Doğru yolun işığı

21.06.2013 | 639 dəfə baxılıb.

xalq_qezeti

“Xalq qəzeti”

R.Tahir

“Xəzər nəşriyyatı” türk-islam aləmində populyarlaşmış 3 yeni kitabı azərbaycandilli oxuculara təqdim etmişdir. Türklük şüurunun, islami inancın və bəşəri əxlaqın daşıyıcısı olan hər bir çağdaş insan üçün maraqlı və dəyərli olan bu nəşrləri – “Müxtəsər elmihal”, “Gül ətirli hekayələr”, “Şübhələr və cavablar” kitablarını Türkiyə müəllifləri, bu ölkənin “Rəhbər” və “İşıq” nəşriyyatları ərsəyə gətirmişlər. Hər 3 kitab Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin icazəsi ilə işıq üzü görmüşdür.Osman Bilgenin İslamın beş təməl şərtinin izahına həsr olunmuş, kütləvi oxucu üçün nəzərdə tutulmuş “Müztəsər elmihal” kitabının məramı belə açıqlanır: “Maddi sağlamlığımızı qorumaq üçün tibb elmi çox zəruri bir sahə sayılsa da insanlar təbibə ancaq xəstələndikləri zaman müraciət edərlər. Lakin maddi sağlamlığımızdan daha çox mənəvi sağlamlığa ehtiyacımız vardır ki, bu sahəni fiqh elmi öz üzərinə götürmüşdür. Bu kitab hər bir müsəlmana gündəlik həyatında Namaz, Oruc, Zəkat, Həcc və Qurbanla bağlı ən zəruri məlumatları təqdim edir”.İlahiyyatçı Yücəl Men kitab barədə təəssüratını bizimlə belə böldü:— İslam Peyğəmbəri (s.) “Elm öyrənmək hər bir müsəlmana fərzdir” buyurur. Bu hədisə istinad edərək alimlərimiz də müsəlmanların dini mükəlləfiyyətlərini yerinə yetirəcək, halalla haramı, haqla batili bir-birindən ayıra biləcək qədər bilgi sahibi olmalarının fərz olduğunu irəli sürmüşlər. “Elm” və “hal” sözlərindən əmələ gəlmiş “elmihal” sözü bütün müsəlmanların bilmələri fərz olan İslam dininin müəyyən prinsip və qaydalarından bəhs edən kitablara verilən ümumi addır. “İnsan nədir, nə üçün yaradılmışdır?”, “Xaliqini necə tanımalıdır?”, “Din nədir?”, “İslam dininin xüsusiyyətləri, iman əsasları, İslamın təməli olan ibadətlər hansılardır?”, “İbadətlər yerinə yetirilərkən nələrə diqqət edilməlidir?” kimi suallar həmişə zehnimizi məşğul edərək bizi bu mövzularla əlaqəli yanlış məlumatlardan uzaq, qaneedici cavablar axtarmağa sövq edir. Kitabın giriş hissəsində insanın yaradılış qayəsinin Allaha ibadət və imtahan, dinin də insanları öz iradə və istəkləri ilə xeyirli işlərə sövq edən ilahi qanunlar toplusu olduğundan söz açılır. İslam kəlməsinin Allaha təslim olmaq, Onun əmrlərini yerinə yetirmək, güvənilən və əmin bir yolla səadətə doğru irəliləmək, dillə də olsa heç kimi narahat etməmək mənasına gəldiyi, İslamın əsasının Allahın varlığına şəksiz və şübhəsiz inanmaq olduğu ifadə edilir. Yenə bu bölmədə imanın şərtləri və onları qəbul edən insanın həm bu dünyada, həm də axirətdə əldə edəcəyi faydalardan bəhs edilir. İkinci bölmədə iman əsasları ilə əlaqədar ortaya çıxacaq bir çox suala vəhyin rəhbərliyi, ağlın işığı ilə qaneedici cavablar verilir. Burada təmizlik mövzusu işlənmiş, dəstəmaz və qüsllə əlaqəli xüsuslar və yerinə yetirilmə şəkilləri də izah edilmişdir. Üçüncü bölmədə isə Quran və Sünnəyə əsaslanaraq, namaz mövzusu bütün elementləri ilə işıqlandırılmış, namazın qılınma qaydası şəkillərlə izah edilmişdir. Sonrakı bölmələrdə müvafiq olaraq İslamın digər fərzləri: Oruc, Zəkat, Həcc və Qurban ibadətlərinə geniş yer verilmiş, bunlarla əlaqədar suallara cavablar öz əksini tapmışdır.

Bir ilahiyyatçı kimi kitabın ən çox təqdir etdiyim tərəfi həm iman, həm də ibadət əsaslarını təfərrüata varmadan xülasə şəklində oxuculara təqdim etməsi, ağla gəlməsi ehtimal olunan suallara və aktual məsələlərə Quran və Sünnəyə əsaslanan qaneedici cavablar verməsi, dəstəmazın alınmasını, namazın qılınmasını şəkillərlə göstərib öyrənilməsini asanlaşdırması, qısa surələrin ərəb dilini bilməyənlər üçün transkripsiyaları ilə birlikdə verməsidir.

Kamal Turanın müqəddəs “Quran”da əksini tapmış, Məhəmməd peyğəmbərin (s) həyatı və mühitindən götürülmüş fakt və hadisələr əsasında, doğru yol axtarışında olan yeniyetmə və gənclər üçün ibrətli söyləmələr şəklində qələmə aldığı “Gül ətirli hekayələr” kitabı da eyni məramı izləyir: yaradılışın mahiyyətini anlamaq, cəmiyyətdə imanlı, elmli və gərəkli insan olmaq. Müəllif ön sözdə niyyətini belə açıqlayır: “Hər təbəqədən olan insanın oxuyub çox asanlıqla anlayacağı bir mətn şəklinə gətirməyə çalışdığımız hədis hekayələrinin hər birinin sonunda buna bağlı çıxarılan nəticə və ibrətlər də maddələr halında bildirilmişdir”.Kitab, həqiqətən, gül qədər ətirli, maraqlı hekayələr toplusundan ibarətdir. Hər kəsin öz dünyasına aid çox məsələyə rast gələcəyi bu hekayələr geniş kütləyə xitab edir. Hekayələr oxunduqca həm yeni dünyalara qapı açılır, həm də bu dünyanın gözəlliklərini öz həyatımızda əks etdirmək şövqü oyanır. Bütün hal və əməlləri, əsrarəngiz hikmətləri ilə hər kəsə nümunə olan bu böyük insanlarla bağlı hadisə və əhvalatlar oxucuya örnək olur, fərqinə varmadığınız məsəllərə yenidən hikmət gözü ilə baxmaq imkanı yaranır. Safvet Senihin “Şübhələr və cavabları” gündəlik həyatımızla, bizi əhatə edən aləmlə bağlı bir çox sualları cavablandırır, şübhə və tərəddüdlərin qaranlıq və dolaşıq yollarını aydınlıqda və rahat ötüb keçməyimizə kömək edir. “Madam ki, Allah heç nəyə möhtac deyil, onda nə ehtiyacı vardı ki, kainatı yaratdı?”, “Bəs şeytanın nə faydası var? Onun yaradılışı əleyhimizə deyilmi?”, yaxud “Kainatdakı xoşagəlməz hal və şərtlər haqqında nə deyirsiniz?” kimi şübhəli suallar müqəddəs kitabların hikmətinə və elmin məntiqinə uyğun cavablandırılır. İlahiyyat elmləri namizədi Namiq Abuzərov kitabın tərcüməsinə ön sözdə bildirir ki, Safvet Senihin bu mükəmməl əsəri insanların qarşılaşdıqları sual və şübhələrə qaneedici cavablar verir.Bu kitablarla tanışlıqdan sonra düşünürsən: nə yaxşı ki, son illər başqa sahələrdə olduğu kimi, milli-mənəvi kökümüzə qayıdışla bağlı məsələlərdə də ciddi və təqdirəlayiq bir canlanma müşahidə olunur. Tariximiz, ədəbiyyatımız, dilimiz, dinimiz, milli-mənəvi dəyərlərimiz barədə əsərlər yazılır, tədbirlər keçirirlir, tədqiqat işləri aparılır. Mənəvi dəyərlərimizi öyrənmək, qoruyub gələcək nəsillərə çatdırmaq bugünkü nəslin öhdəsinə düşən zəruri məsələlərdən biridir. “Xəzər” nəşriyyatı bu mənəvi borcun, elmi-mədəni vəzifənin yerinə yetirilməsi yönündə dəyərli təşəbbüs göstərir, Azərbaycan oxucularının ruhi-zehni tələbatını cavablandırmağa çalışır. İnanırıq ki, ilk 3 kitab tezliklə öz oxucularını tapacaq, onların qəlbini nurlandıracaq, həyat yoluna işıq salacaq.

Tarix :8 Noyabr 2010

Cəmi 0 şərh yazılıb.

Bu məqalə haqqında şərh yazılmayıb.

Şərh yazın

E-poçt ünvanınız:

Facebookda biz!