Dörd böyük mələyin vəzifələri

04.07.2016 | 747 dəfə baxılıb.

Mələklərin digər təbiət varlıqları ilə birlikdə mütəmadi şəkildə Allahın adını ucaltmaq, Ona səcdə etmək, əmrlərinə hər an hazır olub yerinə yetirmək, Peyğəmbərə səlat və salam göndərmək, möminlərə dua etmək və onların bağışlanmasını diləmək kimi vəzifələri var. Quranda tez-tez rast gəlinən bu ümumi təsvirlərlə yanaşı bəzi mələklərin adına və vəzifəsinə də yer verilir. Bu mələklərin başında üç dəfə adı çəkilən və müxtəlif ayələrdə “Ruh” və “Rəsul” sifətləri ilə xatırlanan, peyğəmbərlərə vəhy gətirmək vəzifəsini daşıyan mələk – Cəbrail dayanır.

Bir ayədə adı çəkilən Mikail hədislərdə ruzi və rəhmət mələyi kimi göstərilir. Əcəli çatanların ruhunu alan mələk ayələrdə əsasən cəmdə, bir yerdə də “mələkül-mövt” şəklində işlənmişdir. Geniş yayılmış Əzrail adına isə sadəcə bəzi zəif hədislərdə rast gəlinir.

Qurani-Kərimdə qiyamətin qopması və axirət həyatının başlaması ilə əlaqədar surun üfürülməsindən və yenidən dirilişi xəbər verən carçıdan danışılsa da, bunu edən mələyin adı çəkilməmişdir. Sadəcə hədislərdə bu yenidən dirilişi car çəkəcək mələyin – İsrafilin adı böyük mələklərlə birgə verilmişdir.

Cəbrail əleyhissalam

Cəbrail əleyhissalamın vəzifəsi bütün peyğəmbərlərə vəhy gətirməkdir. İbrani sözü olan Cəbrail “Allahın qulu” deməkdir. Bu böyük mələk Qurani-Kərimdə “Cibril, Ruhül-quddus, Ruhül-əmin, Ruh və Rəsul” kimi beş adla adlandırılmışdır. Peyğəmbərimiz Cəbrail əleyhissalamı ilk dəfə Hira dağında görmüşdür. O zaman Cəbrail əleyhissalam bütün üfüqü tutmuş və bir taxt üzərində oturmuş halda, əsl görkəmində görünmüşdü. Cəbrail Allah Rəsuluna yaxınlaşmış, onu belindən qucaqlayıb bərk-bərk sıxaraq oxumasını istəmiş, beləcə ilk vəhyi gətirmişdi. Bu vaxt Cəbrail əleyhissalamın altı yüz qanadı vardı. Cəbrail əleyhissalam Meracdan əvvəl Rəsulullahın qəlbini hikmətlə doldurmuş, Peyğəmbərimizin cismi ruh kimi yüngülləşmişdi. Cəbrail əleyhissalam Allah Rəsuluna ikinci dəfə əsl surətində Meracda səfərdə görünmüş və bu səyahət əsnasında mələklər aləmi haqqında məlumat vermişdi.

Cəbrail əleyhissalam vaxtaşırı gözəl insan surətində, bir neçə dəfə də səhabə Dihyətül-Kəlbinin surətində Rəsulullahın yanına gələrək ona dəstəmaz, namaz, qurban, həcc kimi ibadətlərin mahiyyəti və onların yerinə yetirilmə qaydası haqqında məlumat vermiş, etiqadi, fiqhi və əxlaqi məsələləri izah etmiş, hətta bəzi səhabələr buna şahid olmuşdur. Cəbrail əleyhissalam Allah qatında xüsusi yeri olan mələkdir. Rəsuli-Əkrəm (sallallahu aleyhi və səlləm) buyurur: “Haqq-Təala bir fərman verəndə səmalar titrəyir və guruldayır. Mələklər nə baş verdiyini hiss edib səcdəyə gedir. Başını ilk qaldıran Həzrət Cəbrail olur. Başını qaldırır və Rəbbindən əmr alır. Daha sonra da digər mələklər başını qaldırır və:

– Rəbbimiz nə dedi, ya Cəbrail? – deyə soruşurlar.

Cəbrail bu cavabı verir:

– Rəbbimiz haqq söyləyir. O, Aliyy (Uca) və Kəbirdir  (Böyük)”.[1]

Təbii ki, təkcə Cəbrail əleyhissalam deyil, bəzi başqa mələklər də peyğəmbərlərə vəhy gətirmişdir. Lakin vəhy əsasən Cəb­railin adı ilə tanınır və Cəbrail deyiləndə də “vəhyin etibarlı mələyi” başa düşülür. Bəli, Həzrət Cəbrail bu səviyyədə vəhylə bütünləşmiş böyük mələkdir. Allah-Təalanın əmrlərini təkcə peyğəmbərlərə yox, mələklərə də çatdırmaq vəzifəsini daşıyır. Cəbrail əleyhissalam ən böyük mələkdir. Peyğəmbərimiz bu haqda belə buyurmuşdur: “Uca Allah bir qulunu sevdikdə Cəbrailə:

– Mən filankəsləri sevdim, sən də sev, – deyir.

Bundan sonra Cəbrail əleyhissalam da onu sevir və göydəki mələklərə:

– Allah filan qulunu sevdi, siz də sevin, – deyə nida edir.

Bundan sonra göydəkilər də onu sevir. Sonra yer üzü də onu sevməyə başlayır”.[2]

Cəbrailin bir vəzifəsi də böyük peyğəmbərləri qorumaqdır. Həqiqətən də, Cəbrail əleyhissalam Mikail əleyhissalamla birlikdə Bədirdə Peyğəmbərimizi (sallallahu əleyhi və səlləm) düşməndən qorumuşdur. Həzrət Cəbrailin ən mühüm vəzifəsi “vəhy mələyi” olub vəhy gətirməkdir. Qurani-Kərim Həzrət Cəbraili Allahın bütün əmrlərinə itaətkar, müti və məqamca da “əmin” (etibarlı) mələk kimi təsvir edir ki, bu da onun mühüm xüsusiyyətidir. “(Elə bir elçi ki) çox qüvvətlidir; ərşin sahibi (Allah) yanında çox hörmətlidir (izzətlidir). (Elə bir elçi ki, mələklər arasında) itaət ediləndir, həm də (Allah yanında vəhyə) etibarlı müvəkkildir”. [3]

Muhyiddin ibn Ərəbi Həzrətləri Haqq-Təalanın bəzi isimləri oxunanda cinlərin müxtəlif surətlər aldığını söyləmişdir. Çox güman, cinlər kimi mələklər də Allahın bəzi isimləri oxunanda o isimlərə müvafiq olaraq müxtəlif şəkillərə düşürlər. Vəhyin necə gəldiyini soruşan Haris ibn Hişama Peyğəmbərimizin (sallallahu əleyhi və səlləm) verdiyi cavab bu həqiqəti göstərir: “Vəhy bəzən zınqırov səsi kimi gəlir, mənə də ən ağır olan budur. O halım keçər-keçməz (mələyin) gətirdiyi əmrləri yaxşıca öyrənirəm. Bəzən mələk mənə insan surətində görünür. Mən də onun söy­lə­dik­lə­rinin hamısını öyrənirəm…”.[4]

Cəbrail-Əmin fərqli şəkillərdə nazil olan vəhyi fərqli surət­lərdə gətirmişdir. Elə isə Cəbrail müxtəlif şəkillərə düşmək və hər an dəyişmək qabiliyyətinə malik mələkdir.

Mələklər hüdudsuz ölçülərə sahib əngin varlıqlardır. Bu ölçülər əsasən “qanad” kimi ifadə olunur. Həqiqətən, Qurani-Kərimdə də mələklər “uli əcnihatin” birləşməsi ilə ifadə edilmiş, onların “qanadlı” varlıqlar olduğu bildirilmişdir. Bəli, mələklərin yaradılış qayəsinə uyğun özünəxas cəhətləri var. Onlar müxtəlif şəklə düşmə keyfiyyətinə malikdirlər. Bu xüsusiyyətlərinə görə, eyni anda həm Peyğəmbərimizin hüzurunda vəzifə başında olur, həm Allahın əzəməti qarşısında ehtiram və qorxu içində təzim edir, digər yerdə bir məzlumun, aciz və məhkumun imdadına yetişir, başqa bir yerdə isə kiməsə mənən dəstək verir.

Mələklər nurani varlıqlar olduğuna görə nurani surət alırlar və bir çox aynalarda bütün xüsusiyyətləri ilə təcəlli edə bilirlər. Həqiqətən də, böyük mütəfəkkirin “Nurani bir şey hədsiz aynalar vasitəsi ilə hədsiz yerlərdə bilavasitə peyda olur və şəkil alır” sözü bu həqiqətdən xəbər verir. Bu dərəcədə çoxşaxəli surət alma qabiliyyəti olan bir mələyin bir qüsura malik olması, əlbəttə, mümkün deyil. Dolayısilə, mələk də təbiətcə nöqsandan uzaqdır.

Təkrar etibarlılıq mövzusuna qayıtmalı olsaq; Cəbrail mələk­dir, onun etibarlı olmasına şübhə yoxdur və Haqq-Təala vəhyi kimə aparmağı əmr etmişdirsə, ona da çatdırmışdır. Burada həm bəzi yəhudi və rafizilərin Cəbrail haqında yanlış düşüncələrinə cavab var. Çünki Haqq-Təala ona vəhyi bir yəhudi və ya Həzrət Əliyə (radiyallahu anh) deyil, bəşəriyyətin İftixar Tablosu Həzrət Məhəmmədə aparmağı əmr etmiş və Cəbrail (əleyhissalam) də Ona (sallallahu aleyhi və səlləm) çatdırmışdır.

“Cəbrail” hədisi

Bəzi hədislərə müəyyən adlar verilmişdir ki, bunlardan biri də Cəbrail hədisi adı ilə məşhur olan hədisdir. Cəbrail əleyhissa­lamdan bəhs etdiyinə görə bu ünvanı almışdır.  Abdullah ibn Ömər atası Ömər ibn Xəttabdan nəql edir:

“Rəsulullahın hüzurunda oturmuşdum. Bu vaxt ağappaq libaslı, qapqara saçlı bir adam yanımıza gəldi. Üst-başından səfərdən gələnə heç oxşamırdı. Üstəlik heç birimiz onu tanımırdı. Gəlib Allah Rəsulunun önündə oturaraq dizlərini dizlərinə dayadı. Əllərini hörmətlə dizlərinin üstünə qoyub danışmağa başladı:

–  Ey Məhəmməd! Mənə İslam haqqında məlumat ver!

Allah Rəsulu (sallallahu aleyhi və səlləm):

– İslam Allahdan başqa ilah olmadığına, Məhəmmədin Onun qulu və elçisi olduğuna şəhadət gətirmək, namaz qılmaq, zə­kat vermək, ramazan orucunu tutmaq, imkan olanda Beytulla­hı ziyarət etməkdir.

Yad adam:

– Doğru söylədin, – deyə təsdiq etdi.

Biz həm soruşub, həm də təsdiq etməsinə təəccübləndik. Yenə:

– Mənə iman haqqında danış.

Allah Rəsulu (sallallahu aleyhi və səlləm) imanı izah etdi:

– Allaha, mələklərinə, kitablarına, peyğəmbərlərinə, axirət gününə inanmaqdır. Qədərə, yəni xeyir və şərin Allahdan olduğuna da iman etməkdir.

Yad adam:

–  Doğru söylədin, – deyə təsdiqlədi.

Sonra təkrar soruşdu:

– Mənə ihsan haqqında məlumat ver.

Allah Rəsulu (sallallahu aleyhi və səlləm) açıqladı:

– İhsan Allahı görürmüş kimi Ona ibadət etməkdir. Sən Onu görməsən də, O, səni görür.

Adam yenidən soruşdu:

– Mənə qiyamətin nə vaxt qopacağı haqında danış.

Peyğəmbərimiz bu dəfə:

– Qiyamət haqqında soruşulan soruşandan çox bilmir, – deyə cavab verdi.

Yad adam:

–  Elə isə qiyamətin əlamətlərindən danış, – dedi.

Allah Rəsulu (sallallahu aleyhi və səlləm) danışmağa başladı:

– Kölə qadınların öz ağalarını doğması,[5] ayaqyalın, əyni-başı paltarsız davar çobanlarının hündür evlər tikməkdə yarışması.

Bu sözdən sonra yad adam çıxıb getdi. Mən xeyli müddət yerimdən qımıldanmadım.  Allah Rəsulu (sallallahu aleyhi və səlləm):

– Ey Ömər, bu sual verənin kim olduğunu bilirsən? – dedi.

Mən:

– Allah və Rəsulu daha yaxşı bilir, – dedi. Rəsulullah buyurdu:

– O, Cəbrail idi. Sizə dininizi öyrətməyə gəlmişdi”.[6]

Mikail əleyhissalam

Dörd böyük mələkdən biri olan Mikail əleyhissalamın vəzifəsi təbiət hadisələrinin meydana gəlməsi ilə bağlıdır. Peyğəmbərimiz hədislərində Mikail əleyhissalamın adının Ubeydullah olduğunu xəbər vermişdir.

Peyğəmbərimiz həm Cəbrail əleyhissalamı, həm də Mikail əleyhissalamı öz dostları kimi vəsf etmişdir.

“Allah Rəsulu: “Kimsə yuxu görübmü?” – deyə tez-tez əsha­bına sual verərdi. Bir səhər belə buyurdu:

– Bu gecə iki nəfər gəlib “hazırlaş” dedi. Onlarla birgə bayıra çıxdım, məni müqəddəs yerə apardılar. Bir adamın yanına çatdıq, uzanıqlı idi, əlində tas tutan başqa bir adam onun başının üstündə durmuşdu. Tası uzanmış adamın başına vurub sıyırırdı. Tas yuvarlanırdı. Arxasınca qaçıb tası götürürdü. Tası gətirənəcən həmin adamın başı əvvəlki kimi sağalırdı. Geri qayıdanda isə yenə tasla vurub başını yarırdı. Mən yoldaşlarıma:

–  Subhanəllah, bunlar nədir? – dedim.

Onlar:

– Get, – dedilər.

Getdik, başı üstə uzanmış bir adama çatdıq. Onun yanında bir adam vardı, əlində də çəngəl. Çəngəli onun yanaqlarına soxub başına kimi yırtırdı. Çəngəli burnuna salıb başınadək çəkir, gözünə soxub başına qədər dartırdı. Bir tərəfi qurtarana kimi o biri tərəfi sağalırdı. Sonra da bu biri tərəfə keçirdi. Mən yoldaşlarıma:

– Subhanəllah, bunlar nədir? – dedim.

Onlar:

– Çıx, – dedilər.

Çıxdıq, təndir kimi bir şeyin yanına çatdıq. İçindən səs və gurultu gəlirdi. İçinə baxdıq, çılpaq qadın və kişilərlə dolu idi. Onların altından alov vururdu. Alov vurduqca çığırışırdılar. Mən yoldaşlarımdan:

– Bunlar nədir? – deyə soruşdum.

– Get, – dedilər.

Getdik. Qan kimi qırmızı çayın yanına çatdıq. Çayda üzən bir adam vardı. Çayın kənarında da əlində kiçik çay daşları olan bir başqa adam dayanmışdı. Çaydakı bacardıqca üzür, sonra sahildə çay daşları toplayan adamın yanına yaxınlaşıb ağzını açırdı. Sahildəki adam da onun ağzına bir daş atırdı. O da təzədən üzür, sonra yenidən qayıdır, ağzını açaraq çayın kənarındakı adamın atdığı daşı yenidən udurdu.

– Bu, kimdir? – dedim.

– Get, – dedilər.

Getdik. Bir eybəcər adama çatdıq, heç vaxt belə çirkin adam görməmişdim. Yanındakı ocağı qarışdırıb ətrafında gəzişirdi. Yol­daşlarıma:

– Bu, kimdir?– dedim.

Onlar:

– Get, – dedilər.

Getdik. Yamyaşıl bir bağçaya girdik. Bağçanın ortasında uzun bir adam vardı, o qədər hündür idi ki, başını görə bilmirdim və ətrafında uşaqlar vardı. Bu uşaqları heç vaxt görməmişdim. Yoldaşlarım mənə:

– Çıx, – dedilər.

Çıxdıq. Böyük bir bağçaya çatdıq. Böyüklükdə və gözəllikdə ona tay bağça görməmişəm. Yoldaşlarım mənə:

– Çıx, – dedilər.

Dırmaşdıq, binaları qızıl və gümüş kərpicdən olan bir şəhərə çatdıq. Şəhərin qapısını döydük, açıldı. İçəri girdik. Bizi bir tərəfi olduqca gözəl, bir tərəfi də olduqca çirkin adamlar qarşıladı. Yoldaşlarım onlara dedi:

– Gedin, bu çayda çimin.

Orada suyu dümağ və enli bir çay vardı. Onlar gedib çimdilər. Sonra bizim yanımıza qayıtdılar. Onların çirkinliyindən əsər-əlamət qalmamış,  gözəlləşmişdilər. Yoldaşlarım:

– Bax bu, sənin evindir, – dedilər.

Mən:

– Allahın bərəkəti üzərinizə olsun, qoyun içəri girim, – dedim.

Lakin onlar:

– İndi girə bilməzsən,– dedilər.

Mən o yoldaşlarıma:

–  Çox qəribə şeylər gördüm, bunların mənası nədir? – soruşdum.

Onlar dedilər:

– Başı sıyrılan adam Quranın hökmlərini yerinə yetirməyən, yuxuya görə fərz namazlarını qılmayandır. Qiyamətə qədər onunla o cür rəftar ediləcək. Üzü, gözü və burnu başınadək yırtılan adam isə səhərlər evdən çıxıb hər yerdə yalan danışandır. Qiyamətə qədər ona bu cür əzab veriləcək. Təndirə oxşar yerdə çığırışan çılpaq qadın və kişilər isə zina edənlərdir. Çayda üzüb daş udan adam isə faiz yeyəndir. Ocağı qarışdıran  adam isə cəhənnəmin gözətçisidir. Bağçadakı uzun adam isə İbrahim əleyhissalamdır. Ətrafındakı uşaqlar isə İslam fitrəti ilə ölən uşaqlardır.

Bundan sonra səhabələr:

– Ey Allahın Rəsulu! Müşriklərin uşaqları da mı?– dedilər.

Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm):

– Bəli, müşriklərin uşaqları da, – dedi və dostlarının son sözlərini nəql etdi, – bir tərəfi çox gözəl, bir tərəfi çox çirkin olan insanlar isə yaxşı, saleh əməli pis əməllərlə qarışdıranlardır (yəni saleh əməllərlə yanaşı, pis əməllər də işləyənlərdir). Allah onları bağışladı. Mən isə Cəbrailəm. Bu da Mikaildir”.[7]

Peyğəmbərimiz dualarının əvvəlində dörd böyük mələyin adını çəkərdi. Bəlkə də, bu, duanın daha tez qəbul olunması üçündür. Əbu Sələmə (radiyallahu anh) rəvayət edir:

“Həzrət Aişədən soruşdum:

– Allah Rəsulu (sallallahu aleyhi və səlləm) gecələr qalxanda namaza hansı dua ilə başlardı?

Aişə (radiyallahu anha) dedi:

– Rəsulullah gecələr qalxanda namazına belə başlayardı: “Allahım! Ey Cəbrail, Mikail və İsrafilin Rəbbi, ey göylərin və yerin yaradanı (Fatir), ey gizlini və aşkarı bilən (Alim), qulların ixtilaf edəndə hökmü verən Sənsən. Məni haqqa hidayətə çatdır! Şübhəsiz, Sən doğru yolun sahibisən”.[8]

Bir başqa hədisi-şərifdə Peyğəmbərimiz belə buyurur: “Mə­nim yer əhlindən iki vəzirim, göy əhlindən də iki vəzirim var. Yer əhlindən vəzirlərim Əbu Bəkir (radiyallahu anh) və Ömər (radiyallahu anh), göy əhlindən vəzirlərim isə Cəbrail və Mikail əley­hissalamdır”.[9]

Mikail əleyhissalamla bağlı Sad ibn Əbi Vəqqas (radiyallahu anh) bu hadisəni anladır: “Uhud günü Rəsulullahın sağında və solunda iki adam gördüm. Əyinlərində ağ libas vardı. Onun yolunda rəşadətlə döyüşürdülər. Onları nə əvvəl görmüşdüm, nə də sonra gördüm”.[10]

Bu iki adam Cəbrail və Mikaildir. Peyğəmbərimiz günlərin birində Cəbrail əleyhissalamdan soruşur:

– Ey Cəbrail! Niyə bu Mikailin heç təbəssüm etdiyini gör­mürəm?

Cəbrail əleyhissalam: “Ey Allahın Rəsulu! Mikail cəhənnəm yaradılandan bəri gülməyib”, – cavabını verir”.[11]

İsrafil əleyhissalam

Dörd böyük mələkdən biri olan İsrafil əleyhissalamın vəzifəsi qiyamət günü sura üfürməkdir. İsrafil ibranicə “Allahın qulu” deməkdir. Qurani-Kərimdə İsrafil adı keçməsə də, vəzifəsindən bəhs edilir: “(Ya Peyğəmbər!) Carçının yaxın bir yerdən car çəkəcəyi gün (deyilən sözü, surun səsini) dinlə!”[12]

Ayədə qeyd olunan carçı İsrafil əleyhissalamdır. Qurani-Kə­rimin bir sıra ayələrində İsrafildən və bütün cahanın taleyi­ ilə yaxından bağlı olan sura üfürmək vəzifəsindən bəhs edilir: “Sur (birinci dəfə) çalınacaq, Allahın göylərdə və yerdə olan istədiyi kimsələrdən  başqa hamı öləcək. Yalnız Allahın istədiyi qaldı. Sonra bir daha çalındı, onlar (qəbirlərindən) qalxıb (Allahın əmrinə) müntəzir dayandılar!”[13]

Ayədə: “Allahın göylərdə və yerdə istədiyi kimsələrdən başqa”, – deyilir və çox ehtimal ki, Allaha yaxın mələklərin vəfat etməyəcəyinə işarə olunur. Əslində, Haqq-Təalaya yönələn, Onu zikr etməklə var olan və varlığını Onun varlığından bilənlər bu mənada ölümsüzdür.

Peyğəmbərimiz bir hədisində buyurur:

“Yanıma bir mələk gəldi. İndiyə kimi heç bir peyğəmbərin yanına getməyib. O, İsrafildir. Cəbrail də yanında idi. Mənə salam verib dedi: “Ya Məhəmməd! Rəbbinin sənə salamı var. Deyir: “Məhəmməd qul nəbi olmaq istəyir, yoxsa sultan nəbi?”” Mən Cəbrailə baxdım. Cəbrail təvazökar olmağı işarə etdi. Mən də: “Qul nəbi olmaq istəyirəm”, – dedim. Əgər sultan nəbi olmaq istəsəydim, ətrafımdakı bütün dağlar qızıl olardı”.[14]

Hədislərdə İsrafil əleyhissalam barəsində “Sahibül-qarn” sözü işlədilmişdir. Bir hədisdə Peyğəmbərimiz:

– Surun sahibi (İsrafil əleyhissalam) suru ağzına dayamış, üzünü ərşə çevirmiş, diqqətlə qulaq kəsilib üfürmə əmrini gözləyir. İndi mən dünya nemətlərinə necə baxa bilərəm? – buyurdu.  Səhabələr bundan bərk təsirləndi.

– Yaxşı, bəs onda biz nə edək (və ya nə deyək?) ey Allahın Rəsulu? – deyə soruşdular.

Peyğəmbərimiz:

– “Hasbunallahu və niməl vəkil (Allah bizə yetər. O, nə gözəl vəkildir)” deyin, – buyurdu”.[15]

Bəzi hədislərdə İsrailin suru iki dəfə üfürəcəyindən, birincidə qiyamətin qopacağından, ikincidə isə yenidən dirilişin baş verəcəyindən bəhs olunur.

Əzrail əleyhissalam

Dörd böyük mələkdən biri olub ruhu, yəni canı bədəndən almaq vəzifəsini daşıyır. Əzrail əleyhissalam Qurani-Kərimdə “Mələkül-Mövt” – “Ölüm mələyi” kimi xatırlanır: “(Ya Rə­su­lum!) De: “Sizə müvəkkil olan ölüm mələyi (Əzrail) canınızı alacaqdır. Sonra da (qiyamət günü) Rəbbinizin hüzuruna qaytarılacaqsınız!”[16]

Digər böyük mələklərin adı kimi Əzrail də ibranicə olub “Abdullah” deməkdir. “Ənam” surəsinin “Nəhayət, birinizin əcəli gə­lib çatdıqda onun canını (göndərdiyimiz) mələklər alar. Onlar­ (öz vəzifələrində) heç bir əyər-əskikliyə yol verməzlər!” (61-ci ayə) ayəsindən də aydın olduğu kimi, canı alma vəzifəsini yerinə ye­tirən mələklər var. Bəzi alimlərin fikrincə, Əzrail əleyhissalam al­dığı əmrləri bu mələklərə çatdırır. Bununla yanaşı, Əzrail əley­his­salamın ruhları təkbaşına alması da qəribə qarşılanmamalıdır. Çünki mələklər nurdan yaradılmışdır, zaman və məkandan asılı varlıqlar deyildir.

Allah bəndəsinin ruhunu bir yerdə almaq istədimi, onu hə­min yerə gətirər. Belə ki, rəvayətə görə, bir gün Həzrət Əzrail Həzrət Süleymanın hüzuruna gəlib yanında oturmağa hazırlaşan adama elə tərs-tərs baxır ki, adamın qorxudan bənizi saralır. Əzrail əleyhissalam gedəndən sonra  həmin adam Həzrət Süleymana yalvarır: “Nə olar, küləyə əmr et, məni Hindistana aparsın”. Həzrət Süleyman onun istəyini yerinə yetirir. Bir müddət sonra Əzrail əleyhissalamla qarşılaşan Süleyman peyğəmbər o gün o adama niyə tərs-tərs baxdığını soruşur. Əzrail əleyhissalam da: “Rəbbim əmr etmişdi ki, tezliklə onun canını Hindistanda alım. Onu burada görəndə təəccübləndim. İstər-istəməz: “Bu adam burada nə gəzir?” – deyə fikirləşdim”, – deyir.

Həzrət Əzrail ölüm anında necə görünür?

Hər insanın bir səviyyəsi və dərəcəsi var. Yaxşılıq və ya pislikləri ilə hansı məqamı qazanıbsa, Əzrail əleyhissalamla da məhz o mərtəbədə qarşılaşır. Yaxşı və əməlisaleh insan vəfat edəndə mələklər gülərüz və ümidverici simaları ilə onu əhatəyə alırlar. Sonra bu mələklərin seyyidi (böyüyü) Həzrət Əzrail əleyhissalam gəlir, Allah-Təalanın salamını çatdırır və ona ruhunu alacağını deyir. Yaxşı ruh yaxşı alınır. “Səhiheyn”də yer alan rəvayətlərə görə, Əzrail əleyhissalam o adamın əməllərinə uyğun surətdə gəlir. Məsələn: Quran əhlinin ruhunu almağa bir surətdə, cihad edənə başqa bir surətdə görünür.

Pis insanlar öləndə mələklər xoşagəlməz, tükürpərdici və dəhşət saçan surətdə gəlirlər. Onları görən insanın qorxudan bağrı yarılır. Ardınca da Əzrail əleyhissalam vəhşət saçan görkəmdə gəlir, başının üstündə oturur və əməlləri necədirsə, elə rəftar edir.

Pəncərələr 2 kitabından.

[1]. Kənzül-Ümmal, 2⁄36

[2]. Müslim, Birr, 157

[3]. “Təkvir” surəsi, 20-21

[4]. Buxari, Bədül-vəhy, 2

[5]. Əksər alimlər bu ifadəni belə təfsir etmişlər: zaman keçdikcə, qadın kölələr çoğalacaq, ağaları da onlarla evlənəcək və  uşaqları olacaq. Qadınların dünyaya gətirdiyi övladlar da bir mənada onların ağası olacaq.

[6]. Buxari, İman, 37; Müslim, İman, 1

[7]. Buxari, Cənaiz, 93

[8]. Müslim, Salatül-Müsafirin, 27

[9]. Tirmizi, Mənaqib, 16

[10]. Buxari, Məğazi, 95

[11]. Kəşfül-Xafa, 2 /107

[12]. “Qaf” surəsi, 41

[13]. “Zumər” surəsi, 68

[14]. Məcməüz-zəvaid, 9, 192

[15]. Tirmizi, 11⁄37

[16]. “Səcdə” surəsi, 11

Cəmi 0 şərh yazılıb.

Bu məqalə haqqında şərh yazılmayıb.

Şərh yazın

E-poçt ünvanınız:

Facebookda biz!