Duaya müraciət sığınma

24.01.2016 | 307 dəfə baxılıb.

Biz bu dünyaya imtahan edilmək üçün göndərilmişik. İmtahanın  səbəbi isə hər şeydir.

Bir neçə gün əvvəl 14 ildir ailəli olan bir dostum evlilik təcrübələrindən danışarkən: “Bax – dedi  – mənim nə vaxt həyat yoldaşımla bir problemim olsa, Allaha təvəkkül edir və belə deyirəm: Allahım! Sənin yaratdığın hər şeydə bir hikmət vardır. Hər halda yenə də bir səhv etmiş, yenə də haradasa Səninlə olan münasibətlərimi lazımi səviyyəyə qaldıra və ya lazımi səviyyədə qoruya bilməmişəm. Məndən istədiyini Sənə verə bilmədim. Sən də məni yoldaşımla imtahan edirsən. Nə olar, Allahım! Qəlblərimizi təmizlə, günahlarımızı bağışla !”

İlk baxışda ağıl və məntiqin qəbul etməyəcəyi bir yanaşma tərzidir, dinimiz baxımından isə olduqca təsirlidir.

Dostumun belə bir yanaşma tərzi, İslami cəhətdən fərqli bir vəziyyət ortaya qoyur. Çünki Quranın açıq və aşkar bəyanına görə, biz bu dünyaya imtahan edilmək üçün göndərilmişik. Hər şeylə imtahan oluna bilərik. Sağlıqdan xəstəliyə, varlıqdan yoxluğa, xöşbəxtlikdən bədbəxtliyə qədər hər şey imtahanın ünsürüdür. Hətta yaxınlarımız belə!.. Başda öz nəfsimiz olmaqla, həyat yoldaşımız, övladlarımız, dostumuz, düşmənimiz imtahan səbəbi ola bilər. Quranın: “Biz, sizi bir-birinizlə imtahan edirik” (Ənam, 6/53) deyərkən yaxın dairəni  nəzərdə tutduğu  açıq deyilmi?

İkinci olaraq; insanın Allaha olan imanının, güvən və etimadının, Allaha yaxınlığının ona qazandıracağı axirətə aid səmərələrlə birlikdə, dünyəvi faydalar da unudulmamalıdır. Əslində, hər şeyin Allahın istəyi ilə olduğunu bildiyimiz halda, özümüzü determinist (şərtə bağlı) anlayışların təsirindən qurtara bilmirik. Səbəblər taxtında hərəkət etməyi gözümüzdə çox böyüdür və bəlkə də, buna görə dünyəvi istəklərimizin tam əksi ilə qarşılaşmalı oluruq. “Əlimdən gəldiyini əsirgəmədiyim, lazım olan şeyləri etdiyim halda niyə olmur; niyə belə mənfi nəticələrlə qarşılaşıram?” – deyərək heyfsilənir və qismətimizə (qədərimizə) qarşı gəlirik. Halbuki, mömin mənəvi bazası ilə, Allaha olan iman, etiqad və güvəni ilə hadisələrə digər insanlardan fərqli yanaşmalıdır. Allah unudulduqda, bəzən ala-yarımçıq yerinə yetirdiyimiz səbəblər də nəticə vermir. Quranın bu bəyanı bu xüsusu açıq-aşkar ortaya qoyur: ”Kim Allaha qarşı gəlməkdən çəkinərsə, Allah ona bu sıxıntıdan çıxış qapıları açar (qurtarar)”. Yəni insan Ondan layiqincə qorxar, təqva hissi ilə ikiqat olar, Onunla olan münasibətlərini lazımi səviyyəyə çatdırarsa, Allah da ona, dünya və axirətə aid sıxıntılardan qurtulmasını təmin edəcək çıxış yolları göstərər. Ona heç ummadığı yerdən ruzi göndərər. Çünki hər şey Allahın əlindədir. Yeri gəlmişkən, Allah insana heç düşünmədiyi, təsəvvürünə belə gətirmədiyi iş imkanları nəsib edə bilər. Niyə? Çünki o şəxs Allaha etibar edib, Ona  güvənmişdir. Elə isə; “Kim Allaha təvəkkül etsə, (Allah) ona kifayət edər. Allah Öz əmrini yerinə yetirəndir (Talaq, 65/3) .

