“Hər şeyi Allah yaratdı, (haşa) bəs Allahı kim yaratdı?”

16.12.2015 | 310 dəfə baxılıb.

esmaul-husna_8304947-3403_1280x720

İslam alimləri saf düşüncələri bulandırmaq (qarışdırmaq) məq­­­sədilə qəsdən ortaya atılmış bu suala çox ağlabatan və mən­tiq­li ca­vablar vermişlər. Onların bu cavablarına əsaslanaraq bir neçə məqamı mümkün qədər qısa və aydın şəkildə təqdim et­mə­yə çalışaq:

Birincisi, hər şeydən əvvəl bu sual bir müsəlman üçün cəfəng  və mənasız sualdır. Çünki biz bilirik və inanırıq ki, Allah doğmamış, doğulmamış, şəriksiz, bənzərsiz, əzəli və əbədi bir varlıqdır. Onun varlığının başlanğıcı və sonu yoxdur, O, əzəli və əbədidir.

Hər şey var olmaq və mövcudluğunu qoruyub saxlamaq üçün Ona möhtacdır, lakin Onun varlığı Özündəndir. Onun heç bir şeyə ehtiyacı yoxdur. “Kim yaratdı?” sualı ancaq yaradılan haqda verilə bilər. Allah haqda belə bir sual soruşmaq olmaz.

İkincisi, bu sualın məzmununda kəskin təzad var. Çünki Allah həm yaradan, həm də – haşa – yaradılan (həm Xaliq, həm məxluq) kimi göstərilir. Halbuki bir varlıq eyni anda həm yaradan, həm də yaradılan ola bilməz. Əslində, yaranmaq üçün başqasına möhtac olan varlıq Allah ola bilməz.

Üçüncüsü, Yaradanla yaradılan eyni xüsusiyyətləri daşıya bil­məz. Məsələn: bir gülün var olması üçün bir toxuma, torpağa, havaya, su və günəşə ehtiyac vardır. Bunlar bir gülün yaradılması üçün vacib səbəblərdir. Haşa, Allah nə səbəbdir, nə də nəticə, əksinə, səbəbləri də, nəticələri də yaradan Odur. Dolayısilə, məx­luqda (yaradılmış varlıqlarda) olan xüsusiyyətləri Allahda (Yaradanda) axtarmaq əbəsdir.

Dördüncüsü, burada “Səbəblər sonsuza qədər zəncirvari şə­kildə uzanacaq” düşüncəsi var ki, bu da yanlışdır. Səbəblər əvvəl-axır bir yerdə qurtarır. Məsələn: sənin dünyaya gəlməyinə səbəb (vəsilə) ana və atandır. Onların da dünyaya gəlməsinə səbəb öz ata-anasıdır. Bunu belə axıradək davam etdirsək, Həzrəti Adəm və Həzrəti Həvvada dayanacaq. “Onların ata və anası kimdir?” – desək, çıxılmaz vəziyyətə düşərik. Bəli, orada səbəblər bitir. Bircə çıxış yolu var: bir möcüzə əsəri (nümunəsi) Həzrəti İsa istisna olmaqla, hər uşaq bir ana və bir atadan dünyaya gəlmişdir, ancaq bütün bəşəriyyətin atası olan Həzrəti Adəmi və Həzrəti Həvvanı Allah yoxdan var etmişdir.

Bunu daha sadə misalla da izah edə bilərik. Qatarın ən sonuncu vaqonunu ondan əvvəlki vaqon, onu da özündən əvvəlki çəkir. Nəhayət, bütün vaqonların birləşdiyi ən başdakı vaqonu da lokomotiv çəkir. “Lokomotivi nə çəkir?” – deyə sual verilmir. Çünki lokomotivin gücü, hərəkət qabiliyyəti öz içindədir. Məhz bütün səbəblər də ən sonda gücü özündən olan  və hər şeyə yetən Uca Allaha söykənir. Ondan o tərəfə yoxdur.

Beşincisi, bu sual Peyğəmbərimizin peyğəmbərliyini bir daha isbat edir. Çünki Əbu Hureyrənin (radiyallahu anh) rəvayət etdiyi­ bir hədisi-şərifdə Peyğəmbərimiz on dörd əsr əvvəl, sanki, bu gün­lə­ri görərək bu sualın soruşulacağını xəbər verir: “İnsanlar bir-birinə sual verməkdə davam edəcəklər. Hətta bunu da soruşacaqlar: “Məxluqatı Allah yaratdı, bəs Allahı kim yaratdı?” Kim belə bir sualla rastlaşarsa, dərhal: “Mən Allaha iman etdim”, – desin”. (Müslim, İman, 2/4) Yekun olaraq, Peyğəmbərimizin bu hədisi-şərifindəki tövsiyəsinə əməl edək və imanımızı bir daha yeniləyərək yazımızı yekunlaşdıraq:

“Əşhədu ənlə ilahə illəllah və əşhədu ənnə Muhəmmədən abduhu və rasuluh” (Mən Allahdan başqa heç bir ilah olmadığına,­ Məhəmmədin də Onun qulu və rəsulu olduğuna inanır və şəha­dət gətirirəm.)

Rəbbimiz imanımızı qəlbimizdə yaxşıca yerləşdirsin və otu­ruş­dursun. Beləcə bizləri nəfs və şeytandan gələn hər cür şüb­hələrdən hifz etsin.

Cəmi 0 şərh yazılıb.

Bu məqalə haqqında şərh yazılmayıb.

Şərh yazın

E-poçt ünvanınız:

Facebookda biz!