Etibar

02.01.2016 | 266 dəfə baxılıb.

İşlə bağlı yemək ziyafəti vardı, evə ancq gecə yarısı gələ biləcəkdi. Günorta zəng edib həyat yoldaşını xəbərdar etsə də, gecə evə qayıdanda bir fırtına qopdu ki, gəl görəsən! Səbəbi də belə ziyafətlərin tez-tez olması idi. Amma həyat yoldaşı iddia edirdi ki, əri bu görüşləri bəhanə edərək başqa işlərlə məşğuldur: söhbət xəyanətdən gedir.

Başqa bir örnək də qarşı tərəfdən. Qadın ərinin uzun zamandır, göbələk xörəyi yemədiyini xatırlayıb göbələkdən gözəl bir yemək hazırladı. Və ərinin evə gəliş saatını gözləməyə başladı. Sevinəcəyini, məmnun olacağını, təşəkkür edəcəyini düşünürdü həmişəki kimi. Onun məmnun və razı qalması üçün bu qədər zəhmətə qatlanmağa dəyərdi. Amma sən saydığını say…  Evə hirsli gələn əri onun bütün ümidini alt-üst etdi. Səbəb isə günorta telefonun fasiləsiz məşğul olması… Əri deyir ki, bu, neçənci dəfə imiş. Arvadı ona xəyanət edir, zəng etdiyi nömrəni öyrənəndə belə gülməyəcək.

Əslində, bu nümunələrə baxanda diqqəti bircə məqam cəlb edir: tərəflərin bir-birinə inamsızlığı. Amma digər vacib məqam isə bu inamsızlığın xəyanət haqqında olmasıdır. Halbuki bu cür narahat­lıqlara bir məna vermək olduqca çətindir. Üstəlik söhbət İslam ailəsindən gedirsə. Çünki dini dəyərlərimizə görə, zinanı bütün növləri haramdır. Həm ayələrdə, həm də hədislərdə əksini tapan böyük günahlardan biridir. Dəlilsiz-sübutsuz bir Müsəlmanın zina etdiyini düşünmək öz-özlüyündə haramdır ‒ sui-zəndir. Bu, birincisi.

İkincisi, şəxsən mən cinsi münasibətlərin evlilik həyatının kiçik­ bir hissəsini təşkil etdiyini düşünürəm. Hesab edirəm ki, hər kəs bu məsələyə fərqli yöndən baxsa da, fərqli kateqoriyalarla yanaşsa da, nəticə çox da dəyişməyəcək. Evli cütləri bir-birinə bağlayan ali dəyərlər olmalıdır. Elə şəhvaniliyi əsas götürən ailələrin boşanma ilə nəticələnməsi və ya daim mübahisəli, söz-söhbətli olması bunun göstəricisi deyilmi? Xüsusilə, Qərb dünyasında müşahidə edilən bu mənzərə İslam ailələrinə də təsir etməyə başlamışsa, ailənin vacibliyi və məqsədlərini İslami kriteriyalar fonunda yenidən oturub düşünməyin vaxtı çatmışdır demək.

Sözün elə bu yerində mövzunu bir sualla bir qədər izah etməyimi istəsəniz, “Allah Rəsulunun (sallallahu əleyhi və səlləm) həyat yoldaşı seçməkdə dindarlıq meyarını əsas götürməyi tövsiyə etməsi bizim üçün vacib ölçü deyildirmi? Doğrudur, gözəlliklə şəhvaniliyi bir-birinə qarışdırmamaq lazımdır. Bu iki şeyin eyniliyini də iddia etmirəm, amma nəzərdən qaçırmayaq ki, bunlar bir-birini tamamlayan ünsürlərdir.

Üçüncüsü, qısqanclıq haqqında. Ər-arvadın bir-birini qısqanması qədər təbii, gözəl və doğru bir şey göstərmək mümkün deyildir. Bu, İslami xüsusiyyətdir, olmaması tənqidə layiqdir. Sad ibn Ubadə danışdığı qısqanclıq hadisəsi səhabənin təəccübünə səbəb olmuş, bunu görən Rəsulullah (sallallahu əleyhi və səlləm) isə belə buyurmuşdur: “Sadın qısqanclığına heyrət edirsiniz? Allaha and olsun ki, mən ondan da qısqancam. Allah isə məndən daha qısqancdır. Onun qısqanclığı müsəlmanın haram olan bir şeyi etməsi ilə bağlıdır ”. (Buhari “Nikah” 107, Müslim “Tevbe” 36).

