Ər-arvad münasibətləri və ya səadətə səyahət

28.12.2015 | 393 dəfə baxılıb.

İslam ailəsi “İslam insanı” olan və ya ola bilən
fərdlərdən təşkil olunur.

“İslam insanı” məfhumu mahiyyətcə böyük və dərin mənaları eh­tiva edir. Müsəlmanın İslamın ondan istədiyi dəyərləri daşıyıb-daşımamasını və dolayısilə, bu ada layiq olub-olmadığını gözdən ke­­çirməsi üçün çox önəmlidir. Ailə baxımından da əhəmiyyətlidir, çünki İslam ailəsi “İslam insanı” olan və ya ola bilən fərdlərdən təşkil olu­nur. Bu, eyni zamanda cəmiyyət üçün də önəmlidir. Belə ki, ailə cəmiyyətin kimliyini müəyyən etmək üçün bir ölçü, bir meyardır.

Mövzuya uyğun olaraq şahid olduğum, istəyərək və ya istə­mə­yə­rək qarşılaşdığım ailə problemlərinə əsaslanıb belə bir giriş verdim. Əslində, bu cümlələrin yazının başlığı ilə əlaqəsi buradan başlayır. Çünki mənə görə, ailə münaqişələrinin səbəbi, əsasən, ər-arvadın və ya sadəcə birinin “İslam insanı” olmamasından irəli gəlir. İlk baxışda bu mühakiməni ədalətsiz hesab edənlər ola bilər. Bu düşüncəyə sahib olanlara da hörmətlə yanaşıram. Amma onlardan rica edirəm, sözümü axıra qədər dinləyib sonra hökm versinlər.

“Ailə insanın fitrətində olan cinsi hislərin qanuni (halal) təmin olunma vasitəsidir”. Dində buna alternativ yoxdur. “Vardır” deyənlər isə zina və qarşı cinslə qeyri-qanuni yaşamağı göstərirlər. O ki qaldı zina və qeyri-qanuni həyata, nəinki dinlər, hətta bəşəri əxlaq normaları da bunları rədd edir.

“Əqli, fizioloji, əxlaqi cəhətdən sağlam nəsillərin yetişməsi ancaq ailə həyatı ilə mümkündür”. Amma xoşbəxt və hüzurlu bir ailə ilə. Allah və Rəsulunun (sallallahu əleyhi və səlləm) qoyduğu ölçülər çər­çivəsində yaşayan bir ailə ilə. Çünki insan yetişdirmək olduqca uzun zaman tələb edir, səbir istəyir, bilik istəyir. Ailə sağlam olmasa, bu nəticəni əldə etmək qeyri-mümkündür.

Ailə kişi-qadın münasibətlərinə insani dəyər qatır, evliliklə qurulan qohumluq əlaqələri insanlar arasında fərqli münasibətlərə yol açır. Bu baxımdan ailə insanların sosiallaşmasının önəmli vasitələrindən birini təşkil edir.

  Xülasə, ailə insan və cəmiyyət həyatında  mühüm, əvəzsiz rola sahibdir. Buna görə Quran və Sünnədə ailəyə geniş yer verilmişdir. Hətta bəziləri hər şeyi özündə ümumiləşdirən“ Quran kimi bir kitabda bu qədər təfərrüata varılmasını” təəccüblə qarşılamış, bəziləri də bunu  Allah və Rəsulunun ailəyə münasibətinin göstəricisi hesab etmişdir.

İndi “İslam insanı” ailəsinə hər şeydən əvvəl bu prizmadan baxmalıdır. Başqa cür  münasibət, “olsa da olar, olmasa da” şəklində laqeydlik məsuliyyətli insana, axirətdə hər şeyin hesabını verəcəyinə ina­nan möminə aid düşüncə, inanc və mövqe deyildir və ola da bil­məz.

Ər-arvad arasındakı münaqişələrin səbəblərini araşdırmazdan öncə evlilikdən əvvəl və sonraya aid bəzi dəyərlərə birlikdə nəzər salaq. Düşünürəm ki, bu dəyərlərə layiqincə riayət edilsə, münaqişə, yo­lagetməzlik adlı məfhumlar lüğətimizdən silinəcək və ən azından onların əmələgəlmə səbəbləri azalacaq.

Bunları əlavə etmədən öncə bildirim ki, (bəlkə də, lap başdan söyləməliydim) ailə kimi olduqca mürəkkəb və çoxyönlü bir quruma, ya da ər-arvad münaqişələri kimi iqtisadi, sosial, hüquqi, tibbi, mədəni, dini və s. səviyyələri özündə cəmləyən bir məsələyə yalnız dini prizmadan yanaşacağam. Bunun üçün də problemlərin mahiyyətinə görə müraciət olunan mənbələr müxtəlif olmalıdır. Bu önəmli xüsusun nəzərdən qaçırmamaq lazımdır. Çünki bir psixoloqla görüşməklə, ya da bir tibb mütəxəssisinə müraciətlə həll edilən bir çox məsələ bütün çılpaqlığı ilə qarşınızadadır. Halbuki həll yolunu tapa bilməyən insan problemi yoluna qoymaq əvəzinə daha da böyüdür. Falçıların, cadugərlərin arxasına düşən sadəlövh, saf insanları xatırlayın, lütfən. Bu qədər tibb sahəsi ola-ola “çarə” deyib falçıların qapısında ömür çürütməyin bir mənası varmı?

