayışı əhəmiyyətli yer tutur. Müsəlman ona əmanət edilən maddi-mənəvi heç nəyə xəyanət etməz. Onu canı bahasına qoruyar, qorumağa çalışar. Bizim keçmişimizdə əmanəti qorumaqla bağlı nə qədər ibrətamiz hadisələr vardır. Əmanətə sədaqət yolunda nə qədər can verilmiş, qan, tər tökülmüşdür.

Madam ki canı bahasına da olsa, əmanətə riayət etmək, sahib çıxmaq anlayışının kökü dindən, tarixi miras və mədəniyyətimizdən qaynaqlanır, o halda bu anlayışın ər və arvad münasibətin təməl prinsip olaraq qəbul edilməsi çox problemləri həll edər. Daha açıq şəkildə desək, qadın həyat yoldaşı haqqında: “Ərim Allahın nikah vasitəsilə mənə hədiyyə etdiyi bir əmanətidir. Ona sahib çıxmalı, onu son nəfəsimə qədər qorumalıyam,” – desə, bu cür düşünsə, eyni şəkildə kişi də: “Arvadım, Allah-Təalanın bəxtimə yazıb mənə həvalə etdiyi bir əmanətidir. Əlinin, Vəlinin mənə əmanət etdiyi malı qoruduğum halda, Allahın əmanətini qorumasam, ona xəyanət etsəm, Qiyamət günündə nə cavab verərəm?” – desə və bu düşüncəni davranışları ilə göstərsə, problem bir yana, evlərimiz cənnət bağçasına çevrilər.

Nə deyirsiniz? Sadəcə bu iki prizmadan, yəni evliliyimizə iba­dət­­ və əmanət şüuru prizmasından yenidən baxsaq, atlı fırlanqaca min­məkdən və ya qonşulara dedi-qodu üçün əsas verməkdən daha yaxşı olacağına inanıram!

Həm də unutmayaq ki, “Həyat bütün hallarda evə doğru bir sə­fərdir”. Dünyadakı bu son dayanacağı bir cənnət bağçasına çe­vir­mək isə ər və arvadın iradəsindən asılıdır.

Həyat Dərsləri kitabından.

Cəmi 0 şərh yazılıb.

Bu məqalə haqqında şərh yazılmayıb.

Şərh yazın

E-poçt ünvanınız:

Facebookda biz!