Bununla yanaşı, hər məsələdə olduğu kimi, bu mövzuda da həddi və istiqaməti qorumaq şərtdir. İstiqamətsiz, yerli-yersiz qısqanclıqlar ailədə bitib-tükənməyən problemlərin mənbəyidir. Onun üçün yuxarıda örnəyini verdiyimiz dialoqlardan, mübahisələrdən uzaq olmaq lazımdır.

Digər tərəfdən, xüsusilə, kişilərə ikinci­ ev­­lilik söhbətləri məsə­lə­sində diqqətli olma­ğı­ məsləhət görərdim. Çünki qadınların “gü­nü”yə münasibəti göz qabağındadır. Bu, qadın tə­biətindən qaynaqlanan xüsusiyyətdir, qarşısını almaq da mümkün deyildir. Hər şeydən əvvəl kişilər bunu qəbul etməli, hər zaman nəzərə almalıdırlar. İkievliliyi bir kənara qoyun, İslamdan əvvəl və İslam dinin nazil olduğu ilk dövrdə çoxarvadlılığın geniş yayıldığı bir mədəniyyətə mənsub qadınlarda belə bu hal özünü göstərir. Allah Rəsulunun (sallallahu əleyhi və səlləm) xanımlarının bir-biri ilə olan münasibətlərində belə bunu görürüksə, geriyə nə qalır? Məncə, kişilər bunu qadın fitrətinə xas bəşəri bir duyğu kimi görməli, bunun zarafatını belə etməməlidirlər.

Qadınlara gəlincə cəmiyyətdə mövcud olan ikinci evlilik örnək­lə­rindən təsirlənərək ailə yuvalarını cəhənnəmə çevirməsinlər. Bəli, bu tip evliliklər – onların xoşuna gəlməsə də – hər zaman mövcud ola bi­lər. Amma bu, o demək deyil ki, bir gün onun da başına gələcək? Xəyallar, fərziyyələr əsasında hökm vermək İslami prinsiplərə zid­dir. Elə isə qadınlar ağıllı davranmalı və  münasibətlərini elə tən­zim­ləməlidirlər ki, ər belə axtarışlara sövq olunmasın.

Bu məsələdə son nöqtə dost-tanışın həssaslığıdır. Nə demək istədiyimi olmuş bir hadisə ilə açıqlayım:

Qadın ərinə zəng edir. Əri həm Ankarada, həm də İstanbulda iş­lə­yən, mərkəzi ofis Ankarada yerləşsə də, həftənin üç gününü İstanbulda keçirən, işləri başından aşan iş adamıdır. Ona gələn zəngə iş yoldaşı cavab verir, görə qadın həyat yoldaşını çağırmağı xahiş edir. Onun “Zəng edən kimdir?” sualına da “həyat yoldaşıyam” cavabını­ ve­rir. Xanım bir az sonra verilən cavabla sarsılacağını hələ bilmir. Çünki ərinin iş yoldaşı zarafat edir: “Üzr istəyirəm, hansı həyat yoldaşı? İstanbuldakı, yoxsa Ankaradakı?”

Siz bu xanımın yerində olsanız, nə düşünərdiniz? Və əlbəttə, güman etdiyiniz kimi, qiyamət qopardı.

Bu baxımdan cəmiyyətdə də “dostumun xoşbəxtliyi mənim xoşbəxtliyim, sıxıntısı mənim sıxıntımdır” düşüncəsi hakim olmalı və münasibətlər bu müstəvidə qurulmalıdır.

Nəticə olaraq, deyə bilərik ki, intim münasibətlə bağlı inam və etibar ailə problemlərinin  əsas səbəblərindən biridir. Çox diqqətli olun!

Ailə həyatımız kitabından.

Cəmi 0 şərh yazılıb.

Bu məqalə haqqında şərh yazılmayıb.

Şərh yazın

E-poçt ünvanınız:

Facebookda biz!