  Mövzumuza qayıdaq. Peyğəmbərimiz (sallallahu əleyhi və səl­ləm) buyurur: “Qadınlarla dörd səbəbə görə nikah bağlanır: sərvət, əsil-nəcabət, gözəllik və dininə görə. Ey mömin, sən dindar olanı seç ki, hüzur tapasan”. (Buhari “Nikah” 15, Ebu Davud “Nikah”2)

Bu hədisi-şərifi hələlik bir kənara qoyaq və düşünək. Hamımız bilirik ki, xoşbəxt ailənin qurulmasında ən önəmli xüsuslardan­ biri ər-arvadın “ortaq  xüsusiyyətləri”nin çox olmasıdır. Ortaq xü­su­siy­yətlər deyərkən dünya və axirətə aid məsələləri nəzərdə tuturam. Bu məsələlərin ortaq olması ailədə birlik və bərabərliyi güc­ləndirir. Ailə cütlüyündən birinin uşaq istəməməsi nəticəsində boşanan neçə ailə var. Ya da kişinin sosial statusuna məftun bir qadınla qadını sırf cinsi arzularını təmin etmək üçün axtaran bir kişinin ailə qurduğunu təsəvvür edin. Biri sosial həyatda özünə yer axtaracaq, digəri isə xoşbəxtliyi yataq otağında tapmağa çalışacaq. Çünki bu cür düşünürlər, ailə həyatından bunu “umurlar”. Bu cütlük heç vaxt daimi səadətə qovuşa bilməz.

Hədisi-şərifə qayıtsaq, “İslam insanı” üçün daimi səadət vasitəsi din­dir. Çünki bizim din dediyimiz məfhum elə bir faktordur ki, bütün həyatı əhatə edir. Onu layiqincə bilən, qəbul edən, əmrləri çərçivəsində yaşamağa çalışan iki insanın qurduğu ailə yuvasında bədbəxtliyi təsəvvür etmək belə mümkün deyildir. Çünki onlar Allaha itaət edirlər, Onun iradəsinə tabedirlər. Ondan kənara çıxmaq isə… Allah qorusun! Heç ağıllarından keçirməzlər.

Allah Rəsulu (sallallahu əleyhi və səl­ləm)­ “dindar olanı seç!” buyurmaqla bütöv­ hə­­yatı əhatə edən külli həqiqətlərə işarə edir. İs­tər boşanma, istər münaqişə, istər inti­har və s. barədə statistik məlumatlara nəzər ye­tirdikdə İslam ölkələri ilə digər ölkələr, İslam ölkələrində də dindar şəhərlər və ya ailələrlə qeyri-dindar şəhərlər və ailələr arasındakı qorxunc fərq bu həqiqəti açıq-aydın göstərir.

Hesab edirəm ki, maddiyyata bağlanmış, maddiyyat bataqlığında boğulmuş çağdaş dünyada müsəlman sadəcə bu spesifik sahədə hansı meyara üstünlük verdiyini gözdən keçirməlidir. Çünki zənnimcə, çoxlarına və əksərimizə görə, həyat yoldaşı seçimində dini amildən çox var-dövlət ön planda dayanır. Bu, dünyaya hərisliyin, dəyər hökmlərimizin dəyişdiyini göstərir. Halbuki baxın Allah Rəsulu (əleyhi əkməlut təhaya) nə buyurur: “Səhl b. Sad rəvayət edir: “Bir dəfə Allah Rəsulunun yanından varlı bir adam keçdi. Bunu görən Rəsuli-Əkrəm məclisdəkilərdən:

– Bu varlı insan haqqında nə deyirsiniz? – deyə soruşdu.

– Bu adam evlənmək istədiyi qadınla evlənməyə, verdiyi məsləhət yerinə yetirilməyə, bir məsələ haqda irəli sürdüyü fikir dinlənilməyə layiqdir, – dedilər.

Allah Rəsulu susdu. Bu əsnada bir yoxsul  müsəlman oradan keçdi. Bu dəfə də:

– Bu yoxsul haqqında nə deyirsiniz? – deyə soruşdu. Oradakılar belə cavab verdilər:

– Bu adam evlənmək istədiyi qadınla evlənməyə, verdiyi məsləhət yerinə yetirilməyə, bir məsələ haqda irəli sürdüyü fikir dinlənilməyə layiq deyildir.

 Bundan  sonra Rəsulullah:

– Bu gördüyünüz yoxsul insan dünya qədər varlı insandan daha xeyirlidir”. (Buhari “Rikak” 16, “Nikah” 15, İbn Mace “Zühd” 5)

 Böyük İslam alimlərindən biri belə demişdir: “Şəriət baxımından ər arvada münasib olmalıdır. Bu uyğunluq əsasən dindarlıqla­ bağ­lıdır. Həyat yoldaşının dindarlığına baxıb əbədi həyatda onu itir­məmək üçün dininə möhkəm bağlanan kişi necə xoşbəxtdir. Ərinin dindarlığına baxıb: “Əbədi yoldaşımı itirməyim,” – deyə təqvalı olmağa çalışan qadın nə bəxtiyardır. Vay o kişinin halına ki, səfahətə (zövq və əyləncəyə, haram şeylərə) aludə olub saleh həyat yoldaşını əbədi itirir. Nə bədbəxtdir o qadın ki, təqvalı ərini dindarlığında təqlid etmir, o əbədi yoldaşını itirir. Min kərə təəssüflər olsun o iki bədbəxt ər və arvada ki, günahda və səfahətdə bir-birini təqlid edir, beləcə bir-birinə oda atılmaqda kömək edirlər”.

Başqalarını deyə bilmərəm, amma “İslam insanı” bu dəyər hökmü ilə gördüyü işlərdə səadət diyarına səfər etdiyinin fərqində olmalıdır. Bu mövzunun davam etdirəcəyik.

Ailə həyatımız kitabından.

Cəmi 0 şərh yazılıb.

Bu məqalə haqqında şərh yazılmayıb.

Şərh yazın

E-poçt ünvanınız:

Facebookda biz!