Həs kəs öz sahəsinin tarixinə töhfə verməlidir

21.06.2013 | 1.584 dəfə baxılıb.

Qvami Məhəbbətoğlu

“Zaman” qəzeti

Yəqin ki, xatırlayırsınız. Bir müddət öncə qəzetimizin – “Zaman Azərbaycan”ın səhifələrində Türk dünyasının tarixində iz qoymuş şəxsiyyətlər barədə materiallar dərc olunmuşdu. Qafqaz Universitetinin hüquq fakültəsinin dekanı, siyasi elmlər namizədi Rəha Yılmazın təqdim etdiyi və qəzetimizin müxbiri Əziz Mustafa tərəfindən dilimizə uyğunlaşdırılan həmin silsilə yazıları oxucularımız maraqla qarşılamışdılar. Bu günlərdə Rəha Yılmaz həmin materialları kitab halına gətirməklə oxucu marağının onun üçün böyük önəm kəsb etdiyini bariz şəkildə ortaya qoyub. “Xəzər” nəşriyyatında çap olunmuş “Tariximizdə iz qoyanlar” adlı həmin kitabda türk dünyası tarixində iz qoymuş 14 şəxsiyyətin (Mete xan, Bilgə xaqan, Əbu Reyhan Biruni, Abdulkərim Satuk Buğra xan, Yusif Xas Hacib, Mahmud Kaşğarlı, Sultan Mahmud Qəznəvi, Alparslan, Nizamülmülk, Əcəmi Naxçıvani, Nəsrəddin Tusi, Şəms Təbirzi, Mövlanə Cəlaləddin Rumi, Molla Nəsrəddin) həyat və fəaliyyətləri barədə ətraflı məlumatlar verilib. Müəllif həmin şəxsiyyətlərin hər birinə aid indiyədək çap olunmuş müxtəlif ədəbiyyatdan səmərəli şəkildə faydalanmaqla yanaşı, özünün gəldiyi nəticələrlə həmin materiallara bir şirinlik gətirməyə müvəffəq olub. Bu mənada “Tariximizdə iz qoyanlar” kitabının yaşından asılı olmayaraq, hər kəs üçün maraqlı olacağını demək olar. Onu da qeyd edək ki, həmin şəxsiyyətlər haqqında belə geniş materialallar Azərbaycan oxucusuna ilk dəfə geniş şəkildə çatdırılır. Xatırladaq ki, bu, Rəha Yılmazın işıq üzü görmüş beşinci kitabıdır. Müəllif bizimlə söhbətində bu kitabında XV əsrə qədər tariximizdə iz qoyanlara yer ayırdığını dedi: “Daha 3 belə kitab ərsəyə gətirmək niyyətindəyəm. Həmin kitablarda bu günümüzə qədər tariximizdə önəmli rol oynamış hər bir şəxs barədə müxtəlif mənbələrə, eləcə də öz araşdırmalarıma əsasən, geniş oxucu kütləsi üçün maraq doğuran məlumatlar verməyə çalışacağam”. O, özünün tarixə olan marağını isə belə izah etdi: “Bütün bunların araşdırılmasını yalnız tarixçilərdən gözləmək doğru deyil. Mənə elə gəlir ki, hər kəs öz sahəsinin tarixi ilə maraqlanmalı və imkanı daxilində tariximizə öz töhfəsini verməlidir”. “Bəs həmin şəxsiyyətlərdən hansı haqqında roman, povest qələmə almaq niyyətindəsiniz?” sualımızı isə Rəha Yılmaz belə cavablandırdı: “Sözün düzü, bədii əsər yazmaq barədə düşünmürəm. Amma mənə belə gəlir ki, şair və yazıçılarımız bu topladığım faktlardan istifadə edərək tarixi romanlar, dram əsərləri ortaya qoya bilərlər”.

Tarix :8 Noyabr 2010

Cəmi 0 şərh yazılıb.

Bu məqalə haqqında şərh yazılmayıb.

Şərh yazın

E-poçt ünvanınız:

Facebookda biz!