Seyyid Kutub, bu ayənin izahında bütün bu nəticələrin ortaya çıxmasını təqva duyğusunun kamilliyi ilə əlaqələndirir və deyir ki: “Heç şübhə yoxdur ki, bu ümumi bir qaydadır, daimi (əbədi) bir həqiqətdir. Fəqət bu qaydanın burada boşanmanın hökmləri ilə əlaqələndirilərək xatırladılması, xüsusilə, bu məsələdə müttəqilərin (təqva sahiblərinin), Allahdan qorxduqları zaman bu hökmləri ciddi-cəhdlə həyata keçirəcəklərinə, tətbiq edəcəklərinə işarə etmək məqsədi daşıyır. Bununla bağlı olaraq, elm və vicdan mexanizmindən daha həssas, daha diqqətli bir nəzarət ola bilməz. Allah qorxusundan və vicdanından başqa heç bir şey də bunun qarşısına keçə bilməz və burada da güdülən məqsəd, qəlbdə Allahın iradəsi və təqdiri ilə bağlı iman əsasına söykənən doğru bir düşüncə formalaşdırmaqdır. Bu, ümumi bir qayda olduğuna görə, ər-arvad arasında problemlər yarananda problemin bu mövzudakı əskikliklərdən qaynaqlanmasını düşünməli və imanı yeniləmək kimi vicdan mexanizmini hərəkətə gətirməli, hər zamankından daha çox Allaha sığınıb dualarla yalvarmalıyıq.

Nəhayət, duaya yönəlməli…Dostum bu əsnada dua etdiyini deyirdi. Nə deyirdi duasında: “Nə olar, Allahım! Qəlblərimizi təmizlə, günahlarımızı bağışla!” İslam dinində “bi zahiril-qayb”(qiyabi olaraq) edilən dua qəbul olunandır. Hədisin ifadəsi ilə, birisinin olmadığı yerdə edilən duada mələklər də iştirak edər və “Mislini də ona ver, Allahım!”(Müslim ”Zikr”, 86-88; Tirmizi “Birr”, 50) deyərlər. İnsanın haqlı və ya haqsız yerə həyat yoldaşına qarşı hirsli, küskün olduğu, onunla danışmadığı hallarda hisslərinə qalib gələrək, yoldaşına onun olmadığı yerdə dua etməsi, onun nəfsinə qalib gəlməsinin əlamətidir. Üstəlik bu vəziyyət qəlblərin təmizlənməsi adına mələklərin duasına vəsilə olur. Məncə, mələklərin duasına Allahın necə cavab verəcəyini izah etmək artıqdır. Necə ki, mən dostumdan: “Bəs, nəticə necə olur? ”- deyə soruşanda aldığım cavab da bunu göstərir. Dostum deyir ki : “Axşam evə qayıtdıqda, nə görsəm yaxşıdır! Elə bil ki, dünən, ondan əvvəlki gün mübahisə eləyən, küsən, inciyən biz deyildik. Yoldaşım məni hər zamankından daha çox hörmət və məhəbbətlə qarşılayır. Başa düşürəm ki, Allah dualarımı qəbul etmiş, yoldaşımın qəlbini yumşaltmışdır.” Gərəksiz, yersiz, mənasız mübahisələrin səbəb olduğu ab-hava bir anda evimizdən silinmiş, evdə gül qoxulu cənnət  havası əsməyə başlamışdı.

Gördüyünüz kimi, hər şey Allahın əlində, onun sonsuz qüdrət və idarəsində. Dərd, problem düzgün müəyyən olunduqda dərman da asan tapılır. Həyatın təbii axarı içində, yoldaşınızla aranızda bir problem yaşadığınızda bunun həlli üçün bu yolu sınaqdan keçirməyə necə, razısınızmı?..

Cəmi 0 şərh yazılıb.

Bu məqalə haqqında şərh yazılmayıb.

Şərh yazın

E-poçt ünvanınız:

Facebookda biz!