Gəlin-qayınana

01.01.2016 | 284 dəfə baxılıb.

Elə bir ata-ana yoxdur ki, övladının xoşbəxtliyini istəməsin. İnan­mıram ki, Yer üzündə kimsə bunun əksinə fikir söyləsin. “İstisna­lar yoxdurmu?” soruşsanız, “bəlkə də” cavabını verərəm. Bəlkə də, var­dır, amma o istisnalarda, yəni övladının xoşbəxt ailə qurmasını istə­məyən valideynlərdə ‒ mən şəxsən ‒ insan kimi bir problem olduğunu düşünürəm.

Yaxşı, gəlin-qayınana münasibətləri kəskin olan toplumla­rın ön­ sıralarında gəlirik, desəm, nə deyirsiniz? Qəbul edib-et­mə­mək­də­ sərbəstsiniz, ancaq bu da bir həqiqətdir. Bu problem patriar­xal (atanın hökmran olduğu) ailə ənənəsinə sahib cəmiyyətlərin ək­sə­riy­yətində vardır, amma nədənsə bizdə bir az daha artıqdır. Bu mövzuda çəkilmiş neçə-neçə kinolarımızı, bayatı və mahnılarımızı xatırlayın. Gənc qızlarımızın şüuraltı fikirlərini hələ bir qurdalayın, evlilik xəyallarından söhbət edin, “oğlan yaraşıqlıdır, amma anası ilə birlikdə istəmirəm” dediklərini eşidəcəksiniz. Nə üçün? Bunun səbəblərini təhlil etmək istəmirəm, ancaq bir neçə əsas amili saya bilərəm; patriarxal ailədən az tərkibli ailəyə keçid, telekommunikasiya vasitələrinin başgicəlləndirən inkişafı ilə mədəni deformasiya, bir vaxtlar həyatımızın yeganə istiqamətvericisi olan dinin və onun ali dəyərlərinin həyatımızdan silinməyə başlanması, dünya və axirət həyatına baxışımızın dəyişməsi və s.

İndi əvvələ qayıdaq. Bir; Allah-Təala Quranda belə bəyan edir: “Rəbbin yalnız Ona ibadət etməyi və valideynlərə yaxşılıq etməyi (onlara yaxşı baxıb gözəl davranmağı) buyurmuşdur. Əgər onların biri və ya hər ikisi sənin yanında (yaşayıb) qocalığın ən düşkün çağına yetərsə, onlara: “Uf!” belə demə, üstlərinə qışqırıb acı söz söyləmə. Onlarla xoş danış!” (“İsra” surəsi, 17/23). “Biz insana ata-anası ilə yaxşı davranmağı tövsiyə etdik”. (“Loğman” surəsi, 31/14).

Bu iki ayə Allahın sözü, əmri və qadağasıdır. Bir müsəlmanın Allahın bu əmrinə rəğmən, başqa cür hərəkət etməsi düşünülə bilməz və düşünülməməlidir. Qadınlı, kişili hamımız ana-atamıza hörmət etməyə Allahın əmri ilə məcbur və mükəlləfik. Heç kəs həyat yoldaşının bu çərçivədə fədakarlıq etməsini, yəni ata-anasından keçməsini gözləməməlidir. Həyat yoldaşı xatirinə valideyndən imtina fədakarlıq deyil, Allaha üsyandır. Elə isə ər və ya arvad “Ananı dəftərdən sil, bir daha onunla danışmayacaqsan, hələ bu evə bir addımını atsın, gör nə olur!” kimi ifadələri işlətməməli və həyat yoldaşından da belə bir münasibət gözləməməlidir. Unutmayaq ki, əsas prinsip budur: “Allaha üsyan olan yerdə, məxluqata ‒ bu peyğəmbər də olsa, ‒ itaət edilmir” (Acluni, “Keşfül-Hafa” II/491) deyir.

O zaman sual verə bilərsiniz ki, qayınana və qayınata ana və ata kimidir ki, bu qədər qəti və konkret danışılır? Sualı bu yöndə də dəyişdirmək olar. Dinə görə gəlin və ya kürəkən qayınana və qayınatası ilə öz ana-atası kimi davranmaq məcburiyyətindədir?

Məsələyə fiqhi səviyyədə fərqli yanaşmalar olsa da, əxlaqi mövqe­dən bu suala heç şübhəsiz, “bəli” cavabını verə bilərəm. Hər şeydən öncə xatırladaq ki, bizim dilimizdə “qayın” kimi işlənən sözün ərəbcədə əsli “qaim” dir. Mənası isə “bir yerdə oturan” deməkdir. Bu mənada, “qayınata” deyəndə ata, ata ilə yer dəyişmiş, ata məqamına oturmuş mənalarını verir. Qayınana da bunun kimi…

Digər tərəfdən, İslamın təməl prinsiplərinə görə, İslami dəyər­lə­rə zidd olmayan, Quranın ruhuna və Sünnəyə uyğun davranış tər­zi müsəlmanlar üçün əsasdır. Böyük-kiçik, müsəlman və qeyri-müsəlman bütün insanlarla mərhəmət, şəfqət və ədalətlə rəftarı əmr edən bir din qayınana və qayınata kimi yaxın qohumlara hörmət göstərməməyi əmr edə bilərmi?

Daha sözü uzatmağa ehtiyac yoxdur. Ailədə tərəflər bir-birinin ata-analarını doğma valideyn kimi qəbul etməyə, onlara hörmət etməyə, onların qayğısına qalmağa borcludurlar. Bu, insani, əxlaqi mahiyyət daşımaqdan savayı, övladlar üçün dini vacibatdır. Axirətdə cəza və ya mükafata səbəb olan məsuliyyətdir.

Tez-tez qarşılaşdığımız bir suala cavab verməklə bu yazını yekunlaşdımı gəlin-qayınana münasibətini başqa yazıya saxlamaq istəyirəm. Ər-arvad bir-birinin valideynlərinə “ana”, “ata” deyə bilərmi?

Bilmirəm, bu məsələnin dini tərəfi olmadığını söyləsəm, mənə nə deyərsiniz? Bu, tamamilə adətlərə aid məsələdir. Məsələn, ərəb adət­lərində insanlar valideynlərinə məxsus bir şeyi danışarkən onları­ ad­ları ilə xatırlayırlar. Hədis kitablarında “Ömər belə dedi” deyən şəx­sən Hz. Ömərin oğlu İbn Ömərdir (radiyallahu anh). Amma biz­də belə adət yoxdur və  hörmətsizlik sayılır.

Əgər məsələyə milli adətlərimiz çərçivəsindən baxsaq, insanın­ öz qayınatasına “ata”, qayınanasına “ana” deməsi sayğı, hörmət, ehti­ram əlamətidir. Bu müraciətlə nə gəlin-kürəkən onları doğma ana-ata­sı, nə də qayınana və qayınata həqiqi oğlu-qızı kimi görür və qə­bul edir. Əgər ər-arvad bunu bir-birindən umursa və bu hal ailə mü­na­si­bət­lərinin möhkəm zəmində davam etməsini təmin edəcəksə, belə mü­raciətdə bir yanlışlıq görmürəm.

Məncə, bunu hər iki tərəf də həddindən artıq böyütməməlidir, hət­ta evlilikdən əvvəl və ya başlanğıcda qayınana və qayınatalar əgər istəsələr, gəlin və kürəkənlərinə onlara necə müraciət etməyi açıq şəkildə, şirin dillə deyə bilərlər.

Ailə həyatımız kitabından.

Cəmi 0 şərh yazılıb.

Bu məqalə haqqında şərh yazılmayıb.

Şərh yazın

E-poçt ünvanınız:

Facebookda biz!