Fars torpaqlarında təşviş

24.06.2013 | 1.336 dəfə baxılıb.

O dövrün iki böyük dövlətindən biri olan Farsdan (Sasani) gələn xəbərlər də diqqətçəkən idi. Kisra saraylarının yerləşdiyi bölgə şiddətlə silkələnmiş və bu sarayın möhkəmlikdə misli-bərabəri olmayan və dözümlülüyü ilə fəxr edilən on dörd eyvanı yerlə-yeksan olmuşdu. Müqəddəs sayılan Savə gölünün suyu bir gecədə çəkilmiş və göl tamamilə qurumuşdu. Fars imperatoru da yuxusunda ərəb atlarının kök və güclü dəvələri arxasına salıb Dəclə çayını keçdiyini görmüş, oradan da ölkəsinin hər tərəfinə yayılmasına “şahid olmuşdu”.

Səhəri qorxu və təlaş içində açan hökmdar tacını qoyar-qoymaz gördüklərini vəzirlərinə danışır və yuxunun bir məna ifadə etdiyini bildirərək bunları bilən bir adam tapılmasını əmr edir. Elə bu vaxt İstahrabad adlı yerdə min ildir fasiləsiz (dayanmadan) yanan və insanların ətrafına pərvanə kimi dolanıb sitayiş etdiyi odun sönüb tarixə gömülməsi xəbəri gəlir. Hökmdar yanındakı birinci adama tərəf çevrilib bütün bunların nə məna ifadə etdiyini soruşur. Müdrik vəzir:

− Bütün bunlar ərəblərin yaşadığı yerdə böyük bir hadisə olduğunu göstərir, − deyir.

Bəli, böyük bir hadisənin baş verəcəyi artıq məlum idi, amma bunun nədən ibarət olduğu hələ bilinmirdi. Vaxt itirmədən Hirə valisi Numan ibn Münzirə xəbər göndərərək həm məsələni araşdırmağını, həm də bütün bunların mənasından vaqif bir adam tapıb onun yanına gətirməyini istəyir. Vəziyyətin nəzakətini və ciddiliyini dərk edən vali başqa bir müdriklə məşhur kahin Satihin bacısı oğlu Abdulməsihi dayısının (yəni Satihin) yanına göndərmiş və məlum hadisələrin şərhini öyrənməyi tapşırmışdı.

Nəhayət, Abdulməsih dayısı Satihin yanına gəlib baş verənləri bir-bir danışır. Satihin ayaq üstə dayanmağa taqəti qalmamışdı. Artıq çox qocalmış və son günlərini yaşayırdı. Buna görə də Abdulməsih bütün bunların mənasını dərhal öyrənmək istəyirdi. Baş verən hadisələrə qulaq asandan sonra qəfil ciddiləşən və özünü toplayan Satih bunları söyləyir:

− Ey Abdulməsih! Böyük əsanın sahibi göndərildi, artıq ilahi vəhy hökmünü icra edəcək. Səma və vadisi daşıb Savə gölü quruduğuna və farsların da sönməyən odu söndüyünə görə Ərəbistan yarımadasında artıq Satihə də yer yoxdur. Mütləq Hakim olan Allah belə murad buyurdu və risalətlə peyğəmbərlik ipinin iki ucu, beləliklə, düyünlənmiş oldu. Bundan sonra bu yerlərə çökən eyvanların sayı qədər hökmdar hakim olacaqdır. İnan, bunların hamısı da olacaq.[1]

Bu cümlələr Satihin son sözləri olmuşdu. Sanki, uzun illər bu sözləri demək üçün zamana müqavimət göstərmişdi. İndi də vəzifəsini yerinə yetirmənin rahatlığı içində dünyaya “əlvida” deyirdi.

“KÖNÜL TAXTIMIZIN BƏNZƏRSİZ SULTANI PEYĞƏMBƏRİMİZ sallallahu əleyhi və səlləm” kitabından

[1]. Taberi, Tarih, 2/131, 132. Həqiqətən də, tarix bu süquta və tənəzzülə şahid olacaq, 67 il sonra Hz. Osmanın (radıyallahu anh) xəlifəliyı dövründə on dörd məlikin idarə etdiyi Sasanilər Qadisiyyə döyüşü ilə İslam hakimiyyətinə təslim olacaqdı.

Tarix :13 Dekabr 2010

Cəmi 0 şərh yazılıb.

Bu məqalə haqqında şərh yazılmayıb.

Şərh yazın

E-poçt ünvanınız:

Facebookda biz!