Eşqin gözü kor olmamalıdır

09.05.2016 | 434 dəfə baxılıb.

 

Əgər sakitləşdirməsə idim, həyat yoldaşının, bəlkə də, yüz deyil, min qüsurunu sayacaqdı. Yəqin ki, “yüz, min” deyəndə mübaliğə etdiyimi başa düşdünüz, ancaq bu mübaliğə bir həqiqətə də işarə etmirmi? Hər kəlməsindən hiddət, kin, nifrət  yağırdı və  mənim yerimdə kim olsaydı, “daha bəsdir” deyib onu susdurardı. Onu dinləmək səbirlə imtahana çəkilmək idi. Nəfəs almadan danışır, üs­tə­lik sözlərinin arasına “lənət” cümlələri də qatırdı.

Qadının yaxşı yaddaşı var idi. Diqqətimi çəkən ilk özəlliyi on illik ailə həyatında cərəyan edən və onları (təbii ki, öz nöqteyi-nə­zərindən) bu həddə gətirən hadisələrin ən kiçik detallarını belə unutmaması idi. Əvvəlcə öz-özümə: “Bir insan bu qədər pis günlər, bu qədər pis xatirələr ola-ola həyat yoldaşı ilə birlikdə necə yaşaya bilər?” – deyə düşündüm. Unutmağın Allahın necə böyük bir neməti olduğunu yenidən xatırladım. İnanın, belə bir yaddaşım olmadığı üçün Rəbbimə sonsuz şükür etdim.

Mənə qalsa, insan hafizəsini bu cür hadisələri əzbərləməyə deyil, unutmağa məcbur etməlidir. Bütün səmavi dinlərdə buyurulan “əfv etməyi”, “bağışlamağı” özünə şüar etməlidir. İstər haqlı, istərsə də haq­sız olsun, insan tərəf müqabilini əfv etməklə nə itirər ki? Əslində, haqlı olan insaflı olur. O əfv edər, unudar, üstündən keçər. Haqsız olana gəlincə o da özünü əfv etməyə, bağışlamağa məcbur etməlidir.

Üstəlik əfv etmək Allahın bir vəsfi deyilmi? O, bizi bağışlama­say­dı, görəsən, etdiyimiz günahlar ucbatından bu an nəfəs ala bilərdikmi? Elə sanırsınız ki, axirətdə Onun mərhəməti və əfvi olmasa, sırf əməllərimizlə cənnətə gedəcəyik? Və “Allahın əxlaqı ilə əxlaqlanmaq”  Peyğəmbər (sallallahu əleyhi və səlləm) bizə əmri deyilmi?

Hadisənin diqqətçəkən ikinci vacib tərəfi odur ki, haqqında danışdığımız insanlar bir-birini sevib ailə qurmuşlar. Bu cütlük bir-birinə dəli kimi aşiq imiş. Ailələrini təhdid etmişlər: “Verməsəniz, qaçarıq, özünüzü camaat arasında rəzil-rüsvay edərsiniz, bizi yox”.  Məsələnin bu səviyyəyə çatmasının səbəbi də hər iki tərəfin bu işi doğru hesab etməməsidir. Ailələr: “Uşaqlıq həvəsidir, heç sevgi də deyil,” – demiş, bu iki gənci bir-birinə uyğun görməmişdilər. Yoxsa hansı ana-ata övladının xoşbəxtliyini istəməz? Övladının sevdiyi, aşiq olduğu insanla ailə qurub bir ömür boyu eyni yastığa baş qoymasına hansı valideyn etiraz edər? Demək ki, ailələrin həyat təcrübəsi bu izdivacı doğru görməmiş, buna razılıq verməmişdi.

Bunu da eşidincə həmsöhbətimdən: “Nə üçün?” – deyə soruşdum. Verdiyi cavab: “Sevginin gözü kor imiş. Bu və buna bənzər hərəkətləri o vaxtlar da edirdi. Demək ki, mən onları görmürmüşəm! Baxmaqla görmək arasında fərqə hər halda yaxşı nümunə çıxar məndən. Tanışlıq və nişanlılıq dövrünü birlikdə keçirdik. Yəni indi məni boşanma astanasına gətirən hadisələr gözümün qabağında cərəyan edirdi, ancaq onları görmürdüm. Dedim axı, sevginin gözü kordur!”

“Ailə qurmaq istəyən gənclər valideynlərin də fikirlərini öyrən­məlidir” məsələsini bir kənara qoyub sevginin “gözü”ndən danışmaq istəyirəm. Məncə, ailə həyatında həssaslıq çox önəmlidir. Ər-arvad arasında könül bağlılığı ailədə hüzur və səadətin bərqərar olmasında əvəzsiz rol oynayır.

Lakin bu, o demək deyil ki, ağıl, məntiq və mühakimə hissiyyata əsir olmalıdır. Xeyr, unutmaq olmaz. Çünki ailənin qurulmasında və davam etdirilməsində hiss qədər ağıl, məntiq və mühakiməyə də ehtiyac var. Hətta davam etdirilməsində daha önəmlidir. Uzun müddət birgə yaşayan ər və arvadın bir-birinə qarşı hiss və duyğularının adiləşməsi, aşınması təbiidir. Ailəni məhz bu vəziyyətdə qoruyub saxlayan ağıl, məntiq və mühakimədir.

Mən “sevginin gözü kor olmamalıdır” deyirəm. Bir ustaya aparıb sevginin gözünü “təmir etdirək”. Yaxud da göz həkiminə aparıb müalicə etdirək. Əməliyyat lazımdırsa, oradan-burdan pul tapıb mütləq əməliyyat etdirək. Ölkədə müalicəsi yoxdursa, Avropaya, ABŞ-a, nə bilim, kosmosa, Marsa, Veneraya, Yupiterə aparaq. Əgər varsa və mümkünsə, oralardan ölkəmizə mütəxəssislər gətirək.

Ya da sosioloqların müzakirəsinə təqdim edək. Kitablar sifariş verək, peşəkar qələm sahibləri müalicə etsin bu sevginin gözünü. Kon­franslar, simpoziumlar təşkil edək, bu kor gözü sağaltsaq. Futbol stadionlarına topladığımız kimi hər kəsi bir yerə toplayaq. Kənarda bir nəfərin belə qalmaması üçün lazım gələrsə, güc tətbiq edək, polis, jandarma qüvvələrindən istifadə edək. O stadionlara yığdığımız insanlara “dinləyin, öyrənin və əməl edin” deyək.

İstəsəniz, hüquq və ya siyasət sahəsinə müraciət edək. Millət vəkilləri Məclisdə saatlarla, günlərlə müzakirələr aparsınlar. Komissiyalar təşkil edilsin, qanunlar verilsin, səsvermələr keçirilsin və nəhayət, “sevginin kor gözü düzəlmişdir” deyə elanlar edilsin.

Və sonra əməliyyat olunmuş sevginin kor gözü sapsağlam hər kə­sə təhvil verilsin. Yaxud da sosioloqların konfranslarda həll edib siyasət xadimlərinin qanuniləşdirdiyi bu “sağlam gözlü” sevginin xüsusiyyətləri  bir təlimatla hər vətən övladına eşitdirilsin. Bu təlimatın evdə, maşında, iş yerində – hər yerdə olması, hətta oxunma­sı və əzbərlənməsi məcburi olsun. Xüsusilə, evlənmə ərəfəsində olan gənclər bunu yaxşı-yaxşı oxusunlar. Oxusunlar ki, təkcə öz həyatları, övladları, ailələri üçün deyil, bütün cəmiyyət üçün mühüm əhəmiyyət kəsb edən bu ailə məsələsində daha diqqətli və təmkinli olsunlar.

Bir ömür boyu eyni yastığa baş qoyacaq həyat yoldaşlarını kor gözlə deyil, sağlam gözlə seçsinlər. Hissiyyat ağıl və məntiqə hakim olmasın.

Həyat Dərsləri kitabından.

Cəmi 0 şərh yazılıb.

Bu məqalə haqqında şərh yazılmayıb.

Şərh yazın

E-poçt ünvanınız:

Facebookda